Yüksək döyüş
hazırlığı ordumuzun əsas prioritetidir
Ordumuzun
yarandığı ilk gündən onun sıralarında zabit kimi xidmətə başlamışam. Birinci qrup müharibə əliliyəm.
Torpaqlarımızın müdafiəsi uğrunda
gedən döyüşlərdə ağır
yaralanmışam. Vətən qarşısında xidmətlərimi
nəzərə alaraq 1998-ci ildə ümummilli lider Heydər Əliyevin
sərəncamı ilə "Azərbaycan Bayrağı"
ordeni ilə təltif olunmuşam.
O vaxtlar ordumuzun həm
maddi-texniki təminat, həm silah-sursat, həm də kadr
sarıdan ciddi problemlərlə
üz-üzə qaldığını çox
yaxşı xatırlayıram.
Silahlı
Qüvvələrimizdə ruh düşkünlüyü, xaos
hökm sürürdü.
Ancaq 1993-cü ildə xalqın təkidli
tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər
Əliyev siyasi müdrikliyi
və uzaqgörənliyi ilə bu problemlərə
birdəfəlik son qoydu. Məhz onun həyata
keçirdiyi dövlət siyasətinin ana xəttini ölkənin milli
maraqlarından doğan strateji
əhəmiyyətli məsələlərin həlli təşkil
edirdi. Bu sırada əsas
yeri işğalçı Ermənistan ordusunun silahlı təcavüzünə məruz
qalmış bir respublikanın
düşməndən müdafiə strategiyasının və
ordu quruculuğu işinin elmi-praktiki əsaslar üzərində
planlaşdırılaraq həyata keçirilməsi tuturdu. Ulu öndərimizin fəaliyyətə
başladığı ilk dövrlərdən
xalqa müraciət etməsi,
hamını birləşməyə
çağırması, ayrı-ayrı hərbi hissələrə
tez-tez baş çəkməsi
bütövlükdə ölkə ictimaiyyətinin mənəvi-psixoloji
əhval-ruhiyyəsində, xüsusilə gənclərin hərbi
vətənpərvərlik tərbiyəsində önəmli
rol oynadı. Orduda vahid komandanlıq prinsipi bərpa
olundu. Müdafiə və təhlükəsizlik
məsələlərinin daim ön planda
saxlanılması, ordu quruculuğunun
qanunvericilik bazasının
formalaşdırılması və kadr probleminin operativ həlli
ölkədə hökm sürən xaos və anarxiyaya birdəfəlik
son qoydu. Bütün
bunların təbii nəticəsi kimi
Silahlı Qüvvələrimizin davamlı müqavimətinə
rast gələn düşmən
1993-cü il 10 dekabr
tarixdə qoşunlarımızın əks-hücumu nəticəsində
bütün cəbhə boyu
xeyli itki verərək
geri oturduldu.
Müharibə veteranı kimi inamla deyə
bilərəm ki, ulu öndərimizin Silahlı Qüvvələr
quruculuğu ilə bağlı həyata keçirdiyi
davamlı strategiyanı Azərbaycan Prezidenti İlham Əliyevin
uğurla davam etdirməsi ordumuzun yüksələn xətlə
inkişafını təmin etmiş, xüsusilə
döyüş hazırlığı sahəsində yeni
keyfiyyət göstəricilərinin əldə olunması ilə
nəticələnmişdir. Ordu quruculuğu işinin dövlət
rəhbəri tərəfindən prioritet elan olunması,
müdafiə xərclərinin ilbəil artırılması,
Silahlı Qüvvələrin maddi-texniki bazasının
gücləndirilməsi, hərbi qulluqçuların sosial
müdafiəsi sahəsində günün tələblərinə
cavab verən davamlı tədbirlərin həyata keçirilməsi
əhəmiyyətli rol oynamışdır. Bu gün ordumuzun
müxtəlif hərbi şəhərciklərində
aparılan və başa çatdırılan tikinti, yenidənqurma
işləri də Silahlı Qüvvələrimizin
hazırkı durumunu səciyyələndirən əsas amillərdəndir.
Sevindirici haldır ki, şəxsi heyətin istifadəsinə
verilən onlarla əsgər kazarma və yataqxanası, yeməkxana,
yaşayış və qərargah binaları, o cümlədən
tibb müəssisələri müasir Avropa standartlarına
cavab verən avadanlıqlarla təmin olunmuşdur.
Bununla belə, peşəkar bir zabit kimi
deyə bilərəm ki, Silahlı Qüvvələrimizin əsas
inkişaf prioritetini müəyyənləşdirən ən
ümdə cəhət döyüş
hazırlığıdır. 2010-cu il aprelin 23-də
Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə
həsr olunan müşavirədə
çıxışı zamanı Azərbaycan Prezidenti, Ali
Baş Komandan İlham Əliyev bu mühüm və vacib məsələyə
toxunaraq demişdir: "Sirr deyil ki, Azərbaycan başqa sahələri
inkişaf etdirdiyi kimi, hərbi sahəyə də
böyük diqqət göstərir. Bu bizim təbii
yanaşmamızdır. Çünki Azərbaycan müharibə
şəraitindədir. Müharibə bitməyib, müharibənin
birinci mərhələsi başa çatıbdır. Biz elə
etməliyik ki, istənilən anda torpaqlarımızı hərbi
yolla azad edə bilək".
Həmin müşavirədə ordunun
hazırkı durumu ilə bağlı Ali Baş Komandana məlumat
verən müdafiə naziri, general-polkovnik Səfər Əbiyev
də bir daha vurğulamışdır ki, Azərbaycanın
müasir ordusunun, vahid komandanlığa tabe olan Silahlı
Qüvvələrinin yaradılması və inkişaf etdirilməsi
ümummilli liderimiz Heydər Əliyevin adı ilə
bağlıdır. Nazir həmçinin bildirmişdir ki,
Silahlı Qüvvələrin inkişafı və təkmilləşdirilməsi
istiqamətində yeni keyfiyyət göstəricilərinə
nail olunmuş, birinci əməliyyat eşelonu birliklərində
dayanıqlı müdafiə təmin edilmiş, müdafiə
sistemi təkmilləşdirilmiş, qoşunların
döyüş qabiliyyəti yüksək səviyyədə
saxlanılmışdır. Təsadüfi deyil ki, Azərbaycan
Silahlı Qüvvələrinin 92-ci ildönümü
münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd
Xidmətinin və Daxili İşlər Nazirliyi Daxili
Qoşunlarının birləşmə və hissələrinin
irimiqyaslı birgə əməliyyat-taktiki təlimində də
hərbi qulluqçularımız qarşıya qoyulan
döyüş tapşırıqlarını uğurla yerinə
yetirmişlər. Bu təlimi izləyən Prezident İlham Əliyev
Silahlı Qüvvələrimizin nümayiş etdirdiyi peşəkarlıqdan
və əldə etdiyi yüksək nəticələrdən
məmnun qaldığını bildirmişdir.
Silahlı Qüvvələrimizin
yüksək döyüş hazırlığına yiyələnməsində
rol oynayan əsas amillərdən biri də şəxsi heyətin
mənəvi-psixoloji hazırlığıdır. Son illər
müvafiq sahədə də ciddi irəliləyişlər əldə
olunmuşdur. Hərbi qulluqçularımızın döyüş
tapşırığını yerinə yetirərkən
göstərdikləri fərdi qəhrəmanlıq nümunələri
dediklərimizə əyani sübutdur. Ölkə ictimaiyyəti
Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimovun, Fərid Əhmədovun, Əhməd Abdullayevin
simasında bir daha bunun şahidi oldu. Bu gün ordumuzun
sıralarında Mübariz İbrahimov kimi yüksək
döyüş hazırlığına yiyələnmiş,
Vətəninə və xalqına bağlı minlərlə
hərbi qulluqçu xidmət edir. Biz Qarabağ müharibəsi
veteranları və əlilləri dövlət
başçısının milli maraqlarımızın təmin
olunması istiqamətində, xüsusilə ordu quruculuğu
sahəsində həyata keçirdiyi siyasəti dəstəkləyir,
yüksək qiymətləndirir və hər an Vətəni
müdafiə etməyə hazır olduğumuzu bildiririk. Bu
gün Cənubi Qafqazın ən mobil və inkişaf
etmiş ordusu kimi tanınan Azərbaycan Silahlı Qüvvələrində
xidmət etmək hər bir gənc üçün şərəfdir.
Nizami HEYDƏROV,
1-ci qrup
Qarabağ müharibəsi
əlili,
ehtiyatda olan zabit
Azərbaycan.-2011.-8
sentyabr.-S.7.