Qayğı və diqqətdən doğan inam

 

 Qubadlının məcburi köçkünləri dövlətə güvənirlər

 

 Azərbaycanın sürətli inkişafının xarakterik cəhətlərindən biri tarixdə analoqu olmayan intibahın cəmiyyətin, onun hər bir üzvünün həyatında özünü qabarıq formada büruzə verməsidir. Məhz bunun nəticəsidir ki, ölkəmizdə insanların həyat səviyyəsi günü-gündən yaxşılaşır, maddi rifah halı yüksələn xətt üzrə inkişaf edir. Nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında, tanınmış tədqiqat institutlarının araşdırmalarında da Azərbaycan iqtisadiyyatının bir çox səhələrində uğur qazanan nümunəvi dövlət kimi təbliğ edilir.

Diqqəti cəlb edən başqa bir cəhət odur ki, sosial-iqtisadi sferada qazanılan nailiyyətlərin bir qismi Ermənistanın təcavüzkar siyasəti nəticəsində doğma yurd-yuvalarından didərgin düşən qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin, mənzil-məişət şəraitinin yaxşılaşması ilə bağlıdır. Azərbaycan bu gün MDB məkanında və Avropada qaçqın və məcburi köçkünlərin sayına görə ilk yerlərdə dayanan dövlətlərdən biri olmaqla yanaşı, bu qəbildən sayılan insanlara ən yüksək maddi və mənəvi yardımı göstərə bilən ölkələrin arasında birincidir. Bu qayğının əsası isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərin prioritet məsələlərdən biri kimi yanaşdığı qaçqın və məcburi köçkünlərə yüksək səviyyədə dövlət qayğısı bu insanların sosial həyatında yeni bir mərhələnin açılmasına rəvac verdi.  Ümummilli liderin layiqli davamçısı kimi Prezident İlham Əliyev ölkənin artan iqtisadi imkanları fonunda qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində genişmiqyaslı fəaliyyət göstərir.

Xatırlatmaq yerinə düşər ki, hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisindəki məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirən cənab İlham Əliyev "ölkədə bir dənə də olsun çadır düşərgəsi qalmayacaq", - deyə bəyan etmişdi. Ölkə başçısının bu vədi vaxtından bir il əvvəl, 2007-ci ildə yerinə yetirildi və çox acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərin çadır həyatına son qoyuldu, onlar müasir standartlara uyğun, tam infrastruktura malik yeni qəsəbələrə köçürüldülər.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə paralel onların məşğulluq məsələlərinin həlli istiqamətində də ardıcıl addımlar atılır. Bu baxımdan Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiqlədiyi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" xüsusi qeyd olunmalıdır. 2007-ci ildə həmin sərəncama əlavələr edilib və buna müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbirlər həyata keçirilib.

Cari il fevralın 21-də Prezident İlham Əliyevin imzaladığı "Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncam isə görülən işlərin davamlı xarakter alması, daha genişmiqyaslı olması ilə nəticələnib. Sözügedən sərəncama əsasən, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsi nəzərdə tutulur, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na yeni əlavələr təsdiq olunur. Həmin əlavələrin icrası 2011-2015-ci illərdə məcburi köçkünlərin mənzil-məişət şəraitini, sosial vəziyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Məcburi köçkünlərə yüksək dövlət himayəsini artıq 18 ildir doğma torpaqlarının həsrəti ilə yaşayan Qubadlı sakinləri də hiss edir və bunu real həyatlarında konkret əməldə görürlər. Qubadlının əhalisi respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşsalar da, onların üzləşdikləri problemlərin həllinə kompleks yanaşılır, yeni mənzillə təmin olunmaları prioritet istiqamətlər sırasında yer alır. Daha bir önəmli fakt ondan ibarətdir ki, məcburi köçkünlərin kommunal-mənzil, təhsil, səhiyyə, sosial və digər problemlərinin həlli xeyli dərəcədə məskunlaşma yerlərinin spesifikası, demoqrafik vəziyyətin nəzərə alınması ilə bağlıdır. Rayon icra hakimiyyəti və rayonun yerli strukturları müvafiq dövlət orqanları ilə birlikdə, ilk növbədə, köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində səmərəli iş aparmaqda davam edir.

Prezident İlham Əliyevin daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyən Qubadlı sakinləri doğma torpaqlarına qayıdacaqları günün də uzaqda olmadığını yaxşı bilirlər. Onlar qəti əmindirlər ki, yurd həsrətinə son qoyulduqdan sonra belə dövlətin, onun başçısının yüksək qayğısı və himayəsindən kənarda qalmayacaqlar. Zəbt edilmiş ərazilər azad olunduqdan sonra isə bu yerlərdə yenə də dövlətin yardımı ilə daha təmtəraqlı, yüksək şəraiti olan müasir evlər inşa olunacaq. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Bizim torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpa edəcəyik və öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracağıq. O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir".

Bütün bunlar onu göstərir ki, digər məcburi köçkünlər kimi, Qubadlı sakinləri də hər zaman öz dövlətlərinə tam güvənə bilərlər və güvənirlər də. Bu həm də Azərbaycan Prezidentinin qaçqın və məcburi köçkünlərə böyük diqqət və qayğısından irəli gələn haldır. Hazırda ölkəmizdə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün Dövlət Proqramından əlavə müxtəlif layihələr həyata keçirilir. Dövlətin uğurlu xarici siyasəti, problemin həlli istiqamətində atılan qətiyyətli addımlar isə ümid verir ki, məcburi köçkün həyatı yaşamağa məcbur olmuş bu insanların işğal altında qalan doğma ata-baba torpaqlarına qayıdacaqları günə çox qalmayıb. Buna səmimi-qəlbdən inanan Qubadlı camaatı Prezident İlham Əliyev ətrafında daha sıx birləşərək Azərbaycanın ümumi inkişafında, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsində ön cərgədə yer almağa hər zaman hazırdırlar.

Hazırda 34,1 min Qubadlı sakini respublikanın 43 rayon və şəhərində müvəqqəti məskunlaşıb. Əhalinin əksər hissəsi Sumqayıt şəhərindədir, rayonun icra strukturları, idarə və təşkilatları əsasən burada fəaliyyət göstərir. Belə bir böyük əraziyə səpələnmiş 8820 ailənin sosial, kommunal, səhiyyə, təhsil və digər məsələləri ilə məşğul olmaq, onların üzləşdikləri problemləri vaxtında həll etmək üçün icra strukturları xüsusi iş rejimi ilə işləyirlər. İndi Sumqayıtda sənayenin müxtəlif sahələrində - tikinti, neft sektoru, kənd təsərrüfatı və digər istehsal müəssisələrində çalışan xeyli qubadlılı var. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı da ilbəil artır. Bunlar, sözün həqiqi mənasında, köçkün həyatına müsbət təsir edir. Ümumi inkişaf, həyat səviyyəsinin yüksəlişi yurd-yuvalarından didərgin düşmüş adamların sosial həyatında da açıq-aydın  hiss edilməkdədir.

Respublikamızın hər yerində olduğu kimi,  qubadlılı gənclər də daim qayğı və  diqqət mərkəzindədirlər. İcra hakimiyyətində gənclərdə  vətənpərvərlik ruhunun yüksəldilməsi, onların təhsil alması, sağlamlıqlarının qorunub saxlanması məqsədilə xüsusi proqram da hazırlanıb. Qubadlılı gənclər həmişə ölkənin inkişafında yaxından iştirak etmiş və hazırda bu ənənə  davam etdirilir. Öz tarixi keçmişləri ilə fəxr edən Qubadlı gəncləri bu gün də ön sıradadır və Azərbaycanın daha da çiçəklənməsində əvəzsiz xidmətlərini göstərirlər.

Bu gün respublikamızın regionlarında tikilib istifadəyə verilən Olimpiya idman kompleksləri, keçirilən beynəlxalq idman tədbirləri gənclərin sağlamlığına köklənib. Respublika məktəbləri arasında mütəmadi keçirilən "Şahin", "Cəsurlar" hərbi idman oyunlarında qubadlılı gənclər yaxından iştirak edir, həmin yarışların ön sıralarında layiqli yer tuturlar. Gənclərimizdə hərbi vətənpərvərlik hissinin artırılması və onların ordu sıralarına xidmətə hazırlanmasında hərbi-idman oyunlarının müstəsna müsbət rolu vardır. Digər sahələrdən fərqli olan hərbi qanunların öyrənilməsi, gənclərimizin döyüş əhval-ruhiyyəsinin artırılması müharibə şəraitində yaşayan respublikamız üçün daha vacibdir. "Cəsurlar" hərbi-idman və turizm oyununun rayon birinciliyində qalib olmuş Aşağı  kənd məktəbinin komandası cari ilin mart ayında Quba rayonunda, həmçinin  "Şahin" hərbi idman oyununun qalibi Qubadlı şəhər 2 nömrəli orta məktəbin komandası Abşeron rayonunda keçirilən zona yarışında I yeri tutmuşlar. "Vətənin müdafiəsinə hazıram" çoxnövçülüyü üzrə Respublika çempionatının zona yarışlarında Qubadlı şəhər 2 saylı məktəbin komandası III yeri tutaraq finala çıxmışdır. Rayonun idmançıları 10 müxtəlif növdə keçirilən yarışlarda iştirak etmiş, 14 idmançı respublika birinciliklərinin qalibi olmuşdur.

Qubadlılı gənclər beynəlxalq yarışlarda da yaxından iştirak edir və  yüksək nailiyyətlər qazanırlar. Rayon Uşaq Gənclər İdman məktəbinin yetirməsi Vilayət Qəhrəmanlı bu ilin martında Bolqarıstanda keçirilən Yunan-roma güləşi üzrə beynəlxalq turnirdə birinci yerə, iyunda Serbiyada Avropa çempionatında ən yüksək pilləyə yiyələnmişdir. Bu günlərdə Rumıniyada keçirilən dünya çempionatında birinci yeri tutan  Vilayət təkcə Qubadlının deyil, bütün Azərbaycanın başını ucaltmışdır. Rayon idman məktəbinin yetirməsi Seymur Hüseynov isə karate-do üzrə keçirilən dünya çempionatında bütün rəqiblərinə qalib gələrək ən yüksək pilləyə yüksəlmişdir.  

Qubadlıların əksəriyyəti Bakı və Sumqayıtda məskunlaşdıqları üçün onların təhsil aldıqları  məktəblər də məhz həmin zonalarda fəaliyyət göstərir. Respublikamızda təhsilin inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları nəticəsində bütün regionlarda irəliləyişlər əldə edilmiş və bu siyasət bu gün də davam etdirilməkdədir.  Ötən tədris ilində rayon üzrə 32 ümumtəhsil müəssisəsi və 4 məktəbəqədər müəssisə fəaliyyət göstərib. 976 nəfər pedaqoji işçinin çalışdığı həmin məktəblərin maddi-texniki bazası gücləndirilib. Son dövrdə 3-cü mikrorayonda yerləşən Qubadlı şəhər 2 saylı tam orta məktəbinin maddi-texniki bazası yaxşılaşdırılmış, 10-cu mikrorayonda yerləşən Kavdadıq kənd tam orta məktəbində arakəsmələrlə 3 sinif otağı və kitabxana üçün bir otaq yenidən qurulmuşdur. Abşeron rayonu Sulutəpə ərazisində yerləşən Qubadlı şəhər 3 saylı tam orta məktəbi üçün Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən  yüngül konstruksiyadan olmaqla 6 sinif otağı quraşdırılmış, siniflər kompyuter və texniki avadanlıqlarla təchiz edilmişdir.

Çərəli kənd orta məktəbi, Xanılıq 2 və 3 saylı tədris müəssisələri, Binəqədi rayonu Motodrom ərazisində  fəaliyyət göstərən Muradxanlı və Abşeron rayonunda Qəzyan kənd orta məktəblərində yaradılan şərait müasir tələblərə tam cavab verir. Rayonun Mərdanlı, Mahmudlu, İşıqlı, Qaralar, Hal, T.Müskanlı kənd məktəblərində yaradılan şərait ürəkaçandır. Onu da qeyd edək ki, hər il həmin məktəblərin onlarla məzunu respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olunur. Bu gün 15-dən artıq qubadlılı gənc xarici ölkələrdə təhsilini davam etdirir.

Xaricdə təhsil alan gənclərə rayon icra hakimiyyəti və ictimaiyyət tərəfindən mənəvi və maddi dəstək göstərilir. Gənclər təhsil aldıqları ölkələrdə  yaşayan həmvətənlərimizlə vaxtaşırı görüşür, diasporun təşkil etdiyi tədbirlərdə yaxından iştirak edirlər.

Bu il də qubadlılılar üçün uğurlu olmuşdur. Təhsildə yeni metodların bu məktəblərdə tətbiqi nəticəsində şagirdlərin səviyyəsi yüksəlmiş, kitaba maraqları daha da artmışdır. Təkcə ötən il Qubadlı məktəblərini bitirən məzunların 98 faizi orta təhsil haqqında attestata sahib olmuşlar. Ali məktəblərə sənəd verən gənclərin 8 nəfəri yüksək bal toplayaraq seçdikləri təhsil müəssisələrinə qəbul olunmuşlar. Tural Həmidli, Səbuhi Həsənzadə, Müslüm Şahmuradlı, Leyla Əhmədli, Fidan Ağayeva, Vasif Məmmədli və digər məzunlar respublikanın müxtəlif ali məktəblərinin tələbəsi adını qazanıblar. Ümumilikdə 20 nəfər 500-700 balla ali məktəblərə qəbul olunmuşlar.

Bu tədris ili Xələc kənd orta məktəbinin məzunu Qürbət Cavadov üçün daha uğurlu olmuşdur. Orta məktəbi müvəffəqiyyətlə başa vuran Qürbət qəbul imtahanlarında 681 bal toplayaraq arzusunda olduğu Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazanıb. Bu günlərdə eşitdiyi şad xəbər Qürbətin sevincini birə-on artırıb. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə Qürbət Prezident təqaüdünə layiq görülüb. Bu, təkcə Qürbətə yox, bütövlükdə qubadlılı məzunlara verilən qiymətdir.

Artıq yeni dərs ilinə az qalıb. Rayonun ümumtəhsil müəssisələrində 2011/2012-ci tədris ilinə hazırlıq dövründə təmir işləri aparılmış, B.Mehdiyev adına 2 saylı orta məktəb daxili imkanlar hesabına təmir edilmiş və 3 saylı orta məktəbdə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 120 şagird yerlik 6 sinif otağı inşa edilmişdir. Son illərdə 11 ümumtəhsil müəssisəsində əsaslı, 14 məktəbdə isə daxili imkanlar hesabına təmir işləri görülmüşdür. Xələc, Şəhər-1 orta məktəbləri bu ildən internet xidmətinə qoşulmuş, Kavdadıq, Dondarlı, Saray, Çərəli, Dəmirçilər kənd məktəbləri telefonlaşdırılmışdır.

Bütün məcburi köçkünlər kimi qubadlılılar da yaxşı bilirlər ki, nailiyyətlərin qazanılması ölkə başçısının diqqət və qayğısının nəticəsidir.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.-2011.-8 sentyabr.-S.7.