Azərbaycan Prezidenti İlham Əliyev «Bakı» futbol klubunun yeni təlim-məşq bazasının istifadəyə verilməsi mərasimində iştirak etmişdir

 

Sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bakı" futbol klubunun yeni təlim-məşq bazasının istifadəyə verilməsi mərasimində iştirak etmişdir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə məlumat verdi ki, Azərbaycanda idmanın inkişafına diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi edən Azərbaycanda nəhəng idman infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılır. Son illərdə ölkədə futbolun inkişafı ilə bağlı görülən işlər də təqdirəlayiqdir. 2011-ci ildə Azərbaycan futbolunun 100 illik yubiley tədbirlərinin ən möhtəşəmi Bakıda Olimpiya Stadionunun təməlinin qoyulması olmuşdur. Bunun ardınca paytaxtda daha bir mühüm futbol kompleksinin - "Bakı" futbol klubunun təlim-məşq bazasının tikilməsi idmanın bu növünün inkişafı istiqamətində atılan vacib addımlardan biridir.

Bildirildi ki, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın məqsədi də ölkəmizdə idmanın bu növünün sürətli inkişafına, o cümlədən respublikamızın beynəlxalq çempionatlarda yüksək səviyyədə təmsil edilməsinə nail olmaqdır.

Təlim-məşq bazası ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, 5 hektara yaxın ərazidə inşa olunmuş kompleksə 5 stadion daxildir. Onlardan üçü təbii, ikisi süni örtüklüdür. Süni örtüklü stadionun biri açıq, digəri isə qapalıdır.

Süni örtüklü stadionda yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, bu, regionda ən böyük qapalı futbol meydançasıdır. Uzunluğu 75, eni 45 metr olan meydançanın ümumi sahəsi 3375 kvadratmetrdir. Ən son texnologiyalar əsasında qurulan stadionun arakəsmə və üst qatında istifadə olunan materiallar odadavamlıdır. Avro-2 standartına uyğun süni örtük döşənən meydançanın tavanı İtaliyanın dünyada bu sahədə ixtisaslaşan nüfuzlu "Plasteco Milano" şirkəti tərəfindən hazırlanmışdır. Kompleksdə dünya standartları səviyyəsində yaradılan infrastruktur futbolun inkişafı, futbolçuların peşəkarlığının artırılmasında mühüm rol oynayacaq, yarışların keçirilməsinə imkan verəcəkdir.

Sonra dövlətimizin başçısı təlim-məşq bazasının mətbuat mərkəzində yaradılan şəraitlə tanış oldu. Mərkəzdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkə idmanının inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotolar nümayiş olunur. Burada mətbuat işçilərinin fəaliyyəti üçün nəzərdə tutulan 100 nəfərlik zalda hər cür şərait yaradılmışdır. Mərkəz tam avtomatlaşdırılmış, texniki təchizat yüksək səviyyədə təmin edilmişdir. "Bakı" futbol klubunun müxtəlif vaxtlarda qazandığı uğurları əks etdirən kubok və medallar da mərkəzə gələn qonaqlara nümayiş etdirilir.

Bildirildi ki, Azərbaycanda uşaq futbolunun inkişafı diqqət mərkəzindədir. "Bakı" futbol klubunun da məqsədi ölkədə idmanın bu növü üzrə milli kadrların yetişməsinə nail olmaqdır. Bunun üçün seçmə üsulu ilə "Bakı" futbol klubuna cəlb olunmuş 8 yaşından 18 yaşına qədər uşaq və gənclər kompleksdə yaşayır və məşq edirlər. Uşaqlara və gənclərə futbolun sirlərini yerli kadrlarla yanaşı, Türkiyə və Bolqarıstandan dəvət olunmuş mütəxəssislər öyrədirlər. Qeyd olundu ki, bu gün "Bakı" futbol klubu bütün yaş qrupları üzrə daxili çempionatlarda uğurla təmsil olunur. Hətta kompleksin ərazisində çimərlik futbolunun inkişafı da diqqətdən kənarda qalmamış, burada qum örtüklü meydança yaradılmışdır.

Prezident İlham Əliyev kompleksdə gənc futbolçuların yaşayış şəraiti ilə də tanış oldu. Məlumat verildi ki, kompleksdə klubun Futbol Akademiyası da fəaliyyət göstərir. Burada bütün yaş qrupları üzrə məşqlərə cəlb edilən uşaqların yaşayış yerləri, təlim-məşq zalları yaradılmış, onların idmanla məşğul olmaları üçün bütün zəruri avadanlıq quraşdırılmışdır. Gün ərzində həkim-mütəxəssislər gənc futbolçuların mənəvi-psixoloji hazırlığı ilə məşğul olurlar.

İnzibati mərkəzin də yerləşdiyi akademiya binasında konfrans zalı, kinozal, yeməkxana, soyunub-geyinmə otaqları, yüksək səviyyəli qonaqlar üçün oyunları müşahidə zalı yaradılmışdır. Bildirildi ki, hazırda akademiyada 400 uşaq və yeniyetmə futbolun sirlərinə yiyələnir. Gələcəkdə bu rəqəmin artırılması nəzərdə tutulur. Ölkədə yeni nəsil futbolçuların yetişməsini qarşıya məqsəd qoyan "Bakı" futbol klubu son 7 ildə iki dəfə Azərbaycan çempionu olmuş, iki dəfə isə ölkə kubokunu qazanmışdır. "Bakı" Avropa Liqasının pley-off mərhələsinə yüksələn iki Azərbaycan klubundan biridir.

Komplekslə tanışlıqdan sonra "Bakı" futbol klubunun üzvləri və məşqçilərlə görüşən Prezident İlham ƏLİYEV onları salamlayaraq dedi:

-Mən sizi gözəl bazanın yaradılması ilə əlaqədar təbrik edirəm. Görülən işlər təqdirəlayiqdir. "Bakı" futbol klubunun təcrübəsi və təşəbbüsü dəstəklənməlidir. Əminəm ki, yaxın zamanlarda Azərbaycanın bütün klublarının belə gözəl infrastrukturu olacaqdır.

Bu qurğu həm Azərbaycanda, həm də bütün regionda ən yaxşı komplekslərdən biridir, - deyən Prezident İlham Əliyev yığma komandamızın son vaxtlar layiqli futbol nümayiş etdirməsinin onu sevindirdiyini bildirdi. Mən ölkəmizin bütün klublarına azarkeşlik edirəm, - deyən dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, onlar Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər.

Prezident İlham Əliyev bildirdi ki, burada yaradılan şərait klub rəhbərliyinin və futbol ictimaiyyətinin idmanın bu növünə olan münasibətinin nəticəsidir. Milli komandada nəsillərin dəyişməsi prosesinin uğurla getdiyini diqqətə çatdıran dövlətimizin başçısı, yaradılan yüksək şəraitlə müsbət nəticələrə nail olmağın mümkünlüyünü qeyd etdi.

FİFA prezidentinin son illərdə üç dəfə Azərbaycanda olduğunu və onun ölkəmizə dəstək verdiyini vurğulayan Prezident İlham Əliyev sonda "Bakı" futbol klubuna uğurlar və yeni qələbələr arzuladı.

Klubun baş məşqçisi Aleksandr Starkov regionlardan yığılan və bütün təbəqələrdən olan ailələrin uşaqlarının məşq prosesinə cəlb edildiyini, onlar üçün bütün imkanların yaradıldığını dedi və bunu dövlətin idmana göstərdiyi diqqət və qayğının nəticəsi kimi qiymətləndirdi. O, klub üzvləri adından Prezident İlham Əliyevə   minnətdarlığını bildirdi.

Dövlətimizin başçısına "Bakı" futbol klubunun xatirə hədiyyəsi təqdim olundu.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.-2011.-9 sentyabr.-S.1-2.