Azərbaycan Prezidenti
İlham Əliyev Ceyranbatan ultrasüzgəcli sutəmizləyici
qurğunun təməlqoyma mərasimində iştirak
etmişdir
Sentyabrın
8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Abşeron rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin
(ASC) Ceyranbatan ultrasüzgəcli sutəmizləyici
qurğusunun təməlqoyma mərasimində iştirak
etmişdir.
Dövlətimizin
başçısı əvvəlcə ərazi ilə
yaxından tanış oldu. Məlumat verildi ki, 1950-ci illərdə
Abşeronda içməli və texniki suya tələbatın
artması ilə əlaqədar Samur-Dəvəçi
kanalının Abşerona qədər uzadılması,
Ceyranbatan anbarında şirin su ehtiyatının
yaradılması və anbarın sahilində sutəmizləyici
qurğular kompleksinin inşasına qərar verilmişdir.
1957-ci ildə Ceyranbatan su anbarının şirin su ilə
doldurulmasına başlanılmışdır. Anbarın
doldurulması ilə yanaşı, hövzənin sahilində
sutəmizləyici qurğular kompleksi də tikilmişdir.
1961-ci ildə məhsuldarlığı saniyədə 2,64
kubmetr olan sutəmizləyici qurğular kompleksinin birinci
qurğusu istismara verilmişdir. Eyni keyfiyyətə malik olan
ikinci qurğu 1966-cı ildə işə
salınmışdır. Ceyranbatan sutəmizləyici
qurğular kompleksinin üçüncü növbəsi isə
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
1978-ci ildə tikilərək istifadəyə verilmişdir.
Qurğuların ikinci və üçüncü növbələrinin
istismara verilməsi ilə Sumqayıtın, Bakıətrafı
kəndlərin və paytaxtın şərq hissəsinin su təchizatı
əsaslı şəkildə
yaxşılaşdırılmışdır. Ceyranbatan sutəmizləyici
qurğular kompleksi 50 ildir ki, Abşeron yarımadasında içməli və texniki su təchizatında
əvəzedilməz mənbə kimi fəaliyyət göstərir.
Bu dövrdə yalnız bir dəfə - 1998-2002-ci illərdə
sutəmizləyici qurğularda əsaslı təmir işləri
aparılmışdır. "Böyük Bakının su təchizatı
sisteminin yenidən qurulması" layihəsi çərçivəsində
birinci və ikinci qurğular yenidən qurulmuşdur.
"Azərsu" ASC-nin kollektivinin
nümayəndələri və inşaatçılar
Prezident İlham Əliyevi hərarətlə
qarşıladılar.
Dövlətimizin
başçısına yeni tikiləcək qurğunun texniki
göstəriciləri barədə məlumat verildi. Bildirildi
ki, hazırda dünya təcrübəsində az
bulanıqlı suların təmizlənməsi
üçün iqtisadi cəhətdən səmərəli
və avtomatik idarə olunan yeni ultrasüzgəcli
qurğulardan istifadə olunmağa başlanmışdır. Ənənəvi
qum süzgəclərindən fərqli olaraq, bu tip
ultrasüzgəclər suyun tərkibindəki 0,01 mikron
ölçüdən böyük
hissəciklərlə yanaşı, suda olan bütün
zərərli mikrobları tutaraq saxlayır.
Bununla da suyun təbii duz tərkibi
saxlanılmaqla, daha yaxşı təmizlənməsi,
xoşagəlməz iy və dadların aradan
qaldırılması təmin edilir. Ultrasüzgəcdən
keçən su içməyə tam yararlı olur və emal
zamanı onun xlordan istifadə etməklə zərərsizləşdirilməsinə
ehtiyac qalmır. Bakı və Sumqayıt şəhərlərinə
verilən suyun keyfiyyət göstəricilərinin dünya
standartlarına uyğunlaşdırılması məqsədilə
ultrasüzülmə texnologiyasına əsaslanan müasir sutəmizləyici
qurğunun tikilməsi xüsusi əhəmiyyət
daşıyır.
Prezident İlham Əliyev Bakı şəhəri
və ətraf qəsəbələrin su təchizatının
perspektiv planı ilə də tanış oldu. Qeyd edildi ki, "2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"na əsasən yeni qurğunun inşası ilə
yanaşı, burada təmizlənəcək suyu
istehlakçılara çatdırmaq üçün yeni
magistral kəmərlər, paylayıcı şəbəkə
və anbarların tikilməsi nəzərdə tutulur.
Dövlət Proqramına uyğun olaraq, Masazır, Binəqədi,
Balaxanı, Ramana və Dübəndi qəsəbələrində
yeni su anbarları kompleksinin inşası
planlaşdırılır. Bu anbarlardan istifadə etməklə
Bakıətrafı qəsəbə və kəndlərin su
təchizatını əsasən özüaxımlı
rejimdə təmin etmək mümkündür. Hazırda su təchizatı
şəbəkəsinə qoşulmayan Türkan, Zirə,
Qala, Dübəndi, Gürgan və Pirallahı qəsəbələrini
su ilə təmin etmək üçün Ramana anbarı
kompleksindən uzunluğu 65 kilometr olan yeni kəmərin
çəkilişi nəzərdə tutulur.
Məlumat verildi ki, tikintisi 1,2 hektar ərazidə
aparılacaq və məhsuldarlığı saniyədə 6
kubmetr olacaq qurğu əhalinin fasiləsiz, keyfiyyətli
içməli su təminatına öz töhfəsini verəcəkdir.
Yeni qurğuda Niderland Krallığının istehsalı olan
müasir avadanlıqdan istifadə ediləcəkdir. Tam
avtomatik rejimdə idarə olunacaq qurğu elektrik enerjisinə
qənaət etməyə imkan verəcəkdir. Burada emal
olunacaq su Dünya Səhiyyə Təşkilatının
standartlarına cavab verəcəkdir. İstehlakçılara
öz axımı ilə çatdırılması
üçün yeni qurğuda emal olunacaq su dəniz səviyyəsindən
190 metr hündürlükdə yerləşən anbara
ötürüləcək və buradan Abşeronun
bütün ərazilərinə paylanacaqdır.
Sonra dövlətimizin
başçısı metal gilizi bünövrəyə
buraxdı və beton qarışığı tökən
qurğunu işə saldı.
Prezident
İlham ƏLİYEV mərasim
iştirakçılarını salamlayaraq dedi:
- Əziz dostlar! Mən sizin
hamınızı ürəkdən salamlayıram. Bu gün
çox gözəl və əlamətdar bir gündür.
Düz 50 il bundan əvvəl - 1961-ci il sentyabrın 8-də
burada birinci sutəmizləyici qurğu istismara verilmişdir.
Bu gün, bu gözəl gündə biz yeni, ən müasir
standartlara cavab verən qurğunun tikintisinin
başlandığını qeyd edirik. Bu, özlüyündə
çox əlamətdar hadisədir və onu göstərir
ki, müasir dövrdə müstəqil Azərbaycanda hər
bir insan üçün vacib olan su təchizatı məsələləri
uğurla icra edilir. Əlli il bundan əvvəl başlanan bu
proses və ondan sonrakı dövrdə tikilmiş yeni
qurğular, əlbəttə ki, o dövrün tələblərinə
cavab verirdi. 1990-cı illərin sonunda mövcud olan bu
qurğularda təmir işləri aparılmışdır.
Ancaq biz yenə də çalışırıq və
çalışmalıyıq ki, Azərbaycana dünyanın
ən qabaqcıl texnologiyalarını gətirək,
bütün sahələrdə tətbiq edək. Bir daha demək
istəyirəm ki, insan sağlamlığı
üçün əsas olan su təchizatı məsələlərində
biz bu yüksək səviyyəni təmin etməliyik.
Bu layihə böyük vəsait tələb
edəcəkdir. Təqribən 100 milyon manata qədər vəsait
xərclənməlidir. Ancaq Azərbaycan dövləti bu xərcləri
edir və edəcəkdir. Bu, insanların
sağlamlığına qoyulan investisiyalardır. Ən vacib
investisiyalar Azərbaycanda insan kapitalına qoyulan
investisiyalardır. Apardığımız uğurlu iqtisadi
siyasət imkan verir ki, biz bu gün sosial məsələlərin
həllinə böyük həcmdə investisiyalar qoyaq. Həm
sosial infrastrukturun yaradılması işlərinə
investisiya qoyulur, həm də əməkhaqları, pensiyalar
qaldırılır. Bir sözlə, Azərbaycanda sosial siyasət
çox düzgün istiqamətdə aparılır. Bu siyasətin
tərkib hissəsi olan infrastruktur layihələri,
insanların rahatlığı üçün
yaradılmış şərait, əlbəttə ki,
hamımızı çox sevindirir.
Azərbaycanda insan
sağlamlığı üçün müxtəlif tədbirlər
görülür. Əlbəttə ki, birinci şərt təmiz
içməli suyun mövcudluğudur. Biz bu məsələlərlə
məşğuluq. Bu gün təməl daşını
qoyduğumuz müasir qurğu da bu məqsədi nəzərdə
tutur. Eyni zamanda, Azərbaycanda ekoloji vəziyyətin
yaxşılaşdırılması istiqamətində
çox vacib addımlar atılır. Keçən il Azərbaycanda
"Ekologiya ili" elan edilmişdi. Mən tam əminəm
ki, ekoloji tədbirlərin gücləndirilməsinin
insanların sağlamlığına çox müsbət təsiri
olacaqdır. Təmiz su, təmiz hava, keyfiyyətli qida məhsulları,
ekoloji vəziyyət, tibb xidməti, idman, bax bu amillər
insanların sağlamlığını şərtləndirən
əsas amillərdir.
Sadaladığım bütün məsələlərlə
əlaqədar Azərbaycanda çox
düşünülmüş proqram və konsepsiya
vardır. Azərbaycanda Olimpiya idman kompleksləri, idman
meydançaları tikilir, idmanla məşğul olmaq
üçün şərait yaradılır. Bütün
bölgələrdə müasir diaqnostika-müalicə mərkəzləri
tikilir, rayon xəstəxanaları təmir edilir, müasir
avadanlıqla təchiz olunur. Ekoloji tədbirlər
görülür. Təkcə son il yarım ərzində
ölkəmizdə 10 milyona qədər ağac əkilmişdir.
Kür-Araz çayları boyu yerləşən kəndlərdə
modul tipli sutəmizləyici qurğular
quraşdırılmışdır. Yüz minlərlə vətəndaş
indi təmiz içməli su ilə təmin edilir.
Ölkəmizdə bütün başqa
istiqamətlərdə olduğu kimi, ekoloji vəziyyətin
yaxşılaşdırılması üçün də
çox vacib işlər görülür. Bakıda -
Balaxanıda məişət tullantılarının emalı
zavodu tikilir. Hamımız yaxşı xatırlayırıq
ki, Balaxanı zibilxanasının əvvəlki vəziyyəti
necə idi. Oradan qalxan tüstü şəhəri
bürüyürdü. İndi orada təmiz bir meydan
yaradılıbdır. Ağaclar əkilir,
yaşıllıqlar salınır və dünyanın ən
yüksək texnologiyalarına malik olan müasir məişət
tullantılarının emalı zavodu tikilir.
Mən bütün bunları nə
üçün bu gün qeyd edirəm? Çünki
görülən bütün bu işlərin, o cümlədən
bu gün təməl daşını qoyduğumuz bu qurğunun
bir məqsədi vardır: bütün bu işlər Azərbaycanda
ekoloji vəziyyətin yaxşılaşdırılması,
Azərbaycan vətəndaşları üçün
lazımi məsələlərin həll olunması və
insan sağlamlığı üçün ən vacib məsələlərin
həlli məqsədi ilə görülür.
Azərbaycanda su təchizatı ilə bağlı
digər vacib layihələr icra edilmişdir və icra edilməkdədir.
Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi
hesab edirəm ki, tarixi hadisədir. Çünki bilirsiniz ki,
uzun illər ərzində bu layihə ilə bağlı
müxtəlif fikirlər səslənirdi, təkliflər irəli
sürülürdü. Ancaq Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra bu layihə reallaşa bilmişdir. Oğuz-Qəbələ-Bakı
su kəmərinin istismara verilməsi və tədricən
işə başlaması nəticəsində Bakı şəhərinin
bir neçə rayonunda su təminatı daha da
yaxşılaşdırılmışdır. Qarşıya qoyulmuş
əsas vəzifə ondan ibarətdir ki, hər bir məntəqədə,
hər bir qəsəbədə, Bakı şəhərinin hər
bir rayonunda 24 saat fasiləsiz suyun təminatı təşkil
edilsin. Bu gün "Azərsu" şirkəti nəinki
Bakıda, eyni zamanda, respublikamızın bütün bölgələrində
su layihələrini icra edir. Konkret proqram tərtib
edilmişdir. Bu il büdcəyə əlavələr
edilmişdir və əlavə vəsait nəzərdə
tutulmuşdur ki, biz vaxtı itirməyək. Biz elə etməliyik
ki, qısa müddət ərzində ölkəmiz
üçün ənənəvi olan və həmişə
bizi incidən su qıtlığı problemi öz həllini
tapsın.
Mən əminəm ki, "Azərsu"
şirkəti, onun yeni tərkibi və işə yeni
yanaşma nəticəsində bütün bu məsələlər
öz həllini tapacaqdır. Mən indi görürəm ki,
şirkət inkişaf edir, şirkətdə müasir
metodologiya, müasir yanaşma tətbiq edilir və belə də
olmalıdır. Azərbaycanın bütün şirkətləri,
xüsusilə dövlət şirkətləri ən yüksək
menecment keyfiyyətlərinə malik olmalıdır. Müasir
yanaşma, işin düzgün qurulması, düzgün təhlil,
proqramların düzgün tərtib edilməsi və icra
mexanizmləri dünya səviyyəsində olmalıdır.
Bizə indi yaraşmaz ki, bu qədər inkişaf edən
ölkəmizdə hansısa dövlət qurumu primitiv
üsul-idarə ilə idarə olunsun. Müasirlik, qabaqcıl
texnologiyaların tətbiqi, məsuliyyət və vicdan - bax hər
bir dövlət qurumuna tövsiyəm bundan ibarətdir.
"Azərsu" şirkətinin rəhbərliyinin gücləndirilməsi
nəticəsində əminəm ki, bu şirkətdə də
işlər dünya səviyyəsində aparılacaqdır.
Hər halda, şirkət rəhbərini təyin etdiyim zaman
tövsiyələrim və göstərişlərim bundan
ibarət olmuşdur. Mən görürəm ki, qısa
müddət ərzində görülən işlər
düzgün istiqamətdə aparılır.
Oğuz-Qəbələ-Bakı su kəməri
böyük və çox mürəkkəb bir layihə idi.
Təbii ki, layihənin icrası zamanı müəyyən
qüsurlar, çatışmazlıqlar olmuşdur. Bunun səbəbidir
ki, kəmərin açılışından sonra biz bir qədər
gözləməli olduq ki, vəziyyəti daha da
normallaşdıraq və tikinti zamanı edilən səhvləri
düzəldək. Bunu edirik və edəcəyik. Biz hər
şeyi açıq deməliyik. Ancaq bununla bərabər,
Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi
tarixi hadisədir. Əminəm ki, bu kəmərin tikintisi və
fəaliyyətə başlaması, Azərbaycan vətəndaşlarına
yüksək səviyyədə xidmət göstərilməsi,
həqiqətən də, tarixi məsələdir.
Çünki bu mənbə daxili mənbədir. Oradan gələn
su Azərbaycan ərazisində formalaşır. Siz - bu işlərlə
məşğul olanlar yaxşı bilirsiniz ki, bizim əsas su
mənbələrimiz, Bakını qidalandıran su xətləri
Azərbaycanın hüdudlarından kənarda formalaşan mənbələr
hesabına mümkün olur. Oğuz-Qəbələ-Bakı
o layihədir ki, Azərbaycan ərazisində formalaşan təmiz
içməli suyu Bakıya gətirir. Eyni zamanda, qeyd etdiyim
kimi, bütün bölgələrdə, bütün rayon mərkəzlərində
su-kanalizasiya layihələrinin icrasına
başlanmışdır, ya da ki, başlanmaqdadır. Bu,
çox böyük layihədir. Çünki bu işlər
bir şəhərdə deyil, iki şəhərdə deyil,
bütün rayon mərkəzlərində görülür
və görülməlidir. Ona görə "Azərsu"
şirkətinin işçilərindən çox şey
asılıdır. Çünki qarşıya vəzifə
qoyulubdur ki, bu məsələlər qısa müddət ərzində
həllini tapsın. Əsas məsələlər 2013-cü
ilin sonuna qədər həllini tapsın. Biz, əlbəttə
ki, qarşıya bu hədəfləri qoyanda həm realist
olmalıyıq, eyni zamanda, çalışmalıyıq ki,
bu məsələlər maksimum qısa müddət ərzində
həllini tapsın. Çox böyük və
genişmiqyaslı bir işdir. Amma eyni zamanda, çox gözəl
və nəcib bir işdir. Su həyat deməkdir. Təmiz su
isə sağlam həyat deməkdir. Biz istəyirik ki, Azərbaycan
vətəndaşları sağlam olsunlar, gənc nəsil
sağlam olsun. Bu gün güclənən Azərbaycanda
görülən bütün işlər, bir daha demək istəyirəm
ki, dünyanın ən yüksək standartlarına cavab verməlidir.
Mən əminəm ki, "Azərsu"
şirkətinin əməkdaşları onların üzərinə
düşən bu vacib vəzifələri yaxşı
başa düşürlər. Nəinki bu qurğuların
tikintisi, eyni zamanda, su, kanalizasiya xətlərinin çəkilişi,
bu təsərrüfatın istismarı məsələləri
də çox vacibdir. Xətlər, gözəl qurğular
tikilə bilər və tikiləcəkdir. Ancaq ondan sonra
gündəlik həyatda insanları, Bakı sakinlərini,
respublika sakinlərini davamlı içməli su ilə təmin
etmək sizin üçün ən başlıca vəzifə
olmalıdır. Əminəm ki, siz dediyim bütün bu məsələlərə
diqqətlə yanaşacaqsınız, verdiyim bütün
göstərişləri şərəflə yerinə yetirəcəksiniz.
Bu gün gözəl və tarixi bir
gündür. Bir daha demək istəyirəm ki, 50 il bundan əvvəl
Bakının içməli su ilə təminatında tarixi
hadisə baş vermişdir. Birinci sutəmizləyici qurğu
tikilmişdir. Bu gün də tarixi gündür.
Çünki 18 aydan sonra Bakı sakinləri Dünya Səhiyyə
Təşkilatının standartlarına uyğun içməli
su ilə təmin ediləcəklər. Bütün bu işlərdə
sizə uğurlar arzulayıram. Əminəm ki, il yarımdan
sonra biz burada müasir, gözəl, yeni qurğunun
açılışında bərabər iştirak edəcəyik.
Sağ olun.
Ceyranbatan Su Kəmərləri İdarəsinin
kollektivi adından çıxış edən Yazgül
RÜSTƏMOVA Prezident İlham Əliyevə təşəkkür
edərək dedi:
- Möhtərəm cənab Prezident!
Ceyranbatan Su Kəmərləri İdarəsinin kollektivi
adından Sizi salamlayıram, "Xoş gəlmisiniz" deyirəm.
Hörmətli Prezident, Ceyranbatan Su Kəmərləri
İdarəsinin 50 illik yubileyi ərəfəsində Sərəncamınızla
bir qrup əməkdaşımız, o cümlədən mən
"Tərəqqi" medalı ilə təltif olunmuşuq. 36
ildir ki, bu müəssisədə çalışıram. Bu
mükafata, əməyimizə verdiyiniz qiymətə, bizə
göstərdiyiniz qayğıya görə Sizə dərin təşəkkürümüzü
bildiririk.
Cənab Prezident, yeni qurğunun təməlini
qoymaqla idarəmizin tarixində yeni səhifə
açmış oldunuz. Söz veririk ki, Sizin bu diqqət və
qayğınızı əməli işimizlə
doğruldacağıq. Bunun üçün əlimizdən gələni
əsirgəməyəcək, var qüvvəmizlə
çalışacağıq.
Hörmətli Prezident, Siz bütün
sahələrə xüsusi diqqət yetirirsiniz. Televiziyadan izləyirik,
rayonlara tez-tez gedirsiniz, obyektlərin təməlqoymasında,
açılışında iştirak edirsiniz. Ölkəmizin
inkişafı, xalqımızın yaxşı
yaşaması üçün əlinizdən gələn
heç bir şeyi əsirgəmirsiniz. Qədirbilən
xalqımız Sizin bu fəaliyyətinizi yüksək qiymətləndirir,
Sizə uzun ömür, cansağlığı arzu edir! Allah Sizə kömək olsun, cənab Prezident! Allah Sizə yar olsun!
Bir daha kollektivimiz adından Sizə dərin təşəkkürümüzü
bildiririk.
Sonda xatirə şəkli
çəkdirildi.
AzərTAc
Azərbaycan.-2011.-9
sentyabr.-S.3.