Azərbaycan hökuməti ilə Rusiya Federasiyasının Həştərxan vilayəti
arasında saziş imzalanmışdır
Azərbaycan Respublikasının Baş
naziri Artur Rasizadə sentyabrın 8-də Bakıda səfərdə
olan Rusiya Federasiyasının Həştərxan vilayətinin
qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür. Azərbaycanın
Baş naziri əvvəlcə Rusiyanın Yaroslavl şəhərində
baş vermiş təyyarə qəzası zamanı həlak
olanların xatirəsini yad edərək
başsağlığı vermişdir.
Azərbaycan ilə Həştərxan
arasında əlaqələrin dərin tarixi köklərə
malik olduğunu deyən A.Rasizadə qarşılıqlı
münasibətlərin uzun əsrlər boyu inkişaf etdiyini
diqqətə çatdırmışdır. Baş nazir
bildirmişdir ki, belə səfərlər tərəflər
arasında iqtisadi, mədəni, turizm əlaqələrinin
genişlənməsinə təkan verir.
Azərbaycanda siyasi və iqtisadi
sabitliyin hökm sürdüyünü vurğulayan A.Rasizadə
bunun əyani sübutu olaraq ölkənin 2008-2009-cu illərdə
dünya maliyyə böhranından itkisiz
çıxdığını göstərmişdir.
İqtisadi uğurlar barədə məlumat
verən Baş nazir demişdir ki, Azərbaycan indi neft-qazdan
asılı ölkə deyildir. Azərbaycan rəhbərliyi
son illərdə qeyri-neft sektorunun,
o cümlədən kənd
təsərrüfatının inkişafına xüsusi diqqət
göstərir. Azərbaycan kənd təsərrüfatı məhsullarını
idxal edən ölkədən
ixrac edən ölkəyə çevrilmişdir. Ölkədə,
həmçinin böyük infrastruktur layihələri
reallaşdırılır, yerli və beynəlxalq əhəmiyyətli
yollar çəklilir, təhsil, mədəniyyət, səhiyyə,
idman obyektləri tikilir. Təkcə son 5 ildə respublika ərazisində
2300-ə yaxın məktəb binası tikilmiş və təmir
olunmuşdur.
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ probleminə toxunan Baş nazir A.Rasizadə bu
münaqişənin hələ də öz həllini
tapmadığından narahatlığını ifadə
etmişdir. Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzü nəticəsində ölkə ərazisinin
20 faizi işğal olunmuş, 1 milyon vətəndaşımız
yurdundan didərgin düşmüşdür. Azərbaycanın
heç vaxt torpaqlarının işğalı faktı ilə
barışmayacağını deyən A.Rasizadə zəbt
olunmuş ərazilərin mütləq azad ediləcəyinə əminliyini bildirmişdir.
Baş nazir Həştərxan şəhərində
ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə
və abidəsinin ucaldılmasına görə qubernator
A.Jilkinə dərin təşəkkürünü
bildirmişdir.
Aleksandr Jilkin Azərbaycan ilə Həştərxan
vilayəti arasındakı mövcud münasibətlərin
real potensialı əks etdirmədiyini demişdir. O, rəhbərlik
etdiyi vilayətdə Azərbaycandan gələn iş
adamları üçün hər bir şəraitin
yaradıldığını vurğulamışdır. Həmçinin
Azərbaycandan idxal edilən kənd təsərrüfatı
məhsullarına tələbatın böyük olduğunu
da bildirmişdir.
Rusiyanın Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı
olduğunu vurğulayan qubernator ədalətsizliyə tezliklə
son qoyulacağını demişdir.
Rusiyanın Həştərxan vilayətində
də neft-qaz hasilatının inkişaf etdiyini deyən
qubernator bu sahədə kadr çatışmazlığı
probleminin olduğunu söyləmişdir. Belə kadrların
yetişdirilməsi üçün vilayətdə müvafiq
təhsil bazasının olmadığını bildirən
A.Jilkin bu sahədə Azərbaycanın köməyinə ehtiyac
duyduqlarını qeyd etmişdir.
Həştərxan vilayətinin
qubernatoru mədəniyyət sahəsində reallaşan tədbirlərin
artdığından, habelə Həştərxandakı Azərbaycan
diasporunun fəaliyyətindən məmnunluğunu bildirmişdir. Diqqətə
çatdırılmışdır ki, Həştərxanda
Azərbaycan diasporunun 20 minədək üzvü vardır.
Görüşün sonunda "Azərbaycan
Respublikası ilə Həştərxan vilayətinin hökuməti
(Rusiya Federasiyası) arasında ticari-iqtisadi, elmi-texniki və
mədəni sahələrdə əməkdaşlıq barədə"
saziş imzalanmışdır. Sənədi Azərbaycan
hökuməti tərəfindən Baş nazirin birinci
müavini Yaqub Eyyubov, qarşı tərəfdən isə Həştərxan
vilayətinin qubernatoru Aleksandr Jilkin imzalamışlar.
AzərTAc
Azərbaycan.-2011.-9
sentyabr.-S.4.