Azərbaycanın iqtisadi inkişaf naziri İstanbulda Avrasiya inşaat materialları sərgisinin açılışında iştirak etmişdir

 

 Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev İstanbulda Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi və İnşaat Materialları Dərnəyinin birgə təşkil etdikləri Avrasiya İnşaat Materialları Sərgisinin (MEGABUİLD) açılış mərasimində iştirak etmişdir.

Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan sərgidə iştirak edən 36 ölkənin nazirləri və iş adamlarını salamlamışdır. O, azərbaycanlı həmkarı Şahin Mustafayevə Türkiyə hökuməti adından fəxri diplom təqdim etmişdir. Azərbaycanlı və türkiyəli nazirlər sərginin stendləri, o cümlədən Azərbaycan şirkətlərinin məhsullarının nümayiş etdirildiyi stendlə tanış olmuşlar.

Zəfər Çağlayan bildirmişdir ki, bu sərgidə Türkiyədən 150, xarici ölkələrdən isə 80 şirkətin inşaat materialları və aksesuarları nümayiş etdirilir.

Sentyabrın 11-dək davam edəcək sərgidə iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi, təqribən 3 milyard dollar həcmində müqavilələrin bağlanması nəzərdə tutulur.

Türkiyə və Azərbaycan nazirlərinin görüşündə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın getdikcə möhkəmləndiyi vurğulanmış, iş adamlarına yaradılan şəraitdən razılıq ifadə olunmuşdur.

 

 

 Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

 

Azərbaycan.-2011.-9 sentyabr.-S.4.