Bakıda Azərbaycan-Rusiya
biznes-forumu keçirilmişdir
Həştərxan vilayətinin qubernatorunun
Azərbaycan Respublikasına
səfəri çərçivəsində
"Hyatt Regency" hotelində Azərbaycan-Rusiya biznes-forumu
keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyi
və Azərbaycan Respublikasında İxracın
və İnvestisiyaların
Təşviqi Fondu tərəfindən təşkil
edilmiş biznes-forumda
Həştərxan vilayətinin
ticari-iqtisadi imkanlarının
təqdimatı olmuşdur.
İqtisadi inkişaf
nazirinin müavini Niyazi Səfərov qonaqları təqdim etmiş, Azərbaycanın
investisiya imkanları barədə onlara məlumat verərək qeyd etmişdir ki, Rusiya Federasiyası
ilə Azərbaycanın
əlaqələri yüksələn
xətt üzrə inkişaf edir, bununla əlaqədar federasiyanın konkret subyekti ilə əlaqələrin də
inkişaf etdirilməsi
çox vacibdir.
Qeyd edilmişdir ki,
Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində
respublika iqtisadiyyatı
dinamik inkişaf edir, Rusiya ilə
ticari-iqtisadi münasibətlər
prioritet məsələyə
çevrilmişdir.
Rusiya Federasiyası Həştərxan
vilayətinin qubernatoru
Aleksandr Jilkin Azərbaycan ilə iqtisadi əlaqələrin
və əməkdaşlığın
gələcək inkişafının
perspektivləri barədə
məlumat vermişdir. Qubernator qeyd etmişdir ki, Rusiya Federasiyasının
mühüm regionlarından
biri olan Həştərxan vilayəti
bir sıra iqtisadi göstəricilər
üzrə, o cümlədən
neft və qaz hasilatına görə ölkənin digər regionlarından irəlidə gedir.
Xəzər sahilində mühüm
regionlardan biri olan Həştərxan vilayəti sənaye, gəmiqayırma, kənd təsərrüfatı, tikinti,
turizm və mədəniyyət sahələrində
Azərbaycanla əməkdaşlıqda
maraqlıdır. Məsələn,
Xəzərin Azərbaycan
sahillərində turizm
obyektləri tikintisi həştərxanlılar üçün
çox münasib ola bilər.
A.Jilkin demişdir:
"Bununla əlaqədar
biz Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi ilə dəniz turizmi mübadiləsi haqqında
razılığa gəlmək
niyyətindəyik".
Sonda qubernator suallara
cavab vermişdir.
Tədbir çərçivəsində Həştərxan vilayətinin
və Azərbaycanın
biznesmenləri arasında
əlaqələrin genişləndirilməsinin
mümkünlüyü məsələsi
müzakirə edilmişdir.
Biznes-forumda nazirlər, Həştərxan
vilayətinin rəsmi
şəxsləri, biznesmenlər,
RF-nin Azərbaycandakı
səfiri Vladimir Doroxin
iştirak etmişdir.
Azərbaycan.-2011.-9
sentyabr.-S.4.