Dairə seçki komissiyalarının sədrləri Bakının rayonlarının dairə seçki komissiyalarında təcrübə mübadiləsi keçmişlər

 

 Sentyabrın 8-də Mərkəzi Seçki Komissiyasında Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların iştirakçıları Bakı rayonlarının dairə seçki komissiyalarında təcrübə mübadiləsi keçmişlər.

AzərTAc xəbər verir ki, DSK sədrlərinin bir qrupu 19 saylı Nərimanov birinci seçki dairəsinin dairə seçki komissiyasında olmuşdur. Məlumat verilmişdir ki, 19 saylı Nərimanov birinci seçki dairəsində 31 seçki məntəqəsi vardır. Seçici siyahıları mütəmadi olaraq dəqiqləşdirilir və hazırda bu dairə üzrə 43 min 485 seçici qeydiyyata alınmışdır.

DSK sədri Etibar Abdullayev kurs iştirakçılarını salamlamış, onlara təmsil etdiyi komissiyanın fəaliyyəti barədə ətraflı məlumat vermişdir. O, seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların və təcrübə mübadiləsinin əhəmiyyətindən danışmışdır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar keçirilən kursların bu sahədə görülən genişmiqyaslı işlərdən olduğunu bildirmişdir.

Seçkinin hər bir ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu vurğulayan E.Abdullayev demişdir ki, seçkilərin demokratik, azad keçirilməsi ölkədə ictimai-siyasi sabitlikdən, normal seçki şəraitinin yaradılmasından asılıdır. Seçkilərin azad və şəffaf keçirilməsi həmin cəmiyyətdə yüksək demokratik mühitin formalaşmasından xəbər verir.

E.Abdullayev onu da bildirmişdir ki, dairə seçki komissiyası və məntəqələr bələdiyyə seçkilərinə tam hazırdır və builki seçkilər də tam azad, şəffaf və demokratik şəraitdə keçiriləcəkdir.

Təlimlərdə çıxış edən DSK sədrləri onların fəaliyyətlərinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi məqsədi ilə keçirilən kursları yüksək qiymətləndirdiklərini vurğulamışlar. Ölkədə azad, demokratik və şəffaf seçkilərin keçirilməsi sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən danışmış, kursların və təlimlərin onların maarifləndirilməsində böyük rol oynadığını bildirmişlər.

Təmsil etdikləri dairə seçki komissiyalarının fəaliyyətlərindən danışan sədrlər qarşılıqlı fikir mübadilələri aparmış və təcrübələrini bölüşmüşlər.

İxtisaslaşdırılmış kursların bir qrup iştirakçısı isə 16 saylı Yasamal ikinci seçki dairəsi dairə seçki komissiyasında təcrübə mübadiləsi keçmişdir.

DSK sədrləri 16 saylı Yasamal ikinci seçki dairəsi dairə seçki komissiyasının inzibati binası ilə də tanış olmuşlar.

Komissiyanın sədri Sədaqət Seyidzadə məlumat vermişdir ki, bu dairə üzrə 29 seçki məntəqəsi fəaliyyət göstərir və 37 min 820  seçici siyahıya alınmışdır. Vətəndaşların seçki hüquqlarının qorunması üçün bütün prosedurlar həyata keçirilmişdir.

S.Seyidzadə qeyd etmişdir ki, DSK-nın inzibati binasında  bütün zəruri texniki avadanlıq vardır. MSK dairə seçki komissiyasına müntəzəm surətdə hüquqi, metodiki, texniki və təşkilati kömək göstərir.

Seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların iştirakçılarının bir qrupu 24 saylı Nizami birinci seçki dairəsinin dairə seçki komissiyasında təcrübə mübadiləsi keçmişdir.

DSK sədri Niyazi Nəcəfov bildirmişdir ki, bu dairədə 29 daimi, 4 müvəqqəti əsaslarla fəaliyyət göstərən məntəqə vardır. Seçici siyahıları dəqiqləşdirilmiş və hazırda dairə üzrə 38 min 605 seçici vardır. O, Azərbaycanda seçkilərin demokratik keçirilməsi üçün əsaslı hüquqi bazanın olduğunu xüsusi qeyd etmişdir.

DSK sədrləri seçici siyahılarının dəqiqləşdirilməsi, səsvermə zamanı müşahidəçilərin yerləşdirilməsi və digər məsələlərlə bağlı rəy və təkliflərini bildirmiş, təcrübə mübadiləsi aparmışlar.

Təcrübə mübadiləsinin iştirakçıları 26 saylı Sabunçu birinci seçki dairəsinin dairə seçki komissiyasında yaradılmış iş şəraiti ilə də tanış olmuşlar.

26 saylı Sabunçu birinci seçki dairəsi dairə seçki komissiyasının inzibati binası ilə tanışlıq zamanı bildirilmişdir ki, DSK bütün lazımi avadanlıqla təmin edilmişdir. Komissiyanın sədri Hacı Əliyev seçici siyahılarının dəqiqləşdirildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, dairədə 32 seçki məntəqəsi və 45 min 836 seçici vardır. Dairə və məntəqə seçki komissiyaları MSK tərəfindən təlimat və izahatlarla təmin olunmuşlar.

Sonda bələdiyyə seçkilərilə bağlı görülən işlər barədə müzakirələr aparılmış, DSK sədrlərinin sualları cavablandırılmışdır.

 

 

Azərbaycan.-2011.-9 sentyabr.-S.4.