ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaymışlar

 

 ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, həmsədrlər İqor Popov (Rusiya), Bernard Fasye (Fransa), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik ATƏT-in Nazirlər Şurasının dekabr ayında Vilnüsdə keçiriləcək toplantısı ilə bağlı fəaliyyət proqramlarını müzakirə etmək və əlaqələndirmək məqsədilə sentyabrın 7-də Vyanada bir araya gəlmişlər. Həmsədrlər, həmçinin Minsk qrupuna üzv dövlətlərin təmsilçilərini həmsədr ölkələrin hökumətlərinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar tərəflərlə apardığı davamlı yüksək səviyyəli fəaliyyəti, eləcə də atəşkəs rejimini gücləndirmək və geniş əhatəli sülh sazişi üçün çərçivə rolunu oynayan Baza Prinsiplərinin razılaşdırılmasına nail olmaq istiqamətində konkret səylər barədə məlumatlandırmışlar.

Sentyabrın 8-də isə həmsədrlər sülh prosesinin bu və digər aspektlərini müzakirə etmək üçün ATƏT-in baş katibi Lamberto Zannyer ilə görüşmüşlər.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.-2011.-9 sentyabr.-S.6.