Azərbaycanda Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü qeyd olunmuşdur

 

 Sentyabrın 8-də Azərbaycan Mətbuat Şurasında (MŞ) Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Gününə həsr olunmuş  "dəyirmi masa"  keçirilmişdir.

Ölkənin nüfuzlu media qurumları, jurnalist birlikləri nümayəndələrinin, ekspertlər və KİV təmsilçilərinin iştirak etdikləri tədbirdə şəhid jurnalistlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində  təşkil edilmiş tədbirdə ölkəmizdə jurnalistikanın hazırkı vəziyyəti, problemləri və perspektiv vəzifələr ətrafında fikir mübadiləsi aparılmışdır.

Bildirilmişdir ki, Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü 1958-ci ildən etibarən  qeyd edilir. Həmin il Beynəlxalq Jurnalistlər Təşkilatının Buxarestdə keçirilmiş IV Konqresində bununla bağlı qərar qəbul olunmuşdur. Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə təsis edilmişdir.

"Dəyirmi masa"da məlumat verilmişdir ki,  söz və məlumat azadlığının təmin olunması sahəsində həyata keçirilmiş məqsədyönlü siyasətin nəticəsində bu gün Azərbaycan kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Ölkəmizdə 4500-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində uçota götürülmüş, 50-dən çox informasiya agentliyi müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir.

Dövlət müstəqilliyinin bərpasından  sonra Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, demokratik, azad mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının qurulması, iqtisadi müstəqilliyinin təmin edilməsi üçün geniş imkanlar yaranmışdır. Ölkəmizdə  söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə Nazirlər Kabinetinin nəzdində mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edilmiş, bununla da mətbuata tətbiq edilən senzura aradan qaldırılmış, milli mətbuatın inkişafı yolunda yeni perspektivlər açılmışdır. Bu siyasətin ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunmuş və dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edilmişdir. 2003-cü ildə Azərbaycan Jurnalistlərinin I Qurultayında mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası yaranmışdır.

Diqqətə çatdırılmışdır ki, 3 il bundan əvvəl fəaliyyətə başlamış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən bir sıra müsabiqələr keçirilmişdir. Bu müsabiqələr jurnalistlərin peşə hazırlığının və sosial vəziyyətlərinin yaxşılaşdırılmasına kömək etmişdir. Bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcəkdir.

Azərbaycanda söz azadlığının təmin olunması istiqamətində  atılan mühüm addımlardan danışan natiqlər son illər "reket" qəzetlərin sayının artmasını, heç bir savadı, ali təhsili olmayan redaktorların "fəaliyyətini" kəskin tənqid etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2011.-9 sentyabr.-S.6.