Dünyada
tanınan alim, görkəmli pediatr, ictimai xadim
Dünya
şöhrətli alim, elm təşkilatçısı, Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi üzvü,
SSRİ və Rusiya Tibb Elmləri Akademiyasının müxbir
üzvü, əməkdar elm xadimi, Dövlət
mükafatı laureatı Ədilə Namazovanın şərəfli
ömür yolu elmə, təhsilə xidmətin ən bariz
nümunəsidir. Onun haqqında şəxsiyyət, alim,
pedaqoq, həkim, içtimai xadim kimi düşünəndə
hər kəsin qəlbi işıqlanır. Ədilə
Namazova həyatda nisbətən az təsadüf edilən o
insanlardandır ki, onlar öz istedad, bilik və
bacarıqlarını xalqın, cəmiyyətin xeyrinə sərf
edirlər. Görkəmli alim 85 illik ömür yolunda bir
çox adlara, rütbə və vəzifələrə layiq
görülmüşdür.
Ədilə Namazova Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissisiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan
Pediatrlar Assosiasiyasının prezidenti, Türkdilli Ölkə
Pediatrlar Assosiasiyasının vitse-prezidenti, Azərbaycan
Respublikası Uşaq Fondunun həmsədri, səhiyyə əlaçısı,
"SOS Uşaq kəndləri - Azərbaycan" Rəyasət
Heyətinin üzvü, YUNESKO-nun Bioetika, elm və
texnologiyaların etika üzrə Azərbaycan Milli Komitəsinin
üzvü, Ümumdünya Pediatrlar Assosiasiyasının
İdarə Heyətinin üzvü, akademik
M.Topçubaşov adına müsabiqənin laureatı, Azərbaycan
Tibb Universitetinin I Uşaq xəstəlikləri
kafedrasının müdiri, professordur. Gərgin
yaradıcılıq yollarında qazanılmış bu
adların və vəzifələrin hər biri elm xadiminin həyat
və fəaliyyətinin müəyyən sahəsinə
işıq salmaqla yanaşı, bütövlükdə Ə.Namazovanın
geniş erudisiyasını, şəxsiyyətinin və yaradıcılığının
miqyasını, intellektini və ictimai fəallığını
nümayiş etdirir, onun alim fərdiyyətinin səciyyəsini
açıb göstərir.
Ədilə Namazova əsrimizin ən
görkəmli alimlərindən biridir. O, 1926-cı il
sentyabrın 9-da gözəl Qarabağın dilbər guşəsi
olan Ağdam rayonunun Seyidli kəndində dünyaya göz
açıb. 1944-cü ildə orta məktəbi əla qiymətlərlə
bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olub. Ali təhsilini
başa vurduqdan sonra bir müddət Ağdam rayonunda həkim
işləyib. 1954-cü ildə aspiranturaya daxil olur, Moskvada
dünya pediatriya elminin patriarxı məşhur akademik
G.N.Speranskinin klinikasında alim kimi formalaşır, namizədlik
dissertasiyasını müdafiə edir.
1960-cı ildə Ə.Namazova dünya
şöhrətli alim, akademik B.V.Petrovskinin klinikasında o
dövrə qədər hələ də qaranlıq qalan və
tam ümidsiz hesab olunan anadangəlmə ürək
qüsurlarının tədqiqatına başlayır. O, ilk dəfə
olaraq uşaqlarda anadangəlmə ürək
qüsurlarının düzgün topik diaqnozunu dəqiqləşdirərək
ürək üzərində cərrahi əməliyyatın
aparılması göstərişini və əks-göstərişini
təyin edir. Bununla da, ürək üzərində
aparılan cərrahi əməliyyatın proqnozunu verir.
1965-ci ildə
I Moskva Tibb İnstitutunda "Uşaqlarda ürək arakəsməsinin
anadangəlmə qüsurlarının klinik xüsusiyyətləri,
diaqnostikası, çərrahi əməliyyata göstəriş
proqnozu" mövzusunda müvəffəqiyyətlə
doktorluq dissertasiyasını müdafiə edir. O, pediatriya
üzrə tibb elmləri doktoru olan ilk azərbaycanlı
qadındır. Bu illər ərzində ona Dövlət
İxtira Komitəsindən 5 ixtiranın şəhadətnaməsi
verilir.
Ə.Namazova ilk dəfə olaraq Azərbaycanda
pediatriya elmi məktəbini yaradır. Onun rəhbərliyi ilə
70-ə qədər namizədlik və doktorluq
dissertasiyaları müdafiə olunur. Elmi yenilikləri və
nailiyyətləri görkəmli alimi tez bir zamanda dünya
miqyasında tanıdır. O, müxtəlif xarici ölkələrdə
(Yaponiya, ABŞ, Fransa, İngiltərə, İtaliya, Hindistan,
Argentina, Avstriya, Finlandiya, Belçika və s.) keçirilən
ümumdünya konqreslərində ölkəmizi ləyaqətlə
təmsil edir, maraqlı məruzələrlə
yaratdığı elmi məktəbin fəaliyyət istiqamətlərini
dünya pediatrlarının müzakirəsinə
çıxarır.
1971-ci ildə təbabətdə aktual elmi
problemlərin araşdırılmasına, mühüm elmi
nailiyyətlərə, yüksək ixtisaslı alimlərin
hazırlanmasına görə Ədilə Namazova
keçmiş SSRİ, 1992-ci ildə isə Rusiya Tibb Elmləri
Akademiyasına üzv seçilir. Bu, ilk və hələlik
yeganə azərbaycanlı qadın idi ki, belə yüksək
elmi ada layiq görülmüşdü.
Akademik Ə.Namazova dünyada ilk dəfə
olaraq hipertoniya və hopotoniya xəstəliyinin uşaq
yaşlarından başlanmasını sübut edir. Alim bu xəstəliyin
uşaq orqanizmində törətdiyi dəyişikləri
müasir üsullarla, bütün incəliyi ilə öyrəndiyinə,
yeni konsepsiyalar və xüsusi təsnifat təklif etdiyinə,
ilk dəfə olaraq rasional
müalicə və profilaktika tədbirləri irəli
sürdüyünə görə 1982-ci ildə Azərbaycan
Dövlət mükafatına layiq görülür. 1981-ci ildə
ona respublikanın əməkdar elm xadimi fəxri adı
verilir.
Ədilə Namazova dünyanın müxtəlif
ölkələrinin nüfuzlu jurnallarında çap
olunmuş 350-dən çox elmi əsərin, 25 monoqrafiya, dərsliyin,
dərs vəsaitinin müəllifidir. Azərbaycanda elmi
pediatriya məktəbinin yaradıcısı Ədilə
Namazova 1983-cü ildə təbabət elminin aktual və
perspektiv problemlərini araşdırdığına,
pediatriyanın əsas məsələlərinin həllinə,
yüksək yaradıcılıq nailiyyətlərinə
görə Azərbaycan
EA-nın həqiqi üzvü seçildi.
O, ilk və yeganə azərbaycanlı
qadındır ki, iki dövlət Elmlər
Akademiyasının üzvüdür. ABŞ-da nəşr
edilən "Dünyanın ulduz qadınları", "Kim
kimdir" kitablarında Ə.Ə.Namazovanın elmi fəaliyyətinə
həsr olunmuş məqalədə onun dünyada
aparıcı alim olduğu xüsusi vurğulanıb.
1981-ci ildə alim tibb elminin, səhiyyənin
inkişafında əldə etdiyi böyük nailiyyətlərə
görə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı
ilə təltif olunub.
Ə.Namazova iyirmi ildən çox Səhiyyə
Nazirliyinin Elmi Tibbi Şurasının sədri olub. O,
respublikanın elmi-tədqiqat və
tədris institutlarında aparılan elmi işlərin
dünya səviyyəsinə çıxarılmasına, səmərələşdirilməsinə,
bilavasitə respublikanın tələbatına yönəldilməsinə
çalışıb və buna nail olub. Akademik hazırda bir
çox ölkələrin tibb jurnallarının redaksiya heyətinin
üzvüdür.
Alim uzun illərdir ki, tibbi etika və
bioetika sahəsində tədqiqatlar aparır. O, YUNESKO-nun Bioetika, elm və
texnologiyaların etika üzrə Azərbaycan Milli Komitəsinin
üzvüdür. Tibbi Bioetika sahəsində beynəlxalq konqreslərdə,
sessiyalarda dəyərli məruzələrlə
respublikamızı layiqinçə təmsil edir. Bioetikadan
ali tibb məktəbləri və kollecləri
üçün tərtib etdiyi təhsil proqramını
xarici ölkə mütəxəssisləri də qəbul
ediblər. Hazırda tədris həmin proqramlar üzrə
aparılır. Ədilə Namazova tibbi etikadan ilk dərsliyin
müəllifidir. Onun tibbi bioetika sahəsində tərtib
etdiyi metodik vəsait rus və ingilis dillərinə də tərcümə
edilib istifadə olunur.
Naxçıvan Dövlət Universitetində
tibb fakültəsinin yaradılmasında və
inkişafında akademik Ə.Namazovanın xidmətləri
danılmazdır. O, ulu öndər Heydər Əliyevin bu
fakültənin inkişafı ilə bağlı arzusunu
böyük həvəs və tükənməz entuziazmla həyata
keçirir. Fakültədə yeni metodik-tədris modelinin
hazırlanmasında, burada tibb elminin müalicə üsullarının
səhiyyə ocaqlarında tətbiqinin
təmin edilməsində alimin böyük əməyi var.
Ədilə xanım həmin fakültənin
ümidverici ilk gənc məzunlarını, müəllim
kollektivinin fəal üzvlərini seçərək onlara,
xüsusilə də, Naxçıvanla bağlı dissertasiya
mövzuları verib, özü də bu işlərə rəhbərlik
edib. Hazırda onlar müdafiədən sonra elmi ad alıb tibb
fakültəsinin tələbələrinin təhsili ilə
yaxından məşğuldurlar.
Ə.Namazova çox geniş müalicə
işi ilə də məşğul olur və səhiyyə
idarələrinə yaxından kömək edir. O, ölkəmizin
ən ucqar kəndlərində, rayonlarında, şəhərlərində
on minlərlə uşağı ağır xəstəliklərdən
müalicə edib, onları ölümün pəncəsindən
qurtarıb. Ona görə xalq içərisində akademik Ədilə
Namazova çox sevilən, xüsusi hörmət və
ehtiramla qarşılanan insandır.
Alim səmərəli elmi fəaliyyətinə
və səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərə
görə 1975-ci ildə "Səhiyyə əlaçısı"
nişanına layiq görülüb. Bundan başqa, Səhiyyə
Nazirliyinin, tibb universitetinin çoxsaylı təşəkkürləri,
fəxri fərmanları ilə təltif olunub.
Elmi, pedaqoji, həkimlik fəaliyyəti ilə
bərabər, Ə.Namazovanın həyatında elmi təşkilatçılıq
və ictimai fəaliyyət xüsusi yer tutur. O, 1989-cu ildə
keçmiş SSRİ-nin xalq deputatı, SSRİ Ali Sovetinin,
Millətlər Şurasının üzvü
seçilmişdir, SSRİ Ali Sovetində Azərbaycan, Orta
Asiya respublikaları qadınları komitəsinin sədri
olmuşdur. Çıxışlarında qadınların,
uşaqların acınacaqlı vəziyyətini rəhbər
işçilərin, parlament üzvlərinin diqqətinə
çatdırmış, onlardan qadınların problemlərinə
çiddi yanaşmağı tələb edirmiş və bir
çox məsələlərin həllinə nail olurmuş.
Sovet ordusu 20 Yanvar 1990-cı ildə
Bakıda qırğın törətdiyi zaman deputat Ə.Namazova böyük
siyasi fəallıq göstərərək ordu
komandanlığı ilə sərt danışmış,
Salyan kazarmasında tərksilah edilərək girov
götürülüb zirzəmidə saxlanılan gənc azərbaycanlı
zabitlərin, əsgərlərin, Masallı, Neftçala, Lənkəran,
Astara və başqa yerlərdən əlləri,
ayaqları qandallı vəziyyətdə
Bakıya gətirilmiş 300-dən çox insanın həbsdən
azad edilməsinə nail olmuşdu. Qanlı yanvar günlərində
Ədilə xanım vətəndaşlıq qeyrəti
nümayiş etdirərək Ali Sovetin sessiyasında qəsbkar
sovet ordusunun Bakıda faciələr törətdiyini,
M.Qorbaçovun xəyənatkarlığını, erməni
millətçiləri ilə əlbir olduğunu, Azərbaycana
düşmən mövqeyini kəskin ifşa etmişdi.
Akademik Ə.Namazova çox mənalı,
maraqlı bir həyat yaşayıb, daim öz xalqının
xidmətində olub, fədakarlıq göstərib.
Bütün həyatını tibb elminə, səhiyyənin
inkişafına, kadr hazırlığına, insanlara
qayğıya həsr etmiş xalqımızın bu fədakar
qızının xidmətləri dövlət tərəfindən
yüksək qiymətləndirilmişdir. Ədilə Namazova
1996-cı ildə ümummilli lider Heydər Əliyevin fərmanı
ilə "Şöhrət" ordeninə layiq görulub,
digər orden və medallar, döş nişanları ilə təltif
edilib. Moskvanın və bütün Rusiyanın Patriarxı II
Aleksi də ehtiyacı olan, yetim
və xəstə uşaqlara diqqət və qayğı
göstərdiyinə, bu sahədə xüsusi xidmətlərinə
görə akademik Ə.Ə.Namazovanı "Müqəddəs
Dmitri" ordeni ilə təltif edib.
Bu gün akademik Ədilə Namazova
ömrünün müdrik,
yaradıcılığının ən mükəmməl
dövrünü yaşayır. Əvvəllər olduğu
kimi, hər gün neçə-neçə körpəyə
həyat, ailəyə sevinc bəxş edir, yorulmadan elmi
axtarışlar aparır, gənc pediatrlar nəslinin
yetişməsi üçün bütün səyini və
bacarığını sərf edir.
Sentyabrın 6-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə akademik Ə.Ə.Namazova 85 illik yubileyi ərəfəsində
tibb elminin inkişafındakı xidmətlərinə görə
"Şərəf" ordeni ilə təltif edilmişdir.
Bu xəbər hamımızın böyük sevinçinə
səbəb olmuşdur.
Azərbaycan Milli Elmlər
Akademiyasının, Səhiyyə Nazirliyinin kollektivləri
akademik Ədilə Əvəz qızı Namazovanı yubileyi
münasibəti ilə təbrik edir, ona möhkəm can
sağlığı, elmi fəaliyyətində uğurlar
arzulayır.
M.KƏRİMOV,
Azərbaycan Milli
Elmlər
Akademiyasının
prezidenti,
akademik
O.ŞİRƏLİYEV,
Azərbaycan
Respublikasının
səhiyyə naziri
Azərbaycan.-2011.-9 sentyabr.-S.7.