«Bakı» Avropa Klublar Assosiasiyasının xüsusi
mükafatına layiq görüldü
Təmsilçimiz qitənin ən güclü komandalarını qabaqladı
Bugünkü dövrdə futbol həqiqətən
böyük təsir gücünə malik, kütləvi və
sevilən idman növlərindən biridir. Dünyanın bir
çox ölkələrində olduğu kimi, Azərbaycanda
da futbolun zəngin tarixi və ənənələri
olmuşdur. XX əsrdə Azərbaycanda dünya səviyyəli
futbolçular, məşqçilər və hakimlər
yetişmişdir. Təəssüf ki, ötən əsrin
90-cı illərinin əvvəllərindən etibarən Azərbaycan
futbolu əvvəlki şöhrətini itirmiş, bu idman
növünə maraq azalmağa başlamışdır.
Futbol klublarının bazalarının
acınacaqlı vəziyyəti, respublika uşaq-yeniyetmə
futbol məktəblərinin maddi-texniki bazalarının
aşağı səviyyədə olması, ixtisaslı məşqçi
və müəllimlərin çatışmazlığı
ölkədə futbolun inkişafına və futbolçu
hazırlanmasına mənfi təsir göstərirdi. Bütün
bunlar isə futbolun inkişafı üçün təxirəsalınmaz
tədbirlərin görülməsini, uşaq-yeniyetmə və
gənclər arasında futbola marağın
canlandırılmasını, futbol infrastrukturunun yenidən
qurulmasını tələb edirdi. Bu baxımdan Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 10
oktyabr 2005-ci il tarixində imzaladığı "Azərbaycan
Respublikasında 2005-2015-ci illərdə futbolun
inkişafına dair Dövlət Proqramı" müasir Azərbaycan
futbolunun inkişaf tarixində yeni mərhələnin əsasını
qoydu. Proqram ölkədə
futbolun inkişafına və beynəlxalq yarışlarda
uğurlar əldə etməyə xidmət edir.
Proqramın qəbulundan sonra ötən
müddət ərzində ölkəmizdə bu sahənin
inkişafı istiqamətində xeyli iş
görülmüşdür. Artıq ölkə
çempionatında mübarizə aparan klubların
maddi-texniki bazaları
yaxşılaşdırılmışdır. Komandaların
tərkibində alt qrupların yaradılması və uşaq
futboluna diqqətin
artırılması əsas
göstəricilərdən biridir.
Belə klublardan biri də "Bakı"dır. Komanda maddi-texniki bazanın yüksək səviyyədə
qurulmasına görə
ölkənin əksər
komandalarını arxada
qoymuşdur. Hafiz Məmmədov komandaya prezident təyin olunduqdan sonra ölkə başçısının
imzaladığı dövlət
proqramını rəhbər
tutaraq ardıcıl islahatlar apardı. Klubun maddi-texniki bazası yaxşılaşdırıldı,
komanda səviyyəli
oyunçu və məşqçilərlə
gücləndirildi. Çıxışlarında ölkədə futbolun inkişafında uşaq futbol məktəbinin vacibliyini qeyd edən H.Məmmədov bu istiqamətdə ardıcıl
tədbirlər həyata
keçirdi. Bunun nəticəsi
olaraq 2009-cu ildə
"Bakı" Futbol
Akademiyasının tikintisinə
başlanıldı. Uşaqların futbol biliklərinə yiyələnmələri üçün
bu möhtəşəm
qurğu 18 ay ərzində
tikilib istifadəyə
verildi.
Təbii ki, "Bakı"da
görülən bu işlər Avropa futbol təşkilatlarının
da diqqətindən yayınmadı. Avropa Klublar
Assosiasiyasının (ECA) nümayəndəsi
bu ilin iyun
ayının sonlarında
paytaxtımızda olmuş,
qısa müddət ərzində tikilib istifadəyə verilmiş
və şəraitinə
görə qitənin
bəzi aparıcı
klublarını geridə
qoymuş akademiya barəsində müsbət
fikirlər səsləndirmişdir.
Bunun nəticəsi olaraq "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov Avropa Klublar Assosiasiyasının
xüsusi mükafatına
layiq görülmüşdür.
Mükafatı "Bakı" klubunun Media və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyev almışdır.
Məlumat üçün qeyd
edək ki, Avropa Klublar Birliyi UEFA və FİFA tərəfindən rəsmən
tanınan və ildən-ilə inkişaf edən dinamik bir qurumdur. Assosiasiyanın tərkibinə Avropanın
aparıcı klubları
daxildir. "Bakı" futbol klubu 2009-cu ildən etibarən ECA-nın həqiqi üzvü statusunu qazanıb. ECA bizim üçün
Avropaya pəncərə,
Azərbaycan həqiqətlərinin
geniş auditoriyaya çatdırılması baxımından
əvəzolunmaz bir tribunadır.
ECA-nın VII Assambleyası qitənin
140 aparıcı klubunun
təmsilçilərinin iştirakı
ilə keçirildi. Onların böyük əksəriyyəti
klub prezidentləri ilə təmsil olunurdu. Bundan əlavə, Avropa
Parlamentinin deputatları,
FİFA və UEFA-nın
yüksək vəzifəli
məmurları da iştirakçılar arasında
idilər.
Haqqında söhbət gedən
toplantı Azərbaycan futbolu və "Bakı" futbol
klubu üçün əlamətdar hadisə ilə tarixə
düşdü. ECA hər il 4 nominasiya üzrə seçilən
klubları fərqləndirir. Bu il də istisna olmadı.
Avropanın ən güclü klubu "Barselona"
(İspaniya), ən yüksək tərəqqiyə nail olan
"Braqa" (Portuqaliya), sosial sahədə fəaliyyəti
ilə diqqət çəkən "Seltik"
(Şotlandiya) və ən müasir standartlara cavab verən
yeni futbol akademiyasına qovuşan "Bakı" futbol klubu
ali mükafata layiq görüldülər. Bu, indiyədək
Azərbaycan klubuna təqdim olunan ən yüksək
mükafatdır.
"Bakı" futbol klubunun
mükafatçılar sırasında yer almasında həlledici
rolu komandanın qısa müddət ərzində təlim-məşq
bazası və futbol akademiyası inşa edib gənc və
yeniyetmə futbolçuların ixtiyarına verməsi,
görülən işlərin dünya səviyyəli
yüksək standartlara cavab verməsi və gənc bir klubun
futbolun gələcəyinə yönəlmiş məqsədli
investisiyalar qoyması oynadı. ECA nümayəndələrinin
"Bakı" futbol klubunun dəvəti ilə ölkəmizə
səfər etməsi, onların Azərbaycan və
"Bakı" futbol klubu haqqında topladığı məlumatlar
real vəziyyətin qiymətləndirilməsində əvəzsiz
xidmət göstərdi. Təkcə onu qeyd etmək kifayətdir
ki, avqust ayının sonlarında İcraiyyə Komitəsində
aparılan müzakirələr zamanı "Bakı"
yekdil rəylə nominasiyanın qalibi seçildi. ECA və
"Bavariya" (Almaniya) klubunun prezidenti Karl-Haynts Rummenigge,
"Barselona" (İspaniya) klubunun prezidenti Sandro Rosell,
"Milan" (İtaliya) klubunun vitse-prezidenti Umberto Qandini,
"Real" Madrid (İspaniya) klubunun prezidenti Florentino Peres,
"İnternasionale" (Braziliya) klubunun prezidenti Ernesto
Paolillo, "Porto" (Portuqaliya) klubunun prezidenti Dioqo Brandao,
"Mançester Yunayted" (İngiltərə) klubunun idarə
heyətinin sədri Deyvid Gill kimi məşhur klub rəhbərləri
"Bakı"nın namizədliyini dəstəkləyərək
klubumuzun bu fəxri mükafata layiq görülməsini təmin
ediblər. Bu mükafat, həmçinin klubun beynəlxalq
imici və ictimai məsuliyyətini daha da artırmış
olur, komandanın gələcək fəaliyyətinin
aparıcı Avropa klubları səviyyəsində
qurulmasını tələb edir.
İnanırıq ki,
"Bakı"nın qazandığı bu uğur digər
klublarımız üçün də böyük örnək
olacaq.
Elçin CƏFƏROV
Azərbaycan.-2011.-9
sentyabr.-S.8.