Yeni miniatür
kitab çapdan çıxmışdır
Respublika "Kitab" Cəmiyyətinin
xəttilə son illərdə müxtəlif çeşidli
və məzmunlu miniatür kitabların çap edilməsi
artıq ənənə halını almışdır. Ədəbiyyat,
mədəniyyət, incəsənət, elm, təhsil, idman,
xarici siyasət, diaspor quruculuğu və digər sahələrdəki
nailiyyətlərimizi əks etdirən bu unikal nəşrlər
kitabsevərlərin böyük marağına səbəb
olur.
Bu günlərdə "Kitab" Cəmiyyətinin
təşəbbüsü ilə görkəmli
iqtisadçı alim, akademik Əhməd Mahmudovun zəngin
ömür yoluna və elmi fəaliyyətinə həsr
edilmiş yeni miniatür kitab işıq üzü
görmüşdür. "İNDİQO" nəşriyyatında
buraxılmış 40x45 mm formatlı "Əhməd Mahmudov
- iqtisad elminin korifeyi"
adlı miniatür nəşr supercildi və nəfis poliqrafik
tərtibatı ilə ilk baxışdan diqqəti cəlb edir.
168 səhifəlik minikitabda elm xadiminin həyatının ən
əlamətdar hadisələri əks olunmuşdur. Burada
güclü zəkası, möhkəm iradəsi, həssaslığı,
mənəvi dünyası ilə seçilən böyük
alimin apardığı araşdırmalardan, tədqiqatlardan,
iqtisad elminə gətirdiyi yeniliklərdən söhbət
açılır, elm təşkilatçısı kimi
AMEA-nın İqtisadiyyat İnstitutunun təşəkkülündə
və inkişafında xidmətləri xüsusi
vurğulanır. Əsərdə akademikin həyatının
Moskva dövrü geniş işıqlandırılır,
dünyanın məşhur iqtisadçı alimləri ilə
birgə apardığı elmi tədqiqatlar, qələmə
aldığı kitablar, təltifləri, mükafatları barədə
çoxsaylı faktlar əsasında əhatəli məlumat
verilir. Ötən əsrin 60-cı illərinin ortalarında
SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycan
EA-da yaradılmış doktorluq dissertasiyası üzrə
ixtisaslaşdırılmış şuraya
başçılıq edən
akademik Əhməd Mahmudovun respublikada iqtisadçı
alimlərin yetişməsində müstəsna xidmətləri
qeyd olunur.
Miniatür kitabda elm xadiminin
ziyalılığı, yüksək insani keyfiyyətləri,
xarakterini səciyyələndirən xüsusiyyətlər
müxtəlif epizodlarla açılıb göstərilir. Əhməd
Mahmudovun 1941-1945-ci illər müharibəsində keçdiyi
döyüş yolu ilə bağlı məqamlar isə oxucularda xüsusi
maraq doğurur.
100 nüsxə tirajla çap olunmuş
kitabda 45 ədəd rəngli fotoşəkil yerləşdirilmişdir.
Azərbaycan.-2011.-9
sentyabr.-S.8.