Tacikistanın milli
bayramı şərəfinə
Sentyabrın 8-də
Tacikistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - dövlət müstəqilliyinin
20-ci ildönümü münasibətilə
rəsmi qəbul təşkil etmişdir.
Hər iki ölkənin dövlət
himnləri səsləndirildikdən sonra qonaqları salamlayan
səfir Zakir Vəzirov Tacikistanın 20 il ərzində
keçdiyi inkişaf yolundan danışmışdır. Qeyd
etmişdir ki, Tacikistanın müstəqillik
dövrünün ən böyük nailiyyəti - sülh,
sabitlik və milli birlikdir ki, bunlar ulu və qədim tacik
xalqının iradəsi və Prezident Emoməli Rəhmonun
yorulmaz fəaliyyəti sayəsində əldə
edilmişdir. Mən çox şadam ki, ölkələrimizin
və xalqlarımızın talelərinə düşən
bütün çətinliklərə baxmayaraq, Tacikistan və
Azərbaycan əsrlər boyu davam edən
qarşılıqlı səmimi hörmət və sevgi
hissini qoruyub saxlamış, bunun daha da möhkəmlənməsi
üçün səy göstərirlər.
Diplomat
bildirmişdir ki, Tacikistan ilə Azərbaycan arasında ənənəvi
dostluq və əməkdaşlıq münasibətləri
ölkələrimizin və xalqlarımızın mənafeyi
və regionda sülhün, tərəqqinin bərqərar
olması naminə bundan sonra da dinamik inkişaf edəcək və
möhkəmlənəcəkdir. Əmək və əhalinin
sosial müdafiəsi naziri Füzuli Ələkbərov
Prezident İlham Əliyevin adından mərasim
iştirakçılarını təbrik etmiş, Tacikistan
xalqına sülh və əmin-amanlıq
arzulamışdır.
Azərbaycan və Tacikistan əlaqələrinin
qədim tarixə malik olduğunu vurğulayan nazir
bildirmişdir ki, xalqlarımız əsrlər boyu bu
münasibətləri davam etdirərək islam mədəniyyətinə
və bəşər sivilizasiyasına böyük töhfələr
vermişlər. Xalqlarımız arasında mövcud olan
tarixi yaxınlıq iki ölkə arasında əlaqələrin
möhkəmlənməsinə xidmət edir.
Qeyd olunmuşdur ki, prezidentlər
İlham Əliyevin və Emoməli Rəhmonun
qarşılıqlı səfərləri siyasi, iqtisadi, mədəni,
humanitar sahələrdə əməkdaşlığın
genişlənməsinə zəmin yaratmışdır.
Qəbulda dövlət və hökumət
rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin
Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyətin
nümayəndələri iştirak etmişlər.
AzərTAc
Azərbaycan.-2011.-9
sentyabr.-S.7.