Azərbaycan yenə MDB-nin lideridir

 

Ölkələrin rəqabətə davamlılığı reytinqində ən yaxşı göstərici MDB məkanında Azərbaycana məxsusdur

 

 Dinamik inkişaf templərinə malik Azərbaycanın tərəqqisində əldə etdiyi nailiyyətlər dünya miqyasında da diqqətlə izlənilməkdə, həmçinin geniş tədqiqat predmetinə çevrilməkdədir. Bunu şərtləndirən əsas səbəblərdən biri artıq barəsində daha çox söz açılmağa başlayan inkişafın Azərbaycan modelinin qısa zaman kəsiyində böyük müvəffəqiyyətlərin əldə olunmasını təmin etməsidir. İndi Azərbaycan qazandığı uğurlar baxımından inkişaf etməkdə olan əksər dövlətlər üçün bir nümunə rolunu oynamaqdadır və sözügedən kontekstdə sosial-iqtisadi sferanın ən müxtəlif sahələrində ölkəmizin malik olduğu təcrübəyə getdikcə daha çox müraciət olunur.

Azərbaycan isə daim irəliyə baxan və daha böyük hədəflərə çatmağı qarşıya əsas məqsədlərdən biri kimi qoyan dövlət olduğundan inkişaf tempini davamlı şəkildə  mütəhərrik hala gətirir. Bu mənada tamamilə təbiidir ki, ölkəmizin əldə etdiyi uğur və nailiyyətlərin miqyası mütəmadi şəkildə genişlənir, Azərbaycan daha qüdrətli dövlətə çevrilir. Ölkəmizin inkişaf prosesinin kompleks xarakter daşıması, ən müxtəlif sferaları özündə ehtiva etməsi, innovativnovatorçu xarakter daşıması artıq beynəlxalq miqyasda təqdir olunur. Elə bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu iqtisadi institutlarının araşdırmalarında, hesabatlarında Azərbaycana böyük diqqət yetirilir, ölkəmizlə bağlı göstəricilər mütəmadi olaraq yaxşılaşır. Dünya İqtisadi Forumunun yeni hesabatı da bunu təsdiqləyən növbəti mühüm sənəd kimi çıxış edir. "The Global Competitiveness Report 2011-2012" ("Qlobal Rəqabət Hesabatı 2011-2012") adlı yeni hesabata əsasən rəqabətə davamlılıq indeksi baxımından Azərbaycan yenə MDB məkanında lider mövqenin sahibidir.

Ümumiyyətlə, müasir dünya təcrübəsi aydın göstərir ki, sürətli sosial-iqtisadi tərəqqinin kökündə dayanan əsas amillərdən biri əlverişli rəqabət mühitinin və buna rəvac verən qanunvericilik bazasının formalaşdırılmasıdır. Sağlam rəqabət şəraitində kəmiyyət və keyfiyyət etibarı ilə məcmu istehsal sürətlə artır və bu, ölkənin əsas makroiqtisadi göstəricilərinin davamlı yaxşılaşmasına ciddi təsir göstərir. Azərbaycanda müasir tələblərə cavab verən rəqabət mühitinin mövcudluğu, əslində, bundan öncə də Dünya İqtisadi Forumunun müvafiq hesabatlarında öz əksini tapmışdı. Bu məqama toxunan Prezident İlham Əliyev bildirmişdir: "Dünya İqtisadi Forumunun hesabatlarına görə, Azərbaycan bu gün rəqabət qabiliyyətinə görə, - hesab edirəm ki, bu, hər bir ölkənin iqtisadiyyatı üçün vacib olan göstəricilərdən biridir, - MDB məkanında birinci yerdədir. İnsan inkişafı indeksi ilə əlaqədar verilən bəyanatlar və aparılan hesablamalar onu göstərir ki, ən böyük irəliləyişi Azərbaycan etmişdir".

Dünya İqtisadi Forumunun yeni hesabatında ölkələrin rəqabətə davamlılığı reytinqində Azərbaycan 142 ölkə  arasında 55-ci yeri tutub. Bu, MDB-də ən yüksək göstəricidir. "The Global Competitiveness Report 2011-2012" hesabatında Azərbaycan üçün rəqabətə davamlılığın indeksi 4,31 təşkil edib. Xatırlatmaq yerinə düşərdi ki, 2010-2011-ci illərin reytinqlərinə əsasən, Azərbaycan 139 ölkə  arasında 57-ci yerin sahibi olmuşdu.  Alt-indekslər üzrə ölkəmizdə iqtisadi göstəricilər fərqli qiymətləndirilir. Siyahıda  makroiqtisadi mühit üzrə ölkəmiz 16-cı yerə layiq görülüb. İnfrastrukturun səviyyəsi, səhiyyə və ibtidai təhsil, institutların inkişaf səviyyəsi, ali təhsilin səviyyəsi, maliyyə bazarlarının inkişafı ilə bağlı göstəricilər də hesabatda öz əksini tapan əsas məqamlardandır. Əmək bazarlarının effektivliyi üzrə  isə ölkəmiz 14-cü yerdədir. Texnologiyanın inkişafı, innovasiyalar, biznes üçün şərait də yüksək qiymətləndirilir.

Bununla yanaşı, əvvəllər olduğu kimi, yenə də Azərbaycanın dövlət borclarının azlığı, büdcə ehtiyatlarının çoxluğu təqdirəlayiq hal kimi xarakterizə edilir. Ölkə bazarlarında, xüsusən, əmək və əmlak bazarlarında da həyata keçirilən islahatların effektivlik səviyyəsi kifayət qədər yüksək dəyərləndirilir.

Daha əvvəl də Dünya İqtisadi Forumu Azərbaycanın əmlak bazarlarında vəziyyətinin qənaətbəxş olmasını bəyan etmişdi. Xüsusən, o məqama diqqət çəkilirdi ki, ölkəmizdə  aparılan islahatlardan sonra biznes qurmaq xeyli asanlaşıb və bu məsələyə indi az xərc tələb olunur. Həmçinin zaman baxımından ölkəmizdə qurulması sahəsində ciddi islahatların aparıldığı, bu prosedurun xeyli asanlaşdırıldığı xatırlanır. İş qurmaq üçün keçilməsi mütləq olan prosedurların sayı xeyli azaldılıb. Xatırlatmaq yerinə düşərdi ki, dünyanın ən nüfuzlu maliyyə qurumlarından olan Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business-2009" və "Doing Business-2010" hesabatlarında da həyata keçirilən islahatlar baxımından Azərbaycan lider mövqedə dayanan ölkələrdən biri kimi xarakterizə olunub.

Dünya İqtisadi Forumunun ekspertləri isə Azərbaycanda fiziki və intellektual əmlakın qorunması, ictimai fondların diversifikasiyası, müstəqil məhkəmə orqanlarının mövcudluğu, etnik azlıqları təmsil edən iş adamlarının müdafiəsi, polis xidmətinə olan etimad və bu qəbildən digər amillər baxımından əhəmiyyətli işlərin görüldüyünü, ciddi nailiyyətlərin əldə olunduğunu bəyan edir. Bununla yanaşı, infrastrukturun, o cümlədən yolların, dəniz limanının, elektrik təchizatının, telefon xətlərinin keyfiyyətindən məmnunluq ifadə edilir. Ölkəmizdə yeni texnologiyaların tətbiqi, internetdən istifadənin yüksək olması, fərdi kompyuterlərin sayının artan xətt üzrə inkişaf etməsi, eləcə də qiymətli kağızlara çıxışın asan olması, investorların müdafiəsinin gücləndirilməsi, bankların sağlamlığı, menecmentin, təhsil və elmin, səhiyyənin keyfiyyəti, innovasiyalar yüksək dəyərləndirilir.

MDB-də ən böyük iqtisadiyyata malik ölkə kimi dəyərləndirilən Rusiya hesabatda 66-cı yerdədir. Reytinqdə Qazaxıstan 72-ci, Ukrayna 82-ci, Moldova  93-cü, Tacikistan  105-ci, Qırğızıstan 126-cı yeri tutur. Cənubi Qafqazın digər dövlətləri olan Gürcüstan və Ermənistan da hesabatda Azərbaycandan arxada qalır. Dünya İqtisadi Forumunun ekspertlərinin araşdırmalarından məlum olur ki,  iqtisadiyyatın rəqabət qabiliyyəti baxımından ən pis vəziyyət Ermənistandadır. Belə ki, "The Global Competitiveness Report 2011-2012" hesabatında rəqabətə davamlılıq baxımından Gürcüstan 88-ci, Ermənistan isə 92-ci yerdədir.

Məlumat üçün qeyd edək ki, Dünya İqtisadi Forumunun reytinqləri münasib statistik məlumatların kombinasiyasına şirkətlərin rəhbərlərinin sorğusuna, həmçinin forum tərəfindən  milli partnyorlar -   hesabatda təhlil edilən ölkələrdə rəqabətə davamlılıq  iqtisadi inkişaf   məsələlərində  ixtisaslaşan  aparıcı elmi-tədqiqat institutları ilə birgə keçirilən geniş illik tədqiqatların nəticələrinə əsaslanıb.

Azərbaycanın iqtisadi inkişafının dinamizmə əsaslandığını möhkəm özüllər üzərində qurulduğunu "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin son qiymətləndirməsi təsdiq edir. Belə ki, "Fitch Ratings" beynəlxalq reytin agentliyi Azərbaycanın uzunmüddətli yerli xarici valyutada suveren investisiya reytinqini "BBB-" səviyyəsində təsdiqləyib. Reytinqin proqnozu isə "Pozitiv" səviyyəsində təsdiqlənib. Beləliklə, Azərbaycana verilən uzunmüddətli yerli xarici valyutada "BBB-" səviyyəsində "Pozitiv" proqnozlu suveren investisiya reytinqi dəyişməz olaraq qalır. Xatırlatmaq yerinə düşərdi ki, "Fitch Ratings" 2010-ci il may ayının 20-də Azərbaycana ölkə tarixində ilk dəfə olaraq uzunmüddətli yerli xarici valyutada "BBB-" səviyyəsində "Sabit" suveren investisiya reytinqi verib. Cari ilin may ayının 17-də isə agentlik "BBB-" səviyyəsini saxlayaraq, reytinq üzrə proqnozun "Sabit"dən "Pozitiv"ə yüksəldilməsi barədə qərar qəbul edib.

Bütün bunlar ölkəmizin əldə etdiyi iqtisadi uğurların beynəlxalq miqyasda xüsusi diqqət mərkəzində saxlandığını təqdir olunduğunu bir daha təsdiqləyir.

 

 

 

Rasim BAYRAMOV,

 

Azərbaycan.-2011.-10 sentyabr.-S.2.