İxtisaslaşdırılmış kurslarda
iştirak edən DSK sədrlərinə
sertifikatlar təqdim
edilmişdir
Sentyabrın 9-da Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatmışdır.
AzərTAc
xəbər verir ki, dairə seçki komissiyalarının sədrlərinə
həmin kursları bitirmələri ilə bağlı
sertifikatlar təqdim edilmişdir.
Sertifikatların
təqdimat mərasimində çıxış edən MSK sədri
Məzahir Pənahov bildirmişdir ki, sentyabrın
5-dən başlanan kurslar Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamına əsasən keçirilmişdir. Kurslarda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, daxili işlər nazirinin müavini Oruc Zalov, respublika baş prokurorunun birinci müavini Rüstəm Usubov, Ədliyyə Nazirliyi və Bakı Apelyasiya Məhkəməsinin məsul şəxsləri, MSK-nın üzvləri və şöbə müdirləri mühazirələr oxumuşlar.
MSK-nın
sədri kursların həyata keçirilməsində əməyi
olan digər şəxslərə təşəkkür
etmiş, dairə seçki komissiyalarının sədrlərini
bu kursları başa vurmaları münasibətilə təbrik
etmişdir.
O
qeyd etmişdir ki, seçki hüququ üzrə
ixtisaslaşdırılmış kurslar sentyabrın
12-dən 14-dək isə DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçiriləcəkdir. Həmin kurslarda Mərkəzi Seçki Komissiyasının üzvləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin məsul işçiləri, rayon prokurorları, polis rəisləri, məhkəmə sədrləri, həmçinin dairə seçki komissiyalarının sədrləri mühazirələr oxuyacaqlar.
MSK sədri respublikada seçkilərin təkmilləşməsinə səbəb olan belə tədbirin reallaşması üçün göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir. O, həmçinin respublikanın baş prokuroruna, daxili işlər və ədliyyə nazirlərinə, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Bakı Apelyasiya Məhkəməsinin sədrlərinə təşəkkür etmişdir. M.Pənahov kursların işıqlandırılmasında yaxından iştirak etdiyinə görə, Azərbaycan Dövlət Teleqraf Agentliyinə - AzərTAc-a, "Azərbaycan" qəzetinə, İctimai Televiziyaya və kursların gedişi barədə ictimaiyyətə məlumat verən digər kütləvi informasiya vasitələrinə təşəkkür etmişdir.
Mərasimin
sonunda Məzahir Pənahov dairə seçki komissiyalarının
sədrlərinə seçki hüququ üzrə
ixtisaslaşdırılmış kursları bitirmələri
barədə sertifikatlar təqdim etmişdir.
Tədbirdə
kütləvi informasiya vasitələrinin nümayəndələri
də iştirak etmişlər.
Azərbaycan.-2011.-10 sentyabr.-S.4.