DSK sədrləri üçün ixtisaslaşdırılmış

 kursların sonuncu günündə

 seçkilərdə polis orqanlarının rolu

və fəaliyyətindən danışılmışdır

 

 Sentyabrın 9-da dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda daxili işlər nazirinin müavini Oruc Zalov "Seçki prosesində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyəti" mövzusunda məruzə ilə çıxış etmişdir.

Seçkilərin azad, demokratik və şəffaf keçirilməsində bu cür kursların əhəmiyyətini vurğulayan O.Zalov seçki prosesində polis orqanlarının vəzifələrindən danışmışdır. Bildirmişdir ki, Azərbaycan polisi bütün seçkilərdə heç kimə fərq qoymadan, vətəndaşların, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün namizədlərin hüquq və azadlıqlarının, ictimai asayişinsabitliyin qorunmasında üzərinə düşən vəzifələri icra etmişdir. Bundan sonra da seçkilərə hazırlıq dövründə və seçkilər zamanı baş verə biləcək qanun pozuntularının qarşısının alınması, seçkilərin demokratik və şəffaf, azad keçirilməsi üçün daxili işlər orqanları üzərlərinə düşən vəzifələri qanun çərçivəsində icra edəcəkdir.

Sonra O.Zalov DSK sədrlərinin suallarını cavablandırmış, rəy və təkliflərini bildirmiş, onlara uğurlar arzulamışdır. DSK sədrlərinin maarifləndirilməsi və peşəkarlıqlarının artırılması məqsədi ilə keçirilən kursların sonuncu günündə Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin direktoru Ramil Hüseynov, MSK Katibliyi ümumi şöbəsinin müdiri Elşən Əsgərov "Seçki prosesində seçici siyahılarının tərtibi, dəqiqləşdirilməsi, seçicilərə təqdim edilməsi qaydaları və şərtləri", "Seçki prosesində dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə təcrübəsi" mövzularında məruzələrlə çıxış etmişlər. Bununla da kurslar başa çatmışdır.

 

Azərbaycan.-2011.-10 sentyabr.-S.4.