Düşünülmüş,
sürətli və davamlı inkişaf
"Bizim neft, qaz ehtiyatlarımız
var və ən azı, 100 ilə bəs edəcəkdir.
İndi elektrik enerjisinin istehsalında da yeni güclər
yaradılıb, elektrik enerjisini ixrac da edirik. Yəni, biz
öz enerji təhlükəsizliyimizi tam şəkildə təmin
edə bilmişik".
İlham ƏLİYEV
Regionun əsas
elektrik ixracatçısı
Müasir dünya reallığında birmənalı şəkildə qəbul olunub ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən vacib elementləri sırasında yer alır. Enerji təhlükəsizliyi deyildikdə, konkret halda götürülmüş ölkənin, onun vətəndaşlarının, cəmiyyətin, dövlətin və ən nəhayət, iqtisadiyyatın etibarlı, davamlı formada yanacaq və enerji ilə təminatı nəzərdə tutulur. Bu zaman diqqət yetirilən əsas məqamlar enerji resurslarının nə dərəcədə yetərli olması, onlara iqtisadi, ekoloji və texnoloji çıxışların təminat formasının səmərəliliyidir. Təcrübə göstərir ki, enerji təhlükəsizliyinə geosiyasi, makroiqtisadi, konyunktura faktorları, eləcə də ölkənin enerji sektorunun durum və fəaliyyəti təsir göstərir.
Sadalanan amillər enerji təhlükəsizliyi amilinin nə dərəcədə vacib əhəmiyyətə malik olduğunu göstərməklə yanaşı, onun ümumi inkişaf prosesində əsas elementlərdən biri kimi çıxış etdiyini təsdiqləyir. Təsadüfi deyil ki, vətəndaşların və təsərrüfat subyektlərinin hüquq və qanuni maraqlarının müdafiəsi, dövlətin müdafiə və təhlükəsizliyinin təmini, dövlət əmlakının səmərəli idarəçiliyi, enerji sektorunun keyfiyyətcə yüksəlişinə nail olmaq üçün sürətli inkişafa can atan hər bir ölkə qarşısında duran əsas vəzifələrdən biri uzunmüddətli enerji siyasətinin işlənib hazırlanmasıdır. Bu siyasətin əsas strateji istiqamətləri aşağıdakıları özündə ehtiva edir: enerji təhlükəsizliyi, iqtisadiyyatın enerji səmərəliliyi, energetikanın büdcə səmərəliliyi, energetikanın ekoloji təhlükəsizliyi, daxili enerji bazarının inkişaf etdirilməsi, rasional yanacaq-energetika balansının formalaşdırılması, regional enerji siyasəti, enerji siyasətində innovasiya və elmi-texniki yeniliklərdən istifadə, sosiallıq prinsipləri, xarici enerji siyasəti.
Dövlət tərəfindən həyata keçirilən enerji siyasətinin əsas hədəfləri ilk növbədə, yanacaq-energetika kompleksinin fəaliyyəti üçün əlverişli iqtisadi mühitin yaranması, iqtisadiyyatın enerji səmərəliliyinin davamlı olaraq yüksəldilməsi, enerji sektorunda dövlət əmlakının qorunması və idarəçiliyində yüksək effektivliyə nail olmaq, təsərrüfat subyektlərinin investisiya, innovasiya, enerji təminatı, ekologiya və digər mühüm əhəmiyyət kəsb edən sferalarda təşəbbüslərinin stimullaşdırılması və dəstəklənməsi olmalıdır. Ötən illərin təhlili Azərbaycanda göstərilən istiqamətlərdə böyük nailiyyətlərə imza atıldığını, ölkənin enerji təhlükəsizliyinin təminatında tarix üçün olduqca qısa sayılan zaman kəsiyində möhtəşəm uğurlar qazanıldığını bariz şəkildə nümayiş etdirir.
Ölkənin enerji təhlükəsizliyinə nail olunmasında Azərbaycanın malik olduğu təbii sərvətlərin xüsusi çəkiyə malik olduğu inkaredilməz həqiqətdir. Lakin o fakt da xüsusi qeyd olunmalıdır ki, təbii sərvətlərin realizasiyası sahəsində ölkəmizdə kifayət qədər müvəffəqiyyətli siyasət həyata keçirilib, keçirilir və bu kontekstdə Azərbaycanın nümunəvi dövlət olması beynəlxalq miqyasda da açıq etiraf edilir. Bunun nəticəsidir ki, ölkəmizdə enerji istehsalı keyfiyyət və kəmiyyət etibarı ilə daim yüksəlməkdə, Azərbaycan təbii enerjidaşıyıcıları ilə yanaşı, digər xarakteristikalı enerji məhsullarının əsas ixrac mənbələrindən birinə çevrilməkdədir. Bu sıraya zəngin karbohidrogen ehtiyatları ilə yanaşı, ölkədə hasil edilən elektrik enerjisi də aiddir.
Azərbaycanın müstəqil enerji sisteminin formalaşması, bu kontekstdə enerji təhlükəsizliyinin daha etibarlı hala gəlməsi bilavasitə xalqımızın böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Bunun real isbatı üçün təkcə bir faktı qeyd etmək kifayətdir ki, məhz ümummilli liderin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 30 il ərzində Azərbaycanın energetika sistemində 3500 meqavata yaxın generasiya gücləri, 70 min kilometrə yaxın elektrik ötürücü xətlər istifadəyə verilib, enerji sisteminin real imkanları iki dəfədən çox artıb. Faktlar göstərir ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elektrik enerjisi sisteminin inkişafını prioritet məsələlər sırasında aid edərək bu istiqamətdə böyük işlər görüb. Bu mənada təsadüfi deyil ki, sözügedən sistemin əsas inkişaf mərhələsi öz başlanğıcını Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdən götürür. Məhz həmin vaxtdan başlayaraq, ölkənin elektrik enerjisi sisteminin sürətli inkişafını təmin etmək məqsədilə bir çox irimiqyaslı layihələrin reallaşdırılmasına start verildi. Həmin layihələr öz növbəsində Azərbaycanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə gətirib çıxardı. Bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksək gərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu.
Heydər Əliyevin titanik fəaliyyəti sayəsində 1969-cu ildə Azərbaycan elektrik enerjisi idxal edirdisə, 1982-ci ildə artıq ölkəmiz elektrik enerjisi ixrac edən respublikaya çevrildi. Bu illərdə Azərbaycanın bütün yaşayış məntəqələrinə, o cümlədən hər bir evə elektrik xətti çəkildi. Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı, elektrik şəbəkələri də sistematik inkişaf etdirildi və respublikamızın dayanıqlı enerji sistemi yaradıldı.
Ulu öndərin ölkəyə rəhbərlik etdiyi birinci dövrdə görülən bu işlər sonralar dövlət suverenliyini əldə edən Azərbaycanın müstəqil enerji sisteminin yaranmasında bazis rolunu oynadı. Lakin təəssüf ki, dövlət müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr tərəfindən Heydər Əliyevin sovet dönəmində min bir zəhmət hesabına qurub-yaratdığı enerji sistemi dağıdıldı, istifadəyə yararsız hala salındı. Belə vəziyyət vətəndaşların durumuna, iqtisadiyyata təsirsiz ötüşmədi. Digər sahələrdə olduğu kimi, enerji sisteminin müstəqillik illərində yenidən qurulmasının müəllifi kimi yenə ulu öndər çıxış etdi, bu sahənin böhrandan çıxarılması, onun maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi üçün məqsədyönlü, genişmiqyaslı tədbirlər həyata keçirdi. Bu istiqamətdə Heydər Əliyev tərəfindən atılan mühüm addımlardan biri ilk vaxtlarda enerji sisteminə xarici investisiyaların cəlbi oldu. Məhz ulu öndərin sayəsində tikintisi hələ 1984-cü ildən yarımçıq qalmış Şəmkir SES-in davamı olan Yenikənd su hövzəsinin və su elektrik stansiyasının inşası başa çatdırıldı. 1995-ci ilin dekabrında Böyük Britaniyaya işgüzar səfəri zamanı Heydər Əliyevin səyləri nəticəsində Avropa Yenidənqurma və İnkişaf Bankı Yenikənd Su Elektrik Stansiyasının inşası məqsədilə 53,24 milyon ABŞ dolları məbləğində kredit ayırdı və 2000-ci ilin dekabr ayında stansiya istifadəyə verildi.
Hesablamalar göstərir ki, Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət hesabına 3500 MVt-a yaxın generasiya gücü işə salınıb, elektrik enerjisi istehsalı isə 12 milyard kilovatsaatdan 22 milyard kilovatsaatadək, yəni, 1,8 dəfədən çox artıb. İqtisadiyyatın sürətli inkişafı, əhalinin həyat tərzinin yaxşılaşması sayəsində istehlak 11,3 milyard kilovatsaatdan 23 milyard kilovatsaata kimi, yəni, 2 dəfədən artıq çoxalıb. Bununla yanaşı, həyata keçirilən konkret tədbirlər hesabına ölkəmizin İran, Gürcüstan və Naxçıvan Muxtar Respublikası tərəfdən Türkiyə ilə enerji sistemləri sferasında sıx əlaqəsi quruldu. "Energetika haqqında", "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Elektrik və istilik stansiyaları haqqında" qanunların qəbulu ilə Heydər Əliyev həm də Azərbaycanın elektrik enerjisi sistemində qanunvericilik bazasının formalaşdırılaraq, bu sahəyə dair hüquqi əsasların təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirdi.
Prezident İlham Əliyevin
uğurlu siyasəti Azərbaycanı elektrik enerjisi
ixracatçısına çevirib
Ulu öndərin müstəqil enerji sisteminin formalaşması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilərək və zamanın tələblərinə uyğunlaşdırılaraq ölkənin iqtisadi qüdrətinin artması fonunda özünün yeni yüksəliş mərhələsinə qədəm qoydu. Bu sahədə görülən işlər ona gətirib çıxardı ki, Azərbaycan elektrik enerjisi idxalına tamam son qoydu, əlavə enerji istehsalı ölkəmizin bu məhsulun da ixracatçısına çevrilməsinə imkan yaratdı. Hazırda Azərbaycan elektrik enerjisinin hasilatı və ixracı sahəsində potensialını davamlı şəkildə genişləndirməkdədir.
Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında sözügedən sahədə həyata keçirilən siyasətin nə dərəcədə mükəmməl bir əsasa söykəndiyini, kifayət qədər böyük bir perspektivə hesablandığını əyani şəkildə nümayiş etdirir. Bu kontekstdə enerji sisteminin inkişafı sferasında Prezident İlham Əliyevin atdığı mühüm addımlardan biri 2005-ci il fevralın 14-də "Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) Dövlət Proqramı"nın təsdiqi barədə sərəncam oldu.
Ölkənin yanacaq-enerji kompleksində qazanılmış uğurların daha da möhkəmləndirilməsinə, iqtisadiyyatın və əhalinin enerji resurslarına olan tələbatının daha dolğun ödənilməsini təmin etməyə yönələn proqram qəbul edildiyi müddətdən etibarən qarşıdakı on illik dövrdə bu kompleksə daxil olan sahələrin inkişaf istiqamətlərini müəyyənləşdirir və onların reallaşması üçün konkret tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
"Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) Dövlət Proqramı"nın qəbulundan sonra 2010-cu ilin sonuna kimi ölkəmizin elektrik enerjisi sistemində generasiya gücünün artımı 2000 MVt-dən artıq olub.
Prezident İlham Əliyevin bu sahədə müəyyənləşdirdiyi və qarşıya qoyduğu vəzifələr sayəsində ölkəmizdə 2005-2010-cu illər ərzində xeyli sayda elektrik stansiyası inşa olunub, əvvəlkilər müsair tələblərə uyğun olaraq yenilənib.
Hələ Azərbaycan Dövlət Neft Şirkətində çalışarkən cənab İlham Əliyevin təşəbbüsü ilə elektrik stansiyalarında mazut əvəzinə təbii qazdan istifadə olunmağa başlanıldı. O zaman elektrik stansiyalarında təqribən 90 faiz mazut, 10 faiz qaz işlədilirdi. Bu gün isə ölkəmiz elektrik stansiyalarında 100 faiz təbii qazdan istifadə edir. Digər tərəfdən, cənab İlham Əliyevin o zaman irəli sürdüyü ideyanın həyata keçirilməsi ölkəyə böyük gəlir gətirdi, eyni zamanda, ətraf mühitin təmizlənməsində mühüm rol oynadı. Bu fonda 2009-cu ildə Sumqayıtda istifadəyə verilmiş yeni elektrik stansiyası Təmiz İnkişaf Mexanizmi prinsipi ilə istismar olunur və 2010-cu ilin oktyabrın 15-də Birləşmiş Millətlər Təşkilatı tərəfindən respublika üzrə ilk dəfə olaraq qeydiyyata alınıb. Beynəlxalq ekspertlərin rəyinə görə, təkcə bu layihənin icrası nəticəsində karbon qazının atmosferə tullantısı ildə 1,5 milyon ton azalıb. Dövlət başçısının göstərişlərinə əsasən, ötən illərdə Azərbaycan İES-in III və IV enerji blokunun yenidən qurulmasının başa çatdırılması nəticəsində 200 MVt əlavə güc yaradıldı. 2011-ci il ərzində Azərbaycan İES-də görülən işlər stansiyanın gücünü 2000 MVt-dən 2600 MVt-yə yüksəltməyə imkan verir. Stansiyanın səmərəliliyinin artması ildə 500 min ton yanacağa qənaət edilməsi deməkdir.
Bununla yanaşı, görülən işəlr nəticəsində daha əvvəl mövcud stansiyalar modernləşdirildi, onlar dünya standartlarına cavab verən müasir qurğu və avadanlıqlarla təchiz edildi. Nəticədə stansiyaların faydalı iş əmsalı artdı, 1 kVt-saat elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacağın miqdarı əhəmiyyətli dərəcədə azaldı. Qarşıdakı dövrdə ölkədə elektrik enerjisinin hasilatı yüksələn xətt üzrə inkişaf etməkdə davam edəcək.
Ölkədə elektrik enerjisi sisteminin idarə olunması sahəsində də böyük nailiyyətlərə imza atılmaqdadır. Bu, dispetçer mərkəzində MDB məkanında analoqu olmayan SCADA sisteminin tətbiqidir. Bununla bağlı reallaşdırılan layihə çərçivəsində dispetçer mərkəzi və bütün sistemtəşkiledici yarımstansiyalar, elektrik stansiyaları arasında 1200 kilometr uzunluğunda fibroptik kabelin çəkilməsi idarəetmə məlumatlarının təhlükəsizliyini təmin edir. Rəqəmsal ötürmənin təmin edilməsi nəticəsində idarəetmənin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlir. Layihə çərçivəsində Abşeron ərazisində dispetçer mərkəzinin ehtiyat idarəetmə məntəqəsi də yaradılıb.
Elektrik enerjisi sferasında daha bir mühüm addım ondan ibarətdir ki, ölkəmizdə generasiya gücləri bütün respublikanı əhatə edir. Bu isə hər bir bölgədə güclü energetika potensialının yaranmasına, sosial-iqtisadi rifahın yaxşılaşmasına öz töhfəsini verməkdədir. Generasiya sahəsində görülən işlər nəticəsində Azərbaycan nəinki öz enerji tələbatını tam təmin edir, hətta güclü ixrac potensialı da yaradıb. Əldə olunmuş ixrac potensialını reallaşdırmaq üçün Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi layihəsinin icrası Azərbaycana yeni imkanlar yaradır.
Beləliklə, ölkənin elektroenergetika sisteminin dayanıqlığının təmin edilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin, ötürücü və paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması işlərinin uğurla yerinə yetirilməsi əhalinin və sənayenin elektrik enerjisi ilə fasiləsiz təminatına, bu sahədə ixrac potensilanın genişlənməsinə böyük imkan yaradıb.
Alternativ enerji istehsalı prioritet diqqət
mərkəzindədir
Neft, qaz kimi təbii sərvətlər tükənən
olduğundan dünya dövlətlərinin getdikcə daha
çox diqqət yetirdiyi məqamlardan biri alternativ enerji mənbələrindən
istifadə olunmasıdır. Bunu
stimullaşdıran əsas səbəblərdən biri
alternaiv mənbələrdən enerji alınması zamanı
ətraf mühitə vurulan ekoloji ziyanın çox cüzi
olması, bəzən isə ümumiyyətlə, heç
bir zərər vurmamasıdır. Ənənəvi
enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarının məhdudluğu
və ətraf mühitin çirklənməsinin
qarşısının alınması dünyada alternativ və
bərpa olunan enerji mənbələri hesabına istehsal olunan
enerjinin həcminin artırılmasını zəruri edir.
Artıq bu istiqamətdə müsbət təcrübə
mövcuddur və dünyanın inkişaf etmiş ölkələrində
ekoloji cəhətdən təmiz enerji mənbələrindən
(günəş, külək enerjisi, kiçik SES-lər,
termal sular, biokütlə enerjisi) geniş istifadə olunur.
Zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanın
yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim
şəraiti dünyanın inkişaf etmiş ölkələrində
olduğu kimi, ölkəmizdə də ekoloji cəhətdən
təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən
geniş istifadə edilməsinə imkan verir. Belə mənbələrdən
istifadə edilməsi istilik enerji stansiyalarında
yandırılan böyük miqdarda yanacağa qənaət
edilməsi və ətraf mühitə atılan zərərli
maddələrin miqdarının azaldılması deməkdir.
Düzdür,
Azərbaycanın ənənəvi enerji növləri sahəsində
malik olduğu zəngin potensial ölkəmizin tələbatına
tam cavab versə də, perspektiv inkişaf baxımından
mütləq alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə istiqamətində Prezident İlham Əliyev tərəfindən
qarşıya artıq
konkret vəzifələr qoyulub və müvafiq
göstərişlər verilib. Bu mənada
Prezident İlham Əliyevin alternativ və bərpa olunan enerji
mənbələrindən istifadə edilməsi
üçün müvafiq agentliyin yaradılması məqsədilə
imzaladığı sərəncam xüsusilə qeyd
olunmalıdır. Həmin fərmana əsasən
Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa
Olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyi yaradılıb. Onu da xatırladaq ki, Prezident
İlham Əliyevin 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli
sərəncamı ilə "Azərbaycan Respublikasında alternativ
və bərpa olunan enerji mənbələrindən istifadə
olunması üzrə Dövlət Proqramı" təsdiq
edilib.
Qeyd olunan dövlət proqramının məqsədi
ölkənin təbii potensialından istifadə etməklə
bərpa olunan və ekoloji cəhətdən təmiz mənbələrdən
enerji istehsalını genişləndirməkdən və
karbohidrogen enerji resurslarından daha səmərəli istifadə
edilməsini təmin etməkdən ibarətdir. Dövlət
proqramının əsas vəzifələri isə
bunlardır:
elektrik
enerjisinin istehsalında alternativ (bərpa olunan) enerji mənbələrinin
potensialını müəyyənləşdirmək; bərpa
olunan enerji mənbələrini istismara cəlb etməklə
ölkənin enerji resurslarından istifadənin səmərəliliyini
yüksəltmək; yeni enerji istehsalı sahələrinin
yaradılması hesabına əlavə iş yerlərinin
açılmasını təmin etmək;
Azərbaycan Respublikasında ənənəvi enerji mənbələrinin
mövcud ümumi gücü nəzərə alınmaqla,
alternativ enerji mənbələrinin hesabına enerji
gücünün artırılması və bununla da, ölkənin
enerji təhlükəsizliyinin təminatının yüksəldilməsinə
nail olmaq.
"Azərbaycan
Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə olunması üzrə Dövlət
Proqramı"nda öz əksini tapan tapşırıqlarla
yanaşı, Prezident İlham Əliyevin imzaladığı
bir sıra digər dövlət proqramlarında da alternativ və
bərpa olunan enerji mənbələrindən istifadə ilə
bağlı konkret müddəalar var. Məsələn,
dövlət başçısının 14 aprel 2009-cu il
tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda bu
vacib məsələyə geniş yer ayrılıb. Bu regional inkişaf proqramında alternativ və bərpa
olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi
də nəzərdə tutulur ki, bu da ölkənin enerji təhlükəsizliyinin
təminatına mühüm töhfələr verəcək.
Aparılan hesablamalar göstərir ki, alternativ və bərpa
olunan enerji mənbələrindən istifadə etməklə
ilkin mərhələdə Azərbaycanda istehsal olunan elektrik
enerjisinin 5-7 faizini, istilik enerjisinin isə 10 faizə qədərini
bu mənbələr hesabına ödəmək
mümkündür.
Azərbaycanda alternativ və bərpa olunan enerji
potensialı kifayət qədər yüksəkdir. Bərpa olunan
enerji mənbələri arasında külək enerjisi
mühüm yer tutur. Külək enerjisi
digər alternativ enerji mənbələri olan günəş,
hidroenergetika, geotermal və biokütlə enerjisindən
özünün maya dəyərinə, ekoloji təmizliyinə
və tükənməzliyinə görə ən sərfəlisidir.
Azərbaycanın bir çox rayonlarında külək
enerjisi qurğularının tətbiqinin böyük
perspektivi var. Hesablamalara görə Azərbaycan Respublikası
özünün coğrafi vəziyyətinə, təbii
şəraitinə və iqtisadi infrastrukturuna görə 800
MVt-yə yaxın illik külək enerji ehtiyatına malikdir.
Günəş enerjisinin birbaşa istilik enerjisinə
çevrilməsi dünya praktikasında geniş
yayılıb və bu, inkişaf etmiş ölkələrdə
energetikanın əsas istiqamətlərindən biri hesab olunur. Azərbaycanın
təbii iqlim şəraiti günəş enerjisindən
istifadə etməklə elektrik və istilik enerjisinin
istehsalını artırmağa geniş imkanlar açır.
Beləliklə, Azərbaycanda coğrafi mövqeyinə
görə günəşli günlərin sayının
çox olması bu mənbə hesabına alternativ yolla enerji
alınması üçün müvafiq təbii şəraitin
olduğunu göstərir. Araşdırmalara əsasən,
Abşeron yarımadasında və Xəzər dənizinin
sahilboyu ərazisində günəş
işığının müddəti il ərzində 2500
saata, Naxçıvan Muxtar Respublikasında isə 2900 saata bərabərdir.
Mütəxəssislər bildirirlər ki, muxtar
respublikanın enerji ehtiyatlarının təxminən
yarısını alternativ enerji mənbələri
hesabına ödəmək mümkündür.
Artıq Prezident İlham Əliyevin müvafiq
tapşırıqlarına uyğun olaraq günəş
kollektorlarının respublikamızda istehsalı və tətbiqi
ilə bağlı ardıcıl işlər həyata
keçirilir.
Bu istiqamətdə istehsal sahəsinin fəaliyyətə
başlamasına dair atılan addımlar günəş
kollektorlarından istifadənin daha da genişlənəcəyini
göstərir. 2010-cu ildə Mərkəzi
Seçki Komissiyasının istifadəyə verilmiş yeni
binasında günəş kollektorlarından istifadə
edilir. Perspektivdə ölkəmizdə digər
obyektlərdə də belə kollektorlardan istifadə dairəsinin
genişləndirilməsi nəzərdə tutulur.
Elektrik enerjisinin istehsalında suyun potensial-enerjisi ekoloji
baxımdan təmizdir. Bu mənbədən alınan elektrik
enerjisinin istehsalı 1990-cı ildən başlayaraq yüksələn
templə artır. Böyük su ehtiyatlarına malik olan
Latın Amerikası, Asiya və Afrikanın bəzi ölkələri,
həmçinin Avropanın şimal ölkələri digər
alternativ enerji mənbələrindən istifadə etməklə
yanaşı, bu mənbədən də istifadə etməyi
prioritet istiqamət kimi qəbul ediblər. Ölkəmizdə
indiyə qədər istifadə edilməmiş hidroenergetika
ehtiyatlarının mənimsənilməsi üçün
geniş imkanlar vardır. Bu istiqamətdə aparılmış
tədqiqat işləri nəticəsində Azərbaycandakı
çayların tam hidroenerji potensialının 40 milyard kVt
saat, texniki cəhətdən əlverişli potensialın isə
16 milyard kVt saat olduğu müəyyən edilib və bunun da 5 milyard kVt saatı
kiçik su elektrik stansiyalarının payına
düşür.
Su elektrik stansiyalarının tikintisi - sel
sularının tənzimlənməsi, ekoloji cəhətdən
təmiz elektrik enerjisi istehsalı və yeni suvarma sistemlərinin
yaradılması kimi dövlət əhəmiyyətli məsələlərin
həllində mühüm rol oynayır. Azərbaycan Respublikasında
çaylar üzərində və su təsərrüfatı
obyektlərində onlarla kiçik su elektrik stansiyaları yerləşdirmək
olar ki, onların da istehsal etdiyi elektrik enerjisi ildə 3,2 milyard kVt saat təşkil edə bilər. Azərbaycanda
dağ çaylarının çoxluğunu nəzərə
alan ölkə rəhbərliyi istehsal
gücü böyük olmayan, lakin ucqarların enerjiyə
olan tələbatının daha yüksək səviyyədə
ödənilməsi üçün kiçik su elektrik
stansiyalarının inşasına da xüsusi önəm
verir. Bununla əlaqədar Prezident İlham Əliyev
bildirmişdir: "Biz dağ çaylarının
imkanlarından tam şəkildə istifadə etməliyik və
hesab edirəm ki, gələn il praktiki işlər
başlanmalıdır. Lap 2-3 meqavat da olsa, biz bunu etməliyik".
Ümumiyyətlə isə qarşıdakı dövr ərzində
Azərbaycanda xeyli su elektrik stansiyalarının istifadəyə
verilməsi proqnozlaşdırılır. Artıq Azərbaycanın
su resurslarının xəritəsi tərtib edilib və enerji
resurslarını yaratmaq üçün hansı
çaylardan istifadə ediləcəyi müəyyənləşib.
Bundan başqa, yaradılmaqda olan bir sıra su
anbarlarında həm də elektrik enerjisinin istehsalı nəzərdə
tutulub. O da mühüm faktdır ki, ölkəmizdə
elektrik enerjisi istehsalında bir çox layihələr Kioto
protokoluna uyğun olaraq Təmiz İnkişaf Mexanizmi prinsipi
ilə tikilir, bu isə atmosferə karbon qazının
tullantısını əhəmiyyətli dərəcədə
aşağı salır.
Məişət tullantıları
elektrik enerjisinə çevriləcək
Azərbaycanda sənaye, kənd təsərrüfatı
və sosial xidmət sahələrinin sürətli
inkişafı biokütlədən istifadə etməklə
enerji istehsalı üçün yeni imkanlar açır. Ölkədə biomaddələrin
aşağıdakı mənbələri mövcuddur: yanma
qabiliyyəti olan sənaye tullantıları; meşə təsərrüfatı
və ağac emalı sahələrinin tullantıları; kənd
təsərrüfatı məhsulları və üzvi birləşmə
tullantıları; məişət və kommunal sahələrinin
tullantıları; neft və neft məhsulları ilə
çirklənmiş sahələrdən alınan
tullantılar.
Aparılmış tədqiqatlar göstərir ki,
iqtisadiyyatın bütün sahələrində istehsal
tullantılarının tərkibinin çox hissəsini
biokütlə maddələri təşkil edir. Həmin
biokütlə maddələrindən elektrik enerjisinin
istehsalında istifadə olunan bioqaz, biomaye və bərk
biokütlənin alınması mümkündür. Belə
ki, Azərbaycan Respublikasında hər il
tullantıların zərərsizləşdirilməsi
poliqonlarına 2 milyon tondan çox bərk məişət və
istehsalat tullantıları atılır. Bakı
və ölkənin iri sənaye şəhərlərində
ictimai binaların qızdırılmasındakı çətinlikləri
aradan qaldırmaqda bərk məişət və istehsalat
tullantılarının utilizasiya olunması (emal edilməsi) həmin
problemlərin qismən aradan qaldırılmasını təmin
etmiş olardı.
Artıq bir çox Avropa ölkələrində bu
problemin həlli yolları tapılıb. Belə ki, əhalisi
sıx olan ərazilərdə zibilyandırma zavodları
tikilməklə, orada məişət tullantıları
yandırılır. Zibillərin
yandırılmasından alınan enerji hesabına ətrafdakı
yaşayış məntəqələri istilik və elektrik
enerjisi ilə təmin edilir. Yandırılmış
tullantıların qalıqlarından isə gübrə kimi
torpaqların münbitliyini artırmaq məqsədilə
geniş istifadə olunur. Göründüyü kimi,
kompleks əhəmiyyəti olan belə zavodların tikilməsi
Azərbaycan üçün də çox zəruridir və artıq ölkəmizdə
bu sahədə də mühüm addımlar atılır. Balaxanıda Məişət Tullantıları
Emalı Zavodunun yaradılması bunun konkret ifadəsidir.
2010-cu ilin noyabrında Prezident İlham Əliyev
zavodun təməlqoyma mərasimində iştirak edib. Zavod 2012-ci ilin sentyabrında istismara veriləcək.
Məişət tullantılarının
yandırılması üzrə zavod Balaxanı qəsəbəsindəki
20 hektarlıq ərazidə tikilir. Zavodun gücü ildə
500 min ton təşkil edəcək. Bundan
başqa, zavod yandırma üçün ildə 10 min ton həcmdə
tibbi tullantıları da qəbul edəcək.
Tullantıların yandırılması nəticəsində
231,5 milyon kVt saat həcmində elektrik
enerjisi istehsal ediləcək. İstehsal olunan
enerji şəhər şəbəkəsinə göndəriləcək.
Tikintinin podratçısı qismində Fransanın
"Construjtions Industrielles de la Materrana S.A." ("CNİM"
S.A.) şirkəti
çıxış edir. Şirkət bu sahədə
böyük təcrübəyə malikdir. O, dünyada
məişət tullantılarının
yandırılması üzrə 120-dən çox zavod tikib.
Zavod istismara verildikdən sonra Bakıda zibili və
onun çəkisini üç dəfə azaltmaq
mümkün olacaq. Zibilyandırma zavodu elektrik enerjisinin istehsalı
üzrə 250 min tonluq iki xəttə malik olacaq. Zavodun gücü gələcəkdə daha 250 min
ton artırıla bilər. Tullantıların
yandırılması zamanı əmələ gələn
kül yol nəqliyyatı tikintisində istifadə oluna bilər.
Dünyada yanacaq-energetika ehtiyatlarının tədricən
tükənməsi ilə əlaqədar Yer təkinin istiliyi
bir çox ölkələrdə sənayedə, kənd təsərrüfatında,
məişət və kommunal sahələrdə və təbabətdə
geniş istifadə olunur. Enerji istehsalında və
istehlakında geotermal enerji mənbələrindən istifadənin
üstünlüyü ondan ibarətdir ki, onların tətbiqi
iri həcmli maliyyə vəsaitlərini tələb etmir.
Azərbaycanın ərazisi termal sularla zəngindir.
Bunlar Böyük və Kiçik Qafqaz
dağları, Abşeron yarımadası, Talış
dağ-yamac zonası, Kür çökəkliyi və Xəzəryanı-Quba
ərazisi kimi geniş sahələri əhatə edir. Göstərilən ərazilərdə olan termal
suları istifadəyə cəlb etməklə məişətdə
və digər sahələrdə istilik enerjisinə olan
ehtiyacın bir hissəsini ödəmək
mümkündür.
Bütün
dünyada olduğu kimi, alternativ və bərpa olunan enerji mənbələrindən
geniş istifadə edilməsi ölkəmizdə də xüsusi diqqət
mərkəzindədir. İlk növbədə
ona görə ki, sözügedən məsələ qlobal
ekoloji problemlərin aradan qaldırılması, ətraf
mühitin qorunması baxımından olduqca aktualdır.
Bu mənada ölkəmizdə alternativ enerji mənbələrindən
istifadəyə belə geniş diqqət ayrılmasının Azərbaycana verəcəyi
mühüm töhfələrdən biri, şübhəsiz
ki, ekoloji problemlərin həlli ilə bağlı olacaq və
ekoloji durumun daha da yaxşılaşmasına xidmət edəcək.
Digər tərəfdən, bu, Azərbaycanın
enerji müstəqilliyinin daha da möhkəmlənməsində
özünəməxsus rol oynayaraq qeyd olunan sahə üzrə
də ölkəmizin mövcud olduğu regionda lider statusunu
daşımasını təmin edəcək. Araşdırmalar göstərir ki, Azərbaycanın
yaxın illərdə alternativ və bərpa olunan enerji
ixracatçısına çevrilə bilməsi tamamilə
mümkündür.
Beləliklə, Azərbaycanın enerji müstəqilliyi
təkcə ölkənin malik olduğu karbohidrogen
ehtiyatları hesabına yox, həm də qabaqcıl
texnologiyaya əsaslanan yeni mənbələr hesabına təmin
olunur. Bu da enerji müstəqilliyi ilə bağlı həyata
keçirilən siyasətin nə qədər dəqiq və
əhatəli düşünüldüyünü, kompleks
xarakter daşıdığını, ölkənin
inkişafının daha dinamik hala gətirməyə imkan
verdiyini qabarıq bir formada büruzə verir.
(ardı var)
Azərbaycan.- 2011.- 11 sentyabr.- S. 2.