Azərbaycan
terrorizmə qarşı mübarizədə ən fəal
ölkələr sırasında yer alır
Beynəlxalq
antiterror koalisiyasının uğurlu fəaliyyətinə
ölkəmiz böyük töhfələr verir
Qloballaşma prosesinin geniş vüsət aldığı müasir dövrdə bəşər sivilizasiyasının qarşısında hələ də çözümünü tapmayan və bütün insanlıq üçün böyük təhlükə yaradan problemlər qalmaqda davam edir. Həmin problemlərdən biri kimi çıxış edən terrorizm isə miqyas və mahiyyəti etibarı ilə getdikcə daha təhlükəli xarakter almaqda, bəşəri sülhə ən ciddi hədələrdən birini yaratmaqdadır. Tarixində dəfələrlə terrora məruz qalan ölkələrdən biri olan Azərbaycan bu problemin hansı böyük faciələrə yol açdığından, yaratdığı fəlakətin fəsadlarından, günahsız, məsum insanların həyatına kütləvi şəkildə son qoyduğundan yaxşı xəbərdardır. Erməni terrorçularının tarixin müxtəlif dönəmlərində, eləcə də ən yeni tariximizdə xalqımıza qarşı törətdiyi terror aktlarının, soyqırımılarının dəhşətli nəticələri barədə beynəlxalq ictimaiyyət də kifayət qədər məlumatlıdır. Azərbaycan isə həm özünün, həm də dünyanın bu qəbildən olan problemlə üzləşməməsi üçün həmişəki kimi terrora qarşı mübarizənin ön cərgələrində yer alır.
Ölkəmiz daim onu da bəyan edir ki, terrorçuluğun kökünün kəsilməsi üçün bütün dünya dövlətlərinin birgə səyi və iş birliyi ən zəruri şərtlərdən biri kimi çıxış edir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Biz terrorizmin bütün formalarını qətiyyətlə pisləyirik və tam əminik ki, terrorçuluğa, terrorizmə qarşı mübarizə ancaq o təqdirdə səmərə verə bilər ki, bütün dövlətlər öz səylərini birləşdirsinlər".
Azərbaycanın bu mövqeyində kifayət qədər haqlı olması reallığını dünya 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən və yüzlərlə günahsız insanın ölümünə yol açan dəhşətli terror aktlarından sonra bir daha gördü, buna əmin oldu. Danılmaz həqiqətdir ki, 11 sentyabr hadisələrinə qədər dünya birliyi terror probleminə, onun yaratdığı vəhşətə qarşı həmrəy formada mübarizə aparmırdı. Lakin məlum faciə yaşandıqdan sonra onun nəticələrindən lazımi nəticələrin çıxarılması terrorizmin qarşısının alınmasında birgə fəaliyyətin zəruriliyini üzə çıxardı. Elə bundan sonra beynəlxalq antiterror koalisiyası formalaşdırıldı, dünya dövlətlərinin bu problemlə mübarizədə fəaliyyətlərinin koordinasiya edilməsinin yeni keyfiyyət mərhələsinə qədəm qoyuldu.
11 sentyabr faciəsinə dərhal reaksiya verən ulu öndər Heydər Əliyev baş verən terror aktlarını kəskin pisləyərək Azərbaycanın ABŞ-ın yanında olduğunu bəyan etdi. Buna paralel olaraq ölkəmiz antiterror koalisiyasının ilk üzvlərindən birinə çevrildi, sözügedən koalisiyanın səmərəli fəaliyyətinə böyük töhfələr verdi. Elə bu gün də Azərbaycan antiterror koalisiyasının ən fəal üzvləri sırasında yer alır və bu fakt dünya miqyasında geniş təqdir olunur. Hazırda İraqda, NATO-da fəaliyyətini davam etdirən koalisiya qüvvələrinin missiyasını uğurla davam etdirməsində ən vacib rollardan biri məhz Azərbaycana məxsusdur.
O da kifayət qədər önəmli məqamdır ki, ölkəmizin terrora qarşı mübarizəsi və antiterror koalisiyasının uğurlu fəaliyyətinə verdiyi töhfələr çoxcəhətli xarakter daşıyır. Sözügedən problemlə mübarizədə ilk növbədə informasiya mübadiləsi, beynəlxalq terrorizm şəbəkəsi ilə əlaqəsi olan şəxslərin və ya qurumların ifşa olunması, terrorizmin maliyyələşmə şəbəkəsinin üzə çıxarılması kimi məsələlərə prioritet məqamlardan biri kimi yanaşılır. Bu kontekstdə isə Azərbaycanın müvafiq dövlət strukturları beynəlxalq terrorda günahlandırılan onlarca şəxsi həbs edib, bu və ya digər formada zərərsizləşdirib. Bir çox terror təşkilatlarının maliyyələşdirilməsinin qarşısının alınmasında da Azərbaycan müstəsna rol oynayıb.
Bununla yanaşı, ölkəmiz beynəlxalq antiterror əməliyyatlarında fəal iştirakı ilə də seçilir. Terrorizmlə mübarizəyə dair əsas beynəlxalq konvensiyalara qoşulan Azərbaycan Əfqanıstanda və İraqda hərbçilərini sülhməramlı missiya yerinə yetirməyə göndərib. Xatırlatmaq yerinə düşərdi ki, sülhməramlılarımız İraqa BMT Təhlükəsizlik Şurası tərəfindən 2003-cü ildə qəbul olunmuş qərara əsasən göndəriliblər və burada su elektrik stansiyasını mühafizə ediblər. Milli Məclisin 2008-ci ilin 11 noyabr tarixli qərarı ilə 150 Azərbaycan hərbçisi İraqda öz vəzifələrini yerinə yetirərək Vətənə qayıdıb. Əfqanıstanın təhlükəsizliyini təmin edən beynəlxalq qüvvələr strukturunda fəaliyyət göstərən Azərbaycan hərbçilərinin sülhməramlı missiyaları da hər zaman yüksək qiymətləndirilib. Digər tərəfdən, Azərbaycan İraq və Əfqanıstana humanitar yüklərin daşınmasında istifadə olunan əsas hava dəhlizinə malik ölkələrdən biridir. Hazırda Birləşmiş Ştatların və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) Əfqanıstanda əməliyyatlar aparması üçün Azərbaycan öz hava məkanından məhdudiyyətsiz istifadəyə imkan yaradıb, Bakı hava limanında təyyarələrin eniş etməsinə və yanacaq doldurmasına icazə verir, müvafiq informasiyaların mübadiləsini həyata keçirir.
Bütün bunlar bir daha Azərbaycanın antiterror fəaliyyətinin nə dərəcədə genişmiqyaslı əhəmiyyətə malik olduğunu aydın surətdə meydana çıxarır. Bu mənada tamamilə təbiidir ki, terrorizmlə mübarizə istiqamətində Azərbaycanın fəaliyyəti nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Bunu ABŞ Dövlət Departamentinin 2010-cu ilin yekunları üzrə terrorizmə qarşı mübarizədə ayrı-ayrı ölkələrin rolu barədə yaydığı yeni hesabatdan da aydın görmək mümkündür. Hesabatda Azərbaycanın antiterror fəaliyyəti təqdir olunur, ölkəmizin bu sahədə fəaliyyətini mütəmadi olaraq genişləndirdiyi diqqətə çatdırılır.
Bir müddət öncə ABŞ-ın nüfuzlu mətbu orqanlarından biri sayılan "The Washington Times" qəzeti isə yazırdı ki, digər koalisiya müttəfiqlərinin öz əsgərlərini Əfqanıstandan çıxardıqları bir vaxtda Azərbaycanın antiterror əməliyyatlarda iştirakı onun NATO və Amerika qüvvələrinə göstərdiyi dəyərli yardım kimi qəbul olunmalıdır: "Azərbaycan liman və dəmir yolları şəbəkəsi ilə də Əfqanıstandakı Amerika və NATO qoşunlarının təchizatında mühüm rola malik tranzit ölkədir". ABŞ-ın sabiq müdafiə naziri Robert Qeyts Bakıya səfəri zamanı Azərbaycanın Əfqanıstandakı əməliyyatlara həm əsgəri qüvvə, həm də quru və hava məkanından istifadəyə imkan yaratmaqla verdiyi töhfələrə görə şəxsən Prezident İlham Əliyevə təşəkkür edib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bu yaxınlarda rəsmi Bakının Əfqanıstana göndərdiyi əsgərlərin sayını iki dəfə artırmaqla bu ölkədə sabitliyə öz töhfəsini verməyə hazır olduğunu bildirib.
NATO-nun baş katibi Andres Foq Rasmussen Azərbaycanın Əfqanıstanda sülhyaratma əməliyyatlarına verdiyi töhfələri təqdir etdiyini deyib.
ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayza rəsmi Bakının Əfqanıstana yardımını yüksək qiymətləndirərək deyib: "Bu gün NATO iftixarla Azərbaycanı öz tərəfdaşı hesab edir. Azərbaycanın Kosovodan tutmuş İraq və Əfqanıstana qədər təhlükəsizliyin təmin edilməsində töhfələri davamlı və peşəkar olub. Bu ölkənin NATO ilə əlaqələri təhlükəsizliyi, demokratik dəyərləri möhkəmləndirir, siyasi və hərbi modernləşməni, eləcə də islahatlar proseslərini dəstəkləyir və sürətləndirir". Bununla yanaşı, ABŞ konqresinin üzvləri, NATO-nun ekspertləri, eləcə də digər dövlətlərin diplomatları öz çıxışlarında Azərbaycanın antiterror əməliyyatlarındakı iştirakını xüsusi qeyd ediblər.
Terrorizmə qarşı mübarizədə prinsipial mövqedən çıxış edən Azərbaycan birbaşa üzləşdiyi terrora görə təəssüf ki, hələ də beynəlxalq ictimaiyyətdən lazım olan dəstəyi görmür. Belə ki, terroru dövlət siyasətinə çevirən və bu iyrənc, dəhşətli üsuldan dəfələrlə Azərbaycana qarşı istifadə edən Ermənistana qarşı dünya birliyi hələ də təsirli tədbirlər görmür. Azərbaycan isə bütün bunlara rəğmən, terrora qarşı fəal mübarizəsini davam etdirir və bu problemin birdəfəlik həlli üçün əzmlə fəaliyyət göstərir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2011.- 11 sentyabr.- S. 3.