Professor Burhan Dadaş:

 «Son illərdə səhiyyə Azərbaycanda sürətlə inkişaf edir»

 

 "2003-cü ildə Azərbaycanın Türkiyənin Səhiyyə nazirlikləri arasında imzalanmış müqavilə çərçivəsində Bakıya gəldim. İstanbulda işlədiyim klinikadakı mütəxəssis-həkimlər könüllülük prinsipi əsasında növbə ilə bir həftəliyə Azərbaycana gəlib xəstələri müayinə müalicə edirdilər. Növbə mənə çatdı, Bakıya gəldim. Bir həftə ərzində əməliyyatlarda iştirak etdim. Mənim üçün önəmlisi o idi ki, Azərbaycanda özümü evimdəki kimi hiss edirdim. Çünki mən qardaşlarımın yanına gəlmişdim. Elə bu istək məni Azərbaycana bağladı".

Bu sözlər artıq 8 ildir ki, Azərbaycanda xəstələrə şəfa verən, zəngin təcrübəsini azərbaycanlı gənc həmkarları ilə səxavətlə bölüşən tanınmış otolorinqoloq, professor Burhan Dadaşa məxsusdur.

Ömrünün 53-cü ilinə qədəm qoyan professor Burhan Dadaş İstanbul Universitetinin tibb fakültəsini bitirmişdir. O, doğma universitetindən danışarkən deyir: "İstanbul Universitetinin ən qədim fakültələrindən olan tibb fakültəsində təhsilin səviyyəsi çox yüksəkdir. Sonuncu kursda ixtisaslaşmamız oldu. Mən qulaq-burun-boğaz ixtisasını seçdim. Məni buna həvəsləndirən bu ixtisasın əhatə dairəsinin genişliyi oldu. Çünki bu ixtisas qulaq-burun-boğaz mikrocərrahiyyəsini, eyni zamanda, baş-boyun xərçəngi cərrahiyyəsini, burunun plastik əməliyyatlarını əhatə edir".

Bu ixtisası seçməkdə yanılmadığını bildirən professor Burhan Dadaş peşəsinin incəliklərini İstanbulun məşhur xəstəxanalarında, İstanbul Bilim Universitetinin tibb fakültəsində müxtəlif vəzifələrdə çalışdığı təhsilini davam etdirdiyi illərdə cilaladığını, elmi işini müdafiə edərək doktorluq dərəcəsi aldığını bildirdi, dedi ki, 2001-ci ildən Şişli Etfal təhsil araşdırma xəstəxanasında klinika müdiri işləyir.

O, müntəzəm surətdə Avropa ölkələrində elmi ezamiyyətdə olur, ixtisası ilə bağlı yenilikləri öyrənir praktikada məharətlə tətbiq edir. Professor deyir ki, mən avstriyalı, almaniyalı, hollandiyalı həmkarlarımla sıx əlaqə saxlayıram. Həkimlik elə peşədir ki, tibb elminin yeniliklərini öyrənmədən, oxumadan uğur qazanmaq çətindir. Mən əldə etdiyim bilikləri həm Türkiyədə, həm Azərbaycanda gənc həmkarlarıma həvəslə öyrədirəm.

Gərgin rejiminə baxmayaraq, elmi axtarışlara xüsusi diqqət yetirən professorun bu illər ərzində qulaq-burun-boğaz sahəsində Avropanın aparıcı elmi nəşrlərində 100-dək məqaləsi çap olunmuşdur. O, müxtəlif beynəlxalq konfranslarda, simpoziumlarda maraqlı məruzələrlə çıxış etmişdir.

Son illərdə səhiyyənin Azərbaycanda sürətlə inkişaf etdiyini vurğulayan B.Dadaş deyir ki, dövlət başçısı İlham Əliyev insanların sağlamlığına, onların müalicəsinə yüksək diqqət qayğı göstərir. İndi Azərbaycanın bölgələrində yaradılan müalicə-diaqnostika mərkəzləri, istifadəyə verilən xəstəxanalar öz müasirliyi, müalicə işinin keyfiyyəti ilə qabaqcıl ölkələrin səhiyyə ocaqlarından heç geri qalmır. İndi bu müalicə ocaqlarında ən mürəkkəb qulaq-burun-boğaz mikrocərrahiyyəsi əməliyyatı uğurla həyata keçirilir.

Professor B.Dadaş deyir: "Səhiyyə sahəsində yenilikləri görmək üçün heç Azərbaycanın müasir xəstəxanalarını, müalicə-diaqnostika mərkəzlərini gəzmək lazım deyildir, xəstələri müayinə etdiyimiz Mərkəzi Klinik Xəstəxananın ambulatoriyasına yolunu salmaq kifayətdir. Burada dünyanın ən qabaqcıl tibb avadanlığı quraşdırılmışdır. Mən Prezident yanında Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyevin bu sahədəki xidmətlərini xüsusi qeyd etmək istəyirəm. O, görkəmli alim, istedadlı tibb təşkilatçısı, sözün həqiqi mənasında əsl vətənpərvərdir. Mən bu böyük insanla ünsiyyətimdən çox məmnunam".

Professor Burhan Dadaş Azərbaycanda işlədiyi Mərkəzi Klinik Xəstəxanada həyata keçirdiyi uğurlu əməliyyatlardan, gənc həkimlərə peşəsinin incəliklərini öyrətməyindən iftixar hissi ilə söhbət açır: "Biz Azərbaycanda da çoxlu həkim yetişdirmişik. Buradakı assistentlərimizi Türkiyəyə apararaq onlara üç, altı və doqquz aylıq təcrübə kursları keçirik. Onlar müasir tibbin sirlərinə yiyələnərək kursları uğurla başa vurub Azərbaycana qayıdır və fəaliyyətlərini uğurla davam etdirirlər".   

Bu ildən başlayaraq professor Burhan Dadaş Mərkəzi Klinik Xəstəxananın Gəncə filialında da xəstələri müalicə edir. O, artıq iki dəfə Gəncədə olmuş, xəstələrin müayinəsini və müalicəsini aparmışdır. Professor bu barədə deyir: "Bu il ilk dəfə olaraq Gəncədə də xəstələri müalicə etməyə başladıq. Dahi Nizaminin yurdu qədim Gəncədə olmaqdan çox məmnunam. Gəncədəki xəstəxanada yaradılmış şərait orada nadir əməliyyatları da aparmağa imkan verir. Hesab edirəm ki, bu xəstəxana Gəncəbasar bölgəsində aparıcı rol oynayır. Əminəm ki, bu bölgədə yeni xəstəxanalar tikiləcək, səhiyyə xidmətinin səviyyəsi daha da yüksələcəkdir".

Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulayan professor B.Dadaş deyir ki, xaricdə tibbi təhsil alan azərbaycanlı tələbələrin sayı ildən-ilə artır. Bu məsələ dövlətin səhiyyə siyasətinin prioritetlərindən biridir. Həmin tələbələr təhsillərini başa vurub Avropa tibb elminin yeniliklərini Azərbaycana gətirəcəklər. O gün uzaqda deyildir!..

 

 

 

AzərTAc

 

Azərbaycan.-2011.-10 sentyabr.-S.4.