11 sentyabr terrorundan on il keçir

 

 10 il əvvəl bu gün, yaxud bir terrorun demək istədikləri

 

Silahlı terror, ideoloji terror, mənəvi terror...

 

Əslində, onlardan hansının birinci, hansınınsa sonradan əmələ gəldiyi barədə iddialarla sonu görünməyən debatlara ipucu vermiş olardıq.

Bu gün postsovet respublikalarının əksəriyyətində, hətta Şərqi Avropanın bir sıra dövlətlərində siyasi repressiya qurbanlarının xatirəsinə abidələr ucaldılır, kitablar yazılır. Onlar 37-ci il və müharibəsonrası ilk dörd-beş ilin siyasi terrorunun qurbanları idilər. Bu ideoloji müharibənin qurbanlarının sayı bəlkə də bir müharibənin ala biləcəyi canların sayından az deyil ki, çoxdur.

Bu gün yenə dünyanın dörd bir yanında terror hadisələri baş verir: qollarını çırmayıb demokratiyanın "şerif"i rolunu üzərinə götürmüş ABŞ-da, tarixi torpaqlarının qəsb edilməsi ilə barışa bilməyən Fələstində, yaxın onillərin tiraniya yuxusundan silkinib qalxan Misirdə, Liviyada, Suriyada, dünyanın ən rəqabətədavamlı, rifahlı on ölkəsi sırasında yer almış Norveçdə, mühafizəkar Böyük Britaniyada, gündoğar ölkə Yaponiyada, İraqda, Əfqanıstanda, Pakistanda, qardaş Türkiyədə, qonşu Rusiyada, "qulağımızın dibindəki" Dağıstanda... Azərbaycanda.

Və 10 il əvvəl bu gün Nyu-Yorkda az qala, göy qübbəsini "çiyinlərində saxlayan" iki "göydələn"in çökməsi ilə Amerikanın sarsılmazlığı haqqında mif də toz dumanına bələnib Manhetten-Sitidən Hudzona, ordan Atlantik okeanına və beləcə, bütün dünyaya yayıldı. Toz dumanı seyrəlib ehtiraslar səngiyəndən sonra Dünya Ticarət Mərkəzinin iki möhtəşəm binasının yerində qaralan bu fövqəldövlətin, eləcə də onun müttəfiqlərinin yerdə qalan dünyaya və bu dünyanın insanlarına bəslədikləri ikili standartların fəsadları oldu.

 

 Nə üçün məhz Amerika

 

 Yəqin ki, min bir cavab variantı olan bu sualı sadə amerikalılar, siyasətçilər, diplomatlar və bu mürəkkəb dünyanın özündən də mürəkkəb taleyindən yana məsuliyyəti "könüllü" şəkildə boyunlarına çəkmiş dövlət adamları dəfələrlə özlərinə ünvanlayıblar. Fəqət, cavab ibrət üçün deyil, statistika üçün səslənəndə şəri aradan qaldırmır, sadəcə, partlamağa hazır problemin saat mexanizmini bir qədər sonraya atır.

2001-ci il sentyabrın 11-i. Həmin gün bir qrup terrorçu sərnişin təyyarələrini ələ keçirərək Nyu-Yorkda, Vaşinqton və Pensilvaniyada Ümumdünya Ticarət Mərkəzini və Pentaqonu, sözün əsil mənasında, taran etdi. Həmin terror aktı nəticəsində 2973 nəfər həlak oldu.

Həmin gün az qala, bütün dünyanın nə vaxt yatıb saat neçədə durmalı olduğunu müəyyən edən ABŞ beynəlxalq terrorizmin ölüm və vəhşət saçan nəfəsi ilə üzbəsurət qaldı. Bu hadisə milli sərhəd hüdudlarından kənara çıxaraq bütün bəşəriyyətə "təhdid serenadası"  oxuyan bir terror idi.

Bəs motivlər? Heç şübhəsiz, Amerikanın xüsusi xidmət orqanlarının "burnunun ucunda" bu cür peşəkarcasına hazırlanmış bu teraktın illərlə yığılıb qalaqlanmış motivləri vardı. Sadəcə, kiminin ürəyində həmin səbəblər qubar dağı yaradır, kimisi sözünü bu cür insaniyyətə sığmayan metodlarla deyir.

Terrora görə məsuliyyəti boynuna götürmüş "Əl Qaidə"nin motivlərini ABŞ-ın o vaxtkı prezidenti Corc Buş bu cür xarakterizə edirdi: "Onlar bizim demokratik şəkildə seçilmiş hökumətimizə nifrət edirlər... bizim din, söz və səs vermək azadlığımıza nifrət edirlər". Ancaq başqa cür düşünənlər də vardı. Məsələn, MKİ-nin Əfqanıstanda Bin Ladeni dəstəkləyən qrupunun rəhbəri Maykl Şeyer deyirdi ki, biz necə yaşadığımıza və hansı dinə inanc gətirdiyimizə görə deyil, islam dünyasında törətdiklərimizə görə hücuma məruz qalmışıq. Rəylər arasında bu terror aktını dinlərin, sivilizasiyaların mübarizəsi kimi təqdim etmək istəyənlər də vardı. Yenə də faciənin acı "eyforiya"sından siyasi müvazinətini itirmiş oğul Buş ilk günlər terrorizmin islama xas olduğunu, onun mahiyyətindən doğduğunu iddia etməklə mifik "xaç yürüşü"ndən bəhs etməyə başladı. Ölkə prezidentinin dilindən çıxan bu məsuliyyətsiz ifadə mənfi rezonansını çox gözlətmədi. Antiislam ruhunda köklənmiş adamlar amerikalı müsəlmanları döyməyə, Dallas yaxınlığında və Avstraliyanın bəzi şəhərlərində məscidləri dağıtmağa başladılar.

Onsuz da narahat-narahat çalxalanmaqda olan dünyanı müsəlman və xristian yarılarına bölmək, xeyirlə şərin mübarizəsinə, nadanlıqla əqlin, cəhalətlə tərəqqinin mücadiləsinə din, etiqad prizmasından nəzər salmaq kökündən yanlış yanaşmadır. Önündə islam olmaqla heç bir din terroru, cəbri, şiddəti təqdir etmir. Cinayətkarın milliyyəti ola bilər, dini mənsubiyyəti heç bir önəm daşımır. Elə buna görə də necə bir bağışlanılmaz səhvə yol verdiyini başa düşən Corc Buş müsəlman məscidini ziyarət edərək Amerika xalqına müraciətində bildirdi ki, islam dünyada bir milyard insanın inanc yeridir. Terror islamın əsl siması deyil, islam sülh dinidir. Terrorçular isə müharibəni və terroru təmsil edirlər. Həmin çıxış Amerikanı müsəlman dünyası ilə üzbəüz qalmaq fəlakətindən xilas etdi.

Ancaq hər biri ayrılıqda həqiqət olmağa iddia edən həmin qənaətlərin heç biri həlak olmuş insanları həyata qaytarmağa qadir deyildi. İstənilən halda görünəni bu  idi ki, Amerika terrorçuluğun tarixini yaxşı mənimsəməmişdir. Başqa sözlə desək, bu "fənnə davamiyyət göstərməyi" özünün hegemon imicinə sığışdırmamışdır. ABŞ-ın, eləcə də Qərbin hərbi-siyasi elitası dünyanı epidemiya kimi ağuşuna almış terror olayına həmişə ikili standartlar mövqeyindən yanaşmış, terrorun kimlər tərəfindən və məhz kimlərə qarşı törədildiyinə qədər bütün məqamlara tendensiyalı mövqe sərgiləmişlər.

Sıralarında Azərbaycanın da olduğu bütün dünya ölkələri həmin günlərdə ABŞ-ın yanında olduqlarını bəyan etdilər. İslam Konfransı dövlətləri terrorizmi islam təlimi ilə bir araya sığmayan hərəkat kimi dəyərləndirdi.

Hadisələr ona görə baş verir ki, onların müsbət, ya mənfi olmasından asılı olmayaraq ibrət dərslərindən yararlanasan. 11 sentyabr şoku dünyanın taleyini əlində təsbeh dənələri kimi çevirməyə alışmış bir super güc dövlətinə xarici siyasət xəttində ciddi təshihlər etmək zərurətini diktə etdi. Yerdə qalan dünyaya həmişə "ABŞ-ın dünya hökmranlığının rəmzi" sayılan göydələnlərin təpəsindən tamaşa edən Amerika milli dövlət siyasəti buludlardan enərək ayağını torpağa basmaq məcburiyyətində qaldı, digər qitələrə münasibətdə səmimilik və ədalət prinsiplərinə əməl olunmasının vacibliyini anlatdı. İslam dünyasına xristianlar üçün enerji resursları hasil edən fağır donor, zəngin xammal mənbəyi kimi deyil, həm də çox ciddi və çeşidli iqtisadi, sosial-humanitar problemlərin məngənəsində çabalayan coğrafiya kimi yanaşmağın lüzumunu başa saldı.

 

Başa düşdümü? Amerika da Amerikadır!

 

Bu ölkənin öz ambisiyalarının girovuna çevrilərək demokratiya pərdəsi arxasında qisasçılıq siyasəti yeritməsi artıq heç kim üçün sirr deyildir. Ağ ev İraqda başladığı hərbi əməliyyatda üç əsas məqsəd güddüyünü bəyan etmişdi - kütləvi qırğın silahlarını məhv etmək, İraq xalqını diktatura rejimindən azad etmək və İraq rəhbərliyinin region ölkələri, bütövlükdə beynəlxalq ictimaiyyət üçün yaratdığı təhlükəyə, yəni, onun beynəlxalq terrorizmlə olan əlaqələrinə son qoymaq. Bu günə kimi qaranlıqdır; Amerika İraqda hərbi gücünü göstərirdi, yoxsa demokratiya və insan hüquqlarının qorunması kimi ali bəşəri prinsiplərə sadiqliyini nümayiş etdirirdi? Amerika "güc hüququ"nu İraqla yanaşı, Əfqanıstanda da tətbiq etdi. Daha çox demokratiya və insan hüquqları şüarı altında aparılan belə bir ekspansiya, heç şübhəsiz, siyasət, iqtisadiyyat, mədəniyyət, sosial sfera, milli mənəviyyat sahələrini ehtiva etməyə hesablanıb.

 

 Beynəlxalq ikiüzlülük, yoxsa ikili standartlar

 

Bir şey şəksiz və birmənalıdır. Beynəlxalq terrorizmin çoxbaşlı hidra kimi artıb törəməsində böyük dövlətlərin müstəsna "xidməti"vardır. Konkret hadisəyə milli-dini-irqi fərqlər müstəvisindən yanaşma insanların psixologiyasında dərin təbəddülatlar yaradır, onları qıcıqlandırır, qəzəbli edir. Unutmaq olmaz ki, üçüncü ölkələrin klinik konvulsiyalar şəklində təzahür edən ekstremizm və terrorizmə meyillənən əməlləri bütövlükdə inkişaf etmiş dünya dövlətlərinin onların problemləri ilə fundamental şəkildə məşğul olmağa bir çağırışdır. Məsələnin ictimai-fəlsəfi kökü isə ondan ibarətdir ki, iki sistem, iki inkişaf səviyyəsi, iki düşüncə tərzi, iki yaşam vəziyyəti, iki istehlak səbəti arasındakı qeyri-bərabərliyi, uçurumu dəf etməyincə, super güc dövlətlərinin başı hələ çox ağrıyacaq, çox bəlalar çəkəcəkdir. Çünki güc zora söykəndiyi vaxt deyil, ədalətə arxalandıqda haqlı olur. Terrorçuluğa qarşı sərhədləri bağlamaq, məsafə saxlamaq, cəbr metodlarına əl atmaqla deyil, inteqrasiya, intensiv ünsiyyət və təmas səyləri ilə mübarizə aparmaq və müsbət nəticəyə nail olmaq mümkündür.

Hər bir ölkənin, xalqın, ailənin taleyində özünün 11 sentyabrı var. Bizim üçün 1990-cı ilin 20 Yanvar qətliamı, 1992-nin 26 fevral Xocalı soyqırımı, rayonlarımızın qəsb olunduğu hər gün milli faciə günüdür. Azərbaycanın taleyi belə gətirib ki, yüz illərdən bəridir, rus imperiyasının və onun dəstəklədiyi erməni separatizmi və terrorizminin girovuna çevrilib. Bəs "tərəqqipərvər bəşəriyyət" bunu görmürmü? Doqquz milyonluq xalq ermənilərin törətdikləri Xocalı soyqırımını, terror qəsdi nəticəsində bir milyon əhalinin doğma torpaqlarından qovulmasını dünyaya car çəkəndə ABŞ, Fransa, İngiltərə niyə özünü karlığa, korluğa vururdu? Məgər başqa vaxt yerin altını da, üstünü də bilən MKİ, FTB, MTA bilmirdilərmi ki, dünyanın ən təhlükəli terrorçu təşkilatlarını elə sinələrində bəsləyib saxladıqları ermənilər yaradıblar və onlardan bəzilərinin mənzil-qərargahı da elə Amerikada yerləşirdi?! Ən müxtəlif illərdə dünyanın başqa-başqa ölkələrində türk diplomatlarına qarşı qanlı terrorlar düzənləmiş "Asala", "Qnçak", "AOD", "Orli" kimi 15-ə yaxın erməni terrorçu təşkilatı özünə Fransada, Amerikada, Rusiyada yuva qurmuşdur. Bu ölkələrin hər birində ermənilərin dəhşətli terrorlar həyata keçirməsinə rəğmən, nə rəsmi Vaşinqton, nə Paris, nə də ki, Moskva onların adını terrorçu təşkilatlar sırasında çəkir. ABŞ-ın, Böyük Britaniyanın, Rusiyanın beynəlxalq terrorçu təşkilat kimi tanıdığı müvafiq olaraq 42, 40 və 20 təşkilatın əksəriyyəti islamla bağlıdır, aralarında Azərbaycanda bir o qədər terror və təxribat törətmiş bircə erməni təşkilatı da yoxdur. Moskva nə tez unudub 1977-ci ildə Zatikyanın başçılığı ilə metroda törədilən müdhiş terror olayını? 2010- cu ildə Rusiya paytaxtının Manej meydanındakı qarşıdurmada, bu ilin yanvarında "Domodedovo" hava limanındakı partlayışda erməni izləri belə tezmi unuduldu?!

Amma Azərbaycan unutmayıb və unutmayacaq! Ta ki, dünyanın güc dövlətləri onun haqq səsini eşitməyincə... və dirəniş göstərəcək "güclülərin" dünyanı caynağına almış ikili standartlar siyasətinə. Ulu öndər Heydər Əliyev bu haqsızlığa, ədalətsizliyə qarşı ortaya kifayət qədər qətiyyətli mövqe qoyurdu. Eyni prinsipial mövqe, bir qədər də sərt və birmənalı şəkildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən sərgilənməkdədir.

ABŞ Azərbaycanda gedən demokratikləşmə prosesinin müntəzəm və dönməz xarakter almaqla daha da dərinləşməsindən, daxili sabitlik faktının siyasi iradə göstəricisindən adi həyat normasına çevrilməsindən, cəmiyyətin aşkarlıq və plüralizm tonusunun get-gedə yüksəlməsindən məmnun qaldığını dəfələrlə bəyan etmişdir. Regionda əsas oyunçusunun Azərbaycan olduğu bir neçə transmilli nəqliyyat-kommunikasiya və enerji layihəsi var ki, onların hər birinin işləməsi Amerikanın geosiyasi və geoiqtisadi maraqlarının çevrəsinə daxildir. Bu üzdən rəsmi Vaşinqton üçün Cənubi Qafqaz coğrafiyasının Azərbaycan cinahı daim strateji prioritet təşkil edən bir vektor olaraq qalacaqdır. Bununla belə, demək olmaz ki, ABŞ Azərbaycana münasibətdə həmişə birmənalı ədalətli mövqe tutmuşdur. Dağlıq Qarabağ münaqişəsi zəminində ortaya çıxmış "Azadlığa dəstək Aktına" bədnam 907-ci düzəliş yalnız tarixi ədaləti və öz haqqını tələb edən Azərbaycan xalqının milli maraq və hisslərinə təhqir idi. Bir neçə il əvvəl ABŞ və bəzi Qərb dövlətləri güclü erməni lobbisinin təsiri altında Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinə qarşı çıxsalar da, Prezident İlham Əliyev ortaya prinsipial mövqe və iradə qoyaraq Türkiyə və Gürcüstanın da yaxından qoşulduğu bu layihənin gerçəkləşməsinə nail oldu.

Üç il əvvəl BMT-nin Baş Məclisinin yığıncağında Azərbaycan tərəfinin təqdim etdiyi və iki ölkə arasındakı münaqişənin tənzimlənməsinin əsas prinsiplərini özündə əks etdirən bəyanatın səsvermə prosesi böyük dövlətlərin ədalətli münsif ola bilmədiklərini bir daha ortaya qoydu. Bütün çılpaqlığı ilə. Tarix haqq-ədalətdən danışanların haramxorluğunun, şərəfdən dəm vuranların namussuzluğunun az şahidi olmayıb, ha! Səsvermə vaxtı 100 ölkə neytrallığını qorudu. 39 ölkə Azərbaycanın yanında olduğunu səsi ilə təsdiq etdi, 7 ölkə isə əleyhinə səs verdi. Və Vanuatu kimi balaca ada ölkəsi ilə bir sırada dayanan "anarxistlərin" arasında ABŞ, Rusiya və Fransanın yer alması gerçəkdən təəccüblüdür. ATƏT-in Minsk qrupundakı neçə illik həmsədrlik və qərəzdən uzaqlaşa bilməyən ləkəli münsif ampluası.

Böyük dövlətlərin səhvi də, ədalətsizliyi də böyük olur. ABŞ-ın dövlət katibi postunu tutmuş H.Kissincerin sözüdür  "Böyük dövlətlər heç vaxt müttəfiqlərinə görə intihar etmirlər". Zamanında söylənmiş bu ifadə həmin dövlətin siyasətinin səmimiyyət və ikili standartlardan uzaq olmadığına dəlalət edən ən dəqiq arqumentlərdəndir.

Bütövlükdə, ABŞ xarici siyasəti üçün ikili standartlar anlayışı yad  məfhum deyildir. Bununla heç onların özlərini də təəccübləndirə bilməzsən. Keçib gəldiyimiz tarixdə qənaətimizi təsdiq edəcək yetərincə fakt vardır. Məsələn, çox az təsadüf olunan iki dollarlıq əskinasda əksi olan Tomas Cefferson öz zamanında patent mühafizəsinə qarşı çıxarkən "ideya oğurluğu"na bu sözlərlə haqq qazandırmışdı: "...ideya hava kimi bir şeydir, heç kim ona sahibliyini iddia edə bilməz". Böyük Britaniyanın ABŞ-ı azad ticarətin prinsiplərini tanıyıb əməl etməyə çağırışlarına rəğmən bu ölkənin digər bir prezidenti Uliss Qrant demişdi: "Yalnız 200 ildən sonra - ABŞ proteksionizmdən (iqtisadi sahədə -X.N.) nə mümkündürsə əldə etdıkdən sonra,  azad ticarətə keçəcəkdir".

İkili standartları Amerika xarici siyasətinin norması kimi bəyan etmiş məşhur "Kirkpatrik doktrinası"nın müəllifi Djin Kirkpatrik vəfat edəndə bir çox amerikalı siyasətçi onu qeyri-korrekt baxışları səbəbindən kütləvi şəkildə "ağlamaqdan" çəkindi. Amma bu həmin o Amerikadır ki, dünyada "O, köpək oğludur, amma bizim köpək oğludur" ifadəsinin müəllifi kimi tanınır.

Bəli, dünyanın aramsız terror olaylarından əziyyət çəkdiyi indiki dönəmdə beynəlxalq güc mərkəzləri yaxşı başa düşürlər ki, regionda baş verən mühüm geosiyasi dəyişikliklər fonunda münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi situasiyaya mənfi təsir göstərməklə yanaşı, onların regionla bağlı iqtisadi-siyasi maraqlarını da ciddi şəkildə təhdid edir. Son illər Azərbaycanın iqtisadi cəhətdən daha da qüdrətlənməsi isə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlarda rəsmi Bakının diplomatik mövqelərinin güclənməsi ilə müşayiət olunur. Respublikamızın hərtərəfli inkişafı, hərbi büdcəsinin ildən-ilə artması fonunda danışıqlar prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Xarici siyasət kursunu yeridərkən hansısa güc mərkəzinin mənafeyini önə çəkməyən Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinə yol verməyəcəyini həmişə vurğulamış, xalqın milli maraqları ilə bağlı məsələlərdə daim əzmkar və qətiyyətli mövqe tutaraq ölkədən güzəştli mövqe gözləyən qüvvələri məyus etmişdir.

Eyni zamanda, cənab İlham Əliyev Azərbaycanın vassal olmağı bacarmadığını və heç bir vaxt da özünə süzeren axtarmadığını hər dəfə bəyan etmişdir. Çıxışlarının birində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqışəsinin həlli ilə bağlı Azərbaycanın yeganə və birmənalı konstruktiv mövqeyini səsləndirən Ali Baş Komandan danışıqlar prosesində konkret hərəkət və keyfiyyət mərhələsinin başlamayacağı təqdirdə ölkəmizin hər cür ssenariyə hazır olduğunu bəyan etmiş, Azərbaycan xalqının, ictimaiyyətinin torpaqlarımızın işğalına göz yumanların, işğalçı dövləti çətin, ağır iqtisadi vəziyyətdən çıxarmaq üçün min bir səy göstərənlərin mövqeyini qəbul etmədiyini bildirmişdir: "Nə üçün işğalçı ölkəyə təzyiqlər göstərilmir?! Nə üçün Azərbaycan bugünkü danışıqlarda demək olar ki, ən böyük konstruktivlik nümayiş etdirir, Ermənistan danışıqları pozur?!

...Heç şeydən xəbəri olmayan, bölgədə gedən proseslərdən xəbəri olmayan tərəflər təzyiqlə, şantajla, qara yaxmaqla nəyə nail olmaq istəyirlər?! Biz bunu belə qəbul edirik. Bu, açıq şəkildə Azərbaycanın maraqlarına zidd olan bir siyasətdir."

Azərbaycan şərə, taleyüklü məsələlərdə ikili standartlara qətiyyətlə "yox!" deyə bildiyi kimi, həmişə inkişafın, intibahın, təkamülün, sağlam düşüncənin və konstruktiv mövqenin yanındadır. Bu, Azərbaycan xalqının, hər bir azərbaycanlının və dövlət başçısının yenilməz mövqeyidir.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2011.- 11 sentyabr.- S. 3.