Korrupsiyaya qarşı mübarizə sahəsində
kompleks tədbirlər davam
etdirilir
Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizə, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması dövlətimizin diqqət mərkəzindədir və bu sahədə prokurorluq orqanları tərəfindən ardıcıl, sistemli tədbirlər davam etdirilir.
Cari
ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan
Respublikasının Baş prokuroru yanında Korrupsiyaya
qarşı mübarizə idarəsi tərəfindən
korrupsiya hüquqpozmaları ilə əlaqədar 133 cinayət
işi başlanılmış, 147 şəxs barəsində
88 cinayət işi tamamlanaraq baxılması üçün
müxtəlif məhkəmələrə göndərilmişdir.
Baş
prokurorluğun mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, bu cinayətlər əsasən
rüşvət alma (passiv rüşvətxorluq), vəzifəli
şəxsin qərarına qanunsuz təsir göstərmə
(nüfuz alveri), vəzifə səlahiyyətlərindən
sui-istifadə etmə, vəzifə səlahiyyətlərini
aşma, vəzifə saxtakarlığı, talama, dələduzluq,
cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini
leqallaşdırma və sair faktlarla əlaqədar
olmuşdur.
Belə
ki, Dövlət Sosial Müdafiə Fondundan prokurorluğa daxil
olmuş, qurumun Suraxanı
şöbəsinin maliyyə-uçot sektorunun işçiləri
tərəfindən pensiyaların ödənişi və
uçotu sahəsində saxtakarlıq edilməklə
külli miqdarda dövlət əmlakının mənimsənilməsi
barədə material üzrə Azərbaycan
Respublikasının Baş prokuroru yanında Korrupsiyaya
qarşı mübarizə idarəsi tərəfindən
araşdırma aparılaraq cinayət işi
başlanılmışdır.
İstintaqla
müəyyən edilmişdir ki, Səfər Hüseynov
Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon
şöbəsinin müdiri vəzifəsini icra edərkən
pensiyaların qanunvericiliyə uyğun olaraq ödənişini
təmin etməli olduğu halda, qulluq səlahiyyətlərindən
qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə
şöbənin baş məsləhətçisi T.Kərimova,
maliyyə- uçot sektorunun müdiri K.Muradov, məsləhətçi-mühasib
K.Hüseynova və qeyriləri ilə, yəni qabaqcadan əlbir
olan bir qrup şəxslə 2008-2010-cu illərdə əvvəllər
ailə başçısını itirməyə, əlilliyə
və yaşa görə pensiya almış ayrı-ayrı
şəxslərin pensiya alma müddətlərinin bitməsinə
baxmayaraq, onların hesablarına tamah niyyəti ilə bilə-bilə
yalan məlumatlar daxil etməklə, cəmi 995.642 (doqquz yüz doxsan beş min
altı yüz qırx iki) manat məbləğində pul vəsaitini
köçürərək, vətəndaşların
bilavasitə özlərindən və onların adından
guya itirilmiş kart kimi sifariş verərək əldə
etdiyi yeni plastik kartlarla həmin pul vəsaitlərini
götürüb şəxsi ehtiyaclarına sərf etməklə
ona etibar edilmiş külli miqdarda özgə əmlakını
talamışdır.
Bundan
başqa, istintaqla müəyyən edilmişdir ki, Akif Sərkarov
DSMF-nin Suraxanı rayon şöbəsinin maliyyə-uçot
sektorunun aparıcı məsləhətçi-mühasibi vəzifəsində
işləyərkən qulluq mövqeyindən istifadə edərək
2009-2010-cu illərdə iki şəxsin adına
köçürülmüş xeyli miqdarda, yəni 5338 manat
məbləğində özgə əmlakını
talamış, öz xidməti vəzifələrini lazımi
qaydada yerinə yetirməyərək vəfat etmiş
pensiyaçıların adlarına 8758 manat məbləğində
artıq ödənişlər edilməsi ilə dövlətin
qanunla qorunan mənafeyinə mühüm zərər
vurmuşdur.
Törətdiyi
cinayət əməllərinə görə Səfər
Hüseynov qulluq mövqeyindən sui-istifadə etməklə
külli miqdarda özgə əmlakını talama, vəzifə
səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə
saxtakarlığına görə cinayət məsuliyyəti
nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
179.3.2-ci, 308.1-ci və 313-cü maddələri ilə təqsirləndirilən
şəxs qismində cəlb edilmiş və barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilmişdir.
Bundan
əlavə, həmin şöbənin maliyyə-uçot
sektorunun müdiri -baş mühasibi Kərim Muradov və qeyriləri cəmi 12 şəxs
törətdikləri əməllərə görə Cinayət
Məcəlləsinin 179.2.3-cü, 179.2.4-cü (qulluq
mövqeyindən istifadə etməklə özgə əmlakını
xeyli miqdarda ziyan vurmaqla talama), 313-cü (vəzifə
saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq)
maddələri ilə təqsirləndirilən şəxs
qismində cəlb edilərək onlara həmin maddələrdə
nəzərdə tutulan ittiham elan edilmiş və cinayət işinin istintaqı
tamamlanaraq baxılması üçün Bakı Ağır
Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Vurulmuş
zərərdən ibtidai istintaq zamanı 320 min manat vəsaitin
dövlətə ödənilməsi təmin edilmişdir.
"Qobu"
dəvəçilik üzrə dövlət kənd təsərrüfatı
istehsalı müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin
sabiq sədri Balağa Səmədovun barəsində
başlanmış cinayət işinin istintaqı zamanı
müəyyən edilmişdir ki, o, qeyd olunan müəssisənin
rəhbəri vəzifəsində işləyərkən
öz qulluq mövqeyindən istifadə etməklə külli
miqdar təşkil edən 14370 manat dəyərində 353
baş ona etibar edilmiş xırdabuynuzlu heyvanları mənimsəmə
və israf etmə yolu ilə talamış, qeyrilərinin
cinayət əməlləri nəticəsində cəmiyyətə
vurulmuş 60 baş dəvə və 47 baş xırdabuynuzlu
heyvanların dəyəri olan, ümumilikdə 31 min 25 manat məbləğində
maddi ziyanın ödənilməsi imkanını aradan
qaldırmaqla cəmiyyətin qanunla qorunan mənafelərinə
ağır nəticələrə səbəb olan zərər
vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə
etmiş, tamah və sair şəxsi niyyətlə rəsmi sənədlərə
bilə-bilə yalan məlumatları daxil edərək vəzifə
saxtakarlığı etmişdir.
Bundan
başqa, B.Səmədov xidməti vəzifəsinə laqeyd
münasibəti nəticəsində tabeçiliyində olan
şəxslərin öhdəsində olan 8759 manat dəyərində 5 baş dəvənin
və 163 baş xırdabuynuzlu heyvanların
çatışmazlığını vaxtında aşkara
çıxarmamaqla cəmiyyətin qanunla qorunan mənafelərinə
ağır nəticələrə səbəb olan zərər
vurmaqla səhlənkarlıq etmişdir.
Törətdiyi
cinayət əməllərinə görə Balağa Səmədov
qulluq mövqeyindən sui-istifadə etməklə külli
miqdarda özgə əmlakını talama, ağır nəticələrə
səbəb olan vəzifə səlahiyyətlərindən
sui-istifadə etmə, vəzifə saxtakarlığı, səhlənkarlığa
görə cinayət məsuliyyəti nəzərdə tutan
Cinayət Məcəlləsinin 179.3.2-ci, 308.2-ci, 313-cü və
314.2-ci maddələri ilə təqsirləndirilən şəxs
qismində cəlb edilərək məhkəmənin qərarı
ilə barəsində həbs qətimkan tədbiri
seçilmiş və cinayət işi üzrə ibtidai
istintaq tamamlanaraq baxılması üçün Bakı
Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Vətəndaş
Üzeyir Cəfərov və Balakişi Cəbrayılovun
müraciəti üzrə
başlanmış cinayət işinin istintaqı
zamanı müəyyən edilmişdir ki, Aydın Tarverdiyev
Salyan rayonu Xıdırlı bələdiyyəsinin sədri vəzifəsində
işləyərkən bələdiyyənin ərazisindən
9 ha torpaq sahəsi almaq üçün ona müraciət edən
Yusif Cəfərovdan qanunsuz hərəkətlərə, yəni
torpaq hərracı və müsabiqəsi keçirmədən,
bələdiyyə üzvlərinin xəbəri olmadan sənədləri
saxtalaşdırmaqla 9 ha torpaq sahəsinin Y.Cəfərovun
arvadı Cəfərova Leyla Ramiz qızının adına rəsmiləşdirməsinə
görə 72000 (yetmiş iki min) manat pul tələb edərək,
hissə-hissə 71000 (yetmiş bir min) manat rüşvət almış, bilə-bilə yalan məlumatlar
daxil etdiyi saxta sənədləri Yusif Cəfərova təqdim
edərək torpaq sahəsinin
ayrılmasına dair qanunsuz qərar qəbul edib həmin
torpağın alqı-satqı yolu ilə vətəndaşın
mülkiyyətinə verilməsini təşkil edərək,
bələdiyyənin mülkiyyətindən
çıxarıb Xıdırlı bələdiyyəsinin
qanunla qorunan mənafelərinə ağır nəticələrə
səbəb olmaqla zərər vurmuş və tamah niyyəti
ilə vəzifə saxtakarlığına yol vermişdir.
Bundan
əlavə, Aydın Tarverdiyev Xıdırlı bələdiyyəsinin
sədri vəzifəsində işləyərkən öz
qulluq mövqeyindən istifadə etməklə, 2010-cu ilin iyun
ayında Balakişi Cəbrayılovun adına olan
Xıdırlı kəndi ərazisindəki kənd təsərrüfatı
təyinatlı 1 ha torpaq sahəsinin təyinatının dəyişdirilməsini
təşkil edəcəyini sonuncuya vəd etmiş, həyata
keçiriləcək sənədləşmənin rüsumu
adı ilə 1800 (min səkküz yüz) manat pulu və
torpaq sahəsinin Azərbaycan Respublikasının
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin
Hüquqlarının Dövlət Qeydiyyatı haqqında
Daşınmaz əmlakının dövlət reyestrindən
Çıxarışın əslini götürmüş,
həmin Çıxarışı qrafik proqram təminatından
istifadə etməklə axınlı printerdə çap
etdirib Balakişi Cəbrayılova təqdim edərək
hüquq verən rəsmi dövlət sənədini qanunsuz
hazırlamaqla saxtalaşdırmış və sonuncunun xeyli
miqdarda əmlakını aldatma yolu ilə ələ
keçirib dələduzluq etmişdir.
Aydın
Tarverdiyev Cinayət Məcəlləsinin 178.2.3-cü,
178.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə
xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2-ci (ağır nəticələrə
səbəb olmaqla vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət
alma), 313-cü (vəzifə saxtakarlığı) və
320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri
ilə ittiham elan edilərək məhkəmənin qərarı
ilə barəsində həbs qətimkan
tədbiri seçilmiş və cinayət işi tamamlanaraq
baxılması üçün Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilmişdir.
Bu müddət ərzində istintaqı aparılmış və hazırda icraatda olan cinayət işləri, habelə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlarla bağlı materiallar üzrə fiziki və hüquqi şəxslərin hüquqları bərpa olunaraq onlara vurulmuş 3 milyon 965 min manat ziyanın ödənilməsi təmin edilmiş, zəruri hallarda təqsirləndirilən şəxslərə məxsus əmlak müəyyənləşdirlərək üzərinə həbs qoyulmuşdur. Eyni zamanda, korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması məqsədilə müvafiq dövlət orqanları və özəl qurumların rəhbərlərinə təqdimatlar göndərilmişdir.
Hazırda
Azərbaycan Respublikasının Baş prokuroru yanında
Korrupsiyaya qarşı mübarizə idarəsinin istintaq
şöbəsi tərəfindən müxtəlif sahələr
üzrə korrupsiya hüquqpozmaları ilə əlaqədar
86 cinayət işinin istintaqı davam etdirilir.
Həmin
cinayət işlərinin nəticəsinə dair ictimaiyyətə
mütəmadi olaraq məlumat veriləcəkdir.
Azərbaycan.-2011.-10 sentyabr.-S.5.