Respublikanın Cənub bölgəsində bələdiyyələrin maarifləndirilməsi ilə bağlı seminar-müşavirə keçirilmişdir

 

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi sentyabrın 8-də Lənkəran və Lerikdə, sentyabrın 9-da isə Yardımlı və Masallı şəhərlərində bələdiyyələrin maarifləndirilməsi ilə bağlı seminar-müşavirə keçirmişdir.

Mərkəzdən AzərTAc-a bildirmişlər ki, tədbirlərdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Lənkəran regional ədliyyə şöbəsinin, rayon icra hakimiyyətlərinin, müvafiq strukturların rəhbərləri və nümayəndələri, bələdiyyə sədrləri, üzvləri iştirak etmişlər.

Seminar-müşavirələrdə mərkəzin rəisi Mehdi Səlimzadə çıxış edərək bələdiyyələrin işinin təşkili ilə bağlı ölkəmizdə həyata keçirilən islahatlardan, respublikamızın sosial-iqtisadi inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qarşıda duran vəzifələrdən danışmış, yerli özünüidarəetmə orqanlarının bu proseslərdə iştirakının ilbəil artdığını qeyd etmişdir. O, ölkədə demokratiyanın inkişafında yerli özünüidarələrin əhəmiyyətli rolundan, bu istiqamətdə həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat vermişdir. Yerli özünüidarənin inkişafında və səmərəli fəaliyyətində icra hakimiyyəti orqanları ilə bələdiyyələrin qarşılıqlı münasibətlərinin tənzimlənməsinin vacibliyini vurğulayan M.Səlimzadə demişdir ki, bu, bələdiyyələrin fəaliyyətinə müsbət təsir göstərəcək, eyni zamanda, mövcud problemlərin aradan qaldırılmasında xüsusi əhəmiyyəti olacaqdır. O, bələdiyyələrin fəaliyyətlərindəki nöqsanlardan və onların aradan qaldırılması yolları barədə iştirakçılara ətraflı məlumat vermişdir. Problemlərin həllində bələdiyyələrin yerli icra hakimiyyəti orqanlarının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və onun regional şöbələri ilə birgə fəaliyyət göstərmələrinin zəruriliyini və vacibliyini bildirmişdir.

M.Səlimzadə fəaliyyətlərində "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiya"nın həyata keçirilməsi və "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" Azərbaycan Prezidentinin fərmanının, 2008-2015-ci illərdə ölkədə yoxsulluğun azaldılması və davamlı inkişafı ilə bağlı Dövlət Proqramından irəli gələn vəzifələrin, eləcə də "Bələdiyyələrin fəaliyyətinə inzibati  nəzarət" və "İnzibati icraat haqqında" qanunların icrası ilə bağlı müvafiq tədbirlərin mütəmadi olaraq həyata keçirilməsini bələdiyyələrin qarşısında duran ən mühüm vəzifə olduğunu diqqətə çatdırmışdır.

Bələdiyyələrin nümayəndələri çıxış edərək onları narahat edən məsələlərdən danışmış, dövlətin bələdiyyələrin fəaliyyətinə hərtərəfli kömək göstərməsini yüksək qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, fəaliyyət zamanı qanun pozuntularına yol verilməməsi və yerli əhalinin üzləşdiyi problemlərin həlli üçün bütün imkanlardan istifadə olunmalıdır. Onlar seminarların keçirilməsini maarifləndirilmə və hüquqi baxımdan əhəmiyyətli olduğunu vurğulamış, ümumi işin daha keyfiyyətlə həyata keçirilməsinə təkan verəcəyini bildirmişlər.

Seminar-müşavirələrdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov,  Lənkəran və Masallı rayonları icra hakimiyyəti başçılarının müavinləri, regional ədliyyə şöbəsinin rəisi İlkin Nəcəfov, bələdiyyə sədrləri və digər orqanların rəhbərləri çıxış edərək müzakirə olunan məsələlərə münasibət bildirmişlər.

Sonda iştirakçıların sualları cavablandırılmışdır.

 

 

Azərbaycan.- 2011.- 11 sentyabr.- S. 4.