Qonaq dəvətetmə mədəniyyəti
Xalqımızın ən qədim, gözəl adətlərindən biri də qonağa hörmət, onu ehtiramla qarşılayıb yola salmaq mədəniyyətidir. Atalar sözləri və el məsəllərində də ibrətamiz, müdrik fikirlər öz əksini tapıb: "Evin yaraşığı uşaq, süfrənin bəzəyi qonaqdır", "Uşaqsız ev susuz dəyirman, qonaqsız ev gülsüz bağçadır" - deyiblər. Fikir verirsiniz, həmişə də uşaqla qonağı eyni məqamda birləşdiriblər. Bu müqayisənin də dərin mənası var. Uşaq ömrümüzün, qonaq da evimizin işığıdır. Bu işıqların həmişə gur yanması həyatımızı nurlandırır, dəyərləndirir.
Xalq nağıllarında, eləcə də dastan və rəvayətlərdə də qonağın ünvanına xoş sözlər deyilir. Məsələn, "Qəflətən qapı döyülür. Ev sahibi soruşur:
- Kimdir?
- Allah qonağı.
- Allaha da qurban
olum, qonağına da..."
Nə turş
söz, nə turş üz. Bir şirin
kəlmə hər şeyi yoluna qoyur. Kimliyindən asılı olmayaraq
qonağa hörmət,
ehtiram qanımızdadır.
Məhəmməd peyğəmbərin
(s.ə.s.) fəqir libasında qapı döyərək soydaşlarının
qonağa necə hörmət etdiklərini
öyrənmək istəməsi
barədə hədis
də var. Bu səbəbdən
deyirlər ki, dilənçidən padşaha
kimi hər kəs qonaq ola bilər.
Dolu süfrən yoxdursa, dolu ürəyin niyə olmasın?
Səməd Vurğunun məşhur
misraları yada düşür:
Sən bizim ellərin ruhuna bir bax,
Bizdən inciməmiş bir əziz qonaq.
Xalqımızın böyüklüyünü, qonaq qəbuletmə mədəniyyətini əks
etdirən bu məşhur misralar gerçəkliyin ifadəsidir.
Hətta
bölgələrimizdə belə bir adət
də var idi. Elə indi də müəyyən mənada
qorunub saxlanılır.
Evin bir otağını ayıraraq xüsusi səliqə-sahmanlı saxlayırlar
ki, bu, qonaq
otağıdır. Qonağın yorğan-döşəyi, işlədəcəyi
qab-qaşıq və
digər məişət
əşyaları təmiz,
adətən, təzə
və ən yaxşısı olmalıdır.
Qonaqpərvərlik elə bir hissdir ki, onu
yaşatmaq üçün
varlı, yaxud kasıb olmaq şərt deyil. Qonağa hörmət etmək ev
sahibinin borcudur. Dədə-babadan görmüşük ki, qonaqlı evin ruzisini Allah yetirib. Qonaq həm də
gəldi-gedərdi. Həmişəlik deyil ki, ona
çəkilən xərcin,
zəhmətin ağırlığına
dözüm gətirməyəsən.
Təbii ki, qonaqpərvərlik bizim bir millət
olaraq çox nəcib xüsusiyyətimiz
və mənəvi zənginliyimizdir. Keçmişimizdən bu günümüzə
çatan bu ötürmələr - mənəvi
körpülər şəhərdə
bəzən dağıdılır,
amma kənd yerlərində daha əzmkarlıqla qorunur.
Böyük şəhərlərdə məsələ tamam başqa cürdür.
Çağırılmış və çağırılmamış
qonaqlar olur. Bir də hotellərin, mehmanxanaların sayı çoxaldıqca evə üz tutan qonaqların
sırası da seyrəlir. İndi "qonaqlıq" kəlməsi "yeyib-içmək"
sözlərinin sinoniminə
çevrilibdir. Bu, restoranda
da ola
bilər, adi kafedə, meşədə,
lap iş yerlərində
də. Burada ev sahibi
yox, mərasimin xərcini çəkən
var. Yəni, sponsorlar əsas rol oynayır.
Məclis bitəndən sonra
da hamı çəkilib öz evinə, yaxud da hotelə dönəcək. Keçmişdə isə qonaq mütləq evə gələrdi. Doğrudur, karvansaralar
da mövcud idi. Burada əsasən böyük dəstələrlə, ticarət,
alış-veriş və
s. məsələlərlə əlaqədar ölkədən-ölkəyə,
eldən-elə, bölgədən-bölgəyə
karvanla gedənlər
ayaq saxlayıb bir hovur dincələrdilər,
bəzən də gecələyərdilər. İndi bunun
da forması dəyişilib. Daha doğrusu,
sözün mənası
genişlənib.
Respublikamız qonaqlı-qaralıdır. Azərbaycana gələn qonaqları müəyyən qurumlar qarşılayır, yerləşdirir,
qayğısına qalır.
Dövlət müstəqilliyimizi qazandıqdan sonra həm paytaxtımızda,
həm də bölgələrimizdə müxtəlif
beynəlxalq tədbirlər
həyata keçirilir.
Qürur doğurur ki, yurdumuza təşrif
buyurmuş xarici ölkə vətəndaşları
məmnun olduğu, heyranlıqla dilə gətirdiyi bir məsələ tez-tez vurğulanır:
- Xalqınızın qonaqpərvərliyinə,
mehribanlığına, mətbəxinizə
söz ola
bilməz. Dünyada ikinci belə
genişürəkli, qonaqsevər
xalq yoxdur.
İnkişafın, tərəqqinin, modernləşməyin
nəticəsi kimi indi, əslində, qonaq qəbul etməyin yeni adları yaranıb: turist, qurultay, konfrans, simpozium iştirakçısı, müsabiqə,
idman yarışları
nümayəndəsi, münsif
üzvü və s. Bunlar, əslində, dövlət səviyyəsində
düşünülüb planlaşdırılan məsələlərdir.
Təbii
ki, burada təşviş doğuracaq
problem yoxdur. Hər şey
öz qaydasında gedir.
Bir də var rayonda, şəhərdə
ayrı-ayrı nazirlik,
komitə, birlik tərəfindən hazırlanan
ölkədaxili tədbirlər. Bu zaman da qonaq
dəvət edərkən
əvvəlcədən hər
şey dəqiq düşünülüb planlaşdırılır.
Tutaq ki, hər hansı
bir filmin, kitabın təqdimatı,
tamaşanın premyerası
keçirilir. Tədbirin təşkil
ediləcəyi salonda
yerlərin və qonaqların sayı əvvəlcədən müəyyənləşdirilir.
Dəvətnamələrdə (biletlərdə olduğu kimi) oturacaqların nömrəsi
yazılmalıdır. Onda heç bir problem yaranmır. Hər kəs öz
yerində əyləşir.
Qonaqları ya telefonla, ya da əyləşəcəyi
yer göstərilmədən
dəvətnamələrlə çağırdıqda problem yaranmasın deyə, müəyyən məsələləri
nəzərə almaq
lazımdır. Sonradan onları
əyləşdiyi yerdən
qaldırmaq etikaya sığmır. Əlbəttə, bu mümkündür ki, həmin tədbirə yüksək
vəzifəli, hansısa
imtiyazlı insan da dəvət edilsin. Əvvəlcədən
dəqiqləşdirilməlidir ki, kim harada əyləşməlidir.
Bunun üçün
ya oturacaqların üzərinə nəsə
qoyulmalı, ya da adi lent vasitəsilə
müəyyən sıraları
ayırmaq olar ki, burada başqası
əyləşməsin. Yoxsa girişdə
kimisi görüb dərhal "yaxşı
yer" axtarmaq sorağına düşərək
əyləşəni qaldırmaq
bütövlükdə qonaqlara
qarşı hörmətsizlikdir.
Təkcə ayağa duran
pərt olmur, bəzən əyləşən
də xəcalət çəkir. Bir də
dəvət edilən
insanlar məgər məclis sahibinin öz seçimi deyildir? Bəs nədən onların
arasında ayrı-seçkilik
qoyaraq ögey münasibət göstərir?
Beləliklə də,
bütövlükdə həmin
məclisdə xoş
olmayan ovqat və təəssürat yaranır.
Son vaxtlar dəfələrlə bu cür qonaq qarşılamaq "mədəniyyətinin" şahidi oluruq. Xüsusilə də, jurnalistlərə qarşı qəribə bir münasibət var. "Jurnalistdir də, harada olsa əyləşə bilər, lap ayaqüstə də durar..." Heç bir etik münasibət gözləmədən onu ayağa qaldıraraq o yerdə nazir müavininin həyat yoldaşını, yaxud da hansısa bir biznesmeni əyləşdirmək heç hara sığmayan münasibət növüdür, qəbuledilməzdir. Çünki bu mərasimlər bitəndən sonra hamı rahat nəfəs alanda, əslində, jurnalistin işi təzədən başlayır. Həmişə də qələm əhlindən yaxşı yazı tələb olunur. Təəssüf ki, bax, bu yerdəcə aş və qaşıq məsələsi yaddan çıxır.
Əslində, qonaq qarşılamaqda ayrı-seçkiliyə yol verməmək üçün dəvət zamanı hər bir şey doğru-dürüst ölçülüb-biçilməlidir. Kimi nəyə görə çağırmısan? Şöhrət naminə, yoxsa, sadəcə, iştirakçı olsun və nəhayət, bu tədbirin hansısa mətbuat orqanında, efir və ekranda işıqlandırılması üçün? Ağır və fədakar jurnalist zəhmətinə, sadəcə, xoş üz və isti söz kifayət edər ki, onun qəlbini ələ alasan. Bir də qonaq dəvətetmə mədəniyyətinə əməl olunması hər kəsin insanlıq borcudur! Bu borcdan uzaqlaşmaq isə mütləq həmin məclis sahiblərinin qonaq dəvət etmək qabiliyyəti barəsində müəyyən rəy formalaşdırır.
Flora XƏLİLZADƏ,
Azərbaycan.-2011.-10 sentyabr.-S.6.