Quruculuqda zövq də əsas şərtdir

 

İnkişafın üfüqləri

 

Azərbaycan hamımızın Vətənidir. Bu Vətəni gözəlliklər diyarına çevirmək üçün Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı tədbirlər hər bir ölkə vətəndaşında böyük razılıq, hədsiz minnətdarlıq doğurur. İnkişaf, tərəqqi, böyük abadlıq, quruculuq işləri artıq paytaxtdan bölgələrə keçmişdir. Müasir dövrün tələbi təkcə tikib-qurmaq deyil. Söhbət həm də xüsusi zövglə aparılan yenidənqurma işlərindən gedir. Ölkəmizin iqtisadi qüdrəti artdıqca, buna müvafiq olaraq, abadlıq, quruculuq işlərinin sürəti də artır, miqyası da genişlənir. Dünyanın inkişaf etmiş bir çox ölkələri iqtisadi böhran burulğanında çabaladığı  günlərdə Azərbaycan paytaxt Bakıdan tutmuş ən ucqar bölgələrədək əsl inşaat meydanına çevrilmişdir. Dövlət başçısının hər bir ölkə vətəndaşına ünvanlanan qayğı və diqqətinin məntiqi nəticəsidir ki, həyata keçirilən möhtəşəm quruculuq işlərində sosialyönümlü layihələr üstünlük təşkil edir.

Təbii ki, ölkəmizin dinamik şəkildə artan iqtisadi qüdrəti dünyaya baxışımızda, zövgümüzdə də əhəmiyyətli dəyişikliklər yaradır. Milli ənənələrimizi, tarixi yaddaşımızı qoruyub saxlasaq da, dünyanın dəyişən meyarlarını nəzərə alır, hər bir işdə novatorluğa üstünlük veririk. Şəhərlərimiz, kəndlərimiz indi yeni yanaşma prinsipləri ilə qurulur. Küçələrimiz, park və xiyabanlarımız təzə forma alır. Dolanışığımız, həyat səviyyəmiz, düşüncə tərzimiz də sürətlə yeniləşir.  Dövlət başçısının müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycan vətəndaşı firavan həyata, xoş günlərə qovuşmuşdur. Ölkədə iş yeri problemi uğurla həll olunur. Ölkədə elə bir ailə tapmaq çətindir ki, dövlət qayğısından yetərincə pay almasın. Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı ölkənin bütün bölgələrindəki irili-xırdalı mövcud problemlərin həllinə hesablanıb. Hər bir ölkə vətəndaşında haqlı qürur və sonsuz fərəh doğuran cəhət budur ki, dövlət başçısı tükənməz enerjisi ilə doğma Azərbaycanı dünyanın qüdrətli dövlətləri sırasına çıxarmağa, onun bütün bölgələrini, sözün həqiqi mənasında, cənnətə döndərməyə çalışır. Məhz bu istəyin məntiqi nəticəsidir ki, rayonların icra hakimiyyəti başçıları vaxtaşırı dünyanın inkişaf etmiş ölkələrinə ezam olunurlar. İşgüzar xarakter daşıyan bu səfərlərin əhəmiyyəti isə olduqca böyükdür.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Fransa səfərindən bu yaxınlarda qayıtmışdır. Alı müəllim öz təəssüratlarını bizimlə həvəslə bölüşdü, səfər zamanı keçirilən işgüzar görüşlərdən ətraflı söhbət açdı. Öyrəndik ki, onunla birlikdə Astara, Biləsuvar, Xızı, Qobustan, Oğuz, Saatlı, Salyan və Sədərək rayonlarının icra hakimiyyəti başçıları da Fransada səfərdə olmuşlar.

Fransa-Azərbaycan dostluğunun uzun əsrlik tarixi var və bu dostluq, qarşılıqlı əməkdaşlıq bu gün də uğurla davam etdirilir. Dünya mədəniyyət incilərinin bir çoxu bu ölkədə yerləşir. Fransa tarixi ənənələrini, qədim memarlıq abidələrini, milli-mənəvi dəyərlərini qayğı ilə qoruyub saxlayır. Müsahibim Alı Alıyev söhbətində fransızların öz ölkələrinin gözəlliyi ilə fəxr etdiklərini və bu gözəlliyi hər vasitə ilə artırmağa can atdıqlarını xüsusi vurğuladı. Dedi ki, yüksək çinli dövlət məmurundan tutmuş ölkənin adi vətəndaşınadək hər kəs bu mövqedədir.

 

Alı Alıyevin dedikləri:

 

- Bu il iyul ayının 3-dən 10-dək bir qrup icra hakimiyyəti başçısı ilə birlikdə müasir dünyanın aparıcı dövlətlərindən olan Fransaya səfərdə olduq. Səfərin məqsədi respublika Prezidenti İlham Əliyevin şəhər və rayonlarda abadlıq, quruculuq işlərinin milli memarlıq ənənələrinə, müasir tələblərə uyğun olaraq yüksək zövglə aparılması ilə yanaşı, xarici ölkələrdə bu sahədə olan müsbət təcrübənin öyrənilib yerlərdə uğurla tətbiq edilməsinə nail olmaqdan ibarət idi.

Səfər son dərəcə səmərəli və işgüzar keçdi. Bu ölkədə Azərbaycana böyük maraq olduğu açıq duyulurdu. Keçirilən çoxsaylı görüşlərdə müzakirə mövzusu da bunu təsdiq edirdi. Aşağı Normandiya regionunun Orne bölgəsinin prefekti (Fransa hökumətinin səlahiyyətli nümayəndəsi) Bertrand Maraşo ilə keçirilən geniştərkibli görüş xüsusilə yaddaqalan oldu. Görüşdə Alenson şəhərinin meri Yoqim Peyo, Naftalanla qardaşlaşmış Leqi şəhərinin meri Tiyeri Pino və Orne prefekturasının baş katibi Vinset Laqoqe də iştirak edirdilər. Tədbirdə Azərbaycan şəhərləri ilə Aşağı Normandiya regionunun müxtəlif şəhərləri arasında mümkün əməkdaşlıq məsələləri müzakirə edildi və cari ilin sentyabr ayında Aşağı Normandiya regionunda keçirilməsi planlaşdırılan Azərbaycan-Fransa biznes forumu barədə məlumat verildi. Həmin gün qrup üzvləri Aşağı Normandiya regionunun Orne bölgəsindən senator seçilmiş xanım Natali Qule ilə görüşdülər. Məlumat üçün bildirim ki, xanım Natali Qule Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə dair Fransa Senatında Azərbaycanı hər zaman dəstəkləyən çıxışları ilə seçilir və Azərbaycanın dostu  hesab edilir. Müzakirələr zamanı xanım Natali Qule bildirdi ki, Heydər Əliyev Fondu Aşağı Normandiya regionunda bir sıra sosial layihələrin reallaşdırılmasına yardım göstərir və onun seçiciləri bunu çox yüksək qiymətləndirirlər.

Görüşdə Azərbaycanın Astara və Salyan şəhərləri ilə Aşağı Normandiya regionunun Alenson və Flers şəhərləri arasında mədəni, sosial və iqtisadi əməkdaşlıq əlaqələrinin yaradılmasına dair fikir mübadiləsi aparıldı. Ərazisinin çox hissəsi hələ də erməni işğalı altında olan bir rayonun rəhbəri kimi Qarabağ münaqişəsinin səbəbləri barədə görüş iştirakçılarına ətraflı məlumat verdim, erməni vəhşiliyini sübut edən faktlardan, onların insanlığa yad olan dəhşətli cinayətlərindən söhbət açdım. Dedim ki, Prezident Azərbaycan xalqının fikrini ifadə edərək bu münaqişənin həllində qətiyyət və prinsipiallıq nümayiş etdirir. Biz müharibə istəmirik. Amma torpaqlarımızı hərbi yolla işğaldan azad etməyə qadirik. Heç şühbəsiz, Prezident İlham Əliyevin dediyi kimi, aparılan sülh danışıqları sonsuza qədər uzanmayacaqdır. Səfər çərçivəsində keçirilən bütün görüşlərdə ölkəmizin sosial-iqtisadi inkişafı yolunda qazanılan, bütün dünyanı heyran qoyan böyük nailiyyətlərdən, müvəffəqiyyətlə həyata keçirilən möhtəşəm infrastruktur layihələrindən söhbət açır, demokratik və hüquqi dövlət quruculuğu yolunda Azərbaycanın inamlı addımlarından danışırdıq. Minnətdarlıqla qeyd edim ki, Azərbaycanın Fransadakı səfirliyi səfərin səmərəli keçməsi üçün bütün zəruri tədbirləri yüksək səviyyədə görmüşdü.

Söhbət işgüzar səfərin əsas təfərrüatlarını göz önündə canlandırır. Müdrik dövlət başçısının təşəbbüsü ilə ayrı-ayrı rayonların rəhbərləri dünyanı dolaşır, arayıb-axtarır, görüb-götürür, yaxşı nə varsa, doğma Azərbaycana gətirməyə çalışırlar. Alqışa layiq bu şərəfli məqsəd artıq ölkəmizin bölgələrində yaradıcılıqla icra edilməyə başlamışdır. Bu sırada Horadiz şəhərinin fərqli və özünəməxsus yeri vardır. Ona görə ki, bu bölgə Qarabağ müharibəsinin ağrı-acısını iki dəfə yaşayıb. Bir dəfə Ermənistan silahlı qüvvələri Füzuli rayonunu işğal edəndə, ikinci dəfə isə Milli Ordumuz rayonun böyük bir ərazisini işğaldan azad edəndə. Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhər statusu verilmiş Horadiz müharibənin xarabalıqları üzərində yenidən qurulmuşdur. Bu gün Horadiz şəhəri tamaşaçıda heyrət doğuran canlı muzeyə bənzəyir. Burada adamların necə həvəslə, şövglə, həm də qeyri-adi canıyananlıqla işlədiyini soyuqqanlı izləmək olmur. Müharibə  zamanı dağıdılmış, yandırılıb külə çevrilmiş yaşayış evlərinin, sosial obyektlərin hamısı hələ tam bərpa olunmayıb. Böyük zəhmət və vəsait tələb edən bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Amma müharibənin törətdiyi dəhşətdir ki, ağacları qurumuş, bağ-bağçası xəzana dönmüş həyətlər, divarları yanıb qaralmış, xaraba qalmış evlər ox kimi gözümüzə batır. Dövlət başçısının bu ucqar cəbhə bölgəsinə xüsusi münasibəti, fərqli qayğı və diqqəti özünü bütün sahələrdə göstərir. Rayonun işğaldan azad olunmuş ərazilərində hazırda böyük abadlıq, quruculuq işləri görülür. Ərazidə 4 min dağıdılmış ev bərpa olunmuşdur. 44 məktəb, 39 tibb müəssisəsi, onlarca rabitə, mədəniyyət və başqa sosial obyekt ya bərpa olunmuş, ya da yenidən tikilmişdir. Elektrik, içməli su və suvarma suyu sistemləri yenidən qurulmuşdur. 2008-ci ildən rayona təbii qaz verilmişdir. Hazırda Horadiz şəhərinə, Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, Kərimbəyli, Böyük Bəhmənli kəndlərinə fasiləsiz mavi yanacaq verilir. Qaz çəkilişi sürətlə davam etdirilir. Gələn ilin əvvəllərində təbii qaz verilən kəndlərin sırasına Əhmədalılar, Qazaxlar, Mirzənağılı kəndləri və Zabucuq ərazisindəki 5 məcburi köçkün qəsəbəsi də qoşulacaqdır.

Füzuli aqrar rayondur. Hazırkı şəraitdə burada sənaye obyektləri minimum səviyyədədir. Kənd təsərrüfatının əsasını taxılçılıq və heyvandarlıq təşkil edir. Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev  Fransa səfərindən dönəndən sonra rayonun iqtisadiyyatında üzümçülüyün xüsusi çəkisini artırmağa böyük maraq göstərilir. Respublika hökuməti füzulililərin üzümçülük sahəsində təcrübəli olduğunu nəzərə alaraq Haramı adlanan ərazidə üzüm əkinləri, meyvə bağları salmaq məqsədilə 11,8 min hektar torpaq sahəsi ayırmışdır. Ancaq təəssüf ki, əlaqədar nazirlik və baş idarələr bu perspektivli sahənin dirçəlməsi, bu hesaba bölgədə əhalinin faydalı məşğulluğunun artırılması qayğısına lazımınca qalmır, bir çox hallarda bölgədən gələn təşəbbüslərə biganə yanaşırlar. Bu məqsədlə torpaq sahəsi bir neçə il əvvəl ayrılsa da, layihəni reallaşdırmaq üçün hələ də konkret addım atılmamışdır. Əgər bu möhtəşəm layihə həyata keçirilərsə, ərazinin yaxınlığında yaşayan və işsizlikdən əziyyət çəkən "Qayıdış" qəsəbələrinin 12 min nəfərlik əhalisinin işlə bağlı müraciətlərinə son qoyular.

Füzuli cəbhə bölgəsidir. Burada yaşayan adamlar atəşkəsin tez-tez pozulmasına, ölümsaçan güllələrin vıyıltısına artıq adət etmişlər. Adamlar bu şəraitdə yaşamalarına baxmayaraq, doğma yurdun hər qarışını gözəlləşdirməyə, cənnətə döndərməyə çalışırlar. Kürəyində dövlətin əli, ürəyində Vətənə sonsuz məhəbbət olan bu adamlar rayon mərkəzi statusunu daşıyan Horadiz şəhərinin, işğaldan azad edilmiş bütün yaşayış məntəqələrinin simasını dəyişdirmək, ona müasir görkəm vermək, yüksək zövqlə abadlıq, quruculuq işləri aparmaq üçün elliklə hərəkətə keçiblər. Söz yox ki, dünyanın inkişaf etmiş ölkələrinin bu sahədəki təcrübəsi yerli şəraitə uyğun bir yaradıcılıqla həyata keçirilir. Bu gün Horadiz şəhərində, ayrı-ayrı kəndlərdə aparılan abadlıq işləri göz oxşayır. Bölgə sakinləri ulu öndərə sonsuz hörmət və ehtiramla Horadiz şəhərində Heydər Əliyev prospekti salır, Heydər Əliyev mərkəzi tikirlər. Park, xiyaban və küçələr hərarətli əllərin sığalı ilə görkəmini dəyişir. Ötən bağsalma mövsümündə Horadiz şəhərində 7 minə yaxın çinar, Amerika və İtaliya novlü həmişəyaşıl ağaclar, gül kolları əkilmişdir. Yaşıllıqların sahəsi qayğı ilə artırılır, onlara xüsusi qulluq göstərilir. Şəhərdə müasir işıqlandırma sistemi qurulur, səkilərə gözəl dizayn verilir. Küçə boyu binaların fasadı yeni və yaraşıqlı görkəm alır.

Bu gün Füzuli dövlət başçısının qayğısı sayəsində əsl inşaat meydanına çevrilib. Prezidentin təşəbbüsü ilə Horadizdə Olimpiya İdman Kompleksinin, müasir tibb mərkəzinin, respublikada analoqu olmayan "Muğam mərkəzi"nin tikilib istifadəyə verilməsi heç kəsdə arxayınçılıq yaratmır, qurub-yaratmaqdan zövq alırlar. Bölgədə su elektrik stansiyasının tikintisi davam etdirilir. Birinci növbənin istifadəyə verilməsinə az bir vaxt  qalır. 5 min ton kənd təsərrüfatı məhsulu saxlaya biləcək soyuducu anbarın inşası bölgə əhalisində razılıq doğurur. Burada tezliklə böyük broyler fabriki də inşa ediləcəkdir. Prezidentin sərəncamı ilə 7 milyon manat vəsait ayrılmış kənd yollarının tikintisi və yenidən qurulması sürətlə davam etdirilir.

Alı Alıyev deyir ki, Fransadan dönəndən sonra Füzuliyə yeni nəzərlərlə baxır. Aparılan genişmiqyaslı abadlıq, quruculuq işlərində yüksək zövq, müasir üslub indi daha çox diqqət çəkir. Doğma yurdun gözəlləşməsi bir tərəfdən könül xoşluğu yaradırsa, digər tərəfdən, adamların doğma torpağa məhəbbətini gücləndirir, özlərinə inamını artırır. İnamdan qaynaqlanan inkişaf isə davamlı və güclü olur. Bu gün Füzuli camaatında güclü inam var. Onlar Prezident İlham Əliyevin zəkasına, qüdrətinə, müdrik siyasətinə birmənalı şəkildə inanırlar. İnanırlar ki, dövlət başçısının müdrik siyasəti sayəsində  torpaqlarımız tezliklə azad ediləcək, həyatımız daha firavan, günlərimiz daha xoş və mənalı olacaqdır.

 

 

 Lazım QULİYEV

 

Azərbaycan.- 2011.- 11 sentyabr.- S. 4.