Sirrdaşım mənim
Heç vaxt Qobustanda
olmamışam. Ancaq
o yerlər doğmadır,
elə bil, qarış-qarış gəzmişəm,
min ildir tanıyıram.
Kainatın ağlasığmaz
ənginliklərinə qanad
çalmağa imkan yaradan əfsanəvi liman kimi. Bu yerlərin zamanı musiqi kimi təqdim edə bilən incə ritmi var. Qavaldaşların kainatın
yaddaşına həkk
etdiyi bu bəstə himn sanki ruhumda, nəbzimdə çırpınır,
məni böyük sirlərin qapısının
qıfılınadək ötürüb
gedir. Buradan o yana yer adamına
dəxli olmayan böyük elmlər və böyük sirlərin fəzaları başlayır. Bəllisi odur ki, bir
saniyədə 500 kilometr
sürətlə uçuruq
və hər şeyin qopub gedəcəyi, dağların
yun kimi didiləcəyi bir vəziyyətdə təhlükələri
duymadan dünyamızdan
zövq alırıq.
Əsrlərin dərinliyindən
Sədinin sədası
gəlir: "Zaman sabitdir, axıb gedən, ötüb keçən bizik".
Təxəyyülümdə Qobustanın qavaldaşlarını fəzaların
dərinliyindən seyr
edirəm. Deyirlər, nə vaxtsa bu ərazilərdə
bizdən əvvəlki
sivilizasiyalardan biri yaşayıb. Onlar zəkalı, əzəmətli
və möhtəşəm
olublar. Ağıllarının
gücü ilə daşları yerindən qaldıra biliblər, uzaq məsafələrə
uçublar. Onlar ayrılıqlar nədirsə,
bilməyiblər. Yerin
sinəsində "çiçəkləyən"
Qobustan daşları,
böyük virtual kitabxanalar
kimi, bizim əcdadlarımızın simfoniyasını,
"keçib gedən"
insanların nəğmələrini
sinələrində nəsillərdən-nəsillərə
daşıyırlar. Sadəcə,
bu kitabxanaya girmək üçün
bu daşların
"ürəkləri"ni vərəqləməyi, genetik
yaddaşımızın daş
simfoniyasının minilliklərin
dərinliyindən sızıb
gələn notlarını
dinləməyi bacarmaq
lazımdır.
Tələffüzü asan, qısa və yığcam olsa da, daş sözü
ifadə ediləndə
ağırlığı hiss olunur. "Elə bil ayağı
daşdır", "Başına daş
düşüb" ifadələrində daş
sözünün daş kimi sərtliyini, bərkliyini o saat
hiss edirsən. Sanki qəfildən hündür bir sədlə
qarşılaşmısan. Yəni, bu sözün insan təfəkküründə
yaratdığı surət, bütün başqa dillərdəki
kimi, eyni məzmunda olur.
Doğma
dilimizin üfüqlərinə qayıdıb daş
sözünü "əlimizə götürək", onu
başqa sözlə birləşdirək - "qumla, sementlə
qarışdırıb" cümlə adlanan "imarətin
himinə qoyaq". Daş sözünün başqa sözlərə
birləşib yaratdığı yenilərinin
naxışlarına Qobustanın rəsmlərinə aludə
olduğun kimi heyran qalacaqsan. Qobustan daşlarının ürəyi
riqqətə gətirən, ruha ilham verən ritmlərini
eşidirsən. Heyrətlənirsən ki, dil də bu qədər
füsunkar ola bilərmi?! Heç bir dildə daş sözü
möcüzə yarada bilmir. Ancaq ana dilimizdə daş kəlməsi
başqa bir sadə sözlə birləşib nadir incilər
yaradır.
Qobustan
qayalıqları bəlkə də Dədə Qorqudun
dolaşdığı sevimli yerlərdən olub. Bəlkə
də elə onun sinəsinə basıb
çaldığı sehrli
qopuzu nə vaxtsa daşları da dindirib dilə gətirib. Adi
sözlər təxəyyülümüzdə qövs
cızaraq başqaları ilə birləşir, ağlabatmayan
mənalar kəsb edən ən gözəl sözləri
yaradır. Daşla qar sözləri birləşərək
qardaşa çevrilir. Yurdla daş isə yurddaşa
dönür. Bu yeni sözdə
yağan qarlardan gələn və daşlardan sızan
soyuqlardan əsər-əlamət belə qalmır. Türk
dillərindən başqa bir çox dillərdə daş
sözü ilə birləşib yeni mənalar kəsb edən
sözlər, demək olar ki, yox dərəcəsindədir.
İngilis dilində, latın dilləri qrupunun əksəriyyətində
daş sözü bizim dilimizdəki qədər başqa
sözlərə qaynayıb qarışa bilmir.
Daşların
hərəsi bir yerdən alınıb kəsilir, gətirilir
və atılır binə yerinə, yurd yerinə. Daş da
yaxınlaşır sənə və kürəyini ona
söykəyib qürurlana bilirsən, ondan güc alırsan,
gözünü yumub dincəlirsən. Adi daş əzəmətli
qala daşına, müqəddəs yurd daşına
çevrilir.
Daşlar
ucalır: Qız qalası, İçərişəhər,
Çin səddi kimi. Daşlar qərinələr, əsrlər
ötdükcə abidəyə çevrilir, zənginləşirlər.
Azərbaycan
dilində ən gözəl, ən müqəddəs sözlər
daşdan yonulur, daşdan yaranır desək, yanılmarıq.
Vətəndaş sözü ingiliscə - sitizen, rusca - qrajdanin, fransızca - citoyen
deməkdir. Faktiki bu 3 dilin üçündə də vətəndaş
kəlməsi şəhərli anlamında işlənilir. Əgər Azərbaycan dilində də
vətəndaş sözü Avropa dillərində olduğu
kimi, şəhərli kimi ifadə edilsəydi, çətin
ki, Məmməd Araz "Vətən mənə oğul desə,
nə dərdim, Mamır olub qayasında bitərdim", - deyə
yazardı.
Binə
yerinə atılıb yonulan daş necə dəyişib
isinirsə, dilimizdə başqa sözlə qaynayıb
qarışan daşlar da eləcə
daşlığını, sərtliyini itirir, yumşalır,
gözəlləşirlər. Daşla körpülər
tikib, tağlar ucaltdığımız, daş yollar
saldığımız qədər, daşlardan
"yapışan" sözlər də sirdaşa,
yurddaşa, əməkdaşa və hətta qələmdaşa
çevrilir. Kədərimiz,
itkilərimiz belə daşın sinəsindən keçir -
başdaşı, sinədaşı kimi. Bunlar Qobustanın kədərli ritmləridir.
Daşsız
dilimiz ötüşə bilmir, neçə ki susuz,
çörəksiz çətin olur yaşamaq insan xislətinə.
Elçiliyimiz də elçi daşının üstündə
lövbər salıb oturmağımızdan başlayıb.
Qubada
dağlarda Qırızla
Qırız Dəhnə kəndləri arasındakı
zirvədə iki böyük daş var. Birinin adı Xeyir
daşı, digərinin isə Şər daşıdır.
Şər daşının üstündə kimsə dayansa,
bilirlər ki, hüzn düşüb, Xeyir daşının
üstündəki adam da toy-düyünə işarədir.
Daşlar beləcə dinib danışır, bizi yaxın
edir.
Bahadur İMANQULİYEV,
Fərman BAĞIROV
Azərbaycan.- 2011.- 11 sentyabr.- S. 5.