Bir dön bizim BAKIYA bax

 

Müasir Azərbaycan - 20

 

Bakının qədimliyini, tarixiliyini və müasirliyini özündə yaşadan özəlliyindən, burada aparılan abadlıq və quruculuq işlərindən danışmaqla qurtaran deyil. Dövlət başçısının qayğısı sayəsində son illər onun siması tanınmaz dərəcədə dəyişib. Bu ilin əvvəllərində Azərbaycanda səfərdə olmuş "Euronews" telekanalının baş icraçı direktoru Filip Kaylan şəhərlə tanışlıq zamanı bildirmişdi ki, Bakıda tarix qorunmaqla yanaşı, müasirlik də duyulur. Həmin telekanalın Müşahidə Şurasının sədri Pyer Luici Malezani də Bakını gəzdikdən sonra demişdir: "Yeni tikilən binalardan zövq aldıq. Burada tarixlə müasirliyin qovuşmasını çox bəyəndik".

Belə misalların sayını istənilən qədər artırmaq olar. Tək şəhərin qonaqları deyil, bakılıların özləri də bu gün keçdikləri küçədən bir-iki aydan sonra yenidən keçəndə "...buralar nə yaman dəyişib, heç tanımaq olmur?!" deyə görülən işlərə heyran qalırlar. Bu, həqiqətən də belədir. Qısa müddət ərzində xeyli yeniliklə, gözəlliklə qarşılaşan yerli sakinlər və paytaxtımızın qonaqları Azərbaycanın iqtisadi inkişafından irəli gələn bu möhtəşəm quruculuğu düşünülmüş siyasətin məntiqi nəticəsi kimi alqışlayırlar.

Açılışında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirak etdikləri "Kempinski Badamdar" hotel kompleksi öz təkrarsız memarlıq üslubu ilə diqqəti cəlb edir. Yasamal rayonundakı Mikayıl Müşfiq küçəsində yerləşən və ümumi sahəsi 84 min kvadratmetr olan bu kompleks 2,5 hektar ərazini əhatə edir. Burada yüksək səviyyədə abadlaşdırma işləri aparılıb, müxtəlif çeşidli dekorativ ağac və kollar əkilib, yaşıllıq zolaqları salınıb.  Hotel kompleksi istirahət mərkəzi kimi də fəaliyyət göstərəcəkdir. Yalnız dünyanın ən inkişaf etmiş ölkələrində rast gəlinən bu cür obyektlər iş adamlarına, turistlərə və qonaqlara maksimum xidmət göstərə bilir. Olduqca müasir dizaynı ilə seçilən bu obyektdə beynəlxalq milli memarlıq üslubu böyük peşəkarlıqla uzlaşdırılıb.

Bakının gözəlliyinə yeni çalarlar qatan infrastruktur layihələrinin icrası davam etdirilir. İçərişəhərdə aparılan təmir-bərpa işləri sayəsində çoxəsrlik tariximizi yaşadan abidələr gözəlliyini saxlamaqla yanaşı, günümüzün müasir memarlıq təmayüllərini özündə birləşdirir. Bu yenilik təkcə İçərişəhər abidə kompleksində yox, Bakının müxtəlif ünvanlarında yerləşən yüzlərlə binada aparılan təmir-bərpa işlərində də hiss olunur. Həmin binaların əvvəlki görkəmi ilə indiki vəziyyətini müqayisə etməyə belə dəyməz.

"Dövlətimiz çox möhkəm milli mənəvi dəyərlər üzərində qurulubdur. Ancaq gələcəyə - müasirliyə, inkişafa, tərəqqiyə yönəlibdir" söyləyən Prezident İlham Əliyevin tələbi budur ki, Bakı bütün sahələr üzrə gözəl şəhər statusuna layiq olsun.

Sakinlərin və qonaqların rahatlığının və istirahətlərinin səmərəli təşkili üçün Bakının simvolu - Dənizkənarı bulvarda  yenidənqurma işləri indi də davam edir. Ölkə başçısının təsdiq etdiyi proqram çərçivəsində bulvarın Zığ və Bayıl istiqamətlərində böyüdülməsi layihəsi icra olunur. Bulvar Dəniz limanından Əhmədli istiqamətinə doğru 9 km genişləndiriləcək. Bu məqsədlə Bakı buxtasında yerləşən bir sıra müəssisə və obyektlər, o cümlədən Xəzər Dəniz Gəmiçiliyinin gəmi təmiri zavodu və digər obyektlər Ələt istiqamətinə köçürülür. Bulvar ərazisinə daxil olan Dövlət Bayrağı meydanı isə artıq  müstəqil Azərbaycanın qürur və iftixar ünvanıdır.

Görüləcək işlərdən biri də 20-ci Sahə, Qaraşəhər, "Xutor", "Beşmərtəbə" adlanan ərazilərin yenidən qurulmasıdır. Qaraşəhərin ərazisində həm yaşayış, həm inzibati mərkəz formalaşdırılır. Hazırda 220 hektar ərazidə "Ağ şəhər" layihəsi reallaşdırılır. Heydər Əliyev prospektinin şimal hissəsində, Nərimanov rayonunda yeni inzibati mərkəzdə tamamlama işləri görülür. Bəzi ictimai və dövlət əhəmiyyətli binaların bu əraziyə köçürülməsi nəzərdə tutulub. Yaxın vaxtlarda Dövlət Neft Şirkəti və Dövlət Neft Fondu da fəaliyyətini buradakı yeni binalarda davam etdirəcək.

Paytaxtda yeni məskunlaşma yeri kimi nəzərdə tutulan ərazilərdən biri də "Xutor"dur. Bu ərazi müasir şəhərsalmanın tələbləri baxımından əlverişli yaşayış zonası hesab edilir. Mütəxəssislərin fikrincə, "Xutor"da olduğu kimi, şəhərin mərkəzində də bəzi ərazilərdən səmərəli istifadə olunmur. Təkcə Qaraşəhər ərazisində təqribən 1500 hektar sahə istifadəsiz qalıb. Yararlı torpaq sahələri Böyükşor gölünün ətrafında da var. Göl tədricən qurudulmaqla ətrafında tikinti işləri aparılır.

Yaxın vaxtlarda Bayıl qəsəbəsində də yenidənqurma və tikinti-quruculuq işlərinə başlanacaq. Plansız tikililər və nəqliyyat sisteminə, eləcə də mürəkkəb ərazi və relyefə malik 20-ci Sahə müasir şəhərsalmanın tələbləri baxımından yenidən qurulur. Bayıl istiqamətindən şəhərə girişi asanlaşdırmaq və yollarda avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Bakının girişindəki təpələrin altından tunel salıb Bakı-Salyan şosesilə 20-ci Sahəni birləşdirən təxminən 8 kilometr uzunluğunda yol çəkiləcəkdir. Uzunluğu 1200 metr olacaq ikinci tunel isə 20-ci Sahənin şimalından təpələrin altı ilə Nəbatat bağınadək uzanacaqdır. Bu tunel-yolların çəkilməsi Bakının girişində bir neçə kilometrlik yola qənaət etməklə magistral yoldan birbaşa şəhərin mərkəzinə daxil olmağa imkan verəcək.

Ölkə rəhbərinin göstərişindən sonra paytaxtın nəqliyyat strukturunda həyata keçirilən tədbirlər bu sahədəki çatışmazlıqları xeyli aradan qaldırıb. Ümumiyyətlə, son bir neçə il ərzində paytaxtın ehtiyac duyulan, nəqliyyat və sərnişinlərin daha çox hərəkət etdiyi ərazilərdə dünya standartlarına uyğun yollar, yol qovşaqları, yolötürücülər, körpülər, tunellər, yeraltı piyada keçidləri tikilmiş, əvvəlkilər bərpa olunmuşdur. İndi paytaxtın küçələrində təzə taksilər, iritutumlu rahat avtobuslar xidmət göstərir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 20 iyul 2011-ci il tarixli Fərmanı bu sahədə işlərin daha yüksək səviyyədə təşkilinə yeni imkanlar yaradıb.

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 3-də Bakının şərəfli keçmişini özündə yaşadacaq başqa bir sənəd də imzalamışdır. Bu, ölkə başçısının Bakı şəhərində İstiqlal Muzeyinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncamıdır. Sərəncamda göstərilir ki, muzeyin tikintisi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon manat vəsait ayrılsın. Respublikanın Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşmənin müəyyən olunmuş qaydada təmin edilməsi barədə tapşırıq verilmişdir.

Ölkə rəhbərinin bu sərəncamdan iki gün sonra imzaladığı "Abşeron rayonunun ərazisində yeni Zooloji Parkın tikintisi ilə bağlı tədbirlər haqqında" 5 avqust 2011-ci il tarixli Sərəncamı da bakılılar tə\rəfindən məmnunluqla qarşılanmışdır. Belə bir parkın yaradılması zooloji müxtəlifliyə malik Abşeron yarımadasında təbii aləmin tarixiliyinin bərpası və ətraf mühitin mühafizəsində müstəsna əhəmiyyətə malikdir. Sərəncama əsasən, yeni Zooloji Parkın tikintisi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Ehtiyat Fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 3 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdur. Dünyanın sayımlı-seçimli şəhərləri sırasında öz layiqli yerini tutan  Bakı, beləcə,  öz sabahına qədimliyi ilə yanaşı, gündən-günə gözəlləşən müasirliyi ilə qədəm qoyur.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2011.- 11 sentyabr.- S. 6.