Azərbaycan
Prezidenti İlham Əliyevin çıxışı
- Hörmətli
xanımlar və cənablar!
Əziz qonaqlar! Hörmətli baş
direktor!
Mən sizin hamınızı Azərbaycanda
səmimiyyətlə salamlayıram, ölkəmizə xoş
gəlmisiniz. Dünya Səhiyyə Təşkilatının
Avropa Regional Komitəsinin sessiyasının Azərbaycanda
keçirilməsi ölkəmiz üçün çox
mühüm və əlamətdar bir hadisədir. Mən
çox şadam ki, bu gün Avropa qitəsini təmsil edən
nümayəndələr bizim qonaqlarımızdır. Əminəm
ki, sessiyanın işi uğurlu olacaq və eyni zamanda, qonaqlar
ölkəmizlə, şəhərimizlə tanış
olacaqlar.
Biz çox şadıq ki, Dünya Səhiyyə
Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıq
çox uğurla və sürətlə inkişaf edir. Təşkilatın
verdiyi tövsiyələr, məsləhətlər bizim
üçün çox dəyərlidir və Azərbaycanda
səhiyyə sahəsində aparılan islahatlar
üçün çox qiymətlidir. Mən bu gün
xüsusilə Dünya Səhiyyə Təşkilatının
baş direktoru xanım Marqaret Çanı səmimiyyətlə
salamlamaq istəyirəm. Xanım Çan bizim dostumuzdur,
ölkəmizin dostudur və birinci dəfə deyil ki, Azərbaycanda
səfərdədir. Hər dəfə Azərbaycanda olarkən
və müzakirələr aparılarkən biz bir daha əmin
oluruq ki, Dünya Səhiyyə Təşkilatına çox dəyərli
insan rəhbərlik edir və təşkilatın son illərdəki
nüfuzunun artırılması üçün xanım
baş direktorun çox böyük zəhməti vardır.
Azərbaycanda səhiyyə məsələlərinə
çox böyük diqqət göstərilir. Bu gün yəqin
ki, müzakirələr zamanı bu məsələ ilə
bağlı məlumatlar veriləcəkdir. Deyə bilərəm
ki, dövlətimiz və hökumətimiz sosial məsələlərin
həllinə çox böyük diqqət verir. Təkcə
bəzi rəqəmləri qeyd etməklə görmək
mümkün olacaq ki, doğrudan da bizim bu sahədəki siyasətimiz
çox dəqiqdir və müsbətdir. Son beş il ərzində
səhiyyə məsələlərinə ayrılan dövlət
büdcə xərclərimiz 8 dəfədən çox
artmışdır. Yəni bu, özlüyündə onu
göstərir ki, bu məsələ bizim üçün
prioritet məsələdir. Dövlətimiz insanların
sağlamlığının təmin edilməsi
üçün əlindən gələni etməyə
çalışır. Son illərdə səhiyyə
sisteminin maddi-texniki bazasının gücləndirilməsi
üçün konkret addımlar atılmışdır.
Çünki bildiyiniz kimi, müstəqilliyimizin ilk illərində
Azərbaycanda iqtisadi vəziyyət çox ağır idi,
ölkədə böhran hökm sürürdü, maliyyə
imkanlarımız çox məhdud idi və vaxtilə -
keçmiş dövrlərdə yaradılmış səhiyyə
müəssisələri də yararsız vəziyyətə
düşmüşdü. Biz çox istəyirdik ki, tezliklə
bu məsələ ilə bağlı dönüş yarada
bilək. Son bir neçə il ərzində Azərbaycanda
tikilmiş və əsaslı təmir edilmiş səhiyyə
müəssisələri bu gün müasir Azərbaycanın
reallıqlarını əks etdirir. Son illər ərzində
ölkəmizdə 400-dən artıq səhiyyə müəssisəsi
tikilib və yaxud əsaslı şəkildə təmir
edilib. Onların arasında xüsusi əhəmiyyət kəsb
edən, son bir neçə il ərzində Bakıda
yaradılmış Onkoloji Mərkəzi qeyd etmək istərdim.
Eyni zamanda, çox müasir Oftalmologiya Mərkəzi, Urologiya
Mərkəzi, Talassemiya Mərkəzi tikilmişdir, Elmi Cərrahiyyə Mərkəzi
yaradılmışdır. Ölkəmizdə Perinatal mərkəzlər
yaradılır. Demək olar ki, bütün şəhərlərdə
xəstəxanalar təmir olunur və tikilir. 14 şəhərdə
ən müasir standartlara cavab verən Müalicə-Diaqnostika
mərkəzləri tikilmişdir və orada hemodializ
qurğuları quraşdırılmışdır. Qeyd etmək
istəyirəm ki, dövlət səhiyyə müəssisələrində
bütün xidmətlər pulsuzdur.
Eyni zamanda, son illər ərzində
müasir avadanlığın alınması üçün
böyük vəsait xərclənmişdir. Hesab edirəm ki,
səhiyyə sistemində müşahidə olunan müsbət
dinamika, o cümlədən səhiyyə sahəsinin
maddi-texniki bazasının möhkəmləndirilməsi
hesabına mümkün olmuşdur.
Bununla bərabər, səhiyyə sahəsində
aparılan islahatlar, ən mütərəqqi təcrübənin
Azərbaycanda tətbiq edilməsi, beynəlxalq əlaqələr,
həkimlərimizin təkmilləşdirilməsi məsələlərinə
verilən diqqət, xarici klinikalarda Azərbaycan həkimlərinin
öyrədilməsi və təhsili, bütün bu məsələlər
hesab edirəm ki, səhiyyə sahəsində ciddi
dönüşə gətirib çıxarmışdır
və əlbəttə ki, görülən işlərin nəticəsi
insanların sağlamlığıdır. Azərbaycanda bu
sahədə müsbət dinamika onu göstərir ki, son illər
ərzində insanların ömrünün uzunluğu
artır, uşaq ölümü, ana ölümü
azalır. Biz elə etməliyik ki, bu müsbət
dinamikanı saxlayaq və gələcəkdə səhiyyə
ilə bağlı nəzərdə tutulmuş bütün məsələlər
öz həllini tapsın. Bizim planlarımız çoxdur.
Hazırda bir neçə şəhərdə, o cümlədən
Bakı şəhərində yeni, müasir səhiyyə
ocaqları tikilir və onların istifadəyə verilməsi
nəticəsində deyə bilərəm ki, Azərbaycanda səhiyyə
sahəsinin maddi-texniki bazası tam şəkildə yeniləşəcəkdir.
Bununla bərabər, insanın
sağlamlığını şərtləndirən digər
sahələrə də Azərbaycanda çox böyük
diqqət göstərilir. İlk növbədə ölkəmizdə
ekoloji vəziyyətin yaxşılaşdırılması
üçün konkret addımlar atılır. Siz
yaxşı bilirsiniz ki, ekologiyanın insanın
sağlamlığına çox böyük - həm
müsbət, həm mənfi təsiri ola bilər. Keçən
il Azərbaycanda "Ekologiya ili" elan edilmişdi. Çox
böyük tədbirlər görülmüşdür.
İl yarım ərzində ölkəmizdə 10 milyondan
artıq ağac əkilmişdir. Ekoloji vəziyyətin
yaxşılaşdırılması bilavasitə insanların
sağlamlığına təsir göstərir. Ölkəmizin
hər bir yerində böyük su layihələri icra edilir.
Su problemi, əfsuslar olsun ki, bütün dövrlərdə
Azərbaycanda çox kəskin, çox ciddi bir problem idi. Biz
bu problemin həlli üçün konkret addımlar
atırıq və 2013-cü ilin sonuna qədər Azərbaycanda
əhaliyə verilən su Dünya Səhiyyə Təşkilatının
standartlarına cavab verməlidir. Yəni bu bir meyardır və
biz çalışacağıq ki, bu məqsədlərə
nail olaq. Bu layihələr çox böyük vəsait tələb
edir. Ancaq Azərbaycan dövləti bu vəsaiti ayırır
və eyni zamanda, beynəlxalq təşkilatlar da bizə
kreditlərlə kömək göstərirlər. Mən tam əminəm
ki, içməli su və kanalizasiya layihələrinin icra
edilməsi nəticəsində bu amillər də
insanların sağlamlığına çox müsbət təsir
göstərəcəkdir.
İnsanların
sağlamlığını şərtləndirən amillərdən
biri də idmandır. Azərbaycanda bu sahədə də
çox böyük işlər görülür. Son illər
ərzində ölkəmizdə 30-dan çox
Olimpiya-İdman Mərkəzi, idman meydançaları
tikilmişdir. Ümumiyyətlə, ölkəmizdə idmanla,
fiziki hazırlıqla məşğul olmaq üçün
çox gözəl şərait yaradılmışdır.
Biz gəncləri idmana cəlb etməklə bir neçə
məqsədi güdürük. Birinci növbədə, onlar
sağlam olurlar, digər tərəfdən, biz gəncləri
pis vərdişlərdən də çəkindirməliyik.
Azərbaycanda narkomaniyaya qarşı çox ciddi mübarizə
aparılır. Bu yaxınlarda "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramı qəbul
edilmişdir. Gənclərin sağlam şəkildə
böyüməsi gələcəkdə səhiyyə
problemlərinin azalmasına gətirib çıxaracaqdır.
Çünki insan uşaqlıq yaşlarından, gənc
yaşlarından öz səhhətinə fikir verməlidir.
Mən səhiyyə məsələləri
ilə bağlı çıxışlarımda həmişə
dəfələrlə vurğulayıram ki, hər bir vətəndaş,
hər bir insan ildə bir dəfə müayinədən
keçməlidir.
Əfsuslar olsun ki, keçmiş
dövrlərdə bu praktika bizdə yox idi. Hesab edirəm ki,
biz bu sahədə görülən bütün işlərlə
bərabər maarifləndirmə işlərini də yüksək
səviyyədə qurmalıyıq. İnsanlar bilməlidirlər
ki, ildə heç olmasa, bir dəfə müayinədən
keçərsə, o zaman xəstəliyi aşkarlamaq da asan
olacaqdır. Nəzərə alsaq ki, bu gün Azərbaycanda
istənilən xəstəliyi müalicə etmək
üçün imkanlar var, tezliklə o xəstəlik aradan
qalxa bilər. Əlbəttə ki, Dünya Səhiyyə Təşkilatının
bu məsələ ilə bağlı təcrübəsi
bizim üçün çox dəyərlidir, çox
vacibdir. Avropa Regional Komitəsinin təcrübəsi də
çox vacibdir. Çünki Azərbaycan, ümumiyyətlə,
Avropa ölkələri ilə çox sıx əlaqədədir.
Bir neçə proqram icra edilir. Avropa İttifaqı ilə
münasibətlərimiz güclənir. Azərbaycan
"Şərq tərəfdaşlığı"
Proqramının üzvüdür. Bu proqrama qoşulmağımızın
əsas səbəbi ondan ibarətdir ki, biz Avropa ölkələrinin
qabaqcıl təcrübəsini Azərbaycanda tətbiq edək,
Avropa standartlarına yaxın olaq və gələcəkdə
istənilən sahədə öz vəziyyətimizi Avropa
standartlarına uyğunlaşdıraq. Ona görə bu məsələlərlə
bağlı bu sessiya zamanı keçiriləcək
müzakirələr bizim üçün çox vacibdir.
Ölkəmizdə sosial məsələlərin
həlli ilə bərabər çox ciddi iqtisadi islahatlar
aparılır. Əgər bu iqtisadi islahatlar səmərə
verməsəydi, yəqin ki, dediyim bu məsələlərlə
məşğul olmaq bizim üçün daha da çətin
olardı. Azərbaycan son illər ərzində iqtisadi sahədə
çox böyük uğurlara nail ola bilmişdir.
İqtisadiyyatımız son 7 il ərzində dünya
miqyasında ən yüksək templərlə inkişaf
etmişdir. Son 7 il ərzində Azərbaycanda ümumi daxili məhsul
təxminən 3 dəfə artmışdır. Yəni 300
faizə yaxın artmışdır. Bu, dünya
praktikasında nadir bir göstəricidir. Bununla bərabər,
ölkəmizin keçmişinə xas olan yoxsulluq problemi də
aradan qaldırılır. Yoxsulluq şəraitində
yaşayanların sayı son 7 il ərzində 49 faizdən 9 faizə
düşmüşdür. Bu da hesab edirəm ki, dünya
praktikasında ən sürətli inkişafdır. Əlbəttə
ki, yoxsulluq şəraitindən çıxan insanın
imkanları da genişlənir, maddi vəziyyəti də
yaxşılaşır və bu insanlar öz
sağlamlığına daha da ciddi diqqət göstərə
bilərlər.
Ölkəmizdə ağır vəziyyətdə
yaşayan ailələrə dövlət tərəfindən
dəstək verilir. Ağır vəziyyətdə yaşayan
125 min ailə dövlətdən ünvanlı sosial yardım
alır. Dünyada hökm sürən maliyyə və iqtisadi
böhrana baxmayaraq, Azərbaycanda bir dənə də olsun
sosial proqrama dəyişiklik edilməmişdir. Bir dənə
də olsun yubanma, yaxud da ki, geriləmə
olmamışdır. Əksinə, bu il Azərbaycan
pensiyaçılarının pensiya təminatı
yaxşılaşdırılmışdır və orta
hesabla pensiyalar 40 faiz artmışdır. Yaşlı nəsil
üçün bu, birbaşa onların sağlamlığına
verilən töhfədir. Çünki yaşlı nəsil, əfsuslar
olsun ki, dərmanların alınmasına daha çox vəsait
xərcləyir. Yaşlı nəslin
sağlamlığı, əlbəttə ki, daha da
böyük diqqət tələb edir. Biz hesab edirik ki, məhz
pensiyaçıların pensiyalarının 40 faiz səviyyəsində
artırılması çox ciddi sosial məsələnin həllidir,
eyni zamanda, birbaşa insanların sağlamlığına
verilən dəstəkdir.
Bir sözlə, əziz dostlar, ölkəmizdə
son illər ərzində sosial və iqtisadi islahatlar müsbət
nəticələrə gətirib
çıxarmışdır. Bununla
bərabər, əlbəttə ki, ölkə
qarşısında problemlər vardır. Biz
çalışmalıyıq və
çalışırıq ki, bu problemləri həll edək.
İqtisadi sahədə seçdiyimiz yol düzgün yoldur. Mən
tam əminəm ki, Azərbaycanın iqtisadiyyatı bundan sonra
da uğurla inkişaf edəcəkdir. Sosial məsələlərə
gəldikdə isə, hər bir sosial məsələ ilə
bağlı ciddi konkret Dövlət Proqramımız
vardır və bu proqramlar icra edilir.
Beynəlxalq təşkilatlar Azərbaycanda
görülən işlərə öz qiymətini verirlər.
İnsan inkişafı indeksinə görə, Azərbaycan son 5 il ərzində
dünya miqyasında ən böyük irəliləyişə
nail olan ölkədir. Dünya İqtisadi Forumunun
hesablamalarına görə, ölkə
iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə
görə Azərbaycan dünyada 55-ci yerdədir.
Keçmiş sovet respublikaları arasında
üçüncü, MDB məkanında isə birincidir. Bu
göstəricilər, əlbəttə ki, bizi daha da
ruhlandırır. Onu göstərir ki, bir daha demək istəyirəm,
seçdiyimiz yol düzgün yoldur. Bu yolda beynəlxalq təşkilatların,
xüsusilə Dünya Səhiyyə Təşkilatı kimi
mötəbər və nüfuzlu təşkilatın Azərbaycana
verdiyi diqqət bizim üçün çox qiymətli və
vacibdir.
Əziz dostlar mən, sizin
hamınızı Azərbaycanda bir daha səmimiyyətlə
salamlayıram! Sizə və sessiyanın işinə
uğurlar arzulayıram!
Sağ olun!
Azərbaycan.-2011.-13
sentyabr.-S.1.