Bakıda Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işinə başlamışdır

 

 Azərbaycan Prezidenti İlham Əliyev sessiyanın açılış mərasimində iştirak etmişdir

 

Sentyabrın 12-də Bakıda, "Gülüstan" sarayında Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işinə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyanın açılış mərasimində iştirak etmişdir.   

Dünya Səhiyyə Təşkilatının baş direktoru xanım Marqaret Çanın, DST-nin Avropa Regional bürosunun direktoru xanım Jujanna Yakabın iştirak etdikləri üçgünlük sessiyada 50-dən çox ölkənin səhiyyə nazirləri, yüksək  səviyyəli mütəxəssisləri müxtəlif xəstəliklərlə mübarizə və ictimai sağlamlıq məsələlərinə dair müzakirələr aparacaqlar.

Tədbirin məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildir. Son zamanlar ölkəmizdə səhiyyə sistemində mühüm islahatlar həyata keçirilmişdir. Bir çox beynəlxalq qurumlar, o cümlədən Dünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Komitəsinin rəsmiləri bildirmişlər ki, Azərbaycan səhiyyə sektorunda uğurlu nailiyyətlər əldə etmişdir və Avropanın bir çox ölkələri məhz Azərbaycanın bu sahədəki təcrübəsindən yararlana bilər.

Azərbaycanın dövlət büdcəsində səhiyyə sahəsinin inkişafına ayrılan vəsaitin məbləği artır, ölkədə yeni müasir müalicə ocaqları inşa edilir və yenidən qurulur. Dövlət dəstəyi və qayğısı ilə yanaşı, Heydər Əliyev Fondu da səhiyyə sahəsinin inkişafını fəaliyyətində prioritet istiqamətlərdən biri kimi müəyyən etmişdir. Ailə, ana və uşaq sağlamlığının qorunması Fondun diqqətdə saxladığı əsas sahələrdəndir. Bununla bağlı Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən zəruri proqram və layihələr Azərbaycanda səhiyyə sahəsinin inkişafına əvəzsiz töhfələr vermişdir.

Sessiyanın iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşıladılar.

 

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev açılış mərasiminə gəldiyinə və sessiyanın işinə dəstək verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. 

 

* * *

Sonra dövlətimizin başçısı tədbirin xaricdən olan iştirakçıları ilə görüşdü, onlara və sessiyanın işinə uğurlar arzuladı.

 

* * *

Daha sonra tədbir öz işini davam etdirdi. Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev 61-ci sessiyanın sədri seçildi.

Oqtay Şirəliyev çıxış edərək sessiyanın keçiriləcəyi bir neçə gün ərzində Bakıda Dünya Səhiyyə Təşkilatının Avropa Regional bürosunun yeni strategiyasının müəyyənləşdiriləcəyini dedi. Nazir Azərbaycanın səhiyyə sisteminin beynəlxalq səhiyyə təşkilatlarına inteqrasiyasının səmərəli nəticələrindən danışdı. O.Şirəliyev qeyd etdi ki, Bakıda keçirilən toplantıda qəbul ediləcək sənədlər dünyada yaşayan milyonlarla insanın həyat və sağlamlığına cavabdeh olan tibb işçiləri üçün yeni yolgöstərici proqram rolunu oynaya biləcəkdir.

 

Sonra sessiyanın gündəliyi təsdiq olundu.

 

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın sessiya iştirakçılarına təbrik məktubunu oxudu. Məktubda deyilir:

 

"Hörmətli qonaqlar!

 

Sizin hamınızı Azərbaycanın paytaxtı Bakı şəhərində səmimi-qəlbdən salamlayıram, hər birinizə uzun ömür, cansağlığı və uğurlar arzulayıram. Ümidvaram ki, ölkəmizdə keçirilən sessiyanın işi səhiyyə üçün taleyüklü sənədlərin qəbulu ilə nəticələnəcək və XXI əsrdə Avropa ölkələrinin səhiyyə sahəsindəki yeni siyasətinin formalaşdırılmasına öz müsbət təsirini göstərəcəkdir.

Regional Komitənin bu sessiyası respublikamızın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bir vaxta təsadüf edir. Ötən illər ərzində Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçərək, tibb müəssisələrinin maddi-texniki bazasının əsaslı surətdə yeniləşdirilməsi, müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının yaradılması və özəl sektorun qurulması istiqamətində bir çox nailiyyətlər qazanmışdır.

Səmərəli surətdə həyata keçirilən müxtəlif dövlət proqramları çərçivəsində yoluxucu xəstəliklərin, şəkərli diabet, hemofiliya və ümumən insanların sağlamlığı ilə bağlı digər problemlərin aradan qaldırılması üçün xeyli iş görülmüşdür. Ümidvaram ki, bizim səhiyyə sistemi ilə tanışlığınız da gələcək əməkdaşlığımız üçün möhkəm zəmin yaradacaqdır.

Qloballaşan dünyada insanların sağlamlığını müəyyən edən bir çox amillərin iqtisadi və sosial inkişafla bağlılığı qarşımızda yeni vəzifələr qoyaraq dövlət strukturlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin yeni əməkdaşlıq strategiyasının formalaşmasını tələb edir. Buna uyğun olaraq, rəhbərlik etdiyim Fond yarandığı ilk gündən səhiyyə sahəsində genişmiqyaslı layihələr həyata keçirməyə başlamışdır. Dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri və humanitar fondları ilə davamlı işbirliyimiz öz bəhrəsini verməkdədir.

Əminəm ki, üçüncü minilliyin inkişaf məqsədlərinə nail olmaq üçün Dünya Səhiyyə Təşkilatının ardıcıl həyata keçirdiyi siyasət bundan sonra da ölkələrimizdə mövcud potensialın səfərbər olunmasına və səhiyyənin inkişafına müxtəlif vasitələrlə, o cümlədən Avropa Regional Komitəsinin uğurlu işi ilə xidmət edəcəkdir.

 

Ən xoş arzularla,

Mehriban Əliyeva

Heydər Əliyev Fondunun prezidenti"

 

* * *

Sessiyada DST-nin Avropa Regional Bürosunun direktoru Jujanna Yakabın hesabatı dinlənildi. 

Son 20 ildə Avropada ömrün uzanmasının müşahidə edildiyini bildirən xanım J.Yakab səhiyyə sahəsində problemlərin mövcud olduğunu da diqqətə çatdırdı.

Sağlamlığın profilaktikasına daha ciddi yanaşmanın vacibliyini vurğulayan xanım J.Yakab Bakıda keçirilən sessiyada milli və regional səviyyədə səhiyyənin aktual məsələləri ilə bağlı Avropa ölkələrinin strategiya və planlarının müzakirə olunacağını dedi. Qeyd edildi ki, sessiyada qəbul ediləcək sənədlər "Sağlamlıq-2020" proqramının gerçəkləşməsi üçün Avropa ölkələrinin qarşılıqlı fəaliyyətini genişləndirməyi nəzərdə tutur. 

Xanım J.Yakab səhiyyə sahəsində bəzi problemlərin artıq qismən həll olunduğunu bildirdi, fövqəladə hallar zamanı hər bir ölkənin qurumları, xüsusən də səhiyyə sahəsinin məsələyə lazımi reaksiya verməsinin vacibliyini vurğuladı. O, həmçinin fövqəladə hallarda Dünya Səhiyyə Təşkilatı və onun Avropa Regional Bürosunun fəaliyyətini şərh etdi.

DST-nin Avropa Regional Bürosunun direktoru bir sıra yoluxucu xəstəliklərin profilaktikasında ayrı-ayrı ölkələrin təcrübəsindən danışaraq dedi: "52 üzv ölkədə Avropa immunlaşma həftəsi çox uğurla aparılıb. Belə tədbirlər fəaliyyətimizə təkan verən real vasitədir. Mən bu işdə Azərbaycanın nailiyyətlərini xüsusi qeyd etmək istərdim".

Xanım J.Yakab, eyni zamanda, Azərbaycanda malyariya xəstəliyinə qarşı mübarizə tədbirlərinin də çox səmərəli olduğunu diqqətə çatdırdı.

Vərəm, QİÇS xəstəlikləri və antibiotiklərin yaratdığı fəsadlara diqqəti yönəldən Jujanna Yakab bu xəstəliklərlə mübarizə üsullarının genişləndirilməsi üçün birgə səy göstərməyin vacibliyini vurğuladı.

Ekologiya və sağlamlığın Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin diqqətindəki daha bir məsələ olduğunu deyən xanım J.Yakab ətraf mühitin insan sağlamlığına mənfi və müsbət təsiri ilə bağlı müxtəlif proqramların həyata keçirildiyini qeyd etdi. O, həmçinin sağlamlığın möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələr barədə də geniş məlumat verdi.

Sonra məruzə ətrafında müzakirələr aparıldı. Qazaxıstanın, Bosniya və Herseqovinanın, Polşanın, Norveçin, Rusiyanın, Fransanın, İsveçrənin və digər ölkələrin səhiyyə nazirliklərinin nümayəndələri çıxış edərək yoluxucu olmayan xəstəliklər, vərəm və QİÇS əleyhinə mübarizə, alkoqolizmə, antibiotiklərə qarşı davamlılıq, eləcə də Dünya Səhiyyə Təşkilatında islahatların aparılması məsələlərini diqqətə çatdırdılar.

Sessiyada Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs da çıxış edərək Azərbaycan səhiyyəsinin son illər sürətlə inkişaf etdiyini, Avropa regionunda ən çox yayılmış təhlükəli xəstəliklərə qarşı mübarizənin səmərəsini artırmaq baxımından Bakı sessiyasının əhəmiyyətini xüsusi vurğuladı.

İİV/QİÇS, Vərəm və Malyariya üzrə Qlobal Fondun direktoru Mişel Kazaçkin  çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlıq etdi. Bildirdi ki, 2012-2015-ci illər üçün İİV/QİÇS üzrə Avropa fəaliyyət planı bu xəstəliyin qarşısını almağa xidmət edir. Qlobal miqyasda bu xəstəliyə yoluxanların sayı azalmaqdadır. Lakin Şərqi Avropada və Mərkəzi Asiyada 2000-ci ildən bəri İİV-lə yaşayanların sayı üç dəfə artmışdır. Əsas diqqət yenidən yoluxmanın qarşısını almağa, bu qəbildən olan xəstələrə hər cür yardımın artırılmasına yetirilməlidir. Bu ilin yayında dərc olunmuş yeni tədqiqatda müalicənin profilaktika vasitəsi kimi metodikanın yüksək səmərəliliyi göstərilmişdir. Bu metodika 2015-ci ilədək yenidən yoluxma hallarını iki dəfə azaltmağa imkan verəcəkdir.

Sessiyada Qlobal Fond ilə DST arasında əməkdaşlıq sənədi imzalandı. Sənədi Mişel Kazaçkin və Jujanna Yakab imzaladılar.

Sonra DST Avropa Regional Komitəsinin daimi komissiyasının hesabatı sessiya iştirakçılarına təqdim olundu. Hesabatda DST-nin komitələri və üzv təşkilatların gördüyü işlər və həyata keçirəcəyi layihələr barədə məlumat verilir.

Sessiyanın birinci iş günü "Sağlamlıq-2020" proqramının məqsədi, əsas istiqamətləri ilə bağlı diskussiyalarla davam etmişdir.

Dünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Komitəsinin 61-ci sessiyasında iştirak edən ölkələrin nümayəndələri tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirdilər.

Sessiya sentyabrın 13-də işini davam etdirəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2011.-13 sentyabr.-S.1-2.