Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycanın ən qədim
şəhərlərindən və mədəniyyət mərkəzlərindən
biri olan Şəkinin
zəngin tarixi vardır. Bu şəhərdə inşa edilmiş qədim
karvansaralar, qalalar,
müxtəlif müdafiə qurğuları, ictimai
binalar, məscid və məbədlər,
o cümlədən Kiş
kəndində yerləşən alban məbədi,
Xan sarayı və Şəkixanovların
evi kimi xüsusi memarlıq üslubuna
malik olan yüzlərlə
imarət və digər tarixi-memarlıq abidələri
mədəni irsimizin nadir
inciləridir.
Müasir dövrdə Şəki şəhərinin
inkişaf strategiyasına uyğun olaraq tikinti-abadlıq
işlərinin aparılmasında özünəməxsusluğun
qorunub saxlanılmasına, ətraf mühitlə vəhdətin
təmin olunmasına, tarixi mədəniyyət abidələrinin
mühafizəsinə və mövcud mədəni-tarixi potensialdan səmərəli istifadəyə
xüsusi diqqət yetirilməsi zəruridir.
Son illərdə Şəki şəhərində
bir sıra infrastruktur və sosial yönümlü layihələr
həyata keçirilmiş, müəyyən tarixi abidələr
bərpa olunmuş, yeni mehmanxanalar, istirahət mərkəzləri,
ticarət və xidmət obyektləri, Olimpiya İdman
Kompleksi, modul tipli elektrik stansiyası, sənaye müəssisələri
istifadəyə verilmişdir. 100 çarpayılıq
müasir xəstəxananın tikintisi isə başa
çatmaq üzrədir.
Şəhərin zəngin tarixi-mədəni
irsinin mühafizəsi və bərpası, şəhərsalma,
istirahət, turizm infrastrukturunun qədim memarlıq ənənələrinə
uyğun olmaqla müasir şəkildə yenidən
qurulması və Azərbaycan Respublikası Prezidentinin 2009-cu
il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nda müəyyən olunmuş tədbirlərin
həyata keçirilməsinin sürətləndirilməsi məqsədi
ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1. Şəki Şəhər İcra
Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan
Milli Elmlər Akademiyası ilə birlikdə Şəkinin
milli memarlıq ənənələrinin və üslubunun
qorunub saxlanması şərtilə, tarixi-memarlıq abidələri
və onların mühafizə zonaları, əhali
artımı, yeni yaşayış, istirahət, idman kompleksləri,
əhaliyə mədəni-məişət xidməti, şəhərdaxili
nəqliyyat, mühəndis-kommunikasiya şəbəkələri,
kommunal təsərrüfatı və sənaye-istehsal sahələrinə
aid obyektlərin yerləşdiyi ərazilər nəzərə
alınmaqla, şəhərin
inkişafı və
aparılacaq abadlıq-quruculuq işləri barədə bir ay
müddətində təkliflər
hazırlayıb, Şəki şəhərinin baş
planına daxil edilməsi üçün Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti Azərbaycan Respublikası Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin və Şəki Şəhər
İcra Hakimiyyətinin müvafiq nazirlik, dövlət komitəsi
və idarələrlə razılaşdırılmış
təklifləri əsasında Şəki şəhərinin
2030-cu ilə qədərki dövrdə inkişafına dair
baş planın təsdiqi üçün zəruri tədbirləri
iki ay müddətində həyata keçirsin.
3. Şəki şəhərinin sosial-iqtisadi
inkişafının sürətləndirilməsi məqsədi
ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan Şəki Şəhər
İcra Hakimiyyətinə ilkin olaraq 5 (beş) milyon manat vəsait
ayrılsın.
4. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi bu sərəncamın 3-cü hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni müəyyən
olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
12 sentyabr 2011-ci il
Azərbaycan.-2011.-13
sentyabr.-S.1.