Qlobal enerji
təhlükəsizliyinin təminində Azərbaycan daha güclü tərəfdaşa
çevrilir
Xəzərin ölkəmizə məxsus
sektorunda yeni böyük qaz yatağının
aşkarlanması Azərbaycanın enerji strategiyasının
uğurla reallaşmasına böyük töhfələr
verir
Müasir
dünyada dinamik iqtisadi inkişafı şərtləndirən
əsas amillərdən biri enerji faktorudur. Dünya
iqtisadiyyatı getdikcə daha çox müxtəlif mənbələrdən
əldə olunan enerjidən asılı hala düşür
və inkişaf prosesi əsas etibarilə sözügedən
amilin üzərində qurulur. Bu mənada, təbiidir ki, indi
dünya dövlətləri üçün prioritet sahələrdən
biri enerji təhlükəsizliyinin etibarlı təmininə
nail olmaqdır. Digər tərəfdən, o da birmənalı
həqiqətdir ki,
inkişafın müasir səviyyəsi nə qədər
modern xarakter daşısa da, dünya hələ xeyli dərəcədə
ənənəvi enerji mənbələrindən, xüsusən
də karbohidrogen ehtiyatlarından asılı olacaqdır. Beynəlxalq
Enerji Agentliyinin proqnozlarına görə, qarşıdakı
bir neçə onillik ərzində bu reallıq dəyişməyəcəkdir.
Böyük neft-qaz ehtiyatlarına malik
ölkələr qarşısında duran əsas məsələ
bu resurslardan səmərəli faydalanmaq, onun əsasında
inkişafın möhkəm təməlini yaratmaqdır. Mövcud
dünya xəritəsinə nəzər yetirdikdə belə
aydın olur ki, zəngin enerji resurslarına malik ölkələrin
heç də hamısı bundan böyük perspektivlərə
yol açan, dinamik tərəqqini təmin edən inkişaf
naminə istifadə edə bilmir. Lakin bu müstəvidə
uğurlu nümunənin əsasını yaradan, neft
kapitalını insan kapitalına müvəffəqiyyətlə
çevirməyi bacaran ölkələr də mövcuddur ki,
onların sırasında Azərbaycan xüsusilə
seçilir. Bu gün ölkəmiz malik olduğu enerji
ehtiyatlarından səmərəli və sürətli tərəqqiyə
hesablanmış inkişaf məqsədilə istifadə
olunmasında kifayət qədər uğurlu bir nümunənin
əsasını qoyub.
Azərbaycan daxili enerji təhlükəsizliyinə
tam şəkildə nail olan, o cümlədən alternativ,
yaxud bərpa edilən enerji hesabına qeyd olunan sahə
üzrə məcmu istehsalını davamlı şəkildə
artıran azsaylı ölkələr sırasına daxildir. Təqdirəlayiq
haldır ki, ölkəmiz qeyd edilənlərə paralel olaraq
qlobal enerji təhlükəsizliyinin təmin olunması sahəsində
xüsusi çəkisini mütəmadi artıran və əsas
söz sahiblərindən olan dövlətlər cərgəsindədir.
Elə bunun nəticəsidir ki, təkcə MDB yox, daha
böyük coğrafi məkanı əhatə edən məkanda
yeni transmilli layihələrin reallaşmasında əsas
iştirakçı dövlətlərdən biri qismində
məhz Azərbaycanın adı çəkilir. Məsələn,
barəsində tez-tez söz açılan, İraq və
Türkmənistandan, perspektivdə isə hətta İrandan
qaz götürəcək məşhur "Nabukko" layihəsinin
həyata keçməsi üçün Azərbaycana Qərb
dünyasında əsas ölkə kimi baxılır. "Cənub
enerji dəhlizi" layihəsində
yenə həlledici söz sahiblərindən biri Azərbaycandır.
Ölkəmiz nəhəng enerji layihələrində
iştirak və onların resurslarla təmini üçün
böyük karbohidrogen ehtiyatlarına malikdir. Bunu bir neçə
gün əvvəl "Abşeron" yatağında
böyük qaz ehtiyatlarının kəşf edilməsi də
əyani surətdə təsdiqlədi. Xatırlatmaq yerinə
düşər ki, "Abşeron" yatağından əvvəl
Azərbaycan geoloqları Xəzər dənizinin Azərbaycan
sektorunda yerləşən "Ümid" yatağında da
böyük həcmdə qaz ehtiyatları aşkar ediblər.
"Abşeron" yatağında üzə
çıxarılan ehtiyatlar isə Azərbaycanın təsdiq
olunmuş qaz resurslarının miqdarının əhəmiyyətli
dərəcədə artacağı deməkdir. Fransanın
"Total" şirkəti tərəfindən adıçəkilən
yataqda aparılan kəşfiyyat işlərini və əldə
olunan nəticələri yüksək qiymətləndirən
Prezident İlham Əliyev bununla bağlı bildirmişdir:
"Bu bizə imkan verəcək ki, öz qaz
strategiyamızı daha da inamla irəliyə aparaq, Azərbaycanı qaz ixrac edən
ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan
xalqının maraqlarını təmin edək. Uzun müddət
bundan sonra, onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən
ölkə kimi dünya miqyasında özünü göstərəcək
və bizim ölkə kimi əhəmiyyətimiz, şübhəsiz,
daha da artacaqdır".
Azərbaycan geoloqları tərəfindən
hələ 60-cı illərdə kəşf edilmiş
"Abşeron" yatağı üzrə birinci beynəlxalq
kontrakt 1997-ci ildə imzalanıb. Lakin həmin vaxt
görülən işlərdən nəticə
alınmadığından 2005-ci ildə kontrakta xitam verilib.
Ancaq 2009-cu ildə "Total" şirkəti ilə Azərbaycan
Dövlət Neft Şirkəti arasında "Abşeron"
yatağı üzrə imzalanan ikinci kontrakt çərçivəsində
aparılan kəşfiyyat işləri burada böyük qaz
ehtiyatlarının olduğunu üzə çıxardı.
Bu isə, öz növbəsində, Azərbaycanın
dünya enerji bazarlarında mövqelərinin daha da möhkəmlənməsinə
xidmət edəcək əsas hallardan biridir.
Hesab olunur ki, bu kəşf həm də
"Cənub enerji dəhlizi" layihəsinin
reallaşmasına növbəti böyük töhfə
olacaq. Xatırlatmaq yerinə düşərdi ki, 2009-cu ilin
may ayında Avropa İttifaqının Çexiyanın
paytaxtı Praqada elan etdiyi "Cənub enerji dəhlizi"
layihəsində Xəzər regionundan Avropaya qaz nəql edəcək
bir neçə kəmər nəzərdə tutulur. Onlardan ən
böyüyü qarşıdakı 5 il ərzində istismara
verilməsi nəzərdə tutulan "Nabukko" layihəsidir.
Bu kəmər vasitəsilə ildə 31 milyard kubmetr qazın
Avropaya nəqli nəzərdə tutulur. "Cənub enerji dəhlizi"ndə digər mühüm layihə
Türkiyə-Yunanıstan-İtaliya qaz kəməridir.
Sözügedən layihə ilə ildə 8 milyard kubmetr qaz
ixrac etmək olar. Transadriatik, "Bəyaz axın" layihələri də "Cənub
enerji dəhlizi"ndə yer alan və perspektivdə
reallaşma ehtimalı yüksək olan mühüm kəmərlər
sayılır. Bütünlükdə isə "Cənub
enerji dəhlizi"ndə əsas ölkələrdən biri
kimi məhz Azərbaycan çıxış edir. Bunu cari il
yanvarın 13-də Bakıda Prezident İlham Əliyev və
Avropa Komissiyasının sədri Xose Manuel Barrozu arasında
imzalanan "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə"
də təsdiq edir.
Sadalananlar fonunda təsadüfi deyil ki,
"Abşeron" yatağında yeni qaz ehtiyatlarının
kəşfi Azərbaycanın gələcəyi
baxımından vacib hadisə olaraq qiymətləndirilməklə
yanaşı, Avropa ölkələri üçün də
xoş xəbər sayılır. ABŞ-ın
"Heritage" Fondunun eksperti Ariel Koen bildirir ki, Xəzər
dənizinin Azərbaycan sektorundakı "Abşeron"
blokunda yeni iri qaz ehtiyatlarının kəşfi Azərbaycan
xalqı və Avropa üçün potensial enerji mənbələrinin
gələcəyinə böyük nailiyyətdir. Onun
sözlərinə görə, həmin yatağın kəşfi
bu resursların Avropa bazarlarına "Nabukko" və Xəzər
dənizi zonasının digər boru kəmərlərinin
inkişaf müddətini sürətləndirə bilər.
Ekspert hesab edir ki, bu kəşf Avropa İttifaqının
enerji şirkətləri, onların Avropanın enerji təhlükəsizliyini
təminetmə sahəsindəki liderliklərinin təmini
üçün çox vacibdir.
Türkiyənin Avrasiya İqtisadi Əlaqələr
Dərnəyinin sədri Hikmet Eren də hesab edir ki, Azərbaycanda
yeni qaz yatağının kəşfi ölkəmizin bölgədə
və Avropada enerji mövqelərinin güclənməsinə
təsir edəcək: "Azərbaycanın enerji
potensialı böyükdür və xüsusilə, Azərbaycan
Avropanın enerji təhlükəsizliyində mühüm rol
oynayır. Təsdiqlənmiş məlumatlara görə, Azərbaycanın
qaz ehtiyatı 100 illikdir. Bu, amil Azərbaycanın mövqelərinin
güclənməsinə təsir edir və bundan sonra da rəsmi
Bakının enerji siyasətində mövqelərinin güclənməsini
dinamik şəkildə müşahidə edəcəyik".
Hikmet Eren eyni zamanda yeni qaz yatağının kəşfini Azərbaycanın
bir daha enerji baxımından yenidən diqqət mərkəzində
olacağını qeyd edib. Ekspert hesab edir ki, Azərbaycanda
bundan sonra da yeni qaz yataqları kəşf olunacaq: "Onu qeyd
etməliyik ki, Azərbaycan Avropanın enerji siyasətində
mühüm rola malik ölkədir və bunu avropalı
analitiklər də öz fikirlərində dilə gətirirlər".
Tanınmış rusiyalı təhlilçi
Aleksey Vlasovun fikrincə isə "Abşeron" blokunda yeni
iri qaz yatağının kəşfi Azərbaycan
üçün mühüm strateji ehtiyatların meydana gəlməsi
deməkdir: "İri qaz yatağının kəşfi ilə
Bakı ehtiyat bazasının genişlənməsi hesabına
milli enerji strategiyasını daha böyük sürətlə
inkişaf etdirəcək. Şübhə yoxdur ki, Azərbaycan
qaz bazarındakı çətin partiyanın əsas
"bank" oyunçularından birinə çevriləcək".
Bütün bunlar bir daha qlobal enerji təhlükəsizliyinin
təmin olunmasında ölkəmizin rolunun getdikcə
artdığını, Azərbaycanın böyük
karbohidrogen resurslarına malik olduğuna dair verilən
proqnozların reallığını aydın surətdə
göstərir.
Rasim BAYRAMOV
Azərbaycan.-2011.-13
sentyabr.-S.5.