Qarabağ problemi BMT Baş Məclisinin gündəliyində
Beynəlxalq
təşkilat Ermənistan-Azərbaycan münaqişəsini yenidən
müzakirə edəcək
BMT Baş Məclisinin
bu gün başlayacaq 66-cı sessiyasının gündəliyinə
digər beynəlxalq problemlərlə yanaşı, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
müzakirəsi də daxil edilmişdir. Sessiyanın
iştirakçıları mövzu ilə
bağlı iki məsələni -
"GUAM məkanında həlli uzanan
münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri" və "Azərbaycanın
işğal olunmuş
ərazilərində vəziyyət"i müzakirə edəcəklər.
Sözügedən sənədlər
Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın
(GUAM) üzvləri tərəfindən hazırlanmış və
ilk dəfə BMT Baş Məclisinin 63-cü sessiyasına təqdim
edilmişdir. Azərbaycanın işğal olunmuş ərazilərində
vəziyyətə dair qətnamə layihəsinə uyğun
olaraq, Baş Məclis Azərbaycanın Dağlıq
Qarabağ bölgəsindən və bitişik rayonlardan
deportasiya olunmuş əhalinin əvvəlki yaşayış
yerlərinə qayıtmaq hüququnun vacibliyini qeyd edir. Sənəd
ATƏT-ə münaqişə zonasına təcili olaraq
müvafiq ekspert biliklərinə malik çoxmillətli
missiya göndərib beynəlxalq humanitar hüquq və insan
hüquqları sahəsində beynəlxalq standartlara riayət
edilməsi məsələsini araşdıraraq məruzə
hazırlamağı təklif edir.
Qeyd edək ki, "Azərbaycanın
işğal olunmuş ərazilərində vəziyyət"
haqqında məsələ hələ 2004-cü ildə BMT
Baş Məclisinin gündəliyinə daxil edilmişdir. 2008-ci
ildə Baş Məclis rəsmi Bakının təşəbbüsü
ilə ilk dəfə qətnamə qəbul edərək
"erməni qoşunlarını Azərbaycanın
işğal olunmuş ərazilərindən dərhal
çıxarmağa" çağırmışdır.
Məsələnin yenidən beynəlxalq
təşkilatın gündəliyinə
çıxarılması işğal faktının davam etməsi
ilə əlaqədardır. Xatırladaq ki, BMT Təhlükəsizlik
Şurası indiyədək Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə
dair dörd qətnamə qəbul etmişdir. Digər
nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən
ATƏT-in Parlament Assambleyası, İslam Əməkdaşlıq
Təşkilatı da dəfələrlə bu məsələni
müzakirə etmişdir. Beynəlxalq birlik tərəfindən
qəbul olunmuş bütün müvafiq qətnamələrdə
Ermənistanın təcavüzkarlıq siyasəti birmənalı
şəkildə pislənir, işğalçı
qoşunların Azərbaycan ərazilərindən dərhal və
qeyd-şərtsiz çıxarılması tələb
edilir. Lakin Ermənistan güclü havadarlarına arxalanaraq hələ
də dünya ictimaiyyətinin iradəsinə məhəl
qoymur. Eyni zamanda rəsmi Yerevan və onu dəstəkləyənlər
Qarabağ probleminin beynəlxalq səviyyədə müzakirəsinə
mane olmaq üçün dəridən-qabıqdan
çıxırlar. Onların iddiasına görə,
münaqişənin tənzimlənməsi ilə ATƏT-in
Minsk qrupu məşğuldur və danışıqların
başqa formata keçirilməsi məsələnin həllini
uzada bilər.
Bu iddianın əsassızlığı
göz qabağındadır. ATƏT-in Minsk qrupu münaqişə
tərəfləri ilə 20 ilə yaxındır ki, heç bir nəticəsi olmayan
uzun-uzadı danışıqlar aparır. Minsk
qrupuna həmsədrlik edən dövlətlərin
(ABŞ, Rusiya və Fransa)
irəli sürdükləri cürbəcür təşəbbüslər
bu və ya digər səbəbdən
kağız üzərində qalır. Beynəlxalq
vasitəçilərin dinc tənzimlənməyə
dair sonuncu təşəbbüsünü
- Madrid prinsiplərini Azərbaycan qəbul
etsə də, Ermənistan ona reaksiya verməyə tələsmir. Əvəzində
danışıqlar prosesini pozmaq, problemin
nizamlanmasını uzatmaq üçün
cürbəcür bəhanələr gətirir. Digər
tərəfdən, ATƏT-in Minsk qrupunun həmsədrləri faktiki
olaraq qrupun üzvü olan bütün dövlətlərin ortaq mövqeyini yox, təmsil etdikləri dövlətlərin mövqeyini ortaya qoyurlar. Həmsədrlərin məsələyə
yanaşma tərzi isə nikbinlik
doğurmur. Belə ki, onlar irəli
sürdükləri təşəbbüsləri
münaqişə tərəflərinə qəbul etdirmək
üçün iradə göstərmir,
yalnız tərəflərin razılığa gələcəkləri
təqdirdə əldə olunacaq sülh sazişini dəstəkləyəcəklərini
bəyan edirlər. Halbuki dinc tənzimləmə prosesinin
dalana dirənməsində indi vasitəçi kimi
çıxış edən ölkələrin günahı
az deyil. Onlar Ermənistanı
təcavüzkar dövlət kimi
tanımaqdan imtina edir,
bunun danışıqlar prosesini
irəli aparmayacağını iddia edirlər.
Üstəlik, rəsmi Yerevanı qonşu
dövlətlərə qarşı ərazi
iddialarının nəticəsi olaraq düşdüyü ağır iqtisadi vəziyyətdən çıxarmaq üçün səylərini əsirgəmirlər.
Bu isə təcavüzkar dövləti
şirnikləndirir, onun dinc
nizamlama prosesinə münasibətdə
konstruktivlikdən uzaq mövqe
tutmasına rəvac verir, məsələnin
həlli perspektivlərinə kölgə salır. Başqa sözlə, beynəlxalq vasitəçilər
danışıqlar prosesində müşahidəçi
missiyasını yerinə yetirməklə kifayətlənirlər.
Belə olan təqdirdə məsələnin
BMT müstəvisində müzakirəsi və beynəlxalq birliyin diqqətini yaranmış vəziyyətə
cəlb etmək zərurəti yaranır.
BMT Baş Məclisinin sessiyasında
müzakirələrin necə keçəcəyi və
dünya dövlətlərinin məsələyə
münasibəti barədə indidən mühakimə yürütmək
çətindir. Problemin həlli istiqamətində hansısa
ciddi tərəqqinin əldə ediləcəyini də
gözləmək lazım gəlmir. Yuxarıda qeyd
olunduğu kimi, BMT Baş Məclisi artıq bir dəfə məsələyə
toxunmuş və qətnamə qəbul etmişdir.
Hazırkı sessiyada da oxşar məzmunlu sənəd qəbul
oluna bilər. Amma yenə də qətnamə kağız
üzərində qalacaq. Ona görə də BMT Baş Məclisinin
qəbul edəcəyi gözlənilən qətnaməyə
bədbin münasibət bəsləyənləri başa
düşmək olar. Elə düşmən də buna bel
bağlayır. Yəni ki, əvvəllər qəbul
edilmiş qətnamələr kimi, bu qətnamə də
ölü doğulacaq, icra mexanizmi olmadığından elə
bir əhəmiyyət kəsb etməyəcək.
Lakin məsələnin başqa
tərəfi də var. Müşahidəçilərin
fikrincə, Ermənistanın işğalçılıq
siyasəti davam etdikcə və hərbi təcavüzün
nəticələri aradan qaldırılmayınca
problem bütün
vasitələrlə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində
saxlanmalıdır. Yəni,
ayrı-ayrı ölkələr, siyasi
dairələr, humanitar təşkilatlar
belə bir problemin mövcudluğunu - Azərbaycan ərazisinin 20
faizinin zəbt edilməsini, bir milyondan çox
dinc azərbaycanlının
yurd-yuvasından didərgin salınmasını
unutmamalıdırlar. Əks təqdirdə, yaranmış vəziyyət
ATƏT-in Minsk qrupunun,
daha doğrusu, Minsk qrupunun həmsədrlərinin inhisarında qalar və bu dar çərçivədən kənara
çıxmaz. Məsələ hər dəfə
BMT Baş Məclisinin gündəliyinə
çıxarıldıqca və müzakirələr
aparıldıqca kütləvi informasiya
vasitələri, hüquq müdafiə təşkilatları
istər-istəməz bu mövzuya
toxunmalı, Ermənistan kimi təcavüzkar
dövlətin hərəkətlərini götür-qoy
etməli olacaq.
Hazırkı mərhələdə
dünyanı narahat edən ciddi problemlərin həllində əsas
beynəlxalq təşkilat kimi BMT-nin rolu xeyli sual doğurur. Bu
təşkilat əslində Təhlükəsizlik
Şurasının daimi üzvü olan beş dövlətin
diktəsi ilə hərəkət edir. Təşkilatın qəbul
etdiyi qətnamələr həmin ölkələrin istəyi
olmayınca həyata keçirilmir. Son illər bir sıra
ölkələrdə cərəyan edən hadisələrə
BMT səviyyəsində operativ reaksiya buna dəlalət edir.
Hərçənd planetin ayrı-ayrı bölgələrində,
o cümlədən keçmiş sovet məkanında davam edən
münaqişələr on milyonlarla adamın gələcəyini,
beynəlxalq və regional inkişafı şübhə
altına qoyur. Odur ki, BMT-nin nüfuzu sınaq
qarşısındadır. Bu təşkilat həqiqətən
beynəlxalq sülhün, təhlükəsizliyin və
inkişafın təmin edilməsinə dəstək vermək
istəyirsə, konkret məsələlərə, ilk növbədə,
hərbi təcavüz nəticəsində insanların düşdüyü vəziyyətə
birmənalı münasibət bəsləyib öz iradəsini
ortaya qoymalıdır. Təhlükəsizlik
Şurasının, Baş Məclisin qətnamələrinin
yerinə yetirilməməsi BMT-nin və burada söz sahibi olan
böyük dövlətlərin nüfuzunu sarsıdır.
Beynəlxalq təşkilat, nəhayət, bu barədə
düşünməlidir.
A.MEHDİYEV
Azərbaycan.-2011.-13
sentyabr.-S.5.