Xəzər dənizinin Azərbaycana aid hissəsində «Abşeron» yatağının açılması ilə əlaqədar mətbuat konfransı keçirilmişdir

 

 Sentyabrın 12-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) Xəzər dənizinin Azərbaycana aid hissəsində "Abşeron" yatağının açılmasına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə yataq haqqında jurnalistlərə ətraflı məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır. Bildirmişdir  ki, bu struktur Azərbaycan geofizikləri tərəfindən seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilmiş və 1993-cü ildə axtarış qazmasına hazırlanmışdır. Xəzər dənizinin Azərbaycana aid hissəsində "Abşeron" dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş  xalqımızın ümummilli lideri Heydər Əliyevin ABŞ-a rəsmi səfəri çərçivəsində 1997-ci il avqustun 1-də ARDNŞ və podratçı tərəflər olan "Şevron" və "Total" şirkətləri arasında imzalanmışdır. Sazişə uyğun olaraq, podratçılar tərəfindən kəşfiyyat işləri proqramı həyata keçirilmiş, dənizdə dərinliyi 520 metr olan axtarış quyusu qazılmışdır. Lakin quyu texniki səbəbdən ləğv olunmuş və bununla da  2005-ci ilin dekabr ayında Sazişə xitam verilmişdir.

X.Yusifzadə qeyd etmişdir ki, ikinci dəfə Hasilatın Pay Bölgüsü Sazişi 2009-cu il fevralın 27-də ARDNŞ, Fransanın "Total E&P Abşeron Bi.Vi." şirkəti və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında imzalanmışdır. Azərbaycan Prezidenti  İlham Əliyevin qeyd etdiyi kimi, "Dünya praktikasında bu çox nadir hallarda rast gəlinən bir məsələdir ki, bir yataq üzrə ikinci dəfə kontrakt imzalansın".

Sazişə görə, ARDNŞ 40 faiz, "Total" 40 faiz, "Gaz de France" 20 faiz paya malikdir.

"Abşeron" bloku Bakı şəhərindən 85-100 kilometr şərqə doğru, dənizin təxminən 350-550 metr dərinliyində yerləşir, sahəsi  747 kvadratkilometr təşkil edir. Qum laylarının ümumi effektiv qalınlığı 150 metrə çatır. Hazırda quyuya qoruyucu kəmərin buraxılması uçun işlər aparılır.

ARDNŞ-in ilkin hesablamalarına görə, "Abşeron" yatağının ehtimal olunan karbohidrogen ehtiyatları 350 milyard kubmetr qaz 45 milyon ton kondensat həcmində qiymətləndirilir.

 

 

Azərbaycan.-2011.-13 sentyabr.-S.5.