Üfüqdən qalxan
səhər
Şair, dramaturq, tərcüməçi Novruz Gəncəli ədəbiyyata
qanlı-qadalı müharibə illərində - İkinci Dünya
savaşı zamanı gəlib. Bu səbəbdən də onun
haqqında həmişə belə bir fikir söyləyirlər ki,
Novruz Gəncəli bir
əlində qələm, bir əlində
də silah tutaraq faşist işğalçılarına
qarşı vuruşan vətən
övladlarının qəhrəmanlığını, əməksevərliyini,
insansevərliyini poeziyaya gətirdi.
Həyatın çox ağır və sərt
sınaqlarından üzüağ
çıxan Novruz Gəncəli tənqidçi
Qulu Xəlilovun təbirincə desək, poeziyaya bir təbiilik,
özünəməxsus deyim tərzi bəxş
etdi. Novruz Gəncəli elə bir vaxtda ədəbiyyatda söz
deyirdi ki, artıq Azərbaycan
poeziyasının qartal nəfəsli
şairlərinin şöhrəti yurdumuzun
sərhədlərindən də kənara
çıxmışdı. Ölkəmizi bürümüş
repressiyanın qara caynaqlarından qurtulmuş Səməd Vurğun,
Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Osman Sarıvəlli, Əhməd Cəmil… kimi şairlərin yandırdığı söz çırağının
işığına qanadlanan pərvanələr
- gənc şairlər bu məsuliyyəti
dərindən dərk edirdilər.
Bütün ömrü boyu Novruz Gəncəli
bir məqamı heç vaxt unutmadı. 1947-ci ildə
Yazıçılar Birliyinin iclas salonunda Səməd
Vurğun onun bir şeirini bütünlüklə oxuyaraq
inamla demişdir: "Ədəbiyyatımıza əsl
şair gəlir". Böyük Səməd Vurğunun
verdiyi xeyir-duanın, bəyəndiyi həmin şeirin Novruz Gəncəlinin
həyatındakı rolu çox dəyərli oldu. Sanki
üfüqdən doğan səhərin şəfəqləri
bu şairin yaradıcılığına əbədi bir
uğur və məram gətirdi:
Mən
qovdum vətəndən qara kabusu,
Candan əziz tutdum arı, namusu.
Sən ey,
qəm bilməyən
gənc nəsil!
Üzümü görməyi eləsən
arzu,
Bax, üfüqdən
qalxan al səhər mənəm,
Qəlbinin istəyi
o zəfər mənəm!
O, 12 sentyabr 1921-ci ildə Bakı şəhərində
dəmirçi ailəsində
anadan olmuşdur. Səkkiz yaşında atasını
itirən Novruz İsmayıl oğlu Sadıqov böyük qardaşının himayəsində
yaşamışdır. Çox kiçik yaşlarında əməyə
alışan Novruz H.Z.Tağıyev adına
toxuculuq fabrikinin nəzdindəki orta məktəbdə ibtidai təhsil almışdır.
1929-cu ildə ailəliklə Gəncəyə
köçmüşdülər. Bu səfərin, eləcə
də "Gəncəli"
təxəllüsünün seçməsinin də maraqlı bir tarixi var. Novruzun böyük qardaşı
Qulamhüseyn Sadıqov
həmin toxuculuq fabrikində baş mühəndis işləyirdi.
Elə rəhmətlik anası da burada çalışırdı.
İş elə gətirib
ki, Qulamhüseynin təcrübəsini nəzərə
alaraq onu Gəncəyə - oradakı
fabrikdə işləməyə
göndəriblər. Bu
səbəbdən də
ailə Bakıdan getməli olub. Novruz da Gəncə şəhərindəki 3 saylı
beynəlmiləl orta məktəbdə oxuyub.
Bir müddət fabrikdə çalışıb. Lakin 1938-ci ildə
qardaşının vəfatı
ailənin vəziyyətini
yenidən ağırlaşdırıb.
Bu dəfə bütün ağırlıq
Novruzun üzərinə
düşüb. Amma
oxumağa böyük
marağı onu ali təhsil
almaqdan çəkindirməyib.
1939-cu ildə ADU-nun filologiya fakültəsinə
daxil olub. Eyni zamanda, müxtəlif yerlərdə əmək
fəaliyyətinə başlayıb.
Ona "Gəncəli" təxəllüsünü
də Əhməd Cəmil verib. Şeirləri ilə tanış olduqda ilk sözü bu olub: "Mütləq bu imza ilə çıxış
et". Ömrünün sonuna kimi də Novruz Gəncəli kimi yazıb-yaradan tanınmış
şairimizin sağlığında
14 kitabı çap edilib. İlk kitabı 22 yaşında
işıq üzü
görüb. "Odlu ürəklər"
adlanan bu kitabın qədəmləri
yüngül olub.
Sonrakı illərdə
"Unudulmaz günlər",
"Şeirlər", "Dalğalar", "Mənim
mahnılarım", "Üç
dost", "Könüllər açılanda", "Unuda
bilmirəm", "Ədəbi
dost" və s. şeir
kitabları nəşr
edilmişdir. "Azərbaycan
gəncləri" qəzeti
redaksiyasında, Azərbaycan
Baş Mətbuat İdarəsində, Azərbaycan
Yazıçılar Birliyində,
"Ədəbiyyat qəzeti"ndə,
"Azərbaycan" jurnalı
redaksiyasında müxtəlif
vəzifələrdə çalışan
Novruz Gəncəli
1945-ci ildə Yazıçılar
Birliyinin üzvü olub.
Novruz Gəncəli çoxcəhətli
yaradıcılığa malik
bir şəxsiyyət
idi. Onun qələmə aldığı mövzulardan,
janrlardan söz açanda bəzən çətinlik çəkirsən.
Şair Novruz Gəncəlidən danışaq, yoxsa dramaturqdan? Çünki onun pyesləri
də çoxdur.
Hətta
müəllifin komediyalardan
ibarət kitabı Moskvada "Sovetski pisatel" nəşriyyatında
rus dilində çap edilib. Onun pyeslərini görkəmli
rus dramaturqları tərcümə ediblər.
Ölkə teatrlarında da
əsərləri dəfələrlə
tamaşaya qoyulub.
Məsələn, Gənc
Tamaşaçılar, Gəncə
Dövlət Dram, Naxçıvan
Musiqili Dram, Ağdam Dövlət Dram, Azərbaycan
Musiqili Komediya teatrlarında və respublikadan kənarda pyesləri səhnələşdirilib.
"Şəlalə" adlı əsəri Azərbaycan dramaturgiyasında
ilk elmi fantastik pyes sayılır. Eləcə də "Ev bizim, sirr bizim",
"Məhəbbət körpüsü",
"Səadət yağış
deyil" pyesləri tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanıb.
Novruz Gəncəli öz
qələmini tərcümə
sahəsində də
ustalıqla sınamışdı. Hötedən, Bayrondan, Puşkindən, Brextdən.
Patrindən, Abaydan və
digərlərindən etdiyi
tərcümələr də
ədəbiyyatımızın bu qolunu zənginləşdirmişdir.
Onun şeirlərinə yazılan
musiqilər də dillər əzbərinə
çevrilirdi. Gör neçə
ildir ki, xalq artisti Zeynəb
Xanlarovanın böyük
şövq və məhəbbətlə oxuduğu
"Ananın səsi"
qitələr dolaşmaqdadır.
Əmək fəaliyyətinə fəhləlikdən başlayan,
kitabxana işçisi
olan, müəllimlik edən, jurnalistliklə məşğul olan Novruz Gəncəli yaradıcılığının məziyyətləri çoxdur. Diqqətçəkən bir məqamı
da dilə gətirmək lazımdır.
O, şeirlərində yurdumuzu,
onun gözəlliklərini
vəsf etməkdən
yorulmayan şair idi. Kitablarını vərəqlədikcə sanki vətənin xəritəsini görürük.
Gəncənin gözəllikləri, Göygölün füsunkarlığı,
Bərdənin bərəkətli
çölləri, Laçının
dağları, Göyçə
gölünün sirləri,
Göyçayın xan
çinarı, Arazın
şəfəqləri, Təbrizin,
Mərəndin əlçatmaz,
ünyetməz üfüqləri...
daha nələr dil açır onun şeirlərində.
"Azərbaycan" adlı
şeirinin ilk bəndinin
son misralarına diqqət
yetirək:
İlhama nur verir, nur verir
Azərbaycan,
"Mahur" Azərbaycan, "Şur"
Azərbaycan!
Nə qədər gözəldir. Milli-mənəvi sərvətimiz sayılan
muğamların yurdumuzun
mayası olması haqqında şairin poetik düşüncələri
səmimi və dəqiqdir. Arazı,
Kürü Azərbaycanın
bir cüt hörüyünə bənzədən
şairin illər öncə arzu kimi səsləndirdiyi aşağıdakı fikirlər,
əslində böyük
cəsarətdən və
vətənpərvərlikdən xəbər verirdi:
Oyanar Babəklər, Qoç Koroğlular,
Çəkər qılıncını Murovla
Qoşqar,
Şahdağı hayqırar, Kəpəz hayqırar...
Gözündə qalmasın xoş arzuların,
Açılsın, Cənuba gedən yolların!
Şəxsiyyət etibarilə ləyaqətli
insan olan Novruz Gəncəli şeirlərinin mövzusuna
və xüsusiyyətlərinə
görə də seçilən, yaddaqalan, sevilən şairlərdən
idi. Ədəbiyyat sahəsindəki xidmətləri o dövrdə
respublika Ali Sovetinin fəxri fərmanları və SSRİ-nin müxtəlif medalları
ilə təltif olunmuşdur. "İstəyirdim"
adlı bir şeirində isə həyata keçməyən
arzularından söz açan şair sanki kimliyini poetikləşdirərək özü-öz
yaradıcılığına əbədi qiymət verib:
Nə su oldum,
nə od
oldum,
Nə dənizəm,
nə mayakam,
Nə çay
oldum, nə gül oldum,
Nə bulağam,
nə zanbağam;
Bir ah çəkib torpaq oldum,
Meh nəfəsim, nur
odumdur.
Axar sular göz yaşlarım.
İnsansa övladımdır!
Olumdan ölümə doğru uzanan beş addımlıq
ömür yolundan yadigar qalan nəğmələrində,
şeirlərində əbədiyaşarlıq
tapdı Novruz Gəncəli! Bulaq da quruya bilər,
gül də solar, mayak da sönər,
amma torpaq əbədidir! Yenidən qoynunda güllər
açar, insan doğular, ömürlərə
ömür calanar.
İtib-bitməyən, davam edən
ömrün yeni nağılları yaşandıqca
Novruz Gəncəlinin
şeirləri ürəklərə
xoş ovqat bəxş etməkdədi.
Flora XƏLİLZADƏ
Azərbaycan.-2011.-13
sentyabr.-S.7.