Ankarada «Beynəlxalq Anadolu günləri» festivalı çərçivəsində «Azərbaycan gecəsi» keçirilmişdir

 

 Ankaranın Etimesqut bələdiyyəsinin keçirdiyi ənənəvi "Beynəlxalq Anadolu günləri" mədəniyyət və incəsənət festivalı çərçivəsində "Azərbaycan gecəsi" keçirilmişdir.

Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov və Etimesqut bələdiyyəsinin sədri Ənvər Dəmirəl ölkəmizin Türkiyədəki səfirliyinin hazırladığı "Azərbaycan guşəsi" ilə tanış olmuşlar. Azərbaycanın müxtəlif sahələrdəki uğurları ilə bağlı məlumatlar, sürətli iqtisadi inkişafı, Bakının dəyişən simasını əks etdirən materiallar, zəngin mədəniyyətimizin ayrılmaz parçası olan milli geyimlərimiz və qədim musiqi alətlərimiz iştirakçılarda böyük maraq doğurmuşdur.

Türkiyənin siyasi dairələrinin, qeyri-hökumət təşkilatlarının  nümayəndələri, diaspor təmsilçiləri, qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirak etdiyi tədbirdə çıxış edən Faiq Bağırov demişdir ki, bu cür festivalların təşkili geniş bir coğrafiyada məskunlaşmış türkdilli xalqların bir-birinin mədəniyyətini daha yaxşı tanıması baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan belə tədbirlərə böyük önəm verir və fəal iştirak edir.

Sonra Etimesqut rayonunun stadionunda səfirliyin təşəbbüsü ilə Bakıdan gələn musiqiçilərin konserti olmuşdur. Onların ifasında Azərbaycan və türk mahnıları səslənmiş, milli rəqslərimiz, eləcə də Azərbaycanda yaşayan digər xalqların rəqsləri ifa olunmuşdur.

Festival çərçivəsində Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan gecələri də keçiriləcəkdir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri, 

Ankara

 

Azərbaycan.-2011.-13 sentyabr.-S.7.