Azərbaycan Prezidenti İlham Əliyev Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin
açılışında iştirak etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
13-də Qobustan rayonuna səfəri çərçivəsində
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə
Dövlət Agentliyi Qobustan Eksperimental Poliqonu və Tədris
Mərkəzinin açılışında iştirak
etmişdir.
Dövlətimizin
başçısına məlumat verildi ki, 38 hektar ərazidə
inşa olunan mərkəz külək, günəş və
bioqaz stansiyaları ilə təchiz edilmişdir. Bu isə
ölkədə alternativ enerjinin hər üç yolla əldə
edilməsi istiqamətində görülən işlərin
real nümunəsidir.
Prezident İlham Əliyev mərkəzin
fəaliyyətini əks etdirən stendlə tanış oldu.
Bildirildi ki, poliqon ərazisində hər birinin gücü 0,9
meqavata çatan üç külək turbini, 1,8 meqavat
gücündə günəş enerjisi stansiyası və 1
meqavat gücündə bioenerji qurğusu
yaradılmışdır. Burada, eyni zamanda, tənzimləyici
qurğu, su anbarı, sınaq meydanı, emalatxana fəaliyyət
göstərir. Ərazidə yaradılan xüsusi avtodayanacaqda
isə elektrik enerjisi ilə işləyən avtomobillərin
akkumulyatorlarını cərəyanla doldurmaq
mümkündür. Bir neçə dəqiqə ərzində
enerji ilə təchiz edilən avtomobil 250 kilometr məsafə
qət edə bilər.
Sonra dövlətimizin
başçısı idarəetmə mərkəzi ilə
tanış oldu. Məlumat verildi ki, burada yaradılan
laboratoriyada mərkəzdə istifadə olunan qurğuları
yoxlamaq və eksperimentlər aparmaq mümkündür. İki
tədris otağında təlim və tədris
kurslarının təşkili nəzərdə
tutulmuşdur. Poliqonda və mərkəzdə texnoloji proses dispetçer
məntəqəsindən idarə olunur. Ümumilikdə
agentlik tərəfindən ölkə ərazisində 21
ölçü-müşahidə stansiyasının tikilməsi
nəzərdə tutulmuşdur ki, bunun birincisi Qobustandakı mərkəzdə
yaradılmışdır.
Prezident
İlham Əliyev mərkəzi işə saldı.
Dövlətimizin
başçısı günəş enerjisinin əldə
olunması üçün ayrıca sahədə yerləşən
panelləri müşahidə etdi, mərkəzin sınaq-təcrübə
sahəsi ilə tanış oldu. Azərbaycan Prezidenti mərkəzdə
istifadə olunan qurğular, o cümlədən ölkəmizdə
istehsalı nəzərdə tutulan foto-elektron panellərin
nümunələrinə baxdı, ərazidə yaradılan təcrübə
istixanasının fəaliyyəti ilə tanış oldu.
Bildirildi ki, burada alternativ enerji ilə istənilən bitkini
lazımı temperaturda yetişdirmək mümkündür. Mərkəzdəki
330 kubmetr tutumu olan soyuducu kamerada müsbət 5 dərəcədən
mənfi 5 dərəcəyədək temperatur yaradıla bilər.
Poliqonun ərazisini gəzən Prezident
İlham Əliyevin diqqətinə çatdırıldı
ki, burada qurulan işıqlandırma sistemi və istixana
alternativ enerji ilə işləyir. Ərazidə birmərtəbəli
10 yaşayış binası da inşa olunmuşdur ki,
onların işıqlandırma sistemi günəş enerjisi
ilə işləyir. Mərkəzin gücünün gələcəkdə
5,5 meqavata çatdırılması nəzərdə
tutulmuşdur.
Qobustan Eksperimental Poliqonu və Tədris
Mərkəzinin açılışından sonra Prezident
İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşdü.
Qobustanlılar dövlətimizin
başçısını hərarətlə
qarşıladılar.
Prezident İlham
ƏLİYEV mərasim iştirakçılarını
salamlayaraq dedi:
- Bu gün Qobustanda çox gözəl
və tarixi hadisə baş verir. Mənə verilən məlumata
görə, Azərbaycanda, dünyada ilk dəfə olaraq
hibrid tipli müasir günəş və külək elektrik
stansiyasının açılışını qeyd edirik.
Bu, həm Qobustan, həm də ölkəmiz üçün
çox gözəl hadisədir. Çünki bu,
müasirlikdir, yenilikdir, yeni texnologiyalardır. Biz həm bu texnologiyaları
hazırda xaricdən alırıq, eyni zamanda, Azərbaycanda
indi tikilməkdə olan günəş batareyaları zavodu da
yaxın zamanlarda işə başlayacaqdır. Beləliklə,
biz birinci mərhələdə Qobustan şəhərini tam
şəkildə alternativ, yəni bərpa olunan enerji ilə təmin
etməliyik. Əgər bu layihə uğurlu olarsa, - mən
şəxsən buna şübhə etmirəm,- ondan sonra biz
bu gözəl təcrübəni başqa şəhərlərdə
və rayonlarda tətbiq edə biləcəyik. Buraya
böyük investisiyalar qoyulubdur. Həm günəş
batareyaları quraşdırılıb, həm də külək
elektrik stansiyasının fəaliyyəti üçün
lazımi avadanlıq gətirilibdir. Eyni zamanda, burada tədris
işləri də yüksək səviyyədə təşkil
ediləcək, təcrübə mübadiləsi
aparılacaqdır. Bir sözlə, Qobustan, hesab edirəm ki,
alternativ və bərpa olunan enerjinin istehsalı
üçün nəinki Azərbaycanda, bütün bölgədə
öz sözünü deyəcəkdir. Qobustan rayonunun
imkanları, demək olar ki, böyük dərəcədə
artacaqdır. Eyni zamanda, hər bir vətəndaş
üçün ucuz enerjidən istifadə etmək onun ailə
büdcəsinə də böyük dəstək
olacaqdır. Çünki bu, həm ucuz, həm bərpa olunan
enerjidir. Ümid edirəm ki, yaxın zamanlarda vətəndaşlar
da bu stansiyanın səmərəsini və ümumiyyətlə,
bu yeniliyin imkanlarını lazımınca qiymətləndirəcəklər.
Azərbaycan inkişaf edir. Azərbaycanda
bütün qabaqcıl texnologiyalar tətbiq edilir. Ölkəmizdə
istənilən sahədə, o cümlədən bizim
üçün yeni olan bərpa edilən enerji sahəsində
dünyada mövcud olan ən yüksək standartlar tətbiq
edilir. Sual yarana bilər: Azərbaycanın zəngin neft-qaz
yataqları olduğu təqdirdə nə üçün biz
bu işə o qədər böyük maraq göstəririk?!
Mən hesab edirəm, məhz o ölkələr ki, təbii
ehtiyatlarla zəngindirlər, onlar bu işlərdə
qabaqcıl rol oynamalıdırlar. Bizim təbii
ehtiyatlarımız vardır. Biz enerji təhlükəsizliyimizi
tam şəkildə təmin edə bilmişik. Bu gün nəinki
özümüzü, qonşu ölkələri də həm
elektrik enerjisi ilə, həm qazla, neftlə təmin edirik.
Ancaq biz istəyirik ki, bu işlər daha da səmərəli
şəkildə görülsün. Təbii
ehtiyatlarımızdan daha da az, bərpa olunan alternativ enerji mənbələrindən
isə tam şəkildə istifadə edək. Bu məqsədlə
bir müddət bundan əvvəl bərpa olunan enerji üzrə
Dövlət Agentliyi yaradılıbdır. Agentliyin işi
artıq göz qabağındadır. Bu, birinci layihədir,
planlar çox böyükdür. Mənə bu gün verilən
məlumata görə, indi bütün ölkə üzrə
müşahidə sistemi quraşdırılır, yerlər
müəyyən edilir, harada ki, biz külək və günəş
enerjisini istehsal edəcəyik, o yerlər, əlbəttə
ki, ümumi enerji şəbəkəsinə yaxın
olmalıdır. Eyni zamanda, bu sistem kənd təsərrüfatı
üçün yararlı olmayan torpaqlarda
quraşdırılmalıdır ki, biz torpağımızdan
da səmərəli şəkildə istifadə edək.
Bir daha demək istəyirəm ki, təbii
ehtiyatlarımız, xüsusilə son vaxtlar kəşf
etdiyimiz böyük qaz yataqları nəinki ölkəmiz
üçün, dünya üçün çox
böyük əhəmiyyət daşıyır. Bundan sonra ən
azı yüz il Azərbaycan həm özünü, həm də
digər başqa ölkələri qazla təmin edə biləcəkdir.
Bu sistem isə tam yeni bir yanaşmadır. İndi dünyada ən qabaqcıl təcrübə
nədirsə, burada quraşdırılır. Ondan da əlavə, dünya miqyasında birinci hibrid tipli elektrik stansiyasıdır. Əlbəttə ki, bu ölkəmiz
üçün yeni bir təşəbbüsdür.
Ancaq mən hesab edirəm ki, bir neçə ildən sonra bu gün burada
göstərilən imkanlardan
Azərbaycan vətəndaşları
səmərəli şəkildə
istifadə edəcəklər,
o cümlədən Qobustan
rayonunun sakinləri də.
Qobustanda indi işlər
yaxşı gedir. Burada kənd təsərrüfatının
inkişafı üçün
vəsait ayrılır.
Sahibkarlığa Kömək Milli
Fondunun xətti ilə kreditlər verilir. Bu gün
yeni taxıl anbarının açılışında
iştirak etmişəm.
Tingçilik inkişaf edir.
Burada kənd təsərrüfatının
inkişafı üçün
yaxşı imkanlar vardır. O ki qaldı infrastruktur layihələrinə, bu layihələr də icra edilir. Yollar çəkilir
və çəkilməlidir.
Qazlaşdırma gedir. Yeni qaz xətləri çəkilir,
məktəblər tikilir.
Burada insanların rahat yaşaması üçün
lazım olan bütün işlər görülür.
Mən əvvəlki dövrlərdə
də Qobustanda olmuşam. Bu
gün də buraya gələrkən görürəm ki, rayonda işlər yaxşı səviyyədə
aparılır. Ancaq burada
bu gün açılışında iştirak
etdiyimiz stansiya Azərbaycan tarixində artıq yerini tutan bir məsələdir,
bir layihədir. Burada bu gün yaradılan
imkanlar, bir daha demək istəyirəm ki, bir neçə ildən sonra bütün ölkəmizdə
özünü büruzə
verəcəkdir. İnanıram ki, Azərbaycanın təcrübəsi başqa
ölkələrdə də
tətbiq olunacaqdır.
Bir daha sizi salamlayıram, sizə uğurlar arzulayıram.
* * *
Rayon sakini Qoşqar QARAYEV
Qobustana göstərdiyi
diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını
bildirərək dedi:
- Möhtərəm cənab Prezident, icazə verin Sizi Qobustan ictimaiyyəti
adından salamlayım,
sizə "Xoş gəlmisiniz!" deyim. Bütün xalqımız kimi, biz də sevinirik ki, ulu öndərimiz
Heydər Əliyevin siyasətini çox uğurla davam etdirirsiniz. Bu uğurlu siyasətin nəticəsidir ki, bu gün paytaxtımızla
bərabər regionlarımız
inkişaf edir, kəndlərimiz, qəsəbələrimiz
abadlaşır, gözəlləşir.
Buna görə Sizə təşəkkürümüzü
bildiririk, cənab Prezident.
Sizin 2007-ci ildə Qobustana
səfəriniz gözümüzün
önündədir. Sizin gəlişiniz Qobustana yeni bir nəfəs
gətirdi. Bu gün hamılıqla qeyd edə bilərik
ki, Sizin gəlişinizdən sonra
Qobustanda yeni bir abadlıq, yeni bir infrastruktur
işi başlandı.
Bu gün də Sizin diqqətiniz nəticəsində bu iş çox sürətlə davam etdirilir. Sizin səfərinizin məntiqi nəticəsi olaraq Qobustana şəhər statusu verdiniz, yeni bir şəhər yaratdınız. Buna görə biz qobustanlılar
Sizə minnətdarlığımızı
bildiririk.
Cənab Prezident,
təbii ki, ölkəmizin hər bir bölgəsində, Siz qeyd etdiniz,
su çəkilişi,
qaz təchizatı çox sürətlə
inkişaf etdirilir. O cümlədən bu inkişaf bizim rayondan da yan
keçməmişdir. Neçə
illərdir sudan
əziyyət çəkən
əhalimiz, Qobustan şəhəri və ətraf yeddi kəndimiz Sizin xüsusi göstərişinizlə
yaxın günlərdə
su ilə təmin olunacaqdır. Bir sıra kəndlərimiz var ki, ən
yaxın günlərdə
qazla təmin olunacaqdır. Buna görə Sizə təşəkkürümüzü bildiririk.
Fürsətdən istifadə edib demək
istəyirəm ki, cənab Prezident, Sizin dünənki
çıxışınızı izlədik. Şəxsən
mənim üçün çox qürurverici hal oldu. Mənə
elə gəlir bütün Azərbaycan vətəndaşları
üçün xoş bir haldır ki, son yeddi ildə
ümumi daxili məhsulumuz 3 dəfə, yəni 300 faiz
artmışdır. Alternativ elektrik enerjisi stansiyasının
tikilməsi inkişafımızın, firavan gələcəyimizin
bariz göstəricisidir. Yoxsulluğun səviyyəsi 49 faizdən
9 faizə enmişdir. İqtisadiyyatımız dünyada
birinci yerdədir. Buna görə biz Sizə təşəkkür
edirik. Çox sağ olun, minnətdarıq. Allah Sizə yar olsun.
Allah Sizi qorusun.
* * *
Sonda xatirə şəkli
çəkdirildi.
AzərTAc
Azərbaycan.-2011.-14
sentyabr.-S.1-2.