Qobustan tinglik mərkəzi ilə tanışlıq

 

 Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonuna səfəri çərçivəsində "Kafur-pas" MMC-nin tinglik mərkəzi ilə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, adətən, Azərbaycanın müxtəlif ərazilərində əkilən ağac və bəzək kolları xarici ölkələrdən idxal olunur. Qobustanda yaradılan tinglik mərkəzi isə bu məsələnin daha sərfəli yolla həllinə şərait yaradır. Ağac, kol bitkilərinin reabilitasiyasının təşkili və dekorativ bitkilərin becərilməsi üçün seçilən bu ərazi bütün lazımi şəraitlə təmin edilmişdir. Tinglik mərkəzinə üç kilometr məsafədən su xətti çəkilmişdir. Suvarma sistemi avtomatlaşdırılmışdır. Mərkəzdə su deposu yaradılmışdır. Açıq su deposunun üzərində dördmərtəbəli hotel tikilir. Ərazidə inzibati bina ilə yanaşı, istirahət guşələri, üç meydança, müxtəlif attraksion qurğuları yaradılmışdır. Buradakı iki süni göldə balıq saxlanılır. Zövqlə əkilmiş gözoxşayan ağac və gül kolları burada istirahət edənlərdə xoş təəssürat yaradır. Hazırda mərkəzin ərazisində 70 adda 20 mindən çox ağac və bəzək kolu əkilmişdir.

Dövlətimizin başçısı elektromobillə mərkəzin ərazisini gəzdi.

Qeyd olundu ki, gələcəkdə burada botanika, zoologiya və idman dərnəklərinin təşkili də nəzərdə tutulmuşdur. 53 nəfərin çalışdığı tinglik mərkəzində Qırğızıstandan gətirilən dəvə yunundan qırğız yurtları da qurulmuşdur. Mərkəzə gələn şəxslər burada da istirahət edə bilərlər. Mərkəzə gələnlər müxtəlif növ ağaclar sifariş verməklə yanaşı, burada ailəvi istirahət edə biləcəklər.

Sonra mərkəzin bitki sərgisi ilə tanış olan dövlət başçısı görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2011.-14 sentyabr.-S.2.