Şamaxıda Olimpiya
İdman Kompleksində aparılan yenidənqurma işləri
ilə tanışlıq
Sentyabrın
13-də Prezident İlham Əliyev Şamaxıya səfəri
çərçivəsində Olimpiya İdman Kompleksində
aparılan yenidənqurma işləri ilə tanış
olmuşdur.
Dövlətimizin
başçısının diqqətinə
çatdırıldı ki, burada yenidənqurma işlərinə
ötən il başlanmışdır. Layihəyə əsasən
2,5 min kvadratmetr sahəsi olan əsas binanın və digər
yardımçı binaların fasadı müasir
örtüklə və xüsusi dizayna malik şüşələrlə
üzlənir. Komplektin bütün elektrik,
işıqlandırma, havalandırma, su təchizatı və
kanalizasiya sistemləri yenilənir.
Bildirildi ki, kompleksin böyük idman
zalında da yenidənqurma işləri aparılır, burada
idmanın bütün növləri üzrə
yarışların keçirilməsi üçün hər
cür şərait yaradılacaqdır. Üzgüçülük
hovuzunun tavanı iki metrədək
qaldırılmışdır. Dam örtüyünün
metal konstruksiyaları dəyişdirilmişdir. Hovuz yeni
müasir avadanlıqla təchiz edilir. Hazırda hovuzda
havalandırma və sutəmizləyici qurğular
quraşdırılır.
Dövlətimizin
başçısı burada inşası nəzərdə
tutulan "Olimpik" hotelinin görüntülərini əks
etdirən filmə baxdı və perspektiv planı ilə
tanış oldu.
Məlumat verildi ki, kompleksdə məşqlər
üçün 1500 kvadratmetrlik yeni idman zalı
yaradılır. Binanın daxilində trenajor, fitnes, konfrans
zalları və sauna qurulacaqdır. Ərazidə yerləşən
oyun meydançalarının hamısının örtükləri
dəyişdirilir.
Azərbaycan Prezidenti
stadionla tanış
oldu. Bildirildi ki, iki min nəfərlik tribunası
olan stadion beynəlxalq standartlara uyğun inşa edilir. Artıq stadionun tribuna
hissəsi və oyun meydanının tikintisi başa çatdırılmışdır. Burada altıcərgəli yeni qaçış zolağı
da salınır.
Ərazidə müasir tələblərə
uyğun 8 kottec inşa edilir. Bu kotteclərdə ümumilikdə 60 nəfəri
yerləşdirmək mümkün
olacaqdır.
Bildirildi ki, kompleksin ərazisini sel sularından qorumaq üçün uzunluğu
500 metr olan suötürücü beton
kanal tikilir. Görülən yenidənqurma işləri
nəticəsində kompleksin
ərazisi genişləndirilərək
6 hektara çatdırılmışdır.
Prezident İlham
Əliyev görülən
işlərlə bağlı
tövsiyə və tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.-2011.-14
sentyabr.-S.2.