Prezident İlham Əliyev Şamaxıda Vergilər Nazirliyinin Tədris Mərkəzinin
açılışında iştirak etmişdir
Sentyabrın 13-də Azərbaycan
Prezidenti İlham Əliyev Şamaxıda Vergilər Nazirliyinin
yeni Tədris Mərkəzinin açılışında
iştirak etmişdir.
Mərkəzin kollektivi dövlətimizin
başçısını hərarətlə
qarşıladı.
Vergilər naziri Fazil Məmmədov
dövlətimizin başçısına məlumat verdi ki,
son illərdə ölkəmizdə vergi sistemində
aparılan islahatlar, ilk növbədə bu sahədə modern
texnologiyaların tətbiqinə, yeni kadr hazırlığının
həyata keçirilməsinə yönəlmişdir.
Prezident İlham Əliyev Tədris Mərkəzinin
rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, Tədris Mərkəzinin
inşasına 2008-ci ildə başlanmışdır. 2,5
hektar ərazidə aparılan inşaat işləri yüksək
tikinti standartlarına tam cavab verir. Mərkəzin kompleksinə
üçmərtəbəli tədris binası, ikimərtəbəli
inzibati bina, müdavim və müəllim yataqxanaları, o
cümlədən dəvət olunan ekspertlər
üçün nəzərdə tutulan ikimərtəbəli
dörd qonaq evi daxildir.
Mərkəzdə üç mühazirə
auditoriyası yaradılmışdır. Bütün texniki
vasitələrlə təchiz edilən auditoriyaların hər
biri 20 nəfərlikdir. Burada üç səviyyədə
hazırlıq nəzərdə tutulur. Birinci səviyyə 2
ay ərzində yeni işə qəbul olunanları, ikinci səviyyə
1-2 həftə ərzində vəzifəli şəxsləri,
üçüncü səviyyə isə rəhbər
işçilər üçün qısamüddətli
treninq kurslarını əhatə edir. Mərkəzin
strukturuna iqtisadiyyat və menecment, vergi metodologiyası, vergi
qanunvericiliyi və təsərrüfat hüququ kafedraları,
elmi tədqiqat bölməsi, tədris-metodika və maliyyə-təsərrüfat
şöbələri daxildir. Tədris Mərkəzinin vəzifəli
şəxslərinin say həddi 30 nəfər müəyyən
edilmişdir.
Prezident İlham Əliyevə yaxın gələcəkdə
vergi sistemində tətbiq olunacaq yeni nəzarət-kassa
aparatları və post-terminallar barədə də məlumat
verildi. Qeyd olundu ki, bu avadanlıqlar müasir tələblərə
cavab verir və onların istifadəyə buraxılması
vergi sistemində həyata keçirilən islahatların daha
dolğun yerinə yetirilməsinə geniş imkanlar
açacaqdır.
Mərkəzdə ulu öndər Heydər
Əliyevin həyat və fəaliyyətindən bəhs edən
fotoguşə yaradılmışdır. Burada Prezident
İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli
fəaliyyətin, o cümlədən vergi sisteminə göstərdiyi
diqqət və qayğının müxtəlif məqamlarını
əks etdirən fotolar və elmi-kütləvi ədəbiyyat
nümayiş etdirilir.
Konfrans zalı ilə tanışlıq
zamanı dövlətimizin başçısına Avropadaxili
Vergi Administrasiyaları Təşkilatının prezidenti Svein
Ragnar Kristensenin videotəbriki təqdim olundu. O, Azərbaycan
Prezidentini yüksək standartlara cavab verən bu cür Tədris
Mərkəzinin istifadəyə verilməsi münasibətilə
təbrik etdi.
Prezident İlham Əliyevin diqqətinə
çatdırıldı ki, hazırda nazirliyin sistemində
vergi tədris modeli layihəsi uğurla tətbiq edilir. Bu layihədən
vergi orqanları əməkdaşlarının peşə
hazırlığının təkmilləşdirilməsi və
ixtisaslarının artırılması prosesində
mühüm vasitə kimi istifadə olunur. Həmçinin
informasiya-kommunikasiya texnologiyalarının imkanlarından
istifadə etməklə əməkdaşların məsafədən
tədrisinin müxtəlif formaları tətbiq edilir. Eyni
zamanda, əməkdaşların bilik və peşəkarlıq
səviyyəsinin qiymətləndirilməsi də işdən
ayrılmadan onlayn rejimində yerinə yetirilir.
Akt zalı ilə tanışlıq
zamanı bildirildi ki, 96 nəfərlik zalda mühüm tədbirlərin,
təqdimat mərasimlərinin keçirilməsi
üçün hər cür şərait yaradılmışdır.
Bununla yanaşı, mərkəzdə yüksək zövqlə
tərtib edilən foye və guşələr burada hərtərəfli
istirahət üçün geniş imkanlar açır.
Prezident İlham Əliyev müdavimlər
üçün nəzərdə tutulan yataqxanadakı şəraitlə
də tanış oldu. Bildirildi ki, burada üç nəfərlik
21, iki nəfərlik 3, bir nəfərlik 3 otaq vardır.
Otaqların hər biri yüksək səviyyədə təchiz
olunmuş, müdavimlərin yaşaması üçün hər
cür şərait yaradılmışdır.
Mərkəzin idman-sağlamlıq
kompleksində yaradılan şəraitlə
tanışlıq zamanı bildirildi ki, burada 80 kvadratmetrlik
üzgüçülük hovuzu yaradılmış,
trenajorlar quraşdırılmışdır. Kompleksdə
eyni vaxtda 20 nəfərə xidmət göstərən kafe də
vardır.
Tədris Mərkəzinin həyətyanı
sahəsini gəzən dövlətimizin
başçısı dəvət olunan xarici qonaqlar və
ekspertlər üçün nəzərdə tutulan evlərdə
yaradılan şəraitlə maraqlandı. Bildirildi ki, ikimərtəbəli
evlərdə hər cür şərait
yaradılmışdır. Qeyd edildi ki, burada müəllimlərin
yaşaması üçün ayrıca korpus tikilmişdir.
Bu korpusda birotaqlı 12, ikiotaqlı 24 mənzillər
vardır. Tədris Mərkəzinin kitabxanası və internet
mərkəzi buraya gələnlərin istifadəsinə
verilmişdir.
Mərkəzdə yaradılan şəraitlə
tanışlıqdan sonra dövlətimizin
başçısı İlham ƏLİYEV kollektivlə
görüşərək dedi:
- Bu mərkəz bütün yüksək standartlara cavab verir. Mən çox şadam
ki, qısa müddət ərzində
Vergilər Nazirliyi öz işçiləri
və gənc işçilər üçün
belə gözəl şərait yaradıbdır.
Azərbaycanın gözəl guşəsində,
Şamaxı rayonunda belə mənzərəli
yerdə ən müasir standartlara cavab verən Tədris Mərkəzi tikilibdir. Bu, gözəl hadisədir və Azərbaycanın ümumi inkişafı ilə bilavasitə bağlı olan məsələdir. Çünki təhsil, bilik, elm, iqtisadiyyatımızın elmi
əsaslarla inkişafı
bizim üçün
ən vacib olan məsələlərdir
və uğurumuzun səbəblərindən biridir.
Çünki biz çalışırıq ki,
bütün işləri
möhkəm əsaslar
üzərində quraq.
Bütün proqramlar, layihələr,
irəli sürülmüş
təşəbbüslər güclü əsas üzərində reallaşır.
O cümlədən ölkə
iqtisadiyyatı üçün
çox vacib olan sahədə - vergilər sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər, "bir pəncərə" təşəbbüsü,
bütün bunlar müasir Azərbaycanın
inkişafına xidmət
göstərir. Siz də
yaxşı bilirsiniz ki, Vergilər Nazirliyində tətbiq edilmiş "bir pəncərə" prinsipi
indi başqa qurumlarda da tətbiq
olunur. Bu prinsip, əslində, həm müasir səviyyəni göstərir,
eyni zamanda, Azərbaycanda iqtisadi sahədə şəffaflığın
təmin edilməsi üçün də çox vacib rol oynayır. Biz indi "elektron
hökumət" qaydalarını
tətbiq etməyə
çalışırıq. Vergilər Nazirliyində toplanan təcrübə çox
qiymətlidir. Mən çox
şadam ki, sizin nazirliyiniz müasir əsaslarla idarə olunur, müasir menecment tətbiq edilir, dünya praktikası öyrənilir. Biz elə etməliyik ki, dünya praktikasını, onun ən qabaqcıl nümunələrini Azərbaycanda
tətbiq edək.
Bu gün açılış zamanı
Avropadaxili Vergi Administrasiyaları Təşkilatının
prezidenti təbrik sözlərini bildirdi. Qeyd etdi ki, Azərbaycanda
Vergilər Administrasiyasının
gördüyü işlər
təqdirəlayiqdir. Avropa qurumları
ilə də əməkdaşlığımız, o cümlədən bu sahədə münasibətlərimiz
səmərəlidir, əlverişlidir
və bizə lazımdır. Mən çox
şadam ki, Azərbaycanın bugünkü
reallıqları həm
ölkə sakinləri,
həm tərəfdaşlarımız,
Avropa nümayəndələri
üçün də
bu gün görünür, bəyənilir
və qiymətləndirilir.
Dünən Dünya Səhiyyə
Təşkilatının Avropa
Regional Komitəsinin sessiyası
Bakıda öz işinə başlamışdır.
Orada Azərbaycan haqqında, ölkəmizdə görülən
işlər haqqında
çox müsbət
fikirlər səslənmişdir.
Mən şübhə etmirəm
ki, bu mərkəzdə
sizin həmkarlarınız
beynəlxalq tədbirlər
keçirilən zaman
bu binada da gördüyümüz
işlər haqqında
yaxşı sözlər
deyiləcək, bu, artıq reallıqdır.
Bu reallıqları biz özümüz yaradırıq,
Azərbaycan xalqı yaradır. Dövlət işində işləyən
hər bir məmur öz vəzifə borcunu şərəflə yerinə
yetirməlidir. Bunu etmək
üçün bütün
başqa keyfiyyətlərlə
bərabər, əlbəttə
ki, peşəkarlıq
səviyyəsi də
yüksək olmalıdır.
Mən ümid edirəm ki, bu binada tədris
ediləcək məsələlər
o dərəcədə keyfiyyətli
olacaqdır ki, peşəkarlıq səviyyəsi
bu binanın xarici görünüşünün
səviyyəsinə uyğun
gələcəkdir. Bu işlərdə sizə yeni uğurlar, cansağlığı arzulayıram.
* * *
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.-2011.-14
sentyabr.-S.3-4.