Milli Məclisdə görüş

 

 Sentyabrın 13-də Milli Məclis Sədrinin müavini Bahar xanım Muradova ölkəmizdə səfərdə olan UNİCEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional nümayəndəliyinin direktor müavini xanım Kirsi Madi ilə görüşdü.

Bahar Muradova ölkəmizin UNİCEF-lə əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə etdi. Bildirdi ki, Milli Məclis UNİCEF-lə münasibətlərinə xüsusi önəm verir. Bu təşkilatın xətti ilə Azərbaycanda bir sıra maraqlı layihələr uğurla həyata keçirilmişbu sahədə işlər davam etdirilir.

Qeyd olundu ki, bu gün dünyadakı səhiyyə problemlərinin mövcudluğu şəraitində Azərbaycanda səhiyyə sahəsində ciddi işlər görülüb. Sədr müavini ölkəmizdə uşaqların təhsili, onların sağlamlığının qorunması, Milli Məclislə UNİCEF arasında qanun yaradıcılığı sahəsində əməkdaşlıq istiqamətlərində həyata keçirilmiş tədbirləri yüksək qiymətləndirdi.  Bahar Muradova bu təşkilatla Azərbaycanın qarşılıqlı əməkdaşlığının gələcəkdə hər iki tərəfə daha əhəmiyyətli töhfələr verəcəyinə əminliyini ifadə etdi.

Səmimi sözlər üçün təşəkkürünü bildirən xanım Kirsi Madi diqqətə çatdırdı ki, təmsil etdiyi təşkilatla Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq şəraitində bugünədək həqiqətən də böyük işlər görülüb. Qonaq hazırlanma mərhələsində olan "Sosial xidmətlər haqqında" qanun layihəsinin qəbulundan sonra Azərbaycanda mövcud sahədə vəziyyətin daha da yaxşılaşacağına inandığını dedi. Qeyd olundu ki, UNİCEF əməkdaşlıq etdiyi ölkələrdə parlament qurumlarına xüsusi önəm verironlarla sıx əməkdaşlıq edir.

Söhbət zamanı görüşdə iştirak edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli yaxın gələcəkdə sosial sahədə qəbul olunması nəzərdə tutulan qanun layihələri barədə məlumat verdi. Bildirdi ki, ölkəmizin körpələrin qidalanması ilə bağlı qanununun BMT-də model qanun kimi qəbul edilməsi UNİCEF-lə uğurlu əməkdaşlığımızın nəticəsidir.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 Milli Məclisin mətbuat xidməti

 

 

Azərbaycan.-2011.-14 sentyabr.-S.5.