Qayğı bizi fərəhləndirdi

 

Ölkə başçısına minnətdarlıq

 

 Azərbaycan  bədii, sənədli kino və telefilmlərinin inkişaf mərhələsi ötən əsrin 50-ci illərinə təsadüf edir. Bunu inkar etmək mümkün deyil. Həmin illərdə nəinki sənədli, həm də bədii filmlərin istehsalının həcmi xeyli artaraq, keçmiş ittifaq miqyasında göstərildi. Sənətkarlıq nöqteyi-nəzərdən bir-birindən xeyli fərqlənən "Görüş", "Qara daşlar", "Bəxtiyar", "Qızmar günəş altında", "Onun böyük ürəyi", "O olmasın, bu olsun", "Uzaq sahillərdə", "Ögey ana", "Xəzər neftçiləri haqqında dastan", "Dənizi fəth edənlər" bədii və sənədli filmlər, həmçinin "Əziz Əliyev olduğu kimi", "Axıska türkləri", "Nehrəmli qız", "Bizim qəribə taleyimiz", "Aygün", "Saz haqqı", "Ozan", "Balaban"  və digər  telefilmlər tamaşaçı rəğbəti qazanmış ekran əsərlərindəndir və ötənlərin yadigarları kimi bu gün də sevilir.

Azərbaycan xalqının mədəni sərvətlərindən biri olan kinoya dövlət tərəfindən göstərilən diqqət və qayğının daha bir təzahürünün də bu günlərdə şahidi olduq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi  haqqında imzaladığı sərəncam təkcə bu sahədə çalışanların əməyinə deyil, ümumiyyətlə, xalqımızın milli-mənəvi dəyərlərinə yüksək qiymət deməkdir.

 Hörmətli redaksiya, Azərbaycan xalqının mədəni irsinin təbliğində mühüm rola malik olan və mənəvi-əxlaqi dəyərləri aşılayan telefilmlərin milli şüurun formalaşmasında, gənc nəslin inkişafında böyük əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına beş milyon manat vəsaitin ayrılması bir daha telefilmlərimizə diqqət və qayğının artırılmasıdır. Buna görə də Azərbaycan Prezidentinə minnətdarlığımızı bildiririk.

 

Elşən ZEYNALLI,

kinorejissor, Azərbaycan Kinematoqrafçılar

İttifaqının üzvü, respublika

"Gənclər Mükafatı" laureatı

 

Azərbaycan.-2011.-14 sentyabr.-S.5.