Azərbaycan Prezidenti
İlham Əliyev Sabunçu, Nizami, Suraxanı, Nəsimi və
Qaradağ rayonlarında orta ümumtəhsil məktəblərinin
əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti
ilə tanış olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
14-də Bakının
Sabunçu, Nizami, Suraxanı, Nəsimi və Qaradağ
rayonlarında orta ümumtəhsil məktəblərinin əsaslı
təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə
tanış olmuşdur.
2011-2013-cü illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında bu
il üçün nəzərdə tutulmuş tədbirlər
planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərində
əsaslı təmir və yenidənqurma işləri davam
etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə
paytaxtın Sabunçu qəsəbəsindəki 170 nömrəli
orta ümumtəhsil məktəbində aparılan təmir və
yenidənqurma işləri ilə tanış oldu. Burada həyata keçirilən əsaslı
təmir və bərpa işləri barədə dövlət
başçısına məlumat verildi. Bildirildi ki, 170
nömrəli məktəbin binasının birinci korpusu 1928-ci
ildə inşa edilib və hospital kimi fəaliyyət göstərib.
1932-ci ildə isə fəaliyyətini 120 şagird yerlik orta məktəb
kimi davam etdirib. İkinci korpusun inşasından sonra isə məktəbdə
420 şagirdin təhsil alması üçün şərait
yaradılıb. Hazırda 170 nömrəli məktəbdə
900 şagird təhsil alır. Dərslər iki növbədə
tədris olunur. Ümumi sahəsi 1425 kvadratmetr olan məktəbdə
dövlət proqramına uyğun olaraq əsaslı təmir
və yenidənqurma işləri ən müasir tələblərə
uyğun şəkildə həyata keçirilib.
* * *
Sabunçu qəsəbəsindəki 170
nömrəli orta ümumtəhsil məktəbində
aparılan təmir və yenidənqurma işləri ilə
tanışlıqdan sonra dövlət başçısı
Nizami rayonundakı Kamil Əliyev adına 61 nömrəli məktəbə
gəldi. Burada həyata keçirilən əsaslı təmir
və yenidənqurma işləri ilə bağlı Prezident
İlham Əliyevə məlumat verildi. Bildirildi ki, 61 nömrəli
məktəbin binası 1965-ci ildə inşa edilib. Binanın
ümumi sahəsi 4030 kvadratmetrdir. 960 şagird yerlik məktəbdə
650 şagird təhsil alır. Məktəbin binası dövlət
proqramına uyğun olaraq həyata keçirilən tədbirlər
planı çərçivəsində əsaslı şəkildə
təmir olunub, tədris üçün lazımi şərait
yaradılıb. Məktəbin yerləşdiyi küçəyə
yeni asfalt örtüyü döşənib, ətraf ərazi
abadlaşdırılıb.
* * *
Sonra Prezident İlham Əliyev
Suraxanı rayonundakı Bünyadəli Qulamoğlu adına 285 nömrəli
orta ümumtəhsil məktəbində həyata keçirilən
əsaslı təmir və yenidənqurma işlərindən
sonra yaradılmış şəraitlə tanış oldu. Təmir
və bərpa işləri barədə Prezident İlham Əliyevə
məlumat verildi. Bildirildi ki, məktəbin binası
1990-cı ildə inşa edilib. 1396 şagird yerlik 285 nömrəli
məktəbdə 930 şagird təhsil alır. Dövlət
proqramı çərçivəsində məktəb əsaslı
şəkildə yenidən qurulub, ayrı-ayrı sinif
otaqları, fənn kabinetləri,
laboratoriyalar müasir standartlara uyğun şəkildə
təmir olunub və lazımi avadanlıqla təchiz edilib. Məktəbin
iki örtülü və iki açıq idman
meydançası da yüksək səviyyədə yenidən
qurulub. Məktəbin yerləşdiyi küçəyə
yeni asfalt döşənib, təhsil ocağının ətrafı
abadlaşdırılıb.
Daha sonra Prezident İlham Əliyev Nəsimi
rayonundakı 44 nömrəli məktəbdə həyata
keçirilən əsaslı təmir və yenidənqurma
işləri ilə tanış oldu. Görülən işlərlə
bağlı dövlət başçısına məlumat
verildi. Bildirildi ki, 44 nömrəli məktəbin binası
1922-ci ildə hərbi hospital kimi inşa edilib. Məktəbin
ikinci korpusu isə 1980-ci ildə istifadəyə verilib. 1100
şagird yerlik məktəbdə 470 şagird təhsil
alır. Əsaslı təmirə başlamazdan əvvəl məktəbin
binası qəza vəziyyətində idi. Ümumi sahəsi
6700 kvadratmetr olan binada təmir və bərpa işləri ən
müasir standartlara uyğun şəkildə həyata
keçirilib. Yenidənqurma işlərindən sonra məktəb
lazımi tədris avadanlığı ilə təchiz edilib.
Təmir edilmiş bütün məktəblərdə
olduğu kimi, burada da müasir kompyuter sinifləri
yaradılıb, sinif otaqlarında isə yeni partalar və
elektron lövhələr quraşdırılıb. Məktəb
müasir istilik sistemi ilə təmin edilib.
* * *
Nəsimi rayonundakı 44 nömrəli məktəbdə
həyata keçirilən əsaslı təmir və yenidənqurma
işləri ilə tanışlıqdan sonra Prezident İlham
Əliyev Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki
139 nömrəli orta məktəbə gəldi. Dövlət
başçısına məlumat verildi ki, bu məktəbin
birinci korpusu 1957-ci ildə inşa olunub. 2006-cı ildə isə
yardımçı korpus istifadəyə verilib. Şagird
sıxlığı nəzərə alınaraq 2011-ci ildə
dövlət proqramına uyğun olaraq 16 əlavə sinif otağı və
bir yeməkxana inşa olunub. Bundan əlavə, ümumi ərazisi
3000 kvadratmetr olan məktəbin əvvəlki iki korpusunda da əsaslı
şəkildə təmir və bərpa işləri
aparılıb. 1,2 hektar həyətyanı sahədə
abadlaşdırma tədbirləri həyata keçirilib. Fənn
kabinetləri, sinif otaqları ən
müasir səviyyədə yenidən qurulub, kompyuter sinfi
yaradılıb. 139 nömrəli məktəbdə də
müasir istilik sistemi quraşdırılıb.
Məktəbdə aparılan təmir və
yenidənqurma işləri ilə tanışlıqdan
sonra dövlət
başçısı Lökbatanda qəsəbədaxili
yollarda həyata keçirilən işlərlə də
tanış oldu. Yenidənqurma işləri barədə
Prezidentə məlumat verildi. Bildirildi ki, 173 min 600 kvadratmetr qəsəbədaxili
yol sahəsinə ikiqat asfalt örtüyü döşənib,
24 min kvadratmetr yol sahəsinə isə asfalt döşəmək
üçün hazırlıq işləri başa
çatıb. Bundan əlavə, Lökbatan qəsəbəsində
252 min kvadratmetr qəsəbədaxili yol sahəsinin
asfaltlaşdırılması da nəzərdə tutulur. Qəsəbədaxili
küçələrdə yol
xətləri təzələnib, işıq dirəkləri
yeniləri ilə əvəz edilib, müasir
işıqlandırma sistemi quraşdırılıb.
Piyadaların gediş-gəlişi üçün səkilər
abadlaşdırılıb.
Görülən işlərlə
yaxından tanış olan Prezident İlham Əliyev
müvafiq tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.-2011.-15
sentyabr.-S.1.