Azərbaycan ilə Özbəkistan
arasında əlaqələr yüksək səviyyədədir
Özbəkistanda
səfərdə olan Azərbaycanın daxili işlər
naziri, general-polkovnik Ramil Usubov özbəkistanlı həmkarı
Bahadur Matlyubov ilə birlikdə Daşkənddəki Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini
ziyarət etmişdir. Azərbaycanın və Özbəkistanın
daxili işlər nazirləri
ulu öndər Heydər Əliyevin mərkəzin yerləşdiyi
binanın qarşısındakı abidəsi önünə
əklil və çiçək dəstələri
qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Ölkəmizin Özbəkistandakı səfiri
Namiq Abbasov qonaqlara Azərbaycan Mədəniyyət Mərkəzi
haqqında məlumat vermiş, burada fəaliyyət göstərəcək
dərnəklər barədə danışmışdır.
Bildirilmişdir ki, ulu öndərin adını daşıyan
mərkəzdə təntənəli
mərasimlər, eləcə də sərgi və konsert salonları,
kitabxana yaradılmışdır.
Sonra qonaqlar mərkəzdəki Heydər
Əliyev muzeyi, Azərbaycanın dövlətçilik tarixi
muzeyi, həmçinin Azərbaycan və Özbəkistanın
Müştərək Tarixi Muzeyi ilə tanış
olmuşlar. Burada yaradılmış şərait qonaqlarda
xoş təəssürat doğurmuşdur.
Ramil Usubov burada Azərbaycan diasporunun
üzvləri ilə görüşüb söhbət
etmişdir.
Nümayəndə heyəti Buxara və
Səmərqənddə də olmuş, bu şəhərlərdəki
qədim abidələrə baxmışdır.
Azərbaycan nümayəndə heyətinin Buxara və Səmərqənd vilayətlərinin
hakimləri Samoyiddin Xusenov və Zair Mirzayev ilə
görüşlərində qonaqlara bu qədim şəhərlərdə
tarixin yadigarı olan abidələrin bərpası sahəsində
görülən işlər, yeni tikintilər haqqında məlumat
verilmişdir.
Ramil Usubov AzərTAc-ın xüsusi müxbiri ilə söhbətində
demişdir: "Dost ölkəyə səfərimin
gedişində bir daha əmin oldum ki, əlaqələrimiz
yüksək səviyyədədir, Azərbaycanın və
Özbəkistanın dövlət başçıları
İlham Əliyev və İslam Kərimovun siyasi iradəsi nəticəsində
bu əməkdaşlıq daha da inkişaf edəcəkdir. Mən
burada yaşayan azərbaycanlılara göstərilən
dostluq və qardaşlıq münasibətinin şahidi
oldum. Bu dostluq tellərinin tarixi
əsası vardır. Dinimiz birdir, dilimiz, mədəniyyətimiz,
adət-ənənələrimiz oxşardır. Elə ona
görə də burada doğmalıq gördüm. Mən
dost özbək xalqına firavanlıq arzulayıram".
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın
xüsusi müxbiri
Daşkənd
Azərbaycan.-2011.-15
sentyabr.-S.3.