Azərbaycan ilə Çexiya
arasında kitabxanaçılıq və muzey işi sahəsində əməkdaşlıq
daha da genişləndiriləcəkdir
Sentyabrın
14-də mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev ölkəmizdə səfərdə olan Çexiya
Milli Kitabxanasının direktoru Tomaş Bem və bu ölkənin milli muzeyinin
direktoru Mixal Lukeşlə görüşmüşdür.
Belə görüşlərin Azərbaycan-Çexiya
ikitərəfli əməkdaşlığının
genişlənməsinə xidmət etdiyini vurğulayan Ə.Qarayev
bildirmişdir ki, qarşılıqlı səfərlər
ölkələrimiz arasında dostluq münasibətlərinin
inkişafında mühüm əhəmiyyət
daşıyır.
Əbülfəs Qarayev Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində
Çexiyanın mədəniyyət naziri ilə Bakıda
keçirdiyi görüşü xatırlatmışdır.
Bildirmişdir ki, məhz həmin görüşdə
kitabxana və muzey sahəsində əməkdaşlığa
başlamaq qərarı verilmişdir. Kitabxana sahəsindəki
problemlərdən, gənc nəslin bu sahəyə cəlb
edilməsinin vacibliyindən söz açan nazir kitabxana
işçiləri üçün Azərbaycanda təşkil
edilmiş xüsusi kurs və treninqlərin əhəmiyyətindən
danışmışdır.
Son illərdə Azərbaycanda turizmin
inkişafına xüsusi diqqət yetirildiyini diqqətə
çatdıran Ə.Qarayev bildirmişdir ki, teatr binaları,
mədəniyyət ocaqları, tarixi abidələr yenidən
bərpa edilir və ölkəmizin turizm potensialı daha da
möhkəmləndirilir. Görülən işlərin nəticəsində
cari ildə Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərə
ev sahibliyi etmişdir.
Dostluq münasibətlərinin möhkəmləndirilməsinə
xidmət edən bütün təşəbbüsləri
dəstəklədiklərini bildirən qonaqlar
vurğulamışlar ki, ölkələrimiz arasında
qarşılıqlı əlaqələr bundan sonra daha da
genişlənəcəkdir.
Görüş zamanı mütəxəssislərin
təcrübə mübadiləsi keçməsi
üçün bu sahədə qarşılıqlı əməkdaşlığın
davam etdirilməsi, hər iki ölkədə sərgilərin
təşkili və növbəti mərhələdə Azərbaycan
nümayəndə heyətinin Çexiyaya səfəri müzakirə
olunmuşdur.
Sonda tərəflər bir-birilərinə
xatirə hədiyyələri təqdim etmişlər.
AzərTAc
Azərbaycan.-2011.-15
sentyabr.-S.3.