Çexiya Milli Kitabxanasının direktoru AMEA-nın Mərkəzi
Elmi Kitabxanasında olmuşdur
Ölkəmizdə səfərdə
olan Çexiya Milli Kitabxanasının direktoru Tomaş Bem
sentyabrın 14-də Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında
(MEK) olmuşdur.
AzərTAc xəbər verir ki, MEK-in
direktoru, filologiya elmləri doktoru
Aybəniz Əliyeva-Kəngərli kitabxananın yaranması, informasiya
cəmiyyəti şəraitində fəaliyyətinin
inkişafı haqqında qonağa geniş məlumat
vermişdir. O, beynəlxalq kitab mübadiləsinin təşkili
və inkişafı sahəsində görülən işləri
qeyd etmişdir. Ölkəmizdə elmə, mədəniyyətə,
kitabxana işinə diqqət və qayğı xüsusi
vurğulanmışdır.
Bildirilmişdir ki, hazırda kitabxana 73
dövlətin 1000-ə yaxın qurumu, o cümlədən
Çexiya Respublikasının 11 təşkilatı ilə əlaqə
saxlayır. Bu əməkdaşlıq çərçivəsində
AMEA-nın alim və mütəxəssisləri
Çexiyanın elmi tərəqqisi, nailiyyətləri ilə
müntəzəm tanış olur, alınan ədəbiyyatdan
öz elmi tədqiqatlarında səmərəli istifadə
edirlər.
Görüşdə AMEA MEK ilə
Çexiya Milli Kitabxanası arasında
qarşılıqlı əməkdaşlığın
genişləndirilməsi və inkişafı məsələləri
müzakirə edilmişdir.
T.Bem kitabxana tərəfindən
hazırlanmış, Azərbaycan-Çexiya elmi-mədəni
əməkdaşlığına həsr olunmuş ədəbiyyat
sərgisini və ölkələrimizin müxtəlif sahələrdə
əlaqələrini əks etdirən slaydı maraqla izləmişdir.
Çexiyalı qonaq kitabxananı gəzmiş,
şöbələrin, qiraət zallarının fəaliyyəti,
MEK-in 2013-cü ildə istifadəyə veriləcək yeni
binasının layihəsi ilə tanış olmuşdur.
Səmimi görüş
üçün kitabxananın rəhbərliyinə və
kollektivinə minnətdarlığını
bildirən T.Bem bu cür görüşlərin tez-tez
keçirilməsinin vacibliyini vurğulamış, gələcəkdə
ikitərəfli əməkdaşlığın daha da
inkişaf etdirilməsinə tərəfdar olduğunu
bildirmişdir.
Azərbaycan.-2011.-15
sentyabr.-S.3.