Bakı modern quruculuğun, tərəqqi
və yüksəlişin simvoludur
Müasir Azərbaycan-20
«Azərbaycan» qəzetinin Nəsimi
Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi «dəyirmi
masa»
Bu il Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının 20-ci
ildönümü tamam olur. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümü haqqında" 21 yanvar 2011-ci il tarixli sərəncamına
əsasən dövlət müstəqilliyimizin bərpası
təntənəli şəkildə qeyd olunacaq. Artıq
bununla bağlı Tədbirlər Planı təsdiq edilib.
Ölkə daxilində və xaricində bir sıra tədbirlərin
keçirilməsinə başlanılıb.
XX əsrin
sonlarına doğru ikinci dəfə öz istiqlalına
qovuşmuş Azərbaycan xalqı üçün dövlət
müstəqilliyinin bərpası tarixi nailiyyətdir. Elə buna görə də ulu öndər Heydər
Əliyev Azərbaycanın istiqlalını
xalqımızın iftixarı və qürur mənbəyi
adlandırmışdı. Müstəqillik həm də bizim
üçün ona görə qiymətlidir ki, Azərbaycan
digər dövlətlər kimi azadlığını
asanlıqla əldə etməyib. 1991-ci ildə sovet
imperiyasının süquta uğraması nəticəsində
digər müttəfiq respublikalar kimi Azərbaycan da
özünün dövlət müstəqilliyinə nail oldu.
Amma digər ölkələrdən fərqli olaraq
respublikamızı bu müstəqilliyə, azadlığa
aparan yollar hamar olmadı, qanlar töküldü, şəhidlər
verildi.
Müstəqilliyin
ilk illəri də xalqımız üçün narahat
keçdi. Yalnız xalqımızın dahi oğlu Heydər Əliyevin
hakimiyyətə qayıdışı ilə
başımızın üstünü alan təhlükələr
dəf edildi. Sərəncamda bu barədə deyilir: "Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik
və xalqımızın maraqlarına zidd siyasət,
iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin
talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi.
1993-cü ilin iyun ayından ölkədə
formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş
müharibəsi təhlükəsini aradan qaldırdı,
separatçılıq meyillərinə son qoydu və Heydər
Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə
gətirib çıxardı".
Heydər Əliyevin
sayəsində Azərbaycanın dövlət müstəqilliyinin
əbədiliyi təmin olundu. Bu gün isə Prezident
İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət
nəticəsində müstəqilliyimiz daha da möhkəmlənir
və güclənir. Azərbaycan bir çox dövlətlərdən
fərqli olaraq sözün əsl mənasında tam müstəqildir.
"Azərbaycan"
qəzetinin Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə
keçirdiyi "dəyirmi masa" da Azərbaycanın
dövlət müstəqilliyinin 20-ci ildönümünə
və Nəsimi rayonunun keçdiyi inkişaf yoluna həsr
olunub.
"Dəyirmi masa"nı "Azərbaycan"
qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV açdı:
- Hörmətli "dəyirmi masa"
iştirakçıları!
Tale elə gətirib ki, Azərbaycan bir əsrdə
iki dəfə müstəqillik əldə etmək,
özünün suveren dövlətini yaratmaq imkanı
qazanıb. Təəssüf ki, ilk imkan xarici müdaxilə,
daxili çəkişmələr və beynəlxalq təminatın
olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan
Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı.
İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının
dağılması Azərbaycan xalqına milli müstəqilliyini
bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan
Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktı" qəbul olundu. Bu
mühüm tarixi sənədlə xalqımız uzun illərdən
bəri həsrətində olduğu azadlığına
qovuşdu. Bununla da
Azərbaycanın tarixində yeni dövrün
başlanğıcı qoyuldu.
Lakin dövlət
müstəqilliyini sözün əsl mənasında əldə
etmək üçün sadəcə olaraq Konstitusiya
Aktının qəbulu yetərli sayıla bilməzdi. Bu mənada
1991-ci ilin oktyabrından sonrakı proseslər göstərirdi
ki, müstəqilliyi qoruyub saxlamaq, möhkəmləndirmək
onu qazanmaqdan qat-qat çətindir. Belə ki, sənədin qəbul
olunmasına baxmayaraq A.Mütəllibov iqtidarı yenə də
Moskvanın idarəçiliyinə üstünlük verir,
Kremlin diktəsi ilə fəaliyyət göstərirdi. Bu
ondan irəli gəlirdi ki, o dövrdə Azərbaycana rəhbərliyi
həyata keçirən şəxslər müstəqillik
aktına xalqın təzyiqi nəticəsində, məcburiyyət
qarşısında tərəfdar olmuşdular. Və sənəddən irəli gələn vəzifələri
yerinə yetirmək qabiliyyətində və həvəsində
olmadıqlarına görə Konstitusiya Aktı yalnız quru
kağız parçası sayılır, sırf formal səciyyə
daşıyırdı. Vaxt ötsə də, bu statusun
möhkəmlənməsi üçün növbəti
vacib siyasi addımlar atılmırdı. A.Mütəllibov
hakimiyyəti 1991-ci ilin avqust hadisələrinə
özünün münasibəti ilə də əslində
müstəqillik ideyalarına sadiq olmadığını
nümayiş etdirmişdi.
1992-ci ildə
hakimiyyəti zor gücü ilə ələ alan
AXC-Müsavat cütlüyü də səriştəsiz siyasəti
sayəsində dövlət müstəqilliyinin möhkəmləndirilməsi
üçün heç bir iş görmədi. Bu iqtidar da
özündən əvvəlki rəhbərlik kimi Azərbaycanın
öz istiqlalına çox mürəkkəb siyasi-tarixi
şəraitdə nail olduğunu və hər an bu müstəqilliyin
itirilə biləcəyini dərk edə bilmirdi. Yarıtmaz siyasət, ölkə rəhbərliyində
təmsil olunan şəxslərin dövlət idarəsindəki
kobud səhvləri, ordu quruculuğunun düzgün
aparılmaması və Ermənistan silahlı qüvvələrinin
hərbi təcavüzünün genişlənməsi, daxildə
hökm sürən siyasi çəkişmələr,
separatçılığın alovlanması hələ
kövrək günlərini yaşayan dövlət müstəqilliyinin
itirilməsi təhlükəsini reallaşdırırdı.
Belə
bir ağır və mürəkkəb dövrdə xalqın
təkidli tələbi ilə böyük siyasi təcrübəyə
malik Heydər Əliyevin ölkə rəhbərliyinə
qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin
qorunub saxlanmasına və möhkəmləndirilməsinə
xidmət edən başlıca
amil oldu. Xalqımızın dahi oğlunun ölkədə
hakimiyyətə dönüşü ilə
respublikamızın 1920-ci ildəki aqibətinin təkrarlanması
təhlükəsi sovuşduruldu.
1993-cü ilin
iyununda parlamentin sədri, oktyabrda isə Prezident seçilən
Heydər Əliyev tezliklə ölkədə yaranmış
siyasi böhranın və hakimiyyət boşluğunun aradan
qaldırılmasına nail oldu. Hərc-mərclik,
özbaşınalıq hallarına, zorakılıq, silah
işlətmək yolu ilə hakimiyyətə gəlmək
praktikasına birdəfəlik son qoyuldu, ictimai-siyasi sabitlik bərqərar
edildi.
Heydər
Əliyev ölkəmizi təhlükə və çətinliklərdən
qurtararaq ardıcıl inkişaf yoluna çıxardı. Ulu
öndərin respublikaya rəhbərlik etdiyi dövr ərzində
dövlət idarəçiliyi mexanizmi yaradıldı, nizami
ordu quruldu, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və
mədəni islahatlar həyata keçirildi. İqtisadiyyatın dinamik inkişafı
təmin edildi, ölkəmiz üçün böyük əhəmiyyət
kəsb edən yeni neft strategiyası hazırlanaraq uğurla
gerçəkləşdirilməyə başlanıldı. Nəticə
etibarilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi
dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar
edilməsi istiqamətində ciddi addımlar
atıldı. Dövlətimiz dünya birliyində layiqli
yerini tutdu, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək
böyük beynəlxalq nüfuz qazandı.
Xalqımızın milli birliyi və həmrəyliyi təmin
edildi.
Beləliklə,
Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında Konstitusiya Aktında nəzərdə tutulan
bütün müddəalar məhz Heydər Əliyevin
müdrik və uzaqgörən siyasəti sayəsində real
həyata vəsiqə aldı, xalqımız çoxdan
arzusunda olduğu əsl müstəqilliyinə qovuşdu.
Bir məsələni
də xüsusi qeyd etməyə ehtiyac var. Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktının 32-ci maddəsində göstərilir
ki, bu Konstitusiya Aktı ölkəmizin yeni
Konstitusiyasının hazırlanması üçün əsasdır.
Məlum olduğu kimi, 1991-1993-cü illərdə
hakimiyyətdə olanlar bu barədə düşünmək
belə istəməmişdilər. Ölkəmizin yeni
Konstitusiyası da məhz ulu öndər Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra
hazırlandı. Ulu öndərin rəhbərliyi ilə
hazırlanaraq qəbul olunmuş müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyası ölkəmizdə
müasir dövlətçilik sisteminin bərqərar edilməsi
üçün möhkəm hüquqi baza yaratdı.
Heydər Əliyev
ölkəmizin müstəqilliyi barədə deyirdi: "Azərbaycanın
dövlət müstəqilliyi əbədi
olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır
və Azərbaycanın bugünkü gənc nəsli gələcək
Azərbaycanı daha da yüksəklərə
qaldıracaqdır". Zaman, ötən illər ümummilli
liderin bu sözlərinin real həyatda öz təsdiqini
tapdığını sübut edir. Ulu öndərin layiqli
siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyevin
uğurlu siyasəti nəticəsində müstəqilliyimizin
siyasi və iqtisadi sütunları daha da möhkəmlənib.
Azərbaycan bu
gün həm siyasi, həm də iqtisadi cəhətdən
dünyanın qüdrətli
dövlətlərindən birinə çevrilib. İqtisadi
artım tempinə görə ölkəmiz nəinki regionda,
həm də dünyada lider mövqeyə çatıb.
Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın
iştirakı və razılığı olmadan həyata
keçirilə bilməz. Bütün bunlar təbii ki, Heydər
Əliyevin ideyalarının yaşamasının, Prezident
İlham Əliyev tərəfindən müstəqilliyimizin,
dövlətçiliyimizin qüdrətlənməsinə
hesablanmış əməli siyasi fəaliyyətin nəticəsidir.
Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının 20-ci ili
tamam olur. Prezident İlham Əliyevin 21 yanvar
2011-ci il tarixli "Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının iyirminci
ildönümü haqqında" sərəncamına əsasən
müstəqilliyimizin bərpasının iyirminci
ildönümü ölkəmizdə dövlət səviyyəsində
təntənəli surətdə qeyd olunacaq. Artıq
bununla bağlı Tədbirlər Planı da təsdiq edilib,
ölkəmizdə və eləcə də xarici dövlətlərdə tədbirlərin
keçirilməsinə start verilib.
Prezident
İlham Əliyevin sərəncamı ilə müstəqilliyimizin
bərpasının 20-ci ildönümünün bu cür
yüksək səviyyədə qeyd olunması ölkə rəhbərliyinin
müstəqilliyimizə, şanlı tariximizə, milli-mənəvi
dəyərlərimizə olan yüksək ehtiramının,
həssas münasibətinin göstəricisidir. Sərəncamda yer alan "İyirmi illik inkişaf
yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu
gün Azərbaycan, sözün əsl mənasında,
artıq tam müstəqil ölkədir. Ölkəmizdə
gerçəkləşdirilən siyasət daim Azərbaycan
xalqının maraqlarına xidmət göstərir"
fikri qəlbi vətən eşqi ilə döyünən hər
bir azərbaycanlının ürəyindən xəbər
verir.
"Azərbaycan"
qəzetinin dövlət müstəqilliyimizin bərpasının
20-ci ildönümünə həsr olunmuş növbəti səyyar
"dəyirmi masa"sı Bakının Nəsimi rayonunda
keçirilir. Nəsimi rayonu paytaxtın iri rayonlarından
biridir. Son illərdə Bakıda həyata
keçirilən böyük
miqyaslı tikinti, abadlıq və quruculuq işləri Nəsimi
rayonunda da geniş vüsət alıb. Ölkəmizin və
Bakının dinamik inkişafı bu rayonun da həyatında
yaxından hiss edilməkdədir. Bu "dəyirmi
masa"da Nəsimi rayonunun keçdiyi sosial-iqtisadi inkişaf
yoluna nəzər salınacaqdır.
İndi isə
çıxış etmək üçün söz Nəsimi
Rayon İcra Hakimiyyətinin başçısı Nəsib MƏHƏMƏLİYEVə
verilir:
Nəsib MƏHƏMƏLİYEV:
- Hamımıza
məlum olduğu kimi, yaxın günlərdə
xalqımızın həyatında əlamətdar tarixi hadisənin
- Azərbaycanın dövlət müstəqilliyinin bərpa
edilməsinin 20 ili tamam olur. Bununla əlaqədar
respublikamızın hər yerində, eləcə də
ölkəmizin hüdudlarından kənarda müxtəlif tədbirlər
keçirilir, dünyanın harasında yaşamasından
asılı olmayaraq bütün azərbaycanlılar bu hadisəni
böyük qürur hissi ilə qeyd edirlər. Belə
mötəbər tədbirlərdən biri də bu gün
"Azərbaycan" qəzetinin təşəbbüsü
ilə Nəsimi rayonunda keçirilir. Bu tədbirin Nəsimi
rayonunda keçirilməsinin təşəbbüskarı
olduğuna görə mən "Azərbaycan" qəzetinin
kollektivinə dərin minnətdarlığımı bildirirəm.
Tarixi həqiqətdir
ki, hər bir millət üçün dövlət müstəqilliyini
əldə etmək onun həyatında ən önəmli bir
hadisədir. Azərbaycan xalqı da öz müstəqilliyini əldə
etmək üçün zaman-zaman mübarizə
aparmış, bu yolda böyük qurbanlar vermişdir.
Xalqımız hələ 1918-ci ildə müsəlman Şərqinin
ilk demokratik respublikasını - Azərbaycan Xalq Cümhuriyyətini
yaratmışdır. Lakin təəssüf ki, bir sıra
obyektiv səbəblər üzündən cümhuriyyət cəmi
23 ay müddətində mövcud olmuşdur. Qısa müddət
yaşamasına baxmayaraq, həmin respublika bir çox önəmli
işlər görmüş, dövlət quruculuğu sahəsində
mühüm tədbirlər həyata keçirə
bilmişdir.
Sonrakı 70 ili
Azərbaycan keçmiş Sovetlər İttifaqının tərkibində
olmuş, bu dövrdə də dövlət müstəqilliyimizin
itirilməsinə baxmayaraq, bir sıra nailiyyətlər əldə
etmişdir. Xüsusən, xalqımızın böyük
oğlu Heydər Əliyevin sovet dönəmində ölkəmizə
rəhbərlik etdiyi illər tariximizə dinamik sosial-iqtisadi
inkişaf dövrü kimi yazılmışdır.
Ötən
əsrin 80-ci illərinin ortalarından başlayaraq SSRİ-də
gedən ictimai-siyasi proseslərin labüd nəticəsi olaraq
tarixi gerçəklik Sovet İttifaqının
dağılmasına, kommunist partiyasının tarix səhnəsindən
çəkilməsinə və nəticə etibarilə
müttəfiq respublikaların hər birinin müstəqil dövlətə
çevrilməsinə gətirib çıxartdı. 1991-ci
ilin oktyabrın 18-də "Azərbaycanın dövlət
müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul
olundu və respublikamızın tarixində yeni dövr
başladı. Təəssüf ki, 1991-1993-cü illərdə
ölkənin iqtisadi, siyasi maraqları, təhlükəsizliyi,
ərazi bütövlüyünün təmin
olunması ilə bir araya sığmayan daxili və xarici siyasət,
dövlət idarəçiliyində buraxılmış kobud
səhvlər müstəqil dövlətçiliyə, onun
sonrakı taleyinə ağır zərbələr vurdu. Bu
baxımdan 1991-1993-cü illər Azərbaycanın müstəqillik
tarixində nəinki itirilmiş illər, hətta müstəqilliyimiz
üçün təhlükə törədən bir
çox təzahürlərin əmələ gəldiyi bir
dövr kimi səciyyələndirilir.
Yalnız
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə
ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışından sonra hakimiyyət vakuumu aradan
götürüldü, baş qaldırmış
separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə,
müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar
ünsürlər zərərsizləşdirildi, dövlətlə
xalqın birliyi, yekdilliyi təmin edildi. Bir tarixi həqiqət
də vardır ki, xalqın əvəzsiz sərvəti olan
müstəqilliyin qorunması onun əldə edilməsindən
daha ağır və mürəkkəb vəzifədir. Bu
tarixi missiyanı isə ümummilli liderimiz Heydər Əliyev
layiqincə yerinə yetirdi və Azərbaycanı sürətli
və hərtərəfli inkişaf yoluna çıxardı.
Ulu
öndərin hakimiyyətdə olduğu illərdə ölkəmiz
üçün həyati əhəmiyyətə malik bir
çox məsələlər həll edildi, ölkənin gələcək
strateji inkişafının əsası qoyuldu. Ümummilli
liderin təşəbbüsü və bilavasitə rəhbərliyi
altında müstəqil dövlətimizin ilk Konstitusiyası
ümumxalq səsverməsi yolu ilə qəbul edildi,
dünyanın aparıcı neft şirkətlərinin
iştirakı ilə əsrin müqaviləsi imzalandı,
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin
inşasına başlanıldı, ordu quruculuğunun əsası
qoyuldu. Ölkədə bir sıra mühüm
siyasi-hüquqi, iqtisadi-aqrar islahatlar həyata
keçirildi, ölkəmiz tam hüquqlu üzv kimi Avropa Şurasına
qəbul edildi.
Azərbaycanın
son 8 illik inkişaf tarixi isə möhtərəm Prezidentimiz
İlham Əliyevin adı ilə bağlıdır. Məhz cənab
İlham Əliyevin rəhbərliyi altında respublikamız
dünyada analoqu olmayan inkişaf tempinə nail olmuş,
ölkədə mühüm siyasi, hüquqi və iqtisadi
islahatlar həyata keçirilmiş, möhkəm siyasi sabitlik
və iqtisadi tərəqqi əldə edilmişdir. Bu gün
Azərbaycan özünün spesifik inkişaf modelinə malik
olan, dinamik iqtisadi inkişafın sürətinə görə
dünyada qabaqcıl mövqelərdən birini tutan bir ölkə
kimi beynəlxalq aləmdə özünü təsdiq
etmişdir. Regionda hər hansı bir iqtisadi və
ya infrastruktur layihəsinin Azərbaycanın iştirakı
olmadan həyata keçirilməsi mümkün deyildir. Əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
və Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilən sürətli inkişaf strategiyasının məntiqi
nəticəsidir ki, son 8 ildə ölkə
iqtisadiyyatının 3 dəfə, dövlət büdcəsinin
10 dəfə artımına nail olunmuşdur.
Fəxrlə
qeyd edə bilərik ki, bu gün Azərbaycanda geniş
vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və
abadlıq işləri Nəsimi rayonunda da yüksələn
templə davam edir, bu inkişaf prosesinə rayonumuz da öz layiqli töhfələrini
verməkdədir. Nəsimi
rayonunun inkişafından danışarkən etiraf etməliyik
ki, bu tərəqqinin əsl müəllifi Prezident İlham Əliyevdir.
Qazanılan hər bir nailiyyətə dövlət
başçısının rayonumuza göstərdiyi
böyük diqqət və qayğı sayəsində nail
olunmuşdur. Uğurlar o qədər genişmiqyaslı,
çoxşaxəli və çoxvektorludur ki, yalnız ən
mühüm hadisələrə nəzər salmaq istərdim.
Prezident
İlham Əliyevin birbaşa təşəbbüsü və
himayəsi sayəsində son illər Nəsimi rayonunda
mühüm obyektlərin tikintisinin təməli qoyulmuş və
inşası uğurla başa
çatdırılmışdır. Ümumiyyətlə, son
5 ildə cənab Prezident 30 dəfə Nəsimi rayonunda
olmuş, 19 obyektin açılış, 11 obyektin isə təməlqoyma mərasimində
iştirak etmişdir. Son illər rayonumuzda
çoxsaylı səhiyyə və təhsil müəssisələri,
yollar, yol ötürücüləri və yol
qovşaqları, piyada keçidləri, parklar, infrastruktur
obyektləri, yeni inzibati binalar istifadəyə verilmiş,
tarixi memarlıq abidələri, dini-mənəvi dəyərləri
yaşadan obyektlərin bərpası ilə bağlı
önəmli işlər görülmüşdür. Görülmüş bu işlər
Nəsimi rayon sakinlərində dövlətə inamı, cənab
Prezidentə etimadı daha da möhkəmləndirmiş, ümummilli
lider Heydər Əliyevin siyasi kursunun alternativsizliyini bir daha təsdiq
etmişdir.
Rayonda ümumi məhsul
buraxılışı 2010-cu ildə 2003-cü illə
müqayisədə 2,7 dəfə artmışdır. Sənaye
məhsulları istehsalı 47,4 faiz, tikinti-quraşdırma
işləri 2,1 dəfə, nəqliyyat xidməti 2,5 dəfə,
rabitə xidməti isə 5,4 dəfə artmışdır.
Hazırda rayonda işləyən vətəndaşların
nominal aylıq əməkhaqqı 2003-cü illə müqayisədə
4,7 dəfə artaraq 365,8 manata çatmışdır.
Göstərilən dövrdə əsas kapitala yönəldilən
investisiyalar 4,8 dəfə artaraq 121 milyon manat olmuşdur.
2003-2011-ci illərdə rayonda 19030 yeni iş yeri
yaradılmışdır ki, bunlardan 16826-sı daimi iş
yerləridir. Son 5 ildə güzəştli kateqoriyadan olan
sakinlərin mənzil şəraitinin
yaxşılaşdırılması üçün
yaşayış yeri üzrə 41, iş yeri üzrə isə
17 ailə mənzillə təmin
edilmişdir.
2003-2010-cu illərdə 11 məktəbdə
4820 şagird yerlik əlavə korpuslar tikilərək istifadəyə
verilmiş, 6 tam orta məktəb, 1 idman məktəbi əsaslı
təmir edilmişdir. Hazırda isə "2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"nın icrası ilə əlaqədar rayonun 7
orta məktəbində əsaslı təmir işləri
aparılır. Bu məktəblərdən 2-də əlavə
korpuslar da tikilir. 5 körpələr evi-uşaq
bağçasında əsaslı təmir işləri
aparılır. Göstərilən obyektlərdə
aparılan işlər 15 sentyabr Bilik Gününə qədər
tam başa çatdırılaraq istifadəyə veriləcəkdir.
Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, dövlət
proqramına müvafiq olaraq 2011-2013-cü illərdə rayonda
41 ayrı-ayrı sahələr üzrə abadlıq və
yenidənqurma işlərinin aparılması nəzərdə
tutulmuşdur.
Aparılan abadlıq, quruculuq və
yaşıllaşdırma işlərinin, sosial tədbirlərin
həyata keçirilməsində Heydər Əliyev Fondunun və
onun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
olduqca böyük rolu var. Rayonda bir sıra sosial təyinatlı
obyektlər, o cümlədən, əqli cəhətdən zəif
olan uşaqlar üçün 268 saylı xüsusi məktəb
və atılmış uşaqlar üçün nəzərdə
tutulmuş 1 saylı körpələr evi Heydər Əliyev
Fondunun təşəbbüsü və maliyyə dəstəyi
ilə əsaslı təmir edilmişdir. Hər yeni tədris
ilində ibtidai sinif şagirdlərinə Fond tərəfindən
məktəb ləvazimatları hədiyyə edilir.
Son illər əhalinin asudə
vaxtının səmərəli təşkili, rayonda ekoloji vəziyyətin
yaxşılaşdırılması məqsədilə bir
sıra önəmli işlər
görülmüşdür. Belə ki, 2003-2010-cu illərdə
rayon ərazisində müasir tələblərə cavab verən
4 yeni park salınmış, 8 park isə əsaslı təmir
edilərək əhalinin istifadəsinə verilmişdir.
Hazırda 2 parkda əsaslı təmir və yenidənqurma
işləri davam etdirilməkdədir. Rayonda mütəmadi
olaraq yaşıllaşdırma işləri
aparılmışdır. Xüsusən Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın "Hərəmiz
bir ağac əkək" təşəbbüsü və
ötən ilin "Ekologiya ili" elan olunması ilə əlaqədar
200 mindən artıq ağac və dekorativ kollar əkilmişdir.
Rayon
ərazisində yaşayan şəhid ailələri,
müharibə veteranları, aztəminatlı ailələr,
rayonda məskunlaşmış məcburi köçkünlər
rayon icra hakimiyyətinin diqqət və qayğısı ilə
əhatə olunmuş, onlara mütəmadi olaraq maddi və mənəvi
yardımlar göstərilmişdir.
Qazanılmış uğurlar onu deməyə
əsas verir ki, bu gün istər regional, istərsə də
dünya miqyasında müasir Azərbaycanı xarakterizə
edən əsas göstərici yüksək dinamizmə əsaslanan
modern inkişafdır. Kompleks xarakterə malik bu inkişaf
qısa zaman kəsiyində Azərbaycanın kifayət qədər
böyük nailiyyətlərə imza atmasına, beynəlxalq
geosiyasi və geoiqtisadi məkanda güclü müstəqil
subyektlərdən birinə çevrilməsinə gətirib
çıxarmışdır. Şübhəsiz ki, belə
bir inkişaf tendensiyası düşünülmüş və
dəqiq elmi-nəzəri konsepsiyaya əsaslanan strateji proqrama
söykənir. Onun müəllifi isə ulu öndər Heydər
Əliyev kursunun layiqli davamçısı, hörmətli
Prezidentimiz cənab İlham Əliyevdir. Qətiyyətlə
deyə bilərik ki, cənab Prezidentin rəhbərliyi
altında müstəqil Azərbaycan dövləti
qarşıdakı illərdə daha böyük, daha möhtəşəm
qələbələrə imza atacaq, qısa bir zamanda
dünyanın inkişaf etmiş qabaqcıl dövlətləri
arasında öz layiqli yerini tutacaqdır.
Nəsimi rayon ictimaiyyəti adından
hamını əmin etmək istəyirəm ki, cənab
Prezidentin qarşımıza qoyduğu hədəflərə
nail olunması üçün üzərimizə düşən
bütün vəzifələri layiqincə yerinə yetirəcək,
Nəsimi rayonunun Azərbaycanın tərəqqisini
özündə aydın əks etdirən əsas
ünvanlardan birinə çevrilməsinə,
qarşıdakı dövr ərzində rayonun inkişaf dinamikasının
daha böyük vüsət almasına
çalışacağıq.
Bəxtiyar SADIQOV:
- Nəsimi rayonu
paytaxtımızın mərkəzi rayonlarından biri
olduğundan buradakı inkişaf demək olar ki,
gözümüzün önündə baş verir. Təbii ki, bu inkişafda, sakinlərin
yaşayış səviyyəsinin yüksəlməsində,
rayon üzrə ümumi daxili məhsulun yüksək templə
artımında ərazidə fəaliyyət göstərən
istehsal və xidmət müəssisələrinin
böyük rolu var. Ölkəmizdə
formalaşdırılan azad biznes mühiti Nəsimi
rayonunda da vaxtilə fəaliyyətini dayandırmış
müəssisələrin bərpası, yeni istehsal və xidmət
sahələrinin yaradılması, eləcə də
mövcud müəssisələrdə istehsalın
çoxalması ilə müşayiət olunur. Bu barədə
danışmaq üçün söz A.Bakıxanov adına
"Bakı Tikiş Evi" ASC-nin sədri Fidail RƏHİMOVa
verilir.
Fidail RƏHİMOV:
- Bu günlər
ölkəmizin hər yerində Azərbaycanın dövlət
müstəqillyinin bərpasının 20 illiyi böyük təntənə
ilə qeyd edilməkdədir. Tarixi baxımdan 20
il çox qısa müddət olsa da, bu zaman kəsiyində
ölkəmizin iqtisadi, siyasi, sosial, mənəvi və digər
sahələrdə qazandığı möhtəşəm
uğurlar çoxdur və hər bir Azərbaycan vətəndaşı
bu uğurlardan böyük qürur hissi keçirir.
Bütün bunlar isə əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulan və möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən Azərbaycanın hərtərəfli
inkişaf strategiyasının məntiqi nəticəsidir. Bu
tarixi günlərdə ictimai mövqeyindən asılı
olmayaraq hər bir Azərbaycan vətəndaşı
keçilmiş yola nəzər salmalı,
görülmüş işlər və qarşıdakı hədəflər
barədə düşünməlidir.
İnamla deyə
bilərik ki, bu illər ərzində Nəsimi rayonunda
genişmiqyaslı işlər görülmüş, iqtisadi
sahədə əhəmiyyətli nailiyyətlər
qazanlımışdır. Yalnız onu demək
kifayətdir ki, 1991-ci ildə rayonda 11 milyon 970 min manatlıq sənaye
məhsulu istehsal olunduğu halda, 2010-cu ildə bu rəqəm
106 milyon 412 min manat, yəni 9 dəfə çox olmuşdur.
1991-ci ildə rayonda əsas kapitala 166,6 min manat, 2010-cu ildə
isə 120 milyon 956 min manat investisiya yönəldilmişdir
ki, bu da 726 dəfə artım deməkdir. Bu dövr ərzində
rayonda aparılan tikinti-quraşdırma işlərinin həcmi
569 dəfə artaraq 504 min manatdan 286 milyon 753 min manata
çatmışdır. "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər)" rayonda müvəffəqiyyətlə
başa çatdırılmış, 2003-2010-cu illərdə
19030 yeni iş yeri yaradılmışdır. Hazırda
2009-2013-cü illər üçün nəzərdə
tutulmuş Dövlət Proqramının icrası uğurla
davam etdirilməkdədir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
sahibkarlığın inkişafına göstərdiyi diqqət
və qayğı bütün respublikada olduğu kimi, Nəsimi
rayonunda da bu sahənin inkişafına geniş imkanlar
yaradır. Cənab Prezidentin imzaladığı fərman və
sərəncamlar sahibkarlığın inkişafı
üçün mövcud olmuş maneələri tamamilə
aradan qaldırır, bu mühüm sahənin tam və sərbəst
inkişaf etməsi üçün mükəmməl sistem
yaradır. Sahibkarlığın
inkişafına olan diqqətin və ölkəmizdə həyata
keçirilən dəqiq, düşünülmüş,
elmi əsaslara söykənən, uzaqgörən iqtisadi siyasətin
nəticəsidir ki, Nəsimi rayon ərazisindəki müəssisələrdə
keçmiş ənənələr bərpa olunur, əlaqələr
yenidən qurulur, bunlarla yanaşı, istehsalata müasir
texnologiyalar cəlb olunur, qabaqcıl idarəetmə təcrübəsi
öyrənilir və tətbiq edilir. Bazar
iqtisadiyyatının qanunlarına uyğun, rəqabətə
davamlı məhsulların istehsalına xüsusi önəm
verilir və yeni tipli iqtisadiyyat Nəsimi rayonunun yüksəlişində
əsas amillərdən birinə çevrilir.
Təmsil etdiyim
"Bakı Tikiş Evi" ASC-də də son illərdə əhəmiyyətli
uğurlara imza atılmışdır. Müəssisəmiz
sovet hakimiyyətinin ilk illərindən fəaliyyət
göstərsə də, öz inkişafının yüksək
səviyyəsinə ötən əsrin 70-ci illərində,
ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi
dövründə çatmışdır. Həmin illərdə
müəssisə dinamik inkişaf yoluna qədəm
qoymuş, keçmiş Sovetlər İttifaqının digər
respublikaları, dünyanın bir çox ölkələri
ilə iqtisadi-ticarət əlaqələri
yaradılmış, böyük iqtisadi nailiyyətlər əldə
edilmişdir.
Təəssüf
ki, müstəqilliyimizin ilk illərində ölkəmizdə
yaranmış qeyri-sabit siyasi şərait, baş alıb gedən
xaos və anarxiya, iqtisadi və siyasi böhran "Bakı
Tikiş Evi"ndən də yan keçməmiş, müəssisə
öz fəaliyyətini demək olar ki,
dayandırmışdır. Yalnız xalqın təkidli tələbi ilə ulu
öndər Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışından sonra respublikada siyasi vəziyyət
sabitləşməyə başlamış, ölkə iqtisadi
inkişaf yoluna qədəm qoymuşdur. Odur ki,
"Bakı Tikiş Evi"nin yenidən fəaliyyətə
başlaması da məhz ulu öndərin adı ilə
bağlıdır. 1993-cü ilin sonlarından fəaliyyətini
bərpa edən müəssisə ilbəil iqtisadi göstəricilərini
yaxşılaşdırmağa nail olmuşdur.
1998-ci
ildən səhmdar cəmiyyəti kimi fəaliyyət göstərən
müəssisədə bu gün 700-dən artıq
işçi çalışır,
100-dən artıq adda məhsul istehsal edilir. 2010-cu ildə
sənaye istehsalının həcmi 8 milyon manat olmuşdur ki,
bu da 1991-ci illə müqayisədə 4 dəfə çoxdur. Hazırda
"Bakı Tikiş Evi" respublikanın əksər
güc strukturlarını, eləcə də təhsil müəssisələrini
yüksək keyfiyyətli, müasir tələblərə
cavab verən uniformalarla, digər geyim dəstləri ilə təmin
edir, xarici bazarlara çıxmaq məqsədi ilə bir
çox ölkələrlə əlaqələr
yaradır.
Şübhəsiz
ki, biz görülmüş işlərlə qətiyyən
kifayətlənməli deyilik. Cənab Prezidentin
ölkə iqtisadiyyatı qarşısında qoyduğu
möhtəşəm hədəflər - Azərbaycanı
dünyanın ən inkişaf etmiş ölkələrindən
birinə çevirmək vəzifəsi bizi bundan sonra daha əzmlə,
daha gərgin işləməyə ruhlandırır.
Rayonumuzun digər müəssisə və təşkilatları
kimi "Bakı Tikiş
Evi" ASC də bu vəzifənin layiqincə yerinə
yetirilməsi üçün fəaliyyətini daim təkmilləşdirir.
Biz yeni, müasir texnologiyaların daha geniş miqyasda tətbiq
edilməsi, istehsalı şaxələndirmək, yeni istehsal
sahələri yaratmaq, daha yüksək keyfiyyətli, beynəlxalq
standartlara tam cavab verən məhsullar istehsal etmək
üçün çalışırıq.
Ümummilli lider
Heydər Əliyevin dediyi kimi, müstəqillik hər bir
xalqın ən böyük milli sərvətidir. Ulu öndərin
ifadə etdiyi bu tarixi həqiqət bu gün doğma Azərbaycanımızın
timsalında bir daha öz təsdiqini tapmışdır. Qazandığımız bütün qələbələr
günbəgün möhkəmlənməkdə olan dövlət
müstəqilliyimizin, Azərbaycan dövlətinin qurucusu,
dahi öndər Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli
inkişaf strategiyasının, möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin həyata keçirdiyi müdrik və
uzaqgörən siyasətin gündəlik həyatımızda
təsdiqini tapmış sübutudur. Müstəqil dövlətimizi
qorumaq və daha da inkişaf etdirmək, gələcək nəsillərə
qüdrətli, firavan Azərbaycanı
ərmağan etməksə bizim hamımızın müqəddəs
vəzifəsidir.
Bəxtiyar SADIQOV:
- Müasir Azərbaycanın əsas
reallıqlarından biri iqtisadi inkişafın vətəndaşların
etibarlı sosial təminatı üçün
yaratdığı geniş imkanlardır. Bu, ölkəmizdə
həyata keçirilən inkişaf strategiyasının sosial
mahiyyətindən xəbər verir. Demək olar ki, hər il
ölkəmizdə əməkhaqlarında artımlar baş
verir. Dövlət xüsusən aztəminatlı vətəndaşların,
o cümlədən qocaların, mühariə əlillərinin,
qaçqın və məcburi köçkünlərin
etibarlı sosial müdafiəsinin təşkili məsələlərinə
həssaslıqla yanaşır. Bu yaxınlarda 2006-cı ilə
qədər pensiyaya çıxmış şəxslərin
pensiyalarının yenidən hesablanması və orta hesabla təxminən
40 faiz artması bunun təsdiqidir. Əhalinin sosial müdafiəsi
sahəsində görülən işlər barədə
danışmaq üçün söz Nəsimi Rayon
Ağsaqqallar Şurasının sədri, fəlsəfə
elmləri doktoru, professor İmran CƏFƏRZADƏyə
verilir.
İmran CƏFƏRZADƏ:
- Azərbaycan
Respublikasının sosial - iqtisadi inkişaf strategiyasına
uyğun olaraq Nəsimi rayonu böyük sürətlə tərəqqi
edir, intibah dövrünü yaşayır. Rayonumuzda
irimiqyaslı tikinti - quruculuq işləri aparılır,
müasir tipli yeni yaşayış binaları tikilir, parklar
salınır, yeni təhsil, səhiyyə müəssisələri
inşa edilir. Köhnə binalar əsaslı bərpa edilir, əlavə
tədris korpusları, idman salonları tikilir, müxtəlif
istiqamətli istehsal müəssisələri istifadəyə
verilir. Həmçinin sahibkarlıq fəaliyyətinə dəstək
göstərilir, sərbəst iqtisadi münasibətlər
sektoru rayon iqtisadiyyatının əsas bazasına
çevrilir. Bunun nəticəsidir ki, ötən
il rayonun ümumi məhsul buraxılışı 907,3 milyon
manata, nominal əməkhaqqı 365,8 manata
çatmışdır. 2011-ci ilin birinci yarısının
yekunları da göstərir ki, rayonumuzun stabil və dinamik
strateji inkişaf ənənəsi davam edir və
dayanıqlı xarakter daşıyır.
Dövlət
qayğısının və yerli imkanların genişlənməsi
nəticəsində Nəsimi rayonunda sosial sferaya diqqət
daha da artırılmış, yoxsulluğun səviyyəsi
sürətlə aşağı düşmüş,
ehtiyacı olan insanlara müxtəlif xarakterli yardım
göstərilmişdir. Rayon rəhbərliyi vaxtı ilə özünün
fiziki və əqli imkanlarını vətənimizin
inkişafına həsr etmiş, indi isə ahıl
yaşına çatmış sakinlərin
qayğılarına xüsusi diqqət yetirir və onlara həssaslıqla
yanaşır. Rayon ərazisində
yaşayan 373 nəfər tənha, əlil və ahıllar
rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində sosial
məişət xidmətinə götürülmüş və
onlara mütəmadi qaydada evlərində xidmət göstərilir.
Bayram günlərində rayonun şəhid, əlil, aztəminatlı
və sosial qayğıya ehtiyacı olan ailələrinə
rayon icra hakimiyyəti tərəfindən maddi kömək
olunur.
Rayonumuzda aztəminatlı
vətəndaşların mənzil şəraitinin
yaxşılaşdırılması da diqqət mərkəzindədir. Son 5 ildə güzəştli
kateqoriyadan olan sakinlərin mənzil şəraitinin
yaxşılaşdırılması üçün
yaşayış yeri üzrə 41 ailə mənzillə təmin
edilmişdir.
Nəsimi rayonu ərazisində
14776 nəfər qaçqın, 10682 nəfər isə məcburi
köçkün məskunlaşmışdır. Onların
məişət-kommunal xidmətləri, məskunlaşdığı
yerlərdə rastlaşdıqları çətinliklərlə
əlaqədar yazılı və şifahi müraciətləri
daim rayon icra hakimiyyətinin diqqət mərkəzindədir. Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli 298
nömrəli sərəncamı ilə təsdiq olunmuş
"Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğun
artırılması üzrə Dövlət
Proqramı"nın bütün bəndlərini rəhbər tutaraq ərazidə məskunlaşmış məcburi
köçkün ailələrinin sosial, məişət, mənzil
şəraitinin yaxşılaşdırılması, işlə
təminat və s. məsələlər müntəzəm
olaraq rayon icra hakimiyyətinin nəzarətində saxlanılır.
Məlum
olduğu kimi, ölkə üzrə 2006-cı ildən
ünvanlı dövlət sosial yardımı verilməsinə
başlanmışdır. Həmin tarixdən indiyədək
Nəsimi rayonu üzrə 2078 ailə olmaqla 8375 nəfərə
ünvanlı dövlət sosial yardımı verilmişdir.
Eyni zamanda, Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən
2673 nəfər sosial müavinət alır. Dövlət
Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsində
indiyədək qeydiyyatda olan əmək
pensiyaçılarının sayı 25953 nəfərdir. Bunlardan
yaşa görə əmək pensiyaçıları 18425 nəfər, əlilliyə
görə əmək pensiyaçıları 5576 nəfər, ailə
başçısını itirməyə görə əmək
pensiyaçıları 1952 nəfər
təşkil edir. "Əmək pensiyaları
haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik
edilməsi barədə" Azərbaycan
Respublikasının 2011-ci il 17 may tarixli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar Nəsimi rayonu üzrə
pensiya alan 20399 nəfər pensiyaçının əmək
pensiyasının məbləği iş stajları nəzərə
alınmaqla yenidən hesablanaraq
artırılmışdır. Yenidən hesablamaya qədər
Nəsimi rayonu üzrə qeydiyyatda olan pensiyaçıların
bir nəfərə düşən orta aylıq pensiya məbləği 138,17 manat olduğu halda, 01.07.2011-ci
il tarixdən sonra bu məbləğ artaraq 169,63 manata
çatdırılmışdır.
Nəsimi
rayonunda makroiqtisadi göstəricilərin dinamikasında
müşahidə olunan artım tempi iqtisadiyyatın
sosialyönümlü inkişafının təmin edilməsi,
əhalinin həyat səviyyəsinin yüksəldilməsi ilə
yanaşı, yeni iş yerlərinin yaradılması və məşğulluğun
inkişaf etdirilməsi üçün də əlverişli
şərait
yaratmışdır. Rayonda
işsizlik probleminin aradan qaldırılması istiqamətində
çox ciddi və uğurlu nəticələr əldə
edilmiş, 2003-2011-ci illərdə rayon ərazisində
yaradılan müəssisələrdə 19030 yeni iş yeri
açılmışdır. Bu proses indi də davam etməkdədir.
Bütövlükdə, Nəsimi
rayonunda sosial müdafiəyə ehtiyacı olan vətəndaşların,
o cümlədən qaçqın, məcburi
köçkün və əlillərin sosial müdafiəsinin
gücləndirilməsi daim diqqət mərkəzində
saxlanılır. Respublikamızın inkişafı və
maliyyə imkanlarının ildən-ilə artması isə
rayonumuzda da xüsusi qayğıya ehtiyacı olan vətəndaşların
sosial müdafiəsinin daha keyfiyyətlə həyata
keçirilməsinə yol açır.
Bəxtiyar
SADIQOV:
-Paytaxt Bakı bu gün sözün əsl
mənasında dünyanın ən gözəl və sürətlə
inkişaf edən şəhərinə çevrilib. Şəhərimizin
gözəlləşməsində abadlıq və quruculuq
işlərinin böyük rolu var. Təqdirəlayiq
haldır ki, abadlıq və quruculuq işləri ən
yüksək zövqlə, hər bir incəliyi nəzərə
almaqla həyata keçirilir. Elə buna görədir ki,
Bakının dəyişən siması, gözəlliyi
şəhərimizin qonaqlarını da valeh edir. Nəsimi
rayonu paytaxtın mərkəzi rayonlarından olduğu
üçün aparılan abadlıq və quruculuq işləri
burada daha çox diqqəti cəlb edir. Yenidən qurulan
küçə və prospektlər, binaların
fasadlarının yüksək zövqlü üzlük
daşlarla örtülməsi, yeni salınan parklar rayonun
simasını kökündən dəyişib. Bu barədə
danışmaq üçün söz Azərbaycan Dövlət
Neft Akademiyasının müəllimi, texniki elmlər namizədi,
dosent Zəfər QURBANOVa verilir.
Zəfər QURBANOV:
-
Respublikamzın tarixi bir hadisəni - dövlət müstəqilliyimizin
bərpasının 20 illiyini qeyd etdiyi bu günlərdə
bütün ölkə ictimaiyyəti kimi, Nəsimi rayonu da
ötən dövr ərzində qazanılmış
böyük uğurlarla haqlı olaraq fəxr edir. Həqiqətən də son illərdə
rayonumuz öz tarixində görünməmiş bir
inkişaf yolu keçmiş, xüsusən, abadlıq və
quruculuq sahəsində müstəsna işlər görülmüşdür.
Bütün bu işlər barədə danışmaq uzun
vaxt tələb etdiyinə görə mən yalnız
bunlardan bir neçəsi barədə məlumat vermək istərdim.
Son illər aparılmış
genişmiqyaslı abadlıq və yenidənqurma işləri
nəticəsində Nəsimi rayonunun siması tamamilə dəyişmişdir.
Yalnız onu demək kifayətdir ki, 2007-2010-cu illərdə
rayon ərazisində 4 yeni park salınmışdır:
S.Vurğun və Bakıxanov küçələrinin kəsişməsində,
Azadlıq prospekti ilə Bakıxanov küçələrinin
kəsişməsində, Neftçilər prospekti 14
ünvanda və R.Behbudov küçəsində uzun illərdən
bəri baxımsız qalmış ərazidə geniş
abadlıq işləri aparılaraq ən müasir tələblərə
cavab verən parklar yaradılmışdır.
Daha 8 parkda - Heydər Əliyev
Sarayının qarşısındakı, 1-ci mikrorayon ərazisindəki,
S.Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində,
C.Hacıbəyli küçəsi ilə Vaqif prospektinin kəsişməsində
yerləşən parkda, Sevil Qazıyeva, S.Vurğun adına,
"Muğam" və "Zabitlər" parklarında əsaslı
təmir və yenidənqurma işləri aparılmış,
əhalinin istirahəti və asudə vaxtının səmərəli
keçirilməsi üçün hər cür şərait
yaradılmışdır. Hazırda
2 parkda - Ə.Əzimzadə adına və 2-ci mikrorayon ərazisində
yerləşən "Heydər parkı"nda əsaslı
təmir, bərpa və yenidənqurma işləri
aparılmaqdadır.
Ekoloji vəziyyətin
yaxşılaşdırılması rayon rəhbərliyinin
daim diqqət mərkəzində olmuşdur. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə
xüsusi əhəmiyyət verdiyini nəzərə alaraq
rayonda yeni yaşıllıq zolaqları salınmış,
yol kənarlarında, həyətlərdə ağac və
gül kolları əkilmiş, bu işlər mütəmadi
olaraq davam etdirilməkdədir.
2006-cı ildən başlayaraq rayon icra
hakimiyyətinin təşəbbüsü ilə
abadlaşdırılmağa ehtiyacı olan həyətlər
müəyyənləşdirilmiş, həmin həyətlərdə
genişmiqyaslı abadlıq, yenidənqurma işləri
aparılmışdır. Ötən dövr ərzində
görülmüş bu işlərin nəticəsi olaraq
yüzlərlə həyət öz simasını dəyişmiş,
təmiz, abad, bütün istirahət avadanlıqları ilə
təchiz edilmiş yaşayış sahələrinə
çevrilmişdir.
Son illər yolların
abadlaşdırılması diqqət mərkəzində
olmuş, rayon ərazisindən keçən magistral yolların,
eləcə də məhəllədaxili yolların vəziyyətinin
daha da yaxşılaşdırılması üçün əhəmiyyətli
işlər görülmüşdür. Yüz min kvadratmetrlərlə
məhəllədaxili yollara asfalt çəkilmiş,
magistral yolların asfalt örtüyü yenilənmiş, yol
kənarları, səkilər abadlaşdırılaraq tamet
plitələr döşənmiş, ağac və dekorativ
kollar əkilmişdir. Rayon ərazisində yeni yeraltı
keçidlər və
körpülər istifadəyə verilmiş, Nəsibbəy
Yusifbəyli küçəsində, 3-cü və 4-cü
mikrorayon dairələrində avtomobil yolu genişləndirilmiş,
ərazidə böyük abadlıq işləri
aparılmış, yeni yaşıllıq zolağı
salınmışdır.
Rayonda aparılan quruculuq və
abadlıq işləri təhsil, səhiyyə və mədəniyyət
müəssisələrini də əhatə etmişdir.
Hazırda 7 orta məktəbdə və 5 uşaq
bağçasında əsaslı təmir və yenidənqurma
işləri başa çatdırılmaq üzrədir.
Ötən
dövr ərzində rayon ərazisində fəaliyyət
göstərən səhiyyə müəssisələrində
çox böyük işlər
görülmüşdür: Müdafiə
Nazirliyi Mərkəzi Hərbi
Hospitalının cərrahiyyə korpusu, Azərbaycan Tibb
Universitetinin 14 mərtəbəli Tədris Terapiya Korpusunun
inşası başa çatdırılaraq istifadəyə
verilmiş, hər iki obyektin açılış mərasimində
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
iştirak etmişdir.
Elmi-Tədqiqat
Travmatologiya və Ortopediya İnstitutunda, Kliniki Tibbi Mərkəzdə,
Respublika Dəri-Zöhrəvi Dispanserində, Ə.Qarayev
adına 2 saylı Klinik Uşaq Xəstəxanasında, Təsərrüfat
Hesablı Respublika Uroloji Xəstəxanasında, 4 saylı Şəhər Klinik Xəstəxanasında,
Təsərrüfat Hesablı Respublika poliklinikasında, 6
saylı Qadın Məsləhətxanasında, 1 və 12 saylı uşaq
poliklinikalarında və bir sıra digər səhiyyə
müəssisələrində əsaslı və cari təmir
işləri aparılmış, yeni şöbələr, əməliyyat
otaqları yaradılmış, yeni korpuslar tikilmiş, ən
müasir tibbi avadanlıqlarla təchiz edilmiş, ətraf ərazilərdə
abadlıq işləri aparılmışdır.
Rayonun H.Sarabski
adına Mədəniyyət Evində, İ.Əbilov,
A.Puşkin və M.Əzizbəyov adına kitabxanalarında təmir
işləri aparılmışdır. Rayon ərazisində
yerləşən ölkə və yerli əhəmiyyətli
tarixi və memarlıq abidələrinin bərpası və
qorunması diqqət mərkəzində olmuşdur.
Rayon icra hakimiyyətinin tövsiyəsi
ilə idarə, müəssisə və təşkilatlar,
kommersiya obyektləri fəaliyyət göstərdikləri ərazinin
ətrafında abadlıq və yaşıllaşdırma
işləri aparmışlar və bu işlər mütəmadi
olaraq davam etdirilir.
Görülmüş bu işlər, eləcə
də vaxt azlığına görə qeyd etmədiyimiz digər
uğurlar Nəsimi rayonunun hər bir sakinində haqlı
qürur hissi doğurur. Biz başa düşürük ki, əldə
edilmiş bu nailiyyətlərin, qazanılmış qələbələrin
əsas səbəbi bu günlər 20 illiyini qeyd etməyə
hazırlaşdığımız müstəqil dövlətimiz
və bu dövlətin rəhbəri, dahi Heydər Əliyev
siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin
həyata keçirdiyi uğurlu siyasətdir. Məhz ulu
öndər Heydər Əliyev tərəfindən əsası
qoyulan, cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilən hüquqi, siyasi və iqtisadi
islahatlar, dəqiq elmi əsaslara söykənən sürətli
və hərtərəfli
inkişaf strategiyası belə möhtəşəm qələbələr
qazanmağa, Azərbaycanı dünya ölkələri
arasında qabaqcıl mövqelərdən birinə
çıxarmağa imkan vermişdir.
Bildiyimiz kimi, cənab Prezident
qazanılan iqtisadi uğurlarla yanaşı ölkənin
abadlaşmasına, quruculuq və yenidənqurma işlərinə
böyük əhəmiyyət verir, bu işlərin yüksək
zövqlə, ən müasir tələblərə cavab verən
bir səviyyədə həyata keçirilməsini dövlət
orqanlarının ən mühüm vəzifələrindən
biri hesab edir. Dövlətimizin başçısı
Bakını dünyanın ən gözəl şəhərlərindən
birinə çevirməyi bir vəzifə kimi qarşıya
qoymuşdur. Bakının mərkəzi rayonlarından biri
olan Nəsimi rayonunun rəhbərliyi Prezident İlham Əliyevin
göstərişlərini gündəlik fəaliyyətində
rəhbər tutur, rayonun daha da abadlaşması, bu sahədə
daha böyük uğurlar əldə edilməsi
üçün önəmli işlər görür.
Heydər Əliyev siyasi kursunu ləyaqətlə
və uğurla davam etdirən Prezident İlham Əliyevin
müdrik rəhbərliyi altında ölkəmiz və onun
bir parçası olan Nəsimi rayonu qarşıdakı illərdə
daha böyük nailiyyətlər əldə edəcək.
Bəxtiyar SADIQOV:
-
Nəsimi rayonunda aparılan abadlıq və quruculuq işlərində
Heydər Əliyev Fondunun böyük xidmətləri var.
Ümummilli lider Heydər Əliyevin yaradıcılıq
irsinin təbliği və öyrənilməsi ilə
yanaşı Fond xeyriyyəçiliyi, uşaqlara kömək
etməyi, müxtəlif humanitar aksiyalar keçirməyi, sosial quruculuq işlərinə dəstək
verməyi öz fəaliyyətinin
prioritet istiqamətləri elan etmişdir. Bu baxımdan ölkə Prezidentinin
həyata keçirdiyi inkişaf siyasətinə öz layihələri
ilə yaxından dəstək göstərən Heydər Əliyev
Fondu Nəsimi rayonunun da tərəqqisinə böyük
töhfələr verir. Heydər Əliyev Fondunun Nəsimi
rayonunda həyata keçirdiyi layihələrlə bağlı
danışmaq üçün söz 46 nömrəli orta məktəbin
direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru
Sevinc BUDAQOVAya verilir.
Sevinc BUDAQOVA:
-
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
zəngin dövlətçilik irsinin öyrənilməsi və
təbliği məqsədilə yaradılmış Heydər
Əliyev Fondu milli düşüncə sistemimizdə
xüsusi yer tutan mərhəmət, insanpərvərlik,
xeyirxahlıq kimi ali dəyərlərə söykənərək cəmiyyətin mənəvi
saflaşmasına çalışır, həyata
keçirdiyi xoşməramlı missiya ilə cəmiyyətə
yüksək mənəvi dəyərlər təlqin edir. Həm də bu dəyərlər ənənəvi
təbliğat qəliblərində təqdim olunmur,
görülən işlərin hər bir cəmiyyət
üzvünün öz evində, ailəsində, gündəlik
həyatında duyub hiss edə biləcəyi xoş nəticələri
ilə əxz etdirilir.
Azərbaycan
cəmiyyəti Mehriban xanım Əliyevanın vətəndaşlara
diqqət və qayğı nümunələri ilə zəngin
olan çoxşaxəli fəaliyyətinə nəzərən
mənəvi dəyərlərin nisbətən
aşındığı indiki "sürət əsri"ndə
savab və xeyirxah əməllərin nə qədər müstəcəb
olduğunu dərk edir, özlərinin yaşam fəlsəfəsini
bu ideyalara uyğunlaşdırmağa
çalışırlar. Mehriban xanım Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanın
inkişafına, milli-mənəvi dəyərlərimizin
qorunması və təbliğinə, bir sıra sosial problemlərin
həllinə xidmət edən genişmiqyaslı layihələri
uğurla həyata keçirir. Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılması,
elm, təhsil, mədəniyyət, səhiyyə, idman,
ekologiya sahələrinə dair dövlət siyasətinə
ictimai dəstəyin təmin edilməsi, köməyə
ehtiyac duyan insanların diqqət və qayğı ilə əhatə
olunmasında səylərini əsirgəmir.
Milli
maraq və mənafelərə daim yüksək sadiqlik
nümayiş etdirən Heydər Əliyev Fondu qloballaşmanın
qarşısıalınmaz prosesə çevrildiyi bir dönəmdə
xalqın milli varlığının, özünəməxsusluğunun
ifadəsi olan zəngin mənəvi irsi, dəyərlər
sistemini, mədəni-intellektual mülkiyyəti yad təsirlərdən qorunmaq kimi
çətin missiyanın öhdəsindən inamla gəlir. Dövlətimizin uşaqlara göstərdiyi diqqət
və qayğıya real dəstək verən Heydər Əliyev
Fondunun bu istiqamətdə fəaliyyəti genişmiqyaslı
olub, böyüməkdə olan nəslin hərtərəfli
inkişafını nəzərdə tutan proqram və layihələrdə
öz təcəssümünü tapır.
Fondun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
bilavasitə təşəbbüs, rəhbərliyi ilə bu
istiqamətdə bir sıra proqram və əhəmiyyətli
layihələr reallaşmış, həmin tədbirlər cəmiyyətdə
böyük rəğbət hissi ilə qarşılanmışdır.
Heydər Əliyev
Fondunun başlıca məqsədinin həyata keçirilməsinə
xidmət edən uğurlu addımlardan biri də "Təhsil,
səhiyyə, uşaq evlərinin və internat məktəblərinin
inkişafı" proqramıdır. Bu proqramın həyata
keçirilməsinin zəruriliyi əsaslandırılmış,
müxtəlif istiqamətlərdə araşdırmalar və
təhlillər aparılmışdır. Belə müəssisələrin
əksəriyyətinin ilkin mərhələdə əsaslı
təmirə və texniki təchizata daha çox ehtiyacı
olduğu aşkar olunmuşdur. Mövcud problemlərin həll
edilməsi məqsədilə 4 əsas istiqamət müəyyən
edilmişdir; texniki dəstək; təhsil; səhiyyə;
ictimai fəallıq.
Bu
istiqamətlər uşaq müəssisələrinin təhsil
və sosial sahədə problemlərinin həllinə yönələn
prioritet kimi müəyyən edilmişdir. İlk növbədə
belə müəssisələrin məhz təmirə, yenidənqurmaya
və texniki təchizata daha çox ehtiyacı olduğu
üçün öncə bu istiqamətdə işlər görülməyə
başladı.
Fond
tərəfindən bütün bu istiqamətlər üzrə
Nəsimi rayonunda da ötən dövr ərzində önəmli
işlər görülmüşdür. 2005-ci ildə
atılmış uşaqlar üçün nəzərdə
tutulmuş 1 saylı Körpələr evində əsaslı
təmir işləri aparılmışdır. Körpələr evi müasir
yeni avadanlıqlarla təchiz edilmiş, həyətyanı sahədə
müasir tələblərə cavab verən yenidənqurma
işləri görülmüş, minik maşını hədiyyə
edilmişdir. Bütün bayram və əlamətdar günlərdə
Körpələr evinin sakinləri əsl ana qayğısını YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın simasında görürlər.
Nəsimi
rayonu 268 nömrəli xüsusi məktəb 1928-ci ildən fəaliyyətdədir.
2003-cü ilə qədər bir dəfə də əsaslı
təmir edilməmişdir. İlk dəfə Mehriban
xanım Əliyevanın təşəbbüsü
ilə 2003-2004-cü illərdə bu məktəbdə Avropa
standartlarına uyğun təmir işləri həyata keçirilib. Məktəb
maddi-texniki vasitələrlə yenidən təmin
edilmişdir. 2003-cü ildən mütəmadi olaraq
"Novruz" bayramı və "Yeni il" şənliklərində
Mehriban xanım uşaqlara baş çəkir.
"Gülüstan", "Buta Palace" saraylarında
keçirilən tədbirlərə məktəbin şagirdləri
də dəvət olunurlar. Məktəbin 20 şagirdi Heydər
Əliyev Fondu tərəfindən 2006-cı il 19-24 aprel
tarixində İstanbul şəhərində keçirilən
"Gülen Çocuk" şənliyində iştirak etməyə
göndərilib. Bundan başqa, məktəbdən 15
şagird və müəllim heyəti 2008-ci ildə
Polşanın Tveç şəhərində keçirilən
beynəlxaq festivalda Heydər Əliyev Fondunun dəstəyi ilə
iştirak etmişlər.
Heydər Əliyev Fondunun fəaliyyətə
başladığı ilk dövrlərdən etibarən hər
yeni dərs ilinin əvvəlində birinci siniflərə və
xüsusi qayğıya ehtiyacı olan uşaqlara çantalar
və dərs ləvazimatları hədiyyə edilir. Fondun dəstəyi
ilə məktəbdənkənar yaradıcılıq evlərində
yeni nəsillər üçün şahmat, rəqs, toxuma,
tikmə və s. dərnəkləri təşkil olunur.
Bütün bunlarla yanaşı,
rayonumuzda Ə.Qarayev adına Uşaq Xəstəxanasının
əsaslı təmiri, Azərbaycan Tibb Universitetinin yeni tədris
terapevtik korpusunun inşası Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyeva tərəfindən dəstəklənən
layihələrdəndir.
Hər kəs, hər şəxsiyyət
tarixi öz əməlləri ilə yazır. Mehriban xanım
Əliyeva da xalqına, vətəninə göstərdiyi
layiqli xidməti öz həyat fəaliyyətinin əsas
prinsiplərinə çevirərək Azərbaycan mədəniyyətinin
təbliğinə, mədəni irsimizin qorunub
saxlanılmasına daha çox önəm verir. Mehriban
xanım Əliyevanın YUNESKO-dakı təqdimat mərasimində
dediyi "Muğam da, aşıq
yaradıcılığı da, milli musiqi alətlərimizin
bənzərsiz melodiyaları da Azərbaycan xalqının bu
günə qədər qoruyub saxladığı və gələcək
gün naminə qorumağa borclu olduğumuz irsin yalnız bir
hissəsidir" sözləri onun öz xalqının gələcəyinə
nə qədər diqqətlə yanaşmasının
göstəricisi deyilmi?! Mehriban xanım Əliyevanın istər
Heydər Əliyev Fondunun, istər Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun, istərsə də Azərbaycan Bədii
Gimnastika Federasiyasının rəhbəri kimi atdığı
bütün addımlar da məhz yeniləşən Azərbaycana
yönəlib.
YUNESKO və İSESKO kimi nüfuzlu beynəlxalq
təşkilatların xoşməramlı səfiri, Azərbaycan
Respublikasının Milli Məclisinin deputatı Mehriban
xanım Əliyevanın rəhbərliyi altında fəaliyyət
göstərən Heydər Əliyev Fondunun irəli
sürdüyü və cəmiyyət tərəfindən
böyük dəstək qazanan ictimai təşəbbüslər
təkcə konkret sahələrdə mövcud olan problemlərin
həllinə yönəlmir. Bu təşəbbüslər
çərçivəsində görülən işlər həm də dövlət və vətəndaş
birliyini təmin edir.
Bir sözlə, görülən
işlər deməyə əsas verir ki, Heydər Əliyev
Fondu respublikamızın hər yerində olduğu kimi, Nəsimi
rayonunda da sözün həqiqi mənasında
xeyirxahlığın, mərhəmətin və quruculuğun əsas ünvanına
çevrilmişdir.
Bəxtiyar SADIQOV:
- Hörmətli "dəyirmi masa"
iştirakçıları!
Çıxışlara,
səslənən dəyərli fikirlərə görə hər
birinizə təşəkkür edirəm. Müstəqillik
haqqında Konstitusiya Aktı 1991-ci ildə qəbul olunsa da, Azərbaycanın
əsl müstəqilliyinin təməlinin ulu öndər Heydər
Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi
ilə ölkə rəhbərliyinə
qayıdışından sonra qoyulması tarixi həqiqətdir.
Bununla da ölkəni həm iqtisadi, həm mədəni,
həm də mənəvi tənəzzülə aparan xaos
aradan qalxdı. Heydər Əliyev özünün zəngin
dövlətçilik təcrübəsindən yararlanaraq
uçuruma yuvarlanan, böhranlar içində çabalayan,
gələcəyini heç kimin aydın təsəvvür
etmədiyi Azərbaycanı xilas etdi, dünya birliyinin müstəqil
subyekti olmaq hüququnu özünə qaytardı. Əgər
ümummilli lider Heydər Əliyev o dövrdə ölkə
rəhbərliyinə qayıtmasaydı, müstəqilliyimiz
başının üstünü almış qara buludlardan
xilas ola bilməyəcəkdi.
1993-cü
ildən sonra Heydər Əliyevin uzaqgörən siyasəti və
gərgin fəaliyyəti nəticəsində ölkəmizin
sosial-iqtisadi inkişafı və dünya iqtisadi sisteminə
inteqrasiyası sahəsində çox böyük uğurlar əldə
olundu. Ən böyük nailiyyət isə ondan ibarətdir
ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində
iqtisadi islahatların və inkişafın Azərbaycan modeli
yarandı.
Fərəhli haldır ki,
inkişafın Azərbaycan modeli əsasında Prezident
İlham Əliyev tərəfindən uğurla həyata
keçirilən və yeni çalarlarla zənginləşdirilmiş
sosial-iqtisadi siyasətin nəticəsi olaraq ölkəmiz əsas
məqsədlərinə çatıb: Azərbaycan iqtisadi
sahədə keçid dövrünü başa vurub, sərbəst
bazar münasibətlərinə və inkişaf qabiliyyətinə
malik sosialyönümlü, diversifikasiya olunmuş milli
iqtisadiyyatımız formalaşıb, dünya təsərrüfat
sisteminə inteqrasiyamız tam təmin olunub. Davamlı və
dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata
keçirilməsi nəticəsində əvvəllər
qazanılmış uğurlar daha da möhkəmləndirilib,
qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənib,
strateji valyuta ehtiyatları artıb, sahibkarlığa dövlət
dəstəyi gücləndirilib, əhalinin sosial rifahı
davamlı olaraq yaxşılaşıb. Bütün bunlar isə
təbii ki, Azərbaycanın müstəqilliyinin daha da
möhkəmlənməsinə xidmət edən amillərdir.
Azərbaycan.-2011.-15
sentyabr.-S.4-5.