Qax tanınmaz olur
Regionların sosial-iqtisadi
inkişafına dair ikinci Dövlət Proqramında Qax rayonu
ilə bağlı nəzərdə tutulan tədbirlərin
icrası uğurla davam etdirilir. Nəticədə rayonumuz
gündən-günə inkişaf edir, daha müasir görkəm
alır. Yollar, küçələr abadlaşdırılır,
insanların həyatının rahatlığı,
ocağının xeyir-bərəkəti artır.
Son
vaxtlar yaradılan yeni iş yerləri də sosial məsələlərin
həllində mühüm əhəmiyyətə malikdir.
İlin əvvəlindən Qaxda 230 yeni iş yeri
açılıb ki, bunun da 212-si daimidir. Rayon üzrə orta
aylıq əməkhaqqı 152,1, orta aylıq pensiya isə
106,1 manat təşkil edir.
Rayonda
istər elektrik, istərsə də təbii qaz istifadəsi
ilə əlaqədar sayğaclaşma işinə ciddi fikir
verilir. Eyni zamanda elektrik xətlərinin dayaqları dəyişdirilərək
yeni dəmir-beton dayaqlarla əvəzlənir, elektrik xətlərində,
transformator yarımstansiyalarında cari və əsaslı təmir
işləri görülür. Bütün bunlar isə əhalinin
dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin
olunmasına müsbət təsir edir.
Rayonumuzun
Marsan və Qorağan kəndləri də artıq
qazlaşdırılıb. Qax şəhərinin yeni
yaşayış massivlərində 60-a yaxın abonentə təbii
qaz çəkilib. İlin sonunadək Əlibəyli və
Almalı kəndlərinə, şəhərin və
Qaxbaş kəndinin genişləndirilmiş massivlərinə
qaz çəkilişinə başlanacaqdır.
Qaxın qışı sərt keçdiyindən və payız aylarında sel-daşqın ehtimalı çox olduğundan bir sıra qarşılayıcı tədbirlərə indidən başlanılıb. Artıq Nəqliyyat Nazirliyinin xətti ilə respublika əhəmiyyətli Qorağan-Qax-Zaqatala magistral avtomobil yolunun Qax-Güllük hissəsində yola 30 min kubmetr qum-çınqıl tökülüb. Ləkit çayı üzərində körpünün tikintisi isə davam etdirilir. Bunlardan savayı, rayon Suvarma Sistemləri İdarəsi tərəfindən Kürmük çayının Ağçay və İbaxlı kəndləri ərazisindən keçən hissəsində və Qobala çayında selə qarşı 700 kubmetr qabion bənd vurulub, Kürmük çayının sahilbərkitmə bəndlərində 1020 kubmetr daş-beton bənd təmir olunub. Həmçinin çay məcralarında selə qarşı təmizləmə işləri aparılıb, suvarma kanalları lildən təmizlənib. Rayon icra hakimiyyətinin xətti ilə "Əfqan" firması tərəfindən Qobala çayında mövcud kanalın 100 p/m hissəsi əsaslı təmir olunub, 50 p/m yeni dəmir-beton kanal çəkilib. Habelə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin xətti ilə podratçı təşkilat olan "Azərkörpü" ASC tərəfindən Kürmük çayı hövzəsi boyunca şəhərin təhlükəsizliyini təmin etmək məqsədilə selə qarşı 5523 kubmetr dəmir-beton, 9522 kubmetr buta-beton mühafizə bəndləri tikilib. İlisu-Sarıbaş yolunda 60 p/m-lik körpünün inşası başa çatdırılıb. Bu sıradan digər tədbirlər də həyata keçirilir.
Rayonda Dövlət Proqramının icrası çərçivəsində, eləcə də xüsusi vəsait hesabına tikinti işləri geniş vüsət alıb. Qax şəhərindəki idman kompleksində, DSMF-nin rayon filialının inzibati binasında, 180 şagirdlik Qıpçaq kənd tam orta məktəbinin binasında tikinti işləri davam edir.
Qaxbaş kəndinin ərazisində "El Resort" otelinin, rayondaxili və rayonlararası avtovağzalın, YAP-ın rayon şöbəsinin yeni inzibati binasının, Alatəmir kəndində "Qax mineral suları" zavodunun, Qapıçay çayından Güllük kəndinin əkin sahələrinin suvarılması məqsədilə suötürücü stansiyanın, həmçinin bir çox obyektlərin inşası artıq başa çatdırılıb. Şəhərdə dördmərtəbəli yaşayış kompleksinin, Qaxbaş kəndi ərazisində doqquzmərtəbəli yaşayış binasının, ikimərtəbəli ticarət mərkəzinin, "El Resort" otelinin ikimərtəbəli konfrans zalının, İlisu kəndi ərazisindəki "Səngər Bulaq" istirahət mərkəzində dördmərtəbəli otelin, Qarabaldır kəndi ərazisində süd məhsulları emalı müəssisəsinin tikintisi isə davam edir.
Bir sözlə, Qaxda qarşıya qoyulan vəzifələr uğurla icra olunur. Dövlətimizin qayğısı sayəsində görülən işlər, həyata keçirilən tədbirlər deməyə əsas verir ki, tezliklə rayonumuz daha müasir bölgələrdən birinə çevriləcək.
Məhərrəm
MƏHƏRRƏMOV,
Qax RİH-in
şöbə müdiri
Azərbaycan.-2011.-15 sentyabr.-S.8.