Təhsil infrastrukturu
müasirləşdirilir
"Hesab edirəm ki, indi vaxt gəlib,
biz mövcud məktəblərin təmirinə daha çox vəsait
ayıraq. Çünki buna daha böyük ehtiyac varE Təhsilə
qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan
vəsaitdir".
İlham ƏLİYEV
Cəmiyyət həyatındakı
sürətli dəyişikliklər milli təhsil
konsepsiyasının daim müasirləşdirilməsini,
maarifçilik ənənələrinin genişləndirilməsini,
eləcə də mənəvi-intellektual intibaha xidmət edən
siyasətin yeni əsaslarla davam etdirilməsini vacib məsələ
kimi gündəmə gətirir. Hazırda respublikanın təhsil
sistemində davamlı inkişafa yönəlmiş əsaslı
infrastruktur dəyişiklikləri aparılır, bir çox
dövlət proqramları və layihələr həyata
keçirilir. Ölkə başçısı cənab
İlham Əliyev çıxışlarında daim
vurğulayır ki, təhsilin infrastrukturunu yeniləşdirmədən,
müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris
prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin
mütərəqqi təhsil ənənələrini nəzərə
almadan gənc nəslin intellektual inkişafına nail olmaq
mümkün deyil. Bu sahədə problemi kəskinləşdirən
məqamlardan biri də respublikanın əksər bölgələrində
məktəb binalarının köhnə və yararsız
hala düşməsi, qəza vəziyyətində olması
ilə bağlı idi. Əksəriyyəti keçmiş
SSRİ dövründə inşa olunmuş bu məktəblərin
acınacaqlı vəziyyəti tədrisin keyfiyyətinin
mahiyyətcə yeniləşməsinə ciddi əngəl
törədirdi. Hələ 2002-ci il oktyabr ayının 4-də
ümummilli lider Heydər Əliyev "Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin
müvafiq texniki bazasının möhkəmləndirilməsi
haqqında" sərəncam imzalamışdır. Həmin
sərəncamda ümumtəhsil məktəbləri şəbəkəsinin
genişləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi
nəzərdə tutulurdu. Bu mühüm sənədin
icrası ilə bağlı o zaman Təhsil Nazirliyi müvafiq
təhlillər aparmış, real vəziyyət ətraflı
şəkildə öyrənilmişdi. Məlum olmuşdur
ki, respublikada fəaliyyət göstərən 4513 ümumtəhsil
məktəbinin 1248-i birtipli layihə üzrə tikilmiş,
3265-i isə uyğunlaşdırılmış binalarda yerləşdirilmişdir.
Həmin məktəblərin 800-dən çoxu Heydər Əliyevin
Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illərdə
inşa olunmuşdur. 2003-cü il fevralın 17-də ölkə
başçısı tərəfindən "Azərbaycan
Respublikasında yeni ümumtəhsil məktəblərinin
tikintisi, əsaslı təmiri və müasir tədris
avadanlıqları ilə təmin olunmasına dair Proqramı
(2003-2007-ci illər)"nın təsdiq edilməsi haqqında
verilən sərəncam bu istiqamətdə yaranmış
problemlərin aradan qaldırılması sahəsində
müstəsna əhəmiyyətə malik dövlət sənədi
olmuşdur. Təsdiq edilmiş proqrama müvafiq olaraq
2003-2007-ci illərdə respublika üzrə 44 min 698 şagird
yeri olan 149 yeni məktəbin tikintisi, 175 məktəb
üçün 1328 əlavə sinif otağının
inşası, 408 məktəbin əsaslı təmiri
aparılmışdır.
Problemin həllinin davamı 11 fevral
2004-cü il tarixli "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər)"nda öz əksini
tapmışdır. Bundan başqa, ölkə
başçısının 27 fevral 2006-cı il tarixli sərəncamı
ilə təsdiq olunmuş "Bakı şəhərinin qəsəbələrinin
sosial-iqtisadi inkişafının sürətləndirilməsi
üzrə (2006-2008-ci illər) Dövlət Proqramı"
da uğurlu nəticələrə imkan yaratmışdır.
Sözügedən dövlət proqramları ayrı-ayrı
bölgələrdə, o cümlədən paytaxtın qəsəbələrində
təhsil infrastrukturunun yeniləşməsinə ciddi zəmin
yaratmış, orta ümumtəhsil məktəblərinin bərpası
və yenidənqurulması, habelə yeni məktəblərin
tikintisi prosesi geniş vüsət almışdır. Eyni
zamanda, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin
avadanlıqlarla təmin olunmasına dair İnkişaf
Proqramı (2005-2009-cu illər)" bu sahədə təxirəsalınmaz
tədbirlərin həyata keçirilməsini təmin
etmişdir.
Azərbaycan Prezidentinin bu sahəyə
xüsusi diqqətlə yanaşması həm də
respublikamızın sürətli iqtisadi inkişaf yolunda
olması, geniş maliyyə imkanları qazanması ilə
şərtlənir. Dövlət
başçısının "Qəza vəziyyətində
olan ümumtəhsil məktəbləri üçün yeni
binaların tikilməsi və bir sıra məktəblərdə
əsaslı təmir işlərinin aparılması
haqqında" 16 avqust 2007-ci il tarixli sərəncamı ilə
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 14 milyon,
"Qəza vəziyyətində olan ümumtəhsil məktəb
binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi
haqqında" 23 iyun 2008-ci il tarixli sərəncamı ilə
25 milyon, "Qəza vəziyyətində olan ümumtəhsil
məktəb binalarının yenidən qurulması işinin
davam etdirilməsi barədə" 23 iyun 2009-cu il tarixli sərəncamı
ilə 13 milyon, "Qəza vəziyyətində olan ümumtəhsil
məktəblərinin yenidən qurulması ilə
bağlı əlavə tədbirlər haqqında" 4
dekabr 2009-cu il tarixli sərəncamı ilə 3 milyon manat vəsait
ayrılmışdır. Eyni zamanda, Azərbaycan Prezidentinin
2003-2009-cu illərdə təməli qoyulmuş, yeni
tikilmiş, əsaslı təmir olunmuş bir çox məktəblərin
açılış mərasimində iştirakı, hər
yeni dərs ilinin ilk günündə müəllimlərlə,
şagirdlərlə, valideynlərlə görüşü
təhsilə diqqət və qayğının bariz təcəssümüdür.
Ümumiyyətlə, ötən ilədək
Azərbaycanda 550 min şagird yerlik 2 minə yaxın yeni məktəb
binası tikilmiş və əsaslı təmir edilmişdir. Məktəb
tikintisi sahəsində həyata keçirilən proqramlar nəticəsində
ikinövbəli məktəblərin faizi 73,3-dən 49-a,
ikinci növbədə təhsil alan şagirdlərin faizi isə
34-dən 23-ə enmişdir.
Yeni ümumtəhsil məktəblərinin
tikintisi, mövcud məktəblər üçün əlavə
korpusların inşası, onların əsaslı təmiri,
müasir avadanlıqlarla təminatı nəticəsində,
ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti
yaxşılaşdırılmışdır. Məktəblərin
maddi-tədris bazasının bütövlükdə
müasir tələblər səviyyəsinə
çatdırılması məqsədilə onların təlim
keyfiyyətinə əhəmiyyətli dərəcədə
təsir göstərən tədris laboratoriyaları, kitabxana
və idman infrastrukturu ilə təmin olunması istiqamətində
də ciddi addımlar atılmışdır. Bundan başqa,
məcburi köçkün uşaqlar üçün əlverişli
təlim şəraitinin yaradılması məqsədilə
2001-2010-cu illərdə Dövlət Neft Fondunun vəsaiti
hesabına məcburi köçkün ailələrindən
olan şagirdlər üçün 130-a yaxın orta məktəb
tikilib istifadəyə verilmişdir.
Təhsilin infrastrukturunun yeniləşdirilməsi
sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri
xüsusi qeyd olunmalıdır. Fondun "Yeniləşən
Azərbaycana yeni məktəb", "Uşaq evləri və
internat məktəbləri" proqramları çərçivəsində
son 7 ildə 300-dən çox yeni məktəb, uşaq
bağçası, uşaq evi, internat məktəbi binası
tikilib istifadəyə verilmiş, əsaslı təmir və
bərpa olunmuş, müasir avadanlıqlarla təchiz
edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 15
sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq
edilmiş "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı"na əsasən,
2009-2012-ci illərdə 390 məktəb üçün yeni
binanın inşası, 540 məktəb üçün əlavə
korpusların tikintisi, 900 məktəbin əsaslı təmiri
nəzərdə tutulmuşdur. Perspektiv üçün əsas
hədəf çoxnövbəliliyin ləğvi və
beşgünlük tədris həftəsinə keçilməklə
bütün şagirdlər üçün əlverişli təlim
şəraitinin yaradılmasıdır.
Dövlət başçısı
İlham Əliyevin 14 aprel 2009-cu il tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı" da regional
inkişafa təkan verən fundamental əhəmiyyətli sənəd
olaraq məktəblərin tikintisinə və yenidən
qurulmasına xüsusi diqqət ayırır. Proqrama əsasən,
qarşıdakı beş ildə təhsil sahəsində həyata
keçiriləcək işlər onun strukturunun və məzmununun
yeniləşməsinə istiqamətlənəcəkdir.
2010-2011-ci dərs ili ərəfəsində
isə respublikada 9380 yerlik 26 məktəb istifadəyə
verilmiş, 12 məktəb və 6 uşaq bağçası
əsaslı təmir edilmişdir. 50-dən artıq rayonun
ümumtəhsil məktəblərinə ötən tədris
ilində olduğu kimi, 27414 parta, 2315 yazı lövhəsi,
11975 müəllim stolu və stulu göndərilmişdir.
Bu dərs ilini 12180 nəfər
şagird yeni tikilmiş 47 məktəbdə
qarşılayacaqdır. Bundan başqa, Lənkəran şəhəri
4 nömrəli məktəbdə 560 yerlik əlavə sinif
otaqları inşa olunmuşdur. Ağcabədi, Bərdə,
Şəki, Masallı, Gəncə, Şabran, Şəmkir,
Lerik, Qobustan, Oğuz, Kürdəmir, Zaqatala və digər
rayonlarda əksəriyyəti 480, 360, 220 şagird yeri olan
müasir standartlara uyğun, yüksək səviyyəli, hər
cür avadanlıqlarla təchiz edilmiş təhsil ocaqları
istifadəyə verilmişdir. Cari dərs ili ərəfəsində
6 məktəbdə bərpa-gücləndirmə və əsaslı
təmir işləri aparılmış, bir internat məktəbin,
480 şagird yerlik bir peşə məktəbinin tikintisi, bir
peşə liseyinin təmiri başa çatmışdır.
Eyni zamanda, ayrı-ayrı bölgələrdəki məktəblərə
2 milyon manat dəyərində avadanlıq verilmişdir.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş "2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"na əsasən, bu il paytaxtda 4 yeni məktəb
binasının, 2 məktəbə əlavə korpusun, 20 məktəb
üçün əlavə sinif otaqlarının tikintisinin,
44 məktəb və 51 uşaq bağçasının əsaslı
təmirinin, 6 məktəbdə bərpa işlərinin
başa çatdırılması nəzərdə tutulur.
"2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı"na uyğun olaraq ötən dərs ilində 27
min nəfər İKT-nin tətbiqi üzrə müxtəlif
təlim kurslarından keçmiş, 180 ümumtəhsil məktəbinə
1733 ədəd kompyuter, 148 məktəbə 402 notbuk, 14 məktəbə
1500 netbuk, 155 məktəbə 403 proyektor, 23 məktəbə
30 printer verilmişdir. Azərbaycan Təhsil Şəbəkəsinə
qoşulmuş ümumi təhsil müəssisələrinin
sayı 503-dən 1100-ə
çatdırılmışdır. Yeni dərs ili ərəfəsində
ölkə Prezidenti İlham Əliyev bir çox təhsil
ocaqlarında - Bakıdakı 35, 150, 189, 225 orta məktəblərdə
aparılan əsaslı təmir və yenidənqurma işlərinin
gedişi ilə tanış olmuş, Xəzər rayonunun
Şağan qəsəbəsində 1000 şagird yeri olan yeni
məktəb binasının inşası ilə bağlı
göstərişlərini vermişdir. Bundan başqa, dövlət
başçısı Ağcabədi şəhərində
Şahmat Məktəbinin, Şabran Uşaq
Yaradıcılıq Mərkəzinin, Siyəzən Uşaq
İncəsənət Məktəbinin
açılışında iştirak etmişdir.
Respublika Prezidentinin 11 iyul 2011-ci il tarixli
sərəncamına əsasən, "2011-2021-ci illərdə
Azərbaycan təhsilinin inkişafı üzrə Milli
Strategiya"nın hazırlanması ilə bağlı
Dövlət Komissiyasının yaradılması yeni dərs
ili ərəfəsində ölkəmizin ictimiai-siyasi və
sosial həyatında mühüm və əhəmiyyətli
hadisə olmuşdur. Müstəqil Azərbaycanda informasiya cəmiyyətinin
təşəkkülünü və biliklərə əsaslanan
iqtisadiyyata keçid şəraitində yeni təhsil modelinin
qurulmasını təmin edəcək Milli Strategiyanın
hazırlanması təhsilin inkişafının dövlət
siyasəti səviyyəsində prioritet istiqamət kimi nəzərdə
tutulmasına, ölkə Prezidentinin təhsil sahəsinə
göstərdiyi müntəzəm diqqət və
qayğıya əyani sübutdur.
Bu gün ölkədə həyata
keçirilən sosial-iqtisadi
islahatların uğurları, ilk növbədə, davamlı
və tarazlı inkişaf baxımından zəruri olan zəngin
intellektual resursların, o cümlədən insan kapitalının
formalaşmasına yönəldilir. Təhsil infrastrukturunun təkmilləşdirilməsi
sahəsində reallaşdırılan ardıcıl tədbirlər
də məhz bu məqsədin gerçəkləşdirilməsinə
xidmət edir.
İ.ƏLİYEVA
Azərbaycan.-2011.-15
sentyabr.-S.9.