Azərbaycan həqiqətlərini təsdiqləyən tarixi xəritələr
Ərazi bütövlüyünü bərpa
etmək uğrunda mübarizə aparan Azərbaycanın haqq səsini
daha da ucaltmaq, tarixi gerçəklikləri bütün
dünyaya bəyan etmək, öz xalqına başdan-ayağa
saxta tarix yazan erməni "alim"lərinin
iftiralarını durmadan ifşa etmək hər bir azərbaycanlının,
ilk növbədə alimlərimizin müqəddəs borcudur.
Bu sahədə xeyli faydalı iş görülüb, tədqiqatlar
aparılıb, monoqrafiyalar və kitablar yazılaraq nəşr
edilib və edilməkdədir. Qeyd olunan istiqamətdə
növbəti layihəni Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant şəklində
maliyyə dəstəyi ilə Milli Məclisin deputatı,
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru professor Gövhər Baxşəliyeva
reallaşdırır.
"Azərbaycanın ərazi
bütövlüyünü müdafiə edən orta əsrlər
və yeni dövr xəritələrinin axtarışı və
surətlərinin ölkəmizə gətirilməsi"
adlı layihə üzərində iş bu ilin aprel
ayından başlayıb. Layihə çərçivəsində
professor G.Baxşəliyeva
İspaniya və Fransaya ezam olunub, bu ölkələrin
bir sıra kitabxana və arxivlərində axtarışlar
aparıb, yüzlərlə qədim xəritə və
atlasları nəzərdən keçirərək 80-dən
çox xəritənin surətini çıxarıb, elektron
variantını hazırlayıb, çəkilişlər
aparıb. Xalqımızın tarixi coğrafiyasının
öyrənilməsi üçün faydalı olan və Ermənistanın
Cənubi Qafqaza gəlmə etnos olduğunu sübut edən bu
xəritələr müstəsna əhəmiyyətə
malikdir. Gətirilən bir çox mühüm sənədlər
sırasında orijinalları Hamburq, Bolonya, Cota, Leyden, Paris,
London, Berlin və Vyanada saxlanılan qədim ərəb və
fars əlyazmaları var ki, bunlarda Azərbaycana aid xəritələrin
və onların Avropa alimləri tərəfindən
hazırlanmış transkripsiyalarının fotosurətləri
əks olunub.
X-XIII əsrlərin birinci
yarısında tərtib olunmuş bu xəritələr Azərbaycanın
tarixi əraziləri haqqında həqiqəti olduğu kimi əks
etdirir.
Gətirilmiş sənədlər ermənilərin
Cənubi Qafqaza gəlmə etnos olduğunu, Fərat
çayının yuxarılarında qədim Assuriya və
Mesopotamiya ilə sərhəddə məskunlaşdıqlarını
və zaman-zaman indiki Türkiyə və İranın ərazisinə
köç etdiklərini əyani şəkildə
nümayiş etdirir. 1918-ci ilədək Cənubi Qafqaz ərazisində
heç bir erməni dövləti olmayıb. Bu, tarixi
reallıqdır və əldə edilmiş yeni xəritələr
bunu bir daha təsdiq edir.
Azərbaycan xalqının əcdadları
hələ milladdan əvvəl Arazdan şimalda, Dağlıq
Qarabağ da daxil olmaqla, Albaniya, cənubda isə Manna və
Atropatena kimi dövlətlər yaratmışlar. Bu dövlətlər
süqut etdikdən sonra da həmin ərazilərdə
müxtəlif Azərbaycan dövlətləri yaranmış
və xalqımız öz tarixi torpaqlarında kompakt şəkildə
yaşamağa davam etmişdir. Bunu əldə edilmiş xəritələrdə
çoxsaylı Azərbaycan toponimlərinin əks olunması
bir daha sübut edir. Hazırda "Ermənistan
respublikası" adlanan ərazinin isə tarixi Azərbaycan
torpaqları olduğu və burada xalqımıza məxsus
toponimlərin tarixin yaddaşına möhkəm həkk
olunduğu əldə edilmiş xəritələrdə
tutarlı dəlillərlə əyani şəkildə bir
daha təsdiq edilir.
Surətləri gətirilən xəritələr
müxtəlif dövrlərdə və regionlarda tərtib
edilmişdir. Burada qədim Şərq alim, tarixçi və
səyyahları Bəlxi, İstəxri, Müqəddəsi, Əhməd
əl-Tus, İbn Səid, Nəsrəddin Tusi və başqa
müəlliflərin tərtib etdiyi xəritələr
vardır.
XV-XVII əsrlər Avropa alim, səyyah və
xəritəşünaslarının tərtib etdiyi xəritələr
də çox mühüm əhəmiyyətə malikdir.
Sonrakı dövr Avropa xəritəşünaslarının
tərtib və nəşr etdirdikləri xəritələr də
erməni təbliğatının yalan üzərində
qurulduğunu sübut edir.
Görkəmli fransız xəritəşünası
Alfons Taridin müxtəlif illərdə nəşr etdirdiyi
Qafqaza və Osmanlı imperiyasına aid xəritələri
xüsusi əhəmiyyətə malikdir.
Digər xəritələr qrupunu isə
çar Rusiyası zamanı hərbi topoqrafik depoda və Əlahiddə
Qafqaz Korpusunun Baş Qərargahı nəzdində tərtib edilmiş və
İmperator Rus Coğrafiya Cəmiyyəti tərəfindən
müxtəlif illərdə (1841, 1847, 1862, 1895, 1898, 1899, 1908,
1909, 1910 və s.) nəşr edilmiş Qafqaz və onun
müxtəlif quberniya və uyezdlərini əks etdirən xəritələr
təşkil edir.
Bunlardan əlavə, İstanbul Baş
Bakanlığı arxivindən Qafqaza aid Osmanlı xəritələrinin
gətirilməsi də xalqımızın tarixi
keçmişinin öyrənilməsi üçün
mühüm əhəmiyyət daşıyır. XVII-XIX əsrlərin
əvvəllərinə aid bu xəritələrdə Azərbaycanın
tarixi coğrafiyası olduqca düzgün, obyektiv və
dolğun əks olunub. Məsələn, xəritələrdən
ikisində İrəvan şəhəri öz ilkin adına
müvafiq olaraq Rəvan variantında verilib. Tarixdən məlumdur
ki, bu şəhər məhz yarandığı dövrdən
Rəvan adlanıb və sonradan buraya gəlmiş ermənilər
tərəfindən adı dəyişdirilərək
hazırkı variantını alıb.
Bütün bu xəritələr Azərbaycanın
ərazi bütövlüyünü təsdiqləməklə,
erməni uydurmalarını ifşa etməklə
yanaşı, bunun Qərbdə və Şərqdə ötən
əsrlərdə xəritəşünas alimlər tərəfindən
şəksiz qəbul edildiyini tam olaraq sübuta yetirir.
Vüqar MƏMMƏDOV,
filologiya
üzrə fəlsəfə doktoru
Azərbaycan.-2011.-15
sentyabr.-S.10.