«Paytaxtı türk
dünyası üçün
qorumalıyıq»
Bu gün
Bakının işğalından azad olunmasından 93 il
keçir
1918-ci ildə
Azərbaycan hər tərəfdən işğal edilmiş,
bölgələri ələ keçirilmiş,
özbaşınalıqlar həddini aşmışdı.
Bir tərəfdən çar Rusiyasının Cənubi
Qafqazda yürütdüyü "parçala, hökm
sür" siyasəti, digər tərəfdən də ermənilərin
kin, nifrət dolu türk düşmənçiliyi qan
tökməklə, qətl-qarətlərlə davam edirdi.
Martın axırlarında törədilən
soyqırımı nəticəsində Bakıda 12 minədək
azərbaycanlı qətlə yetirilmişdi. Qorxu içərisində
yaşayan müsəlman əhali şəhəri sürətlə
tərk edir, paytaxt erməni və rusların əlinə
keçirdi.
Bakı
qırğınından sonra Azərbaycan hökuməti 1918-ci il iyunun 4-də imzalanan Dostluq və Hərbi Əməkdaşlıq
Müqaviləsinə əsaslanaraq Osmanlı dövlətindən
hərbi yardım istədi. Dost ölkə I Dünya müharibəsində
Şərqi Anadoluda, Nargin
adasında və Bakıda türk
qardaşlarına yardım üçün
başlatdıqları qardaşlıq köməyini
qarşılıqsız qoymadı. Osmanlı Ordusunun
Baş Komandan vəkili
Ənvər paşa Azərbaycana və
Dağıstana kömək məqsədilə hərbi birlik yaradılmasına qərar verir və birliyin
başına qardaşı Nuru
paşanı təyin edir. Ona
tapşırır ki, xəritə tap, qoy qarşına, quru və su yolu tap, Qafqaza
gir, orada
qardaşlarımız dardadır, köməyimizə
ehtiyacları var.
General-leytenant Nuru paşa 1918-ci il mayın
25-də 149 zabit və 488 çavuşla
birlikdə Gəncəyə gəlir və təcili Qafqaz ordusunun təşkili
məsələləri ilə məşğul olmağa başlayır.
Bu vaxt ermənilərlə
ruslar birləşərək
Göyçayın şərqinə qədər irəliləmişdilər. İyunun 29-da Nuru paşanın komandanlığı
altında yaranan Qafqaz
İslam Ordusu hücuma keçməklə düşmən
həmlələrini dayandırır. Qısa zamanda
Göyçay, Kürdəmir və Ağsu düşməndən azad
edilir. Ordu hər gün paytaxta doğru irəliləyirdi. Salyan, Neftçala,
Şamaxı və Mərəzə düşməndən təmizləndikdən
sonra Bakıya yaxınlaşmağa 70-80 kilometr qalmışdı. Qafqaz
İslam Ordusunun tərkibində
döyüşən Azərbaycan Milli Ordusunun döyüşçüləri də
rəşadətlə vuruşur, şəhid
olurdular.
Bütün bunlara baxmayaraq, vəziyyət getdikcə gərginləşirdi,
ərzaq, su və silah-sursat
qıtlığı yaranmışdı. Tibbi
yardım yarıtmaz vəziyyətdə olduğundan
yaralıların çoxu qanitirmədən
dünyasını dəyişirdi.
İşğalçılar geri çəkildikcə
rabitə xətlərini məhv etmiş,
su anbarlarını
dağıtmış, nəqliyyat yollarını partlatmışdılar. Vəziyyət
o həddə çatmışdı ki, Şərq cəbhəsi
komandanlığı döyüşlərə bir az ara
vermək haqqında general-leytenant Nuru paşaya müraciət
edir. Nuru paşa isə müraciətə belə cavab verir: "Cəbhədəki
düşmən pərişan, gücsüz
və mənəviyyatı pozuqdur...
Bakı ətrafında türk kəndlərindən
su, ərzaq və çörək
tapmamız mümkündür. Lüzumsuz dayanmalar olmadan tezliklə əməliyyatın bitirilməsi
gözlənilir".
Bu əmrə əsasən ordu birləşmələri
iyulun 26-da Qarasu stansiyasına girir. Daşnak və bolşevik
dəstələri geri çəkilir. Sabahı gün Cənub
qrupu Hacıqabulu düşməndən azad edir. Vəziyyətdən
çıxış yolu axtaran Lenin bu bölgəyə
silah-sursat və digər ləvazimatı artırmaq
haqqında qərar qəbul edir. Ukrayna cəbhəsində
xidmət edən Petrovun sərəncamında olan 780 nəfərlik
ordu birləşməsi Bakıya göndərilir və
S.Şaumyanın köməyi ilə Bakı Hərbi
Komissarlığına gətirilir. Petrov Bakıda yaşayan
rus əsilli fəhlə və kəndlilərə müraciət
edərək onları köməyə
çağırır. Bakıda 32 batalyonluq bolşevik və
erməni daşnak qüvvələri yerləşdirilir. Elə
həmin günlərdə azərbaycanlı podpolkovnik Həbib
bəy Səlimovun komandanlığı altındaki hərbi
hissə güclü həmlə ilə Kürdəmirə
doğru hərəkət edir. İyulun 11-nə keçən
gecə bolşevik qüvvələrinin müqavimətini
qıran Həbib bəy Kürdəmiri işğaldan azad
edir.
Qafqaz İslam Ordusu Bakıya
yaxınlaşdıqca buradakı siyasi qüvvələr
get-gedə parçalanırdı. Azərbaycanın mənafelərini
təmsil etməyən bu dairələr Bakının əldən
çıxacağı təqdirdə törətdikləri
qırğın və zorakılıqların hesabını
necə verəcəklərindən qorxurdular.
Bakı istiqamətində irəliləyən
türk ordusu isə şəhərin ətrafındakı məsafəni
get-gedə daraldırdı. Düşmən təyyarələri
tez-tez havaya qalxaraq Qafqaz İslam Ordusunun mövqeləri üzərində
kəşfiyyat uçuşları edirdi. Daşnakların
başçısı
Şaumyanın ordusunun bütün cəhdləri nəticəsiz
qalırdı. Bolşevik və erməni birliklərinin
arasında fərarilik getdikcə artırdı. Bakı hərbi
komissarı Petrov Şaumyana müraciət edərək
deyirdi: "Mən başa düşə bilmirəm,
insanların "xalq azadlığı yolunda canlarını
fəda etmək kimi" böyük bir mübarizəyə
getdiyi cəbhəyə düşmüşəm, yoxsa Allah
bilir, haraya gəlmişəm. Amirov və Hamazasp öz tabeliklərində
olan birlikləri cəbhədən geri çəkmək istəyirlər".
Erməni
daşnakları böyük Ermənistan
dövləti qurmaq arzusu
ilə əvvəldən çar
Rusiyası ilə əməkdaşlıq edərək
Osmanlı dövlətinə qarşı amansız savaşlara qatılmışdılar. Neçə ildir bu məqsədlə Türkiyənin
ucqarlarında və Azərbaycanda qətllər törədir,
günahsız insanları işgəncə ilə
öldürürdülər. İndi də
bolşeviklərlə birləşərək eyni
mövqedən çıxış edir,
- "Bakını müsəlmanlara verə bilmərik",
- deyirdilər.
İyulun 25-də Bakı Sovetinin
təcili iclası keçirilir. Həmin iclasda ingilis qüvvələrinin
Bakıya dəvət ediləcəyi müzakirə olunsa da, Şaumyan
çıxışında bildirir ki, onlar
da türk hərbçilərinin
qarşısında dura bilməyəcək,
tək çıxış yolu Sovet Rusiyasındadır: "Lenin
və Stalin 5 gəmi ilə 80 top, 160 pulemyot, 10 min piyada tüfəngi, 20 min top mərmisi və çox sayda geyim əşyası göndərib. Astraxandan çıxan gəmilər Bakıya
çatmaq üzrədirlər". Lakin Şaumyanın çıxışı
havada qaldı, həmin iclasda
daşnak və menşeviklər ingilis qüvvələrini Bakıya dəvət
etdilər.
Ümid ingilis Denstervillə
qalsa da, bunun da faydası
yox idi. Bu ingilis komandan
Azərbaycanda yaşayan
xalqları türklərə
qarşı birgə vuruşmağa çağırdı,
cinahları ələ
keçirmək üçün
planlar qurdu. Bakının işğaldan
azad olunmasına isə bir-iki gün qalmışdı...
Sentyabrın əvvəllərində Bakının ətraf aləmlə əlaqəsi
kəsilmişdi. Qafqaz İslam
Ordusu şəhəri
mühasirəyə almışdı.
Şaumyan 20 iyulda Leninə
təcili teleqram vuraraq kömək istəsə də, orada da vəziyyət
ağır olduğundan
müraciəti səmərə
vermədi. İdil çayı
(Volqa) boyu xalqlar üsyana qalxıb müstəqillik
tələb edir, Rusiyanın əyalətlərində
müharibə alovları
dayanmırdı. "Qurtuluş ordusu" adlandırılan "Qızıl
ordu" Bakı döyüşlərində mövqelərini
tamamilə itirmişdi.
Nuru paşa Bakının
qurtuluşu ilə bağlı əhaliyə
müraciət etdi. O, paytaxta daxil olduqları zaman din, dil və irq
ayrılığına yol
verilməyəcəyini, hər
kəsin qanunlar qarşısında cavabdeh
olacağını, insanların
can və mal mühafizəsinin
Azərbaycan hökumətinin
təminatı altında
olacağını bildirdi.
Şərq Orduları Qrupu
komandanı Xəlil paşa və Bakı hücumunu idarə edən Qafqaz İslam Ordusunun komandanı Nuru paşa və bütün cinahlar hər tərəfdən Bakıya
daxil olur. 1918-ci il sentyabrın
15-i günorta görünməmiş
sevgi və təntənə ilə qalib komandanlar meydana at üstündə
daxil oldular. İnsanlar onları sevinc, göz yaşları və çiçəklərlə
qarşılayırdılar.
Qafqaz İslam Ordusu Azərbaycan Milli Ordusu ilə birlikdə qəti hücuma keçərək
Dağıstanı və
Qarabağı da düşməndən azad
edərək 30 oktyabr
1918-ci ildə Azərbaycanı
tərk etdi.
Anadolu türklərinin min nəfərdən
çox şəhid verərək qanları ilə suvardıqları bu torpaqlar bir
müddət sonra yenidən işğal olunsa da, tökülən
qanlar hədər getmədi.
Bu gün Azərbaycan müstəqildir
və gözəl Bakı onun paytaxtıdır.
Rəsmiyyə RZALI
Azərbaycan.-2011.-15
sentyabr.-S.10.